Məhkəmə qərarları › İş №2-1(103)-671/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-671/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-671/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 İddiaçının nümayəndəsi və vəkili Vəkil (Xırdalan şəhər Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (VÖEN **********, hüquqi ünvan-ünvan 1 təmsilçi-X4, dövlət qeydiyyatına alındığı tarix-11.04.2006-cı il) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.04.2021-ci il tarixli, **********946800 saylı qərarının ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-1(112)- 6150/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 28.04.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.04.2021ci il tarixli, **********946800 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X8” MMC 11.04.2006-cı il tarixdə ********** saylı VÖEN və AZ-1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, ünvan 2 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-nin nizamnamə üzrə əsas fəaliyyəti şüşə təbəqələrinin formalaşdırılması və emalının təşkilindən ibarətdir.Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı “X9” MMC-də kameral vergi yoxlaması keçirmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh 12.01.2021-ci il tarixli **********845300 nömrəli məktuba əsasən Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq araşdırma zamanı iddiaçının fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər siyahısında olmadığı üçün tətbiq edilmiş güzəşt məbləği silinməklə hesablama aparılmalı olması qənaətinə gələrək 2020-ci il üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 143236,94 (yüz qırx üç min iki yüz otuz altı manat, doxsan dörd qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.04.2021-ci il tarixli **********946800 saylı Qərar qəbul edilmişdir. 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində Covid-19 virusu ilə mübarizə aparılması ilə bağlı məhdudiyyətlər tətbiq edilməyə başlanılmışdır. Bununla əlaqədar bir neçə dəfə sərt karantin rejimləri tətbiq edilmiş və iş sahələrinin fəaliyyəti dayandırılmışdır. İddiaçı MMC pandemiyadan zərərçəkmiş müəssisədir. Pandemiya vaxtı iddiaçının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuş və işçilərin cəmi 50 faizinə işləmək icazəsi verilmişdir. İddiaçı işçilərini virusdan qorumaq üçün müəssisədaxili olaraq növbəli iş rejimi tətbiq etmişdir ki, kütləvi yoluxmanın qarşısı alınsın. Bu da öz növbəsində iddiaçının istehsal gücünün azalmasına səbəb olmuşdur. Tətbiq olunmuş məhdudiyyətlərlə əlaqədar məhsul satışı azalmışdır. Nazirlər Kabinetinin Qərarına əsasən pandemiyadan zərərçəkmiş sahələrin fəaliyyət kodları siyahısında iddiaçının fəaliyyət kodu vardır. İddiaçı 6 günlük iş rejimi ilə işləməsinə baxmayaraq həftənin şənbə günləri ictimai nəqliyyatın işləməməsi səbəbindən iddiaçı da şənbə günləri fəaliyyət göstərmir. Bütün bu hallar öz növbəsində istehsal gücünün və satışın azalmasına gətirib çıxarır. İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yardımı siyahısında İddiaçı MMC-nin (fəaliyyət kodu 23120) adı da mövcuddur. Bu fakt İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində öz əksini tapır. Eyni zamanda bu fakt iddia ərizəsinə əlavə edilmiş qaimələrlə də sübut olunur. Pandemiyadan zərərçəkmiş sahələrə əmək haqqı ödənişləri üçün edilən yardım siyahısında da İddiaçı MMC-nin adı mövcuddur. Maliyyə yardımı 2020-ci ildə 4 dəfə olunmuşdur, 2021- ci ilin yanvar ayında da ödənilmişdir. Maliyyə yardımının alınması iddiaçının pandemiyadan zərər çəkən müəssisə olduğunu bir daha sübut edir. Ödənişlər 17.04.2020- ci ildə 20247 AZN, 14.05.2020-ci ildə 20247 AZN, 18.08.2020-ci ildə 24364 AZN, 23.09.2020-ci ildə 24364 AZN, 13.01.2021-ci ildə 24173 AZN edilmişdir. Bununla bağlı bütün məlumatların və sübutların 16.02.2021-ci il, 24.03.2021-ci il və 13.04.2021-ci il tarixlərdə cavabdeh orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh əsassız olaraq verilmiş məlumatlar və sübutlar ilə razılaşmayaraq 2020-ci il üzrə iddiaçıya əlavə mənfəət vergisi hesablamışdır. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-1(112)-6150/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.04.2021-ci il tarixli, **********946800 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 18.11.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-1(112)-6150/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəf pandemiya ilə bağlı işçilərə əmək haqqı ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilən müəssisə olmaqla barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı olduğu hüquqi şəxsdir, Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, fəaliyyətinə güzəşt tətbiq etmək hüququ olmuşdur. İddiaçı da qanunvericiliklə həmin hüquqdan istifadə etməklə mənfəət bəyannaməsini tətbiq etməsinə baxmayaraq cavabdeh iddiaçının azadolma hüququnu nəzərə almadan ona kameral qaydada əlavə mənfəət vergisi hesablanmışdır ki, bununla da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 222- 224-cü maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 224.1-ci maddəsində göstərilən vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir Lakin, vergi orqanında mövcud olan məlumatlara əsasən müəssisə tərəfindən göstərilən fəaliyyət növü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən koronavirus pandemiyasıyla əlaqədar fəaliyyətinə icazə verilənlər siyahısına daxil edilmişdir. Bu səbəbdən də, müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisinin bəyannaməsi nəzərə alınmamışdır. İşin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə dair etiraz təqdim olunmuşdur, etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olumuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-1(112)-6150/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İnternet vergi idarəsinin məlumatlarına əsasən iddiaçı 11.04.2006-cı ildə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, ********* nömrəli VÖEN-ə malikdir, fəaliyyət növlərinə aiddir: 23120 – şüşə təbəqəsinin formalaşdırılması və emalı (əsas fəaliyyət), 32990 - digər qruplara daxil edilməyən sair məhsulların istehsalı, 23110 – şüşə təbəqəsinin istehsalı, 22290-sair plastik məmulatların istehsalı, 52101 - saxlama və anbarlara yığma. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Müraciətin qeydiyyata alınması haqqında” 16.02.2021-ci il tarixli bildirişinə əsasən, iddiaçı tərəfindən göndərilmiş elektron müraciət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS Kargüzarlıq altsistemində **********002700 nömrəsi ilə qeydiyyata alınmış və iddiaçı müraciətin baxılma vəziyyəti ilə onlayn rejimdə “əməliyyat tarixçəsi”ndə tanış ola bilər. - İddiaçı MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 16.02.2021-ci il tarixli məktuba əsasən, 15.02.2020-ci il tarixli **********845300 saylı 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə göndərilən məktubun cavabı olaraq bildirilmişdir ki, müəssisə pandemiyadan zərər çəkmiş müəssisədir. Pandemiya vaxtı məhdudiyyətlər tətbiq olunmuşdur. İşçilərin 50%-i işləmək icazəsi almışlar. İşçiləri virusdan qorumaq üçün müəssisədaxili olaraq növbəli işləmişlər ki, kütləvi yoluxmanın qarşısı alınsın. Bu da öz növbəsində istehsal gücünün azalmasına səbəb olmuşdur. Tətbiq olunmuş məhdudiyyətlərlə əlaqədar məhsul satışı aşağı düşmüşdür. Nazirlər Kabinetinin qərarına əsasən pandemiyadan zərər çəkmiş sahələrin fəaliyyət kodları siyahısında müəssisənin fəaliyyət kodu vardır. Müəssisə 6 günlük iş rejimi ilə işləməsinə baxmayaraq həftənin 6-cı günü ictimai nəqliyyatın işləməməsi səbəbindən fəaliyyət göstərməmişdir. Çünki işçilərin işə gəlib getməsində problem yaranıb. Bu da oz növbəsində istehsal gücünün və satışın azalmasına gətirib çıxarır. Qoşma faylda İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsindən çıxarılmış fayllar göndərilir. Həmin faylların götürüldükləri link aşağıdakı kimidir: https: //economy.gov.az /article/iqtisadi-artima-vesahibkarlara-dovlet-desteyitedbirlerinin-mexanizmleri / 30857#. Əlavə olaraq qoşma faylda pandemiyadan əziyyət çəkən sahibkarlara ödənilən maliyyə yardımı siyahısından müəssisənin adı olan vərəq, hansı fəaliyyət sahələrinin pandemiyadan əziyyət çəkənlərə aid edilməsi haqqında siyahı göndərilir. Müəssisə şüşə təbəqələrinin formalaşdırılması və emalı sahəsində fəaliyyət göstərir. Fəaliyyət kodu 23120-dir ki, bu fəaliyət kodu altında fəaliyyət göstərən müəssisələr pandemiyadan zərər çəkmiş müəssisələrə aiddir. Bunun sübutu olaraq müəssisənin fəaliyyət göstərməsi üçün aldığı sertifikatlardan biri qoşma faylda göndərilir. Əlavə olaraq göndərilən qaimələrə və idxal edilən materiallara baxmaq mümkündür. Pandemiyadan zərər çəkmiş sahələrə əmək haqqı ödənişləri üçün edilən yardım siyahısından da müəssisənin adı olan vərəq qoşma faylda göndərilir. Maliyyə yardımı 2020-ci ildə 4 dəfə olunmuşdur. 2021-ci ilin yanvar ayında da ödənilmişdir. Maliyyə yardımı almaqları onların pandemiyadan əziyyət çəkən müəssisə olduğunu bir daha sübut edir. İqtisadiyyat nazirliyinin rəsmi səhifəsində müəssisənin adının pandemiyadan əziyyət çəkənlər siyahısında və maliyyə yardımı ödənilən müəssisələr siyahısında olması görünür. Yuxarıda göstərilənlər nəzərə alınaraq yaranmış uyğunsuzluğun aradan qaldırılması və iddiaçıya məlumat verilməsi xahiş edilmişdir. - “İşçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı”na (artan yekunla, 28.09.2020-ci il tarixə olan məlumat) əsasən İddiaçı MMC (VÖEN **********) həmin siyahıda 1714 sıra nömrəsi ilə göstərilmişdir. - Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sisteminin 11.06.2021-ci il tarixli və 19.05.2020-ci il tarixli uyğunluq sertifikatlarına əsasən “X8” MMC-nin 2020-ci ildə və 2021ci ildə istehsal etdiyi şüşə paketlər dövlət standartlarına uyğun olmuşdur. - “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs X3 Laboratoriyasının 18.05.2020-ci il tarixli, 590 nömrəli protokoluna əsasən, “X8” MMC şüşə paketlər istehsal edir. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********946800 nömrəli, 02 aprel 2021-ci il tarixli qərara əsasən, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 47.745,65 manat olduğu halda vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçının vergi və ya sığorta haqqı 190.982,59 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 143.236,94 manat müəyyən edilmişdir. - "xxxx" ASC-nin “Altis Group of Company LLC 13.01.2021-13.01.2021-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 24173.00 məbləğində pul vəsaiti mədaxil edilmişdir. - "xxxx" ASC-nin “Altis Group of Company LLC 18.08.2020-18.08.2020-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 24364.00 məbləğində pul vəsaiti mədaxil edilmişdir. - "xxxx" ASC-nin “Altis Group of Company LLC 14.05.2020-15.05.2020-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 20247.00 məbləğində pul vəsaiti mədaxil edilmişdir. - "xxxx" ASC-nin “Altis Group of Company LLC 17.04.2020-17.04.2020-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 20247.00 məbləğində pul vəsaiti mədaxil edilmişdir. - "xxxx" ASC-nin “Altis Group of Company LLC 23.09.2020-23.09.2020-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 24364,0 məbləğində pul vəsaiti mədaxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı “Müraciətlərə baxılması” barədə **********513200 nömrəli, 16.05.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində yaranmış kənarlaşmalar barədə müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, eyni məzmunlu 24.03.2021-ci il tarixli müraciət 22.04.2021-ci il tarixli, **********860800 nömrəli məktubla cavablandırılmışdır. Əlavə olaraq, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 224.1-ci maddəsində göstərilən vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir. Vergi orqanında mövcud olan məlumatlara əsasən iddiaçı tərəfindən göstərilən fəaliyyət növü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli Qərarına əsasən koronavirus pandemiyasıyla əlaqədar fəaliyyətinə icazə verilənlər siyahısına daxil edilmişdir. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən, bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Həmin Məcəllənin 222.5-ci maddəsinə uyğun olaraq, bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir:.. 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi;.. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı 11.04.2006-cı ildə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, fəaliyyət növlərinə şüşə təbəqəsinin formalaşdırılması və emalı (əsas fəaliyyət), şüşə təbəqəsinin istehsalı və sair fəaliyyət aiddir, 28.09.2020-ci il tarixinə olan məlumatda işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısına iddiaçı da daxil edilmişdir və 17.04.2020, 14.05.2020, 18.08.2020, 23.09.2020, 13.01.2021-ci il tarixlərində pandemiyadan zərərçəkmiş müəssisə kimi işçilərinin əmək haqqının ödənilməsi üçün dövlət tərəfindən iddiaçıya maliyyə dəstəyi göstərilmişdir, iddiaçı tərəfindən 2020-ci il hesabat dövrü üçün mənfəət vergisi bəyannaməsində 47745.65 manat mənfəət vergisini göstərmişdir, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********946800 nömrəli, 02.04.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən iddiaçıya 2020-ci il üzrə 143236,94 manat əlavə mənfəət vergisi hesablanmaqla iddiaçının mənfəət vergisinin məbləği 190982,59 manat müəyyən edilmişdir. İddiaçı cavabdehə müraciət edərək barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı hüquqi şəxs olduğunu bildirməklə qeyd edilən uyğunsuzluğun aradan qaldırılmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pandemiya ilə bağlı işçilərə əmək haqqı ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilən müəssisə olmaqla barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı olduğu hüquqi şəxs olduğundan iddiaçının Vergi Məcəlləsinin 224.1.2.-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ olmuşdur.Lakin cavabdeh qanunvericiliyin tələblərini nəzərə almamış, ona kameral qaydada əlavə mənfəət vergisi hesablayaraq, qanunsuz qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC-nin “Altis Group of Company LLC arasında olan müxtəlif tarixli hesab üzrə çıxarışlarına əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə müvafiq pul vəsaitləri mədaxil edildiyi müəyyən edilir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-1(112)-6150/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-1(112)-6150/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar