Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-670/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X21 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı Vəkil2 və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İKnın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, 1991-ci ildə iddiaçının atası X7 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi bağlar ərazisində 1722E nömrəli bağ sahəsi verilmişdir. Həmin bağ sahəsinə Bakı şəhəri ZDS İK-nin Texniki İnventarlaşdırılma Bürosu tərəfindən xx.xx.1991-ci il tarixli, 30/2694 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Sözügedən bağ sahəsi 1991-ci il tarixdən etibarən hazırki vaxta kimi qanuni əsaslarla onların sahibliyində və istifadəsindədir. Hazırda zərurət yarandığından sözügedən bağ evinin köhnə Qeydiyyat vəsiqəsi dəyişdirilərək – dövlət reyestrindən Çıxarış verilməsi üçün iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq **********35 saylı xx.xx.2020-ci il tarixli imtina məktubu ilə əmlakın (fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumat tapılmaması səbəbi ilə) köhnə qeydiyyat vəsiqəsinin dəyişdirilərək reyestrindən çıxarış verilməsindən imtina olundu. Bununla bağlı iddiaçı bildirir ki, cavabdehin imtina məktubunda göstərdiyi hallar mülkiyyətində olan bağ sahəsinə dair köhnə qeydiyyat vəsiqəsinin yeni çıxarışla əvəz edilməsindən imtina üçün əsas ola bilməz. Cavabdehin verdiyi imtinanın heç bir hüquqi əsası olmadığına görə əsassız və qanunsuzdur. Həmçinin, cavabdeh şablon xarakterli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1- ci maddəsinə əsaslansa da, həmin maddənin tərkib hissəsindəki imtinaya əsas olan halların iddiaçının hazırki işi ilə heç bir əlaqəsi yoxdur. İmtina məktubunun məzmunundan göründüyü kimi, cavabdeh orqan müraciətini ədalətli və qanuni şəkildə araşdırıb qanunla qorunan hüququnu təmin etmək əvəzinə, iddiaçı tərəfindən təqdim etdiyi mülkiyyət sənədinə heç bir əhəmiyyət verməyərək kobud şəkildə hüquqlarını pozaraq şablon xarakterli imtina məktubu vermişdir. İddiaçının mülkiyyətində olan əmlaka dair dövlət reyestrində saxlanılmalı olan məlumatı cavabdeh orqana təhvil vermək və yaxud həmin məlumatları arxivdə qoruyub saxlamaq vətəndaşın (mülkiyyətçinin) işi və vəzifə borcu deyil. Bu o vaxt ki ərazi idarələrinin öz daxili proseduru olmuşdur. Buna görə də, o vaxt ki ərazi idarəsinin vəzifəli şəxsləri tərəfindən əmlaka dair məlumatların arxivə təhvil verilməməsi və yaxud naməlum şəkildə itirilməsi vətəndaşın (mülkiyyətçinin) təqsiri deyil və bu iddiaçının vəzifəsi olmadığı üçün o məsuliyyət daşımır. Lakin, cavabdeh tərəfindən imtina məktubu ilə iddiaçının mülkiyyətində olan əmlakın köhnə qeydiyyat vəsiqəsinin yeni çıxarışla əvəzlənməsindən imtina edilməsi qanunsuz və əsassız olduğundan bir mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur, eləcədə Konstitusiya və digər qanun normalarına ziddir. Daşınmaz əmlaka dair köhnə sənədlərin saxlanılması üçün reyestr aparan orqana təhvil vermək və yaxud həmin sənədləri onun arxivində qoruyub saxlamaq qanunla vətəndaşın üzərinə düşən vəzifə deyil. O vaxt ki Bağlar idarəsinin bu işə məsul vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus bağ sənədlərini arxivə təhvil verilməyibsə və ya təhvil alan İdarə sənədi itirib yada məhv edirsə, hazırda tapa bilmirsə, bunun cəzasını vətəndaş çəkməlidir? Hər hansı idarənin və ya vəzifəli şəxsin səhlənkarlığına görə vətəndaş məsuliyyət daşıya bilməz və qanunla qorunan hüququndan məhrum edilə bilməz. Məlum olduğu kimi mülkiyyətdə olan əmlaka dair sənədləri arxivə təhvil vermək və arxivdə qoruyub saxlamaq birbaşa cavabdehin vəzifəsi olmuşdur ki, buna görə cavabdehliyi özü daşıyır. İddiaçı qeyd edir ki, artıq 30 ilə yaxındır sahiblik və istifadədə olan bağ sahəsinin köhnə qeydiyyat vəsiqəsinin dəyişdirilməsindən imtina edən cavabdeh formal mülahizələri əsasında bir şablon məktub verməklə mülkiyyət hüquqlarını məhdudlaşdırıla bilməz. Bununla yanaşı iddiaçı hesab edir ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq bağ evinə çıxarış verilməsindən imtina edilməsi nəticəsində onun hüquqların kobud şəkildə pozmaqla Beynəlxalq Konvensiya normalarına açıq çəkildə zidd olmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanlanmış iddiaya etirazda göstərmişdir ki, təqdim edilmiş fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsinin verilməsi barədə İdarənin arxivində və qeydiyyat şöbəsində heç bir məlumat aşkar olunmamışdır. Belə ki, bağ evlərinin qeydiyyata alınması barədə ilk reyestr kitabı 1995-ci ilə aiddir. Həmçinin bu ərazi ilə bağlı digər fiziki şəxslər – X19 (1722b), X10 (1722v) tərəfindən dəfələrlə müraciətlər olunmuş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 1146/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə qərarı ilə X1 adına 1722v nömrəsi ilə sözügedən əraziyə dair plan və ölçünün tərtib edilməsi və çıxarışın verilməsi öhdəliyi İdarənin üzərinə qoyulmuşdur. Sözügedən qərardan apellyasiya şikayəti verilmişdir. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1146/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə qərardadı ilə sözügedən ərazidə hər hansı tikinti işlərinin, sənədləşdirmənin aparılması 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən iddia edilən bağ sahəsi 1722b nömrəsinə uyğun gəlir (istifadəçi X19), 1722e saylı bağ sahəsi sxematik xəritədə qeyd olunmamışdır. Habelə, qeydiyyat vəsiqəsi bağ evinə aid olsa da, 2020-ci ilin aprel ayının Google xəritəsində bağ sahəsində yalnız yarımçıq tikilinin bönövrəsi öz əksini tapmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə **********35 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu verilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İV-ЖГ № 275339 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən X8 xx xxxxxx 1969-cu il tarixdə doğulmuşdur, atası – X9r. Azərbaycan SSR X6 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən X7 verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Bilgəh qəsəbəsi, “Daça” küçəsində yerləşən 1722E nömrəli bağ şəxsi mülkiyyət hüququ ilə 30/2694 saylı qeydiyyat nömrəsi ilə xx.xx.1991-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. AZ-İ № 089506 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən X13 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********35 nömrəli iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir: “Bakı şəhəri, Xəzər rayonu, Bilgəh bağlar ərazisində yerləşən 1722E saylı bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli, ********** daxil olma nömrəli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, tərəfinizdən təqdim edilmiş fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumat aşkar olunmadı. Həmçinin bu ərazi ilə bağlı digər fiziki şəxslər tərəfindən dəfələrlə müraciətlər olunmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1146/2020 saylı məhkəmə işi üzrə bildiriş daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinin notariusu X11 07 avqust 2020-ci il tarixli, 601 nömrəli cavabdehə ünvanlanmış məktubunda göstərilmişdir: “X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.2004-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2020-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı İddiaçı olması barədə sizə məlumat verilir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ 1722E ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Çıxarış verəsiniz.” Azərbaycan Respublikası "xxxx" MMC-nın 24 avqust 2020-ci il tarixli, 289 nömrəli ekspert rəyində göstərilmişdir: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli əlavəyə uyğun olaraq ərazinin ümumi 25 000 miqyaslı planşet-xəritəsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Bilgəh qəsəbəsi, Daça küçəsi 1722e nömrəli bağa və orada olan bağ evinə verilən xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli Qeydiyyat vəsiqəsi tədqiq olunan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı faktiki istifadə etdiyi bağ sahəsi və orada olan bağ evinə aiddir. Həmin xx.xx.1991- ci il tarixli 30/2694 registr nömrəli qeydiyyat vəsiqəsi 2 nömrəli əlavəyə uyğun olaraq tam mülkiyyət sənədi sayılır və hal-hazırda bu sənəd əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq olaraq Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədləri alınır. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v saylı bağ sahəsində üçüncü şəxs X17 və digər şəxslər tərəfindən hər hansı tikinti işlərinin aparılması, həmçinin, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinin ilə bağlı sənədləşmlərin aparılması (əmlaka dair mülkiyyət hüququnun başqa şəxsin adına qeydiyyata alınması, yüklülük və məhdudiyyətlər barədə arayış verilməsi və s.) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qadağan edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli, 996 nömrəli məktubuna əsasən, Azərbaycan SSR X6 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli “Google maps” xəritələrində mübahisəli bağ sahəsinin yeri və bağ sahəsində yerləşən yarımçıq tikili göstərilmişdir. Həmçinin həmin bağ sahəsi X5 məxsus olan 1722 V nömrəli, X16 məxsus olan 1722 B nömrəli və X3 məxsus olan 1722 E nömrəli bağ sahəsi kimi işarələnmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, iddiaçının mübahisəli bağ evinə dair 30/2694 nömrəli, xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinin mötəbərliyi toplanmış sənədlərlə təsdiq olunmur. Belə ki, sözügedən qeydiyyat vəsiqəsinin alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər (müqavilə, qərar, order və s.) aşkar olunmamış, bu sənədlərin mövcud olması barədə məlumat verilməmişdir. Bundan başqa bağ evindən 1991-ci ildən iddiaçı və onun atası tərəfindən faktiki istifadə edilməsi barədə dəlil də əsaslı və inandırıcı deyil. Bələ ki, qeydiyyat vəsiqəsində bağ evi kimi göstərilmiş daşınmaz əmlak həqiqətdə yarımçıq tikilidir. Məhkəmə kollegiyası aşagıdakıları qeyd edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədədn Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin tələbinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqələri daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Azərbaycan SSR X6 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən X7 verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Bilgəh qəsəbəsi, “Daça” küçəsində yerləşən 1722E nömrəli bağ şəxsi mülkiyyət hüququ ilə 30/2694 saylı qeydiyyat nömrəsi ilə xx.xx.1991-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumatın aşkar olunmaması, həmçinin bu ərazi ilə bağlı digər fiziki şəxslər tərəfindən dəfələrlə müraciətlərin olması barədə cavabdehin dəlilləri Bakı şəhəri, Bilgəh qəsəbəsi, “Daça” küçəsində yerləşən 1722E nömrəli bağa dair çıxarışın verilməsi ilə bağlı formal imtina əsası qismində çıxış edir. Belə ki, cavabdehin istinad etdiyi hallar iddiaçının bağ sahəsinə hüquqmüəyyənedici sənəd kimi xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli Qeydiyyat vəsiqəsinin mövcudluğunu istisna etmir. Cavabdeh tərəfindən xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli Qeydiyyat vəsiqəsi həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin qeydiyyat vəsiqəsi ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bakı şəhər Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli arayışın surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 1722 e ünvanda yerləşən torpaq və əmlak sahəsi İddiaçı istifadəsindədir. Fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumatın aşkar olunmaması ilə bağlı kollegiya qeyd edir ki, bu hal iddiaçının məsuliyyəti ilə əhatə olunmayan haldır. Qeyd olunan halın iddiaçının ziyanına şərhi yol verilməzdir. Bundan başqa, cavabdeh özü də qeyd etmişdir ki, bağ evlərinin qeydiyyata alınması barədə ilk reyestr kitabı 1995-ci ilə aiddir. Odur ki, fərdi yaşayış evinə dair xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli Qeydiyyat vəsiqəsinin verilməsi barədə İdarənin arxivində və qeydiyyat şöbəsində heç bir məlumat aşkar olunmamasına görə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hal deyil. Həmçinin, apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 06 may 2022-ci il tarixli BA-02496-2022 nömrəli məktubunda da qeyd edilmişdir ki, vətəndaşlara mülklərə dair verilmiş qeydiyyat vəsiqələri Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməyiniz xahiş olunur. Bundan başqa, Azərbaycan Respublikası "xxxx" MMC-nın 24 avqust 2020-ci il tarixli, 289 nömrəli ekspert rəyi ilə ərazinin ümumi 25 000 miqyaslı planşet-xəritəsinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Bilgəh qəsəbəsi, Daça küçəsi 1722e nömrəli bağa və orada olan bağ evinə verilən xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli Qeydiyyat vəsiqəsinin tədqiq olunan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı faktiki istifadə etdiyi bağ sahəsi və orada olan bağ evinə aid olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli qeydiyyat vəsiqəsi 2 nömrəli əlavəyə uyğun olaraq tam mülkiyyət sənədi sayılır və halhazırda bu sənəd əsasında Daşınmaz lakın Dövlət Reyestri Xidmətinin müvafiq olaraq Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədləri alınır. Ərazi ilə bağlı digər fiziki şəxslər tərəfindən dəfələrlə müraciətlər olunması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olduğunu bildirsə də, bununla əlaqədar sübutları, eləcə də iddiaçıya ayrılmış bağa digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, 1722E nömrəli bağ sahəsinə dair hər hansı bir şəxsə çıxarış verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Azərbaycan SSR X6 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evi iddiaçıya ayrıldığından və bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçı bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Odur ki, qeyd edilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və bu barədə reyestrdən çıxarışın verilməsindən cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçinın arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda bələ şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzıbati orqanın üzərinə düşür. Lakin cavabdeh orqan imtinasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Nəricə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Azərbaycan SSR X6 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-670/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-670/2022
07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver