Məhkəmə qərarları › İş №2-1(103)-67/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-67/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-67/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı "mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2221/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka-1 bağ massivində yerləşən 1233 saylı torpaq sahəsinin mərhum X5 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, ataları X5 Vişnyovka 1 bağlar sahəsində 17 saylı BKT nəzdində 0,10 ha torpaq sahəsi olan 1233 saylı bağ ayrılmışdır.X8 xx.xx.2022-ci ildə ürəyin aterosklerozu xəstəliyindən vəfat etmişdir,Sonuncunun vəfatı ilə əlaqədar vərəsələri İddiaçı2 və qızı İddiaçı3dır. İddiaçılar qeyd edilən bağ üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsələr də müraciətləri təmin edilməmişdir.İddiaçılar qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək, iddiaçılar qismində övladları İddiaçı2 və İddiaçı3 olmaqla, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanda yerləşən 1233 saylı torpaq sahəsinin mərhum X5 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçılara verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 14 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı1 əsl iddiaçılar İddiaçı2 və İddiaçı3 ilə əvəz edilməsi qərara alınmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, müvafiq bağ sahəsinin yerini vətəndaş bilmədiyinə görə və onun faktiki istifadəsində olmadığına görə texniki baxış keçirilməsi mümkün olmamışdır.Bundan başqa təqdim olunan X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2221/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçılar İddiaçı2 və İddiaçı3 adına Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanda yerləşən 1233 saylı torpaq sahəsinin mərhum X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Torpaq sahəsinin yerini iddiaçı bilmədiyinə görə və onun faktiki istifadəsində olmadığına görə texniki baxış keçirilə bilməmişdir. Təqdim olunan X1 və İstismarı Birliyinin tabeliyində olan 17 saylı BTK tərəfindən verilmiş 06 saylı orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Torpaq sahəsinin həqiqi yerləşmə yeri məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçılar məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2221/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyinin 06 saylı orderinə əsasən Vişnyovka 1 bağlar sahəsindəki 17 saylı BTK nəzdində sahəsi 0,10 ha olan 1233 nömrəli bağ X5 ayrılmışdır; 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixdə X4 vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələri - oğlu İddiaçı2 və qızı İddiaçı3 müəyyən edimişdir; Cavabdehin xx.xx.2022-ci il tarixli iddiaçılara ünvanlanmış “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinə əsasən X3 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ massivində yerləşən 1233 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizənin təmin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 bağ massivində yerləşən 1233 saylı torpaq sahəsinin yerləşdiyi hissəsinin sxematik xəritəsinin surəti məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmişdir; Vişnyovka-1 bağlar sahəsində BTK-17-nin arxiv qovluğundakı sənədlərə əsasən 1233 nömrəli bağ sahəsi qeyd edilən kooperativin nəzdində mövcuddur, belə ki, kooperativin üzvləri üçün ayrılmış bağ sahələrinin tərkibində 1233 nömrəli bağ sahəsi də mövcuddur; Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı tərəfindən göstərilən ərazi digər fiziki şəxs tərəfindən hasarlanmışdır, torpaq sahəsində mübahisə predmeti mövcuddur, bu səbəbdən də əraziyə texniki baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıların ataları X8 vəfat edənə qədər qanuni əsaslarla Vişnyovka 1 bağlar sahəsində 17 saylı BTK tərəfindən verilmiş 06 saylı order əsasında sahəsi 0,10 ha olan 1233 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etmiş, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçıların qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X5 məxsus olması barədə arayışı cavabdehdən tələb edirlər. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh bağ sahəsinin mübahisəli olduğunu bildirsə də həqiqətən də mübahisənin mövcud olmasına dair məhkəmə icraatı barədə sənədləri, habelə mübahisənin konkret hansı şəxslər arasında və nə ilə bağlı olmasını bildirməmiş, göstərilənlərlə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddiaçıların istinad etdikləri bağ sahəsinin verilməsi barədə orderin nüsxəsinin iddiaçının arxivində aşkar edilməməsinə görə isə iddiaçılar məsuliyyət daşımırlar. Belə ki, inzibati orqan sənədlərin lazımi qaydada saxlanılmasına görə məsuliyyəti özü daşıyır və sənədin saxlanılmamasına görə iddiaçıların cavabdehliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Bakı şəhər İcra Hakimiyyətinin 14 sentyabr 2005-ci il tarixli, 199 VTV saylı qərarına əsasən X5 ayrılmış “Vişnyovka” (Albalılıq) İ bağlar sahəsində yerləşən (17 saylı BTK nəzdində) 0,10 ha torpaq sahəsi olan 1233 saylı bağ sahəsinin koordinatları müəyyən edilsin.

2. Bakı şəhər İcra Hakimiyyətinin 14 sentyabr 2005-ci il tarixli, 199 VTV saylı qərarına əsasən X5 ayrılmış “Vişnyovka” (Albalılıq) İ bağlar sahəsində yerləşən (17 saylı BTK nəzdində) 0,10 ha torpaq sahəsi olan 1233 saylı bağ sahəsi hazırda kimin istifadəsindədir?

3. Bakı şəhər İcra Hakimiyyətinin 14 sentyabr 2005-ci il tarixli, 199 VTV saylı qərarına əsasən X5 ayrılmış “Vişnyovka” (Albalılıq) İ bağlar sahəsində yerləşən (17 saylı BTK nəzdində) 0,10 ha torpaq sahəsi olan 1233 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin hüquqları qeydiyyata alınmışdırmı?

4. Bakı şəhər İcra Hakimiyyətinin 14 sentyabr 2005-ci il tarixli, 199 VTV saylı qərarına əsasən X5 ayrılmış “Vişnyovka” (Albalılıq) İ bağlar sahəsində yerləşən (17 saylı BTK nəzdində) 0,10 ha torpaq sahəsi olan 1233 saylı bağ sahəsinin təyinatı və aid olduğu kateqoriyası nədir?” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 21 iyul 2025-ci il tarixli 10/1371 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Qərardadın birinci sualı üzrə: Baxış zamanı təqdim olunan Bakı şəhər İcra Hakimiyyətinin 14 sentyabr 2005-ci il tarixli, 199 VTV saylı qərarına əsasən X5 ayrılmış "Vişnyovka” (Albalılıq) | bağlar sahəsində yerləşən (17 saylı BTK nəzdində) 0,10 ha torpaq sahəsi olan 1233 saylı bağ sahəsi kimi təqdim olunan torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən olunmuşdur: 420580.28 4489165.83 420577.22 4489188.11 420578.89 4489189.83 420598.80 4489191.80 420598.75 4489193.18 420618.95 4489194.19 420623.56 4489169.76 Qərardadın ikinci sualı üzrə: Bakı şəhər İcra Hakimiyyətinin 14 sentyabr 2005-ci il tarixli, 199 VTV saylı qərarına əsasən X5 ayrılmış "Vişnyovka” (Albalılıq) İ bağlar sahəsində yerləşən (17 saylı BTK nəzdində) 0,10 ha torpaq sahəsi olan 1233 saylı bağ sahəsi kimi təqdim olunan sahə iki hissədən ibarət olmaqla mişar daşından hasara alınmışdır. Torpaq sahəsinin hər bir hissəsi 0,05 ha (ümumilikdə 0,10 ha) olmaqla bir-birinə bitişik şəkildə yerləşir. Sahənin qərb tərəfdə yerləşən hissəsi boş sahə, şərq tərəfində yerləşən hissəsində isə fərdi yaşayış evi mövcuddur. Qeyd olunan torpaq sahəsinin hazırda kimin istifadəsində olmasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmeti deyil Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəss rəyinə əsasən, vahid elektron baza məlumatlarında sözügedən sahənin Vişnovka bağ massivində yerləşdiyi, həmin sahənin deyil və sahənin ətrafında yerləşən ərazilərin bağ sənədləri ilə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Bakı şəhər İcra Hakimiyyətinin 14 sentyabr 2005-ci il tarixli, 199 VTV saylı qərarına əsasən X5 ayrılmış "Vişnyovka” (Albalılıq) | bağlar sahəsində yerləşən (17 saylı BTK nəzdində) 0,10 ha torpaq sahəsi olan 1233 saylı bağ sahəsi kimi təqdim olunan torpaq sahəsinin yaşayış məntəqələrinin hüdudları daxilində yerləşdiyini, ətraf ərazilərin həyətyanı sahələr və fərdi yaşayış evlərindən ibarət olmasını (qeydiyyata alınmasını) nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsində qeyd olunanlara uyğun olaraq həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən olunur.” Təqdim edilmiş ekspert rəyinə əsasən cavabdehin dəlilləri təkzib edilməklə, mübahisəli torpaq sahəsinin koordinatları müəyyənləşdirilmiş, həmin sahənin Vişnovka bağ massivində yerləşməsi və ətrafında yerləşən ərazilərin bağ sənədləri ilə qeydiyyatdan keçməsi və həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olması öz təsdiqini tapmışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. X11 Haqları Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur (bax Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X6rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqısatqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2221/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2221/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar