Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-670/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11062/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının pensiyasının növbə dəyişmə olduğunda yəni ilkin təyinat olunmuş əlillik kimi saxlanmasını və keçmiş illərdən qalmış artımları və fərqlərin ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il (5 illik) 2-dərəcəli əlillik ilə əlaqədar dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. O tarixə kimi dövlət qulluğuna 5 il staj tələb olunurdu. 2018-ci ildə yaş pensiyası çatanda ərizə ilə müraciət edərək dövlət qulluqçusu kimi pensiyanın saxlanılmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, növbə dəyişmə olduğundan əlilliyə görə təyinat ilkin təyinat sayılır və həmin dövrdəki qanunveriçilik əsas götürülür. Lakin xx.xx.2022-ci ildə əlillik başa çatandan sonra ona adi pensiya (yəni yaşa görə) təyin olunub. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına dəfələrlə müraciət edilsədə nəticəsiz qalmışdı. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “İddiaçı xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi, keçmiş illərdən qalmış artımların və fərqlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-11062/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qərarında qeyd edilir ki, iddiaçının pensiya yaşı tamam olduğu 2018-ci ildə, Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin tələbinə görə ona döviət qulluqçusu kimi yaşa görə əmək pensiya təyin edilməsi üçün dövlət quliuqçusu vəzifəsində azı 15 il stajı olması tələb olunur. Halbuki, ona xx.xx.2017-ci il tarixində əlilliyə görə 11 il 7 ay 10 gün dövlət qulluqçusu stajı ilə ilkin olaraq dövlət qulluqçusu kimi əmək pensiyası səhv olaraq əlillik müddətinə təyin edilən zaman dövlət qulluğu stajı 5 il tələb olunurdu. Ona görə də ona dövlət qulluqçusu kimi əlilliyə görə təyin edilmiş əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirilən zaman ilkin təyin edilmiş pensiyası əsas götürülməli və ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. Bundan başqa 'Əmək pensiyaları haqqında” Qanunun 32-ci maddəsi ilə Əmək pensiyalarının təyin edilmə müddətləri tənzimlənir. 32.2-ci maddəsi ilə əlilliyə görə təyin edilən əmək pensiyalarının müddətləri müəyyən edilmişdir. Qanunun 32.2.-ci maddəsində deyilir: Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Göründüyü kimi ona xx.xx.2017-ci il tarixində İİ qrup əlillik verilməklə o xx.xx.2022-ci il tarixinə kimi əmək qabiliyyətsiz hesab edilmişdir. Həmin dövrdə xx.xx.2017-ci il tarixində 63 yaşı, xx.xx.2017-ci i! tarixindən kişilərin pensiya yaşının hər il 6 ay artırılmasına baxmayaraq 26.01 .2018-ci ildə isə 63 yaş 6 ayı tamam olduğu üçün yaşa görə pensiya yaşına çatdığına və qanunla ömürlük əmək qabiliyyətsiz hesab edildiyinə görə Qanunun 32.2-ci maddəsinin tələbinə əsasən ona əlilliyə görə əmək pensiyası TSEK-sı tərəfindən əlilliyin səhv olaraq müddətlə məhdudlaşdırılmasına baxmayaraq cavabdeh inzibati orqanın vəzifəsi idi ki, ona əlilliyə görə əmək pensiyasını müddətsiz təyin etsin. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun: Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyaina əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanun: (1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyaları) Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İddiaçının pensiya yaşı tamam olduğu 2018-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin tələbinə görə ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün dövlət qulluqçusu vəzifəsində azı 15 il staj olması tələb olunur. İş materiallarından müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4453/2017 qərarına əsasən iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhər XDS İK-nin Sosial Təminat İdarəsində işlədiyi dövrlər onun dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir. İddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin qüvvədə olduğu xx.xx.2022-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdən etibarən iddiaçıya ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmişdir. Cavabdehin imtina məktubunda bildirilmişdir: “...“Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda mövcud sənədlərdə sizin dövlət qulluğu stajınız 15 ildən az (11 il 7 ay 10 gün il) təşkil edir. Bu səbəbdən də sizə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd olunanlarla bağlı sizə Mərkəzi Filialın 1 sentyabr 2022-ci il tarixli **********2 nömrəli məktubu ilə məlumat verilib.” İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhər XDS İK-nin Sosial Təminat İdarəsində işləmiş, yuxarda qeyd edilən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-4453/2017 qərarına əsasən isə həmin müddət onun dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir. Beləliklə, iddiaçının dövlət qulluğu stajı 11 il 7 ay 10 gün təşkil edir Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya yaşının tamam olduğu 63 xx.xx.2018-ci il tarixinə dövlət qulluqçusu kimi stajı 11 il 7 ay 10 gün olduğundan, 63 yaş 6 ayının tamam olduğu xx.xx.2018-ci il tarixinə 15 il dövlət qulluğu stajına malik olması müəyyən edilmədiyindən, cavabdehin imtinasını və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11062/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-670/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-670/2025
24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver