Məhkəmə qərarları › İş №2-1(103)-671/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-671/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-671/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh nümayəndəsi, vəkil X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 X4 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2428/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddiaçıya xx xxxxxxxx 2016-cı il tarixdən etibarən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Quba rayonu, 12 saylı sovxozunda anadan olmuşdur. 1978-ci ildən müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu baxımdan 1978-ci ildən bu günə qədər fərqli işlərdə işləyir. Bu günə qədər onun ümumilikdə 38 il 2 ay sığorta stajı vardır. Qeyd edilən əmək fəaliyətinin 32 ili güzəştli iş stajıdır. Bununla bağlı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ var. Bununla bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətinə cavabdeh tərəfindən baxılmış və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Cavabdeh cavabını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsi ilə əsaslandırmışdır. Cavabdehə görə iddiaçının 1979-cu ildən 2006-cı ilə qədər işlədiyi dövr ərzində güzəştli iş stajı olaraq müəyyən edilən iş stajı 12 il 6 aydan azdır. Cavabdehin verdiyi cavab əsassızdır və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2428/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2428/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1979-cu il tarixli əmək kitabçasında iddiaçının xx.xx.1999-cu il tarixindən üzən heyətə daxil olduğu qeyd olunmuşdur. Ona görə də iddiaçının xx.xx.1984-xx.xx.1998-ci illər ərzində işlədiyi peşələr AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qəraın 2-ci siyahısına uyğun deyil. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək SSRİ 50 illiyi adına Quba meyvətərəvəz sovxozu 14 saylı briqadaya mövsümi bağ işçisi, daimi bağ işçisi; xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı Dənizçilik Məktəbində müdavim, xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi Bakı Dənizçilik Məktəbi Gəmi idarəetmə təlimi üzrə tam kursları bitirib, xx.xx.1984cü il tarixdən xx.xx.1987-ci il tarixədək Nəqliyyat donanmasında dənizçi; xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Nəqliyyat donanmasında gəmilərində kapitan köməkçisi, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Nəqliyyat donanmasında gəmilərində kapitanın 2-ci köməkçisi, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək Nəqliyyat donanmasında gəmilərində kapitanın 3-cü köməkçisi, xx.xx.2001-ci il tarixdən 01.010.2009cu il tarixədək Nəqliyyat donanması gəmilərində kapitanın 2-ci köməkçisi, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək kapitanın baş köməkçisi, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək üzücü heyətdə kapitanın baş köməkçisi vəzifəsində işləmişdir, xx.xx.2016-cı il tarixdən halhazıradək “xxxx” QSC X8 Donanması “Şamaxı” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində işləyir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 21.1-ci maddələrini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1, 4.1.9, 4.1.11-ci bəndini, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1, 67-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ddiaçı İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq (18 il 22 gün) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən verilən arayışlara əsasən iddiaçının işlədiyi vəzifələr (üzən heyətinin nəqliyyat donanması gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın 2-ci köməkçisi, kapitanın baş köməkçisi) gəmi heyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2000-ci il tarixli, 83 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsinin 19-cu bəndinə əsasən gəmi heyəti kapitandan, digər rəhbər şəxslərdən və gəmi komandasından ibarətdir. Həmin Nizamnamənin 20-ci bəndinə əsasən komandir heyətinə daxildirlər: kapitan, kapitanın köməkçiləri, mexaniklər və elektrik mexanikləri, radio stansiya rəisi, elektroradionaviqator, gəmi həkimi (feldşer), radio texniki, radio operatoru, restoran direktoru və sərnişin xidməti administratoru. Kapitan, kapitanın böyük köməkçisi və baş mexanik gəminin böyük komandir heyətidirlər. Heyətin qalan üzvləri gəmi komandasına aiddirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “3. Dəniz və çay donanması Üzən heyət- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” (kod 23003010) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21.Nəqliyyat” bölməsində “21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda gəmi heyəti göstərilmişdir. İddiaçının işlədiyi vəzifələr qeyd edilən siyahılarda göstərilmiş istisnaya aid deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifə (krançı) gəmi heyətinə aiddir və gəmi heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 X4 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2428/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar