Məhkəmə qərarları › İş №2-1(103)-670/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-670/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-670/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı «əlilliyə görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2418/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2418/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi hesabınının sığorta hissəsində pensiya kapitalı yığılmadığı üçün və tələb olunan sığorta stajı olmadığına görə vətəndaşa əlilliyə görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, qərarın ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiacı məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıəlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında Bakı şəhəri Nərimanov rayon şöbəsinin x xxx 2019-cu il tarixli tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun x xxxx 2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məlumat üçün bildirilir ki, fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı yığılmadığından və tələb olunan sığorta stajınız olmadığından, Sizə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.3.1-ci bəndinə görə əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. İşdən müəyyən olunur ki,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı xx xxxxx 2019-cu il tarixdə İ qrup əlillik verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxx 1958-ci il təvəllüdlü olmaqla əlillik təyin olunan zaman 61 yaşı olmuşdur. Qaydaların 4.3.1-ci bəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 61 yaşlı sığortaolunan üçün 16 il (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (61 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 46) x 4 ay = 184 ay/12 = 16 il ) sığorta stajı tələb olunur. Qaydaları”ın3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx xxxxxxxx 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Kollegiya cavabdehin imtinası ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı məxsus xx xxxxxx 1975-ci il tarixli və xx xxxxx 1996-cı il tarixli əmək kitabçalarının surətindən görünür ki, İddiaçı 24 ildən artıq (1975 - 1994-cü illərdə, 1996 - 2011-ci illərdə) əmək stajına mallikdir. Beləliklə, iddiaçının qanunla tələb olunan iş stajına malik olması ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsi şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini İ qrup əlilərə deyil, İİ və İİİ qrup əlillərə aid etmişdir. Belə olan halda cavabdehin fərdi hesabınının sığorta hissəsində pensiya kapitalı yığılmadığı əsası ilə İ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 09 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2418/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar