Məhkəmə qərarları › İş №2-1(103)-671/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-671/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-671/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3455/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3455/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək,iddiaçı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin 39 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin 39 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı binanın 3 otaqlı, sahəsi 46,73 kv.m olan 39 saylı mənzilinin icarədarı xx xxxx 1986-cı il tarixdə onun anası X5 olmuşdur. Mənzilə dair verilmiş orderdə onun özünün adı, atası X6 və bacısı X7 adları göstərilmişdir. X8 ilə Zahid Kərimov arasındakı nikah 1989-cu ildə pozulmuşdur. Bundan sonra Zahid Kərimov həmin mənzildən çıxıb getmişdir. Onlar bir müddət həmin mənzildə yaşamışlar. 2013-cü ildə Zahid Kərimov ona bildirmişdir ki, mənzilin sənədlərinin tam hazırlanması zəruridir və bundan ötrü sənədlər Zahid Kərimovdan alınmışdır. Sonradan məlum olmuşdur ki, ev təkcə Zahid Kərimovun adına özəlləşdirilmişdir. O (iddiaçı), həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, 257043 nömrəli xx xxxx 1986-cı il tarixli orderin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilmədiyindən, müraciətdə qaldırılan məsələnin müsbət həlli RİH-in səlahiyyətləri xaricindədir. Hesab olunur ki, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin imtinası qanunsuz və əsassızdır. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə il müraciət edərkən Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı binanın, 39 saylı mənzilə dair 257043 nömrəli xx xxxx 1986cı il tarixli orderin olmadığını və bu səbəbdən ərizəsinə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2014-cü il tarixli, 3503 nömrəli arxiv sənədini əlavə edərək kirayə müqaviləsinin onunla bağlanılmasını xahiş etmişdir. Müraciətə cavab olaraq 257043 nömrəli xx xxxx 1986-cı il tarixli orderin notarial qaydada təsdiq olunmuş surəti RİH-ə təqdim edilmədiyindən müraciətdə qaldırdığı məsələnin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Müəyyən olunmuşdur ki, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı binanın, 39 saylı mənzili 257043 nömrəli xx xxxx 1986-cı il tarixli orderlə mərhum anası X2 verilmişdir və 1989-cu ildə atası Zahid Kərimovla anası arasında bağlanmış nikah pozulmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Zahid Kərimovun adına özəlləşdirilmişdir. Həmin ünvana dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəvindən çıxarış verilməsi məhkəmə zamanda müəyyən olunmasına baxmayaraq 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsi 2- 1(82)-3455/2019 saylı qərarla Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən öhdəlik qoymuşdur. Cavabdeh verdiyi apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, İ.Əhlimanov küçəsi, 10 saylı evin 39 saylı mənzilində x xxxxxxx 2009-cu il 2009-cu il tarixdən əvvəlki dövrdən başlayaraq yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almışdır ki, mübahisə obyekti olan mənzil əvvəllər X6 adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, sonradan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3175/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək, cavabdeh tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin 39-cu mənzilinin X6 adına özəlləşdirilməsi qanunsuz sayılmış və həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv edilmişdir. Məhkəmə kollegiyası tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3175/2014 saylı işi birinci instansiya məhkəməsindən tələb edilmiş, həmin işə baxış keçirilmiş və müəyyən edilmişdir ki, məhkəmənin 2-1(82)-3175/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli qərarından apelyasiya və kassasiya şikayətləri verilməmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilməsi üçün AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İş materiallarından görünür ki, Bakı şəhəri 26 Bakı Komissarı Rayon XDS İK-nın x xxxx 1986-cı il tarixli 62/0997 nömrəli qərarı ilə Bakı şəhəri, Hövsan qəsəbəsi, 13-cü Primorsk küçəsi, 10 saylı evin 39 saylı mənzili 4 nəfər ailə üzvü ilə X1 ayrılmışdır. İş materiallarından görünür ki, X10 xx xxxxxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1968-ci il tarixdə АЗ ******* nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Şəhadətnamədə “ata” qrafasında X11, “ana” qrafasında X3 qeyd olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı x xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə Bakı şəhəri 26 Bakı Komissarı rayonu VVAQ şöbəsi tərəfindən xx xxxxx 1975-ci il tarixdə İİİ-ЖГ 430514 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Şəhadətnamədə “ata” qrafasında X11, “ana” qrafasında X3 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ 103534 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 x xxxx 2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan AZ-İ 798611 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx xxxx 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan AZ-İ 755072 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 x xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı RPİ tərəfindən verilmiş AZE ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, x xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10, mənzil 39-dur. İş materiallarında surəti olan Bakı ŞİH MKTD Suraxanı Rayon MKTB 103 saylı MKİS-in xx xxxxxx 2018-ci il tarixli 182 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 saylı evin 39 saylı mənzilində İddiaçı (təkcə) qeydiyyatdadır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı əvvəlki icarədarın ailə üzvü qismində, əvvəlki icarədar vəfat etdiyi halda, mənzildə tək yaşayan şəxs kimi mənzilin balans saxlayıcısı olan orqan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən onun (İddiaçı) mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. Belə olan halda, əvvəkki kirayədarın adına verilmiş orderin surətinin təqdim edilməsi zərurəti yaranmır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, qərarın ləğv edilməsi üçün əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3455/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar