Məhkəmə qərarları › İş №2-1(103)-671/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-671/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-671/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən şahid ifadələri əsasında xəstəliklə bağlı 2-ci qrup əlil kimi, 2021-ci ilin mart ayınadək əmək pensiyası almış, xx.xx.2021-ci il tarixindən əlillik pensiyası kəsilmiş və ona 130 manat məbləğində sosial müavinət təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun («DSMF») elektron bazasında göstərilmişdir ki, onun 25 il iş stajına malikdir, həmçinin, uşaqlıqdan əlil övladı Yusif Sadıxova qulluq etdiyi üçün ona yaşa görə əmək pensiyası 5 il tez verilməlidir. Hazırda onun 61 yaşı vardır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 24-cü maddəsinə əsasən xx.xx.2004-cü il tarixdə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edimişdir. İddiaçıya müvafiq şahid ifadələri əsasında tərtib olunmuş protokol əsasında əmək stajı hesablanmış və nəzərə alınmışdır. Təyin olunmuş əmək pensiyası əlillik müddətinin qurtarması əsası ilə xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. xx.xx.2021-ci il tarixdən qadınların pensiya yaşı 62 yaş 6 ay müyyən edilmişdir. xx.xx.1960-ci il təvəllüdlü iddiaçının ümumi əsaslarla yaşa görə əmək pensiyasına çıxacağı tarix xx.xx.2024-cü il kimi müəyyən edilir. Beləliklə, Qanunun tələbinə əsasən iddiaçı ümumi əsaslarla yaşa görə əmək pensiyası yaşına çatmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 8.1ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla və sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun həmin maddəsi şərtləri daxilində xx.xx.1960-ci il təvəllüdlü iddiaçının yaşa görə əmək pensiyasına çıxacağı tarix xx.xx.2019-cu il kimi müəyyən edilir. Bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində iddiaçı sosial sığorta stajını təsdiq edən müvafiq sənədləri müraciət zamanı təqdim etməlidir. İddiaçı müraciət zamanı sosial sığorta stajını təsdiq edən sənədləri təqdim etməmişdir.Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. İddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçmə hüququ əlilliyin dayandırılması və müvafiq qaydada sosial sığorta stajını təsdiq edən sənədlərin təqdim olunmaması əsası ilə yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol vermiş, düzgün olmayan qərar qəbul etmişdir. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 24-cü maddəsinə əsasən xx.xx.2004-cü il tarixdə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edimiş, onun müvafiq şahid ifadələri əsasında tərtib olunmuş protokol əsasında əmək stajı hesablanmış və nəzərə alınmışdır. Təyin olunmuş əmək pensiyası əlillik müddətinin qurtarması əsası ilə xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddia daha sonra yaşa görə əmək pensiyası təyin olunması çün müraciət etmiş, lakin əmək pensiyası hüququ olmadığı üçün xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçının işlədiyini iddia etdiyi illərə dair əmək kitabçası olmadığı halda, iddiası əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İsayeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Q.Sadıxov apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə işirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı arzuladığı inzibati aktı qəbuletmək vəzifəsini cavabdehin üzərinə qoymayğı məhkəmədən tələb edə bilər. məcavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixə qədər əlillik pensiyası almış, həmin tarixdə onun əlillik müddəti bitdiyindən pensiyası kəsilmiş və ona yaşa görə sosial müavinət təyin edilmişdir. Bundan sonra o, ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin sonuncu onun pensiya yaş həddinə çatmadığı və sığorta stajı olmadığı əsas gətirilməklə, ona imtina cavabı vermişdir. Həmin imtinadan narazı qalan iddiaçı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən hesab etmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 59 yaşının tamam olduğu vaxtdan xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ vardır. Lakin iddiaçının həmin dövrdə əlilliyə görə pensiya aldığı nəzərə alınmaqla ona əlillik müddəti bitdiyi bitdiyi xx.xx.2021-ci il tarixdən (həmin tarixdə əlillik müddəti bitdiyindən əllik pensiyası dayandırılmışdır) yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçının iş materiallarına əlavə olunmuş pensiya işinə dair sənədlər araşdırıldıqda müəyyən olunur ki, o, Saatlı rayon İcra Hakimiyyəti Milli Dövlət Arxivinin xx.xx.2004-cü i l tarixli 126 saylı arxiv arayışına əsasən: o, 1994-cü ildə 145 (minimum120) adam günü (illik qazanc 467964manat); 1995-ci ildə 197(minimum 120) adam günü (illik qazancı 1473140); 1996cı ildə 201 (minimum 120) adam günü (illik qazancı 2014649); 1997-ci ildə 195 (minimum 120) adam günü (illik qazanc 1931432) kolxozçu işləmişdir Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl Rayon Şöbəsi tərəfindən təsdiq edilmiş X4 məxsus izahatlarına əsasən İddiaçı 1977-ci ildən 1993-cü ilə qədər onunla birlikdə Cəbrayıl kolxozunda kolxozçu işləmiş, həmin şöbə tərəfindən təsdiq edilmiş X1 məxsus izahatına əsasən də iddiaçı 1977-ci ildən 1993-cü ilə qədər onunla birlikdə Cəbrayıl kolxozunda kolxozçu işləmiş, həmin Şöbə tərəfindən tərtib olunmuş Protokolla şahid ifadələri üzrə iddiaçının 16 il (1977-1993-cü illər) staja malik olması təsdiq edilmişdir. Beləliklə də iddiaçının ümumilikdə kolxoz stajı 20 il təşkil etdiyi müəyyən olunur. Qeyd olunmalıdır ki, xx.xx.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: -əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); - iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir(b.3). Bundan əlavə işdən görünür ki, ilkin olaraq xx.xx.2004-cü il tarixində iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə əlillik pensiyası təyin edilmiş, sonuncu dəfə onun əlilliyi xx.xx.2016-cı il tarixində “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Eyni zamanda, işdən (doğum haqqında şəhadətnmədən, VVAQ şöbəsinin arayışına, TSEK aktına və s.) görünür ki, səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının iki övladına - xx.xx.1985-ci ildə doğulmuş X6 xx.xx.2007-ci il tarixində, xx.xx.1987-cü il tarixdə anadan olmuş X5 isə xx.xx.2007-ci il tarixdə - səbəbi anadangəlmə olmaqla, müddətsiz 2-ci dərəcə əlillik təyin edilmiş və iddiaçı onların qəyyumu olmuş, hətta o, qəyyumu (anası) olduğu uşağı X2 görə, uşaqlıqdan sağlamlıq imkanları məhdud olduğu üçün xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək təqaüd də almış (i.v. 82) və iddiaçının əlilliyi üzrə pensiya təyin olunarkən, qeyd olunan 20 il kolxoz stajı və 5 il də sağlamlıq imkanları məhdud uşağına qulluq etmə dövründən 25 il sığorta stajı kimi nəzərə alınmışdır. Ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçının qəyyumu olaraq sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatanədək qulluq etməsi işin mübahisələndirilməyən halını təşkil edir. Lakin konkret halda, cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, əvvəllər kolxozda işlədiyi dövr və sağlamlıq imkanları məhdud uşağuna qulluq etdiyi müddət iddiaçının əlllik pensiyasında nəzərə alındığı halda, konkret halda yaşa görə pensiya təyinatı zamanı, onun əmək kitabçası olmadığına görə, həmin 25 il iş stajının nəzərə alınmasından imtina etmişdir. Halbuki, "İnzibati icraat haqında Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13..2-ci maddəsinin 1-ci cümləsinə əsasən isə İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Bundan əlavə, hazırrda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.7-ci bəndinə əsasən qəyyumun sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluqetmə müddəti sığorta stajına daxil edilir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi və iddiaçıya sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyinə görə yaşa görə pensiya yaş həddi 5 il azaldılsa da, onun əlillik pensiyasının xx.xx.2021-ci il tarixdən kəsildiyi nəzərə alınmaqla, ona həmin tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması işdə olan sübutlara maddi və prosessual hüquq normalarına hüquq normalarına uyğun nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyini və düzgün olmayan qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar