Məhkəmə qərarları › İş №2-1(103)-67/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-67/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-67/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5868/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Əzizbəyov Rayon İcra Hakimiyyətinin 1211 nömrəli, xx.xx.1994-cü il tarixli “Fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamı ilə iddiaçıya ayrılmış və sonuncunun faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən 1200 (bir min iki yüz) kv.metr torpaq sahəsinə dair iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********12 nömrəli 28 yanvar 2022-ci il tarixli məktubla iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Gürgan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdehin qeyd olunan məktubuna əsasən, təqdim edilmiş torpaq sahəsinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığı bildirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Etirazda qeyd edilmişdir ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmayan sənaye, nəqliyyat, rabitə və digər təyinatlıdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********12 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5868/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1994-cü il tarixli 1211 saylı sərəncamı əsasında ayrılmış, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 1200 kv.metr olan torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5868/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1994-cü il tarixli 1211 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, 8-ci km, Naxçıvanski küçəsi, ev 52, mənzil 46-da yaşayan İddiaçı Gürgan qəsəbəsi, İ.Məcidov küçəsi, 42 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır; - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Bakı şəhəri, Pirallahı rayonu, Gürgan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli təkrar müraciətinə baxılmış və müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evlərinin nəzərdə tutulmayan sənaye, nəqliyyat, rabitə və digər təyinatlıdır; - Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbəsi üzrə Nümayəndəliyinin 28 aprel 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 1211 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamına əlavədə qeyd edilmiş torpaq sahəsi Pirallahı rayonu, Gürgən qəsəbəsi, İlqar Məcidov küçəsi 42 nömrəli sahədə yerləşir; - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Sənaye, Nəqliyyat, Rabitə və Digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədi ilə məhkəmə tərəfindən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə müvafiq sorğular ünvanlanmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdiur ki, torpaq sahəsi eyni mişar daş hasar daxilindədir və ara sərhədlərinə mişar daşı düzülmüşdür. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Sənaye, Nəqliyyat, Rabitə və Digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; - 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1994-cü il tarixli 1211 saylı sərəncamına istinad edərək, həmin sərəncamla ona ayrılmış, faktiki ölçüsü 1200 kv.m olan torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqanın imtinasının əsasını torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evlərinin nəzərdə tutulmayan sənaye, nəqliyyat rabitə və digər təyinatlı olması təşkil etmişdir. Bununla əlaqədar olaraq işin birinci instansiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi məhkəməyə daxil olmuşdur. 10 oktyabr 2022-ci il tarixli 10/5874 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iki torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır və ara sərhədlərinə mişar daşı düzülmüşdür. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Sənaye, Nəqliyyat, Rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının 1211 nömrəli, xx.xx.1994-cü il tarixli “Fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamı ilə 1200 kv.metr torpaq sahəsi vətəndaş İddiaçı verilmişdir. Sərəncamda göstərilmişdir ki, torpaq sahəsi fərdi yaşayış evinin inşa edilməsi üçün verilmişdir. Sərəncamın verildiyi vaxt torpaq sahəsinin təyinatı “Yaşayış məntəqələri təyinatlı” olmuşdur. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının 1211 nömrəli, xx.xx.1994cü il tarixli “Fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin sərəncamın verildiyi vaxt təyinatı “Yaşayış məntəqələrinin torpaqları”, hal-hazırda isə Sənaye, Nəqliyyat, Rabitə və digər təyinatlı torpaq sahələrinə aid edilir. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya ayrılan vaxt yaşayış məntəqələrinin torpaqları olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Yuxarıda qeyd edlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.” Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5868/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5868/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar