Məhkəmə qərarları › İş №2-1(103)-671/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-671/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-671/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3078/2023 saylı, 25 avqust 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST" mərkəzinə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin ərizə aidiyyəti üzrə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Mərkəzi Filial İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli **********5 saylı cavabda göstərmişdir ki, təqdim edilmiş əmək kitabçasına və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışına əsasən ümümi sığorta stajı xx.xx.2006-cı il tarixinədək 18 il 2 ay 20 gün olduğundan tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, 18 il 2 ay 20 gün sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 13877,29 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan başqa, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında qeyd olunmuş Əbulfət Əliyevin xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Yod zavodunda işləməsi faktı araşdırılmışdır. Azərbaycan Respublikası Milli Arxivinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı Yod zavodunun sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Qələbə” kolxozunda işləməsi faktı araşdırılarkən, Füzuli rayon “Qələbə” kolxozunun sənədləri Füzulı rayon Arxiv idarəsinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. X5 və Araşdırma şöbəsinin 17 sentyabr 2021-ci il tarixli xidməti məruzəsinə əsasən: - xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Bakı İcarə Təmir Tikinti İdarəsi”, - xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “2 saylı Avtobazanın” faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı əmək kitabçasında xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Yod zavodunda işləməsi barədə həmin müəssisənin rəhbərliyi tərəfindən qanunun tələblərinə cavab verən qaydada qeyd aparılmışdır. Bakı Yod zavodunun sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməməsi həmin dövrün sığorta stajına daxil edilməməsi üçün əsas ola bilməz. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Qələbə" kolxozunda işləməsi faktı araşdırılarkən Füzuli rayon “Qələbə" kolxozunun sənədlərinin Füzuli rayon Arxiv idarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu onunla bağlı olmuşdur ki, Füzuli rayonun “Qələbə" kolxozunun ərazisi işğala məruz qalmışdır. İddiaçı əmək kitabçasından görünür ki, o, xx.xx.1992-ci il tarixdən öz ərizəsinə əsasən üzümçülük üzrə icarədar təyin edilmişdir. Bundan sonra onun əmək kitabçasında bu vəzifədən azad edilməsi barədə qeyd aparılmamışdır. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi məqsədi ilə İddiaçı Füzuli rayon Məhkəməsinə müraciət etmiş və onun xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cu ıl tarixə kimi icarədar işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Həmin məhkəmənin 22 avqust 2022-ci il tarixli, 2(064)-1104/2022 saylı qətnaməsi ilə onun ərizəsi qismən təmin edilmiş və onun xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cu il (işğal günü) tarixinədək Füzuli rayonu, Qorqan kəndində fəaliyyət göstərən “Qələbə” kolxozunda icarədar işləməsi faktı müəyyən edilmişdir. Bununla da onun həmin kolxozda 1 il 6 ay 12 gün işləməsi faktı təsdiq olunmuşdur X6 və Araşdırma şöbəsinin 17 sentyabr 2021-ci il tarixli xidməti məruzəsinə əsasən: - xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Bakı İcarə Təmir Tikinti İdarəsi”, - xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “2 saylı Avtobazanın" faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən edə bilməməsi, İddiaçı əmək kitabçasında bu barədə aparılmış qeydlərin etibarsız hesab edilməsi və qəbul edilməməsi üçün əsas ola bilməz. Əmək kitabçasında aparılmış digər qeydlər Mərkəzi Filial tərəfindən mübahisələndirilməmişdir. Qanunla tələb olunan (25 il) əmək stajının olmasını təsdiq edən sübutlar: İddiaçı məxsus əmək kitabçasından görünür ki, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Füzuli rayonu “Mübariz” üzümçülük Sovxozunda fəhlə işləmişdir. Bu dövrün stajı 7 il 10 ay 26 gün təşkil edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Mərkəzi Filiala təqdim etdiyi arayışa əsasən 2 il müddətində hərbi xidmətdə olmuşdur. Bu dövr onun əmək stajına daxil edilir. xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Mübariz” Üzümçülük Sovxozunda fəhlə və sürücü işləmişdir. Bu dövrün stajı 14 il 6 ay 23 gün təşkil edir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər üzümçülük üzrə icarədar təyin edilmişdir. Staj 1 ay 7 gün təşkil edir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayonu Qorqan kəndində fəaliyyət göstərən Qələbə Kolxozunda icarədar işləmişdir. Bu dövr Füzuli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(064)-1104/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Bu dövrün stajı 7 il 6 ay 12 gün təşkil edir. xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Dövlət Neft Şirkətinin X4 Bakı İcarə Təmir Tikinti İdarəsində sürücü işləmişdir. Bu dövrün stajı 9 ay 29 gün təşkil edir. xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı Baş Tikinti İdarəsinin 2 saylı Avtobazasında sürücü işləmişdir. Bu dövrün stajı 7 il 6 ay 16 gün təşkil edir. xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı Yod Zavodunda sürücü işləmişdir. Bu dövrün stajı 2 il 5 ay 13 gün təşkil edir. xx.xx.2005-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Füzuli rayonunda yerləşən "xxxx" MMC-də sürücü işləmişdir. Bu dövr 9 ay 15 gün təşkil edir. Həmin dövrün stajı xx.xx.2006-cı il tarixədək götürüldükdə, 8 ay 12 gün təşkil edir. Beləliklə, İddiaçı əmək kitabçası və məhkəmə qərarı ilə müəyyən edilmiş iş stajı xx.xx.2006-cı il tarixə ümumilikdə 25 il 7 ay 18 gün təşkil edir. Mərkəzi Filialın araşdırdığı dövrləri tədqiq etmək üçün tərəfindən həmin müəssisələrə və Milli Arxivə müvafiq sorğular verilmişdir. Müəyyən edilmişdir ki, həmin müəssisələrin və təşkilatların rəhbərliyi tərəfindən sənədlər Dövlət Arxivinə təhvil verilməmiş, bəzi hallarda isə ölkədə aparılan iqtisadi islahatlarla bağlı, o cümlədən müəssisələrin Əmlak Komitəsi tərəfindən özəlləşdirilməsi nəticəsində onların müxtəlif növ müəssisələrə çevirilməsi hüquqi varislərin müəyyən edilməsini mümkünsüz edir. İddiaçı əmək kitabçasında 1 halda (Füzuli rayonun Qələbə kolxozunda işləməsi ilə bağlı) müvafiq qeydiyyatın aparılmaması isə dövlət ərazisinin işğalı ilə bağlı olmuşdur. Mərkəzi Filialın şübhə altına aldığı dövrlər əmək stajına hesablanmalı, əmək kitabçasında göstərilən dövrlərin nəzərə alınmaması əsassız və qanunsuz hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın **********2 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubunda İddiaçı təqdim etdiyi xx.xx.1979-cu il tarixdə tərtib edilmiş l/İT-l № ******* saylı əmək kitabçasında qeyd olunmuş xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı sübhə yarandığı qeyd edilmişdir. Belə ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan 8 ay 13 günün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 3 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən 01 03.2002-ci il tarixədək 22 il 10 ay 20 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 24 il 10 ay 23 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının sosial sığorta stajı hesablanarkən Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(064)-1104/2022 nömrəli qətnaməsinə əsasən onun xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Füzuli rayon, Qorqan kəndində fəaliyyət göstərən “Qələbə” adına kolxozdakı əmək fəaliyyəti dövrləri də nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin isə hərbi xidmət və va digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda ve kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci il tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə dövlət sosial sığorta sistemində qeydə alınmış fərdi uçot məlumatlarına əsasən sosial sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda həmin Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3078/2023 saylı, 25 avqust 2023-cü il il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilərək, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3078/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı dair İT seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1973-cü il tarixli 70 nömrəli əmrə əsasən xx.xx.1973-cü il tarixdə Füzuli rayonu “Mübariz” üzümçülük sovxozunda öz ərizəsinə əsasən fəhlə qəbul edilmişdir. xx.xx.1975-ci il tarixdə 72 saylı xx.xx.1975-ci il tarixli əmrə əsasən ordu sıralarına göndərilməsi üçün fəhləlikdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə 72 saylı xx.xx.1977ci il tarixli əmrə əsasən ordu sıralarından tərxis olunduğu üçün öz ərizəsinə əsasən Füzuli rayon “Mübariz” sovxozuna fəhlə qəbul edilmişdir. xx.xx.1978-ci il tarixdə 95 saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən “Mübariz” üzümçülük sovxozunda öz ərizəsinə əsasən sürücü təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə 02 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən sovxoz fəhlə komissiyasının xx.xx.1992-ci il tarixli 03 nömrəli qərarı ilə üzümçülük üzrə icarədar təyin edilmişdir. 18 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən “Qələbə” kolxozunda xx.xx.1992-ci il tarixli məktuba əsasən sovxozdan kolxozun sərəncamına göndərilmişdir. xx.xx.1992-ci il tarixdə 01 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən “Qələbə” kolxozunda üzümçülük üzrə icarədar təyin edilmişdir (DNŞ Maşınqayırma İ/B Bakı İcarə Təmir Tikinti İdarəsi). xx.xx.1997-ci il tarixdə 09 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən 80-00 saylı maşına üçüncü dərəcəli sürücü təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə 2 saylı xx.xx.1998ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 27-ci maddəsi ilə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə 38/k saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən ərizəsinə əsasən 3-cü dərəcəli sürücü təyin edilmişdir. xx.xx.1999-cu il tarixdə 86/k saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixdə 24-k saylı xx.xx.1999-cu il tarixli əmrə əsasən Bakı yod zavodu Nəqliyyat bölməsinə “MAZ-5334” markalı avtomobilə 3-cü dərəcəli sürücü təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə 09-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixdə 90 saylı əmrə əsasən X2 Müəssisəsinə ərizəsi nəzərə alınmaqla üçüncü dərəcəli sürücü təyin edilmişdir. xx.xx.2006-ci il tarixdə 02.02.06-cı il tarixli əmrə əsasən ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən təqdim edilmiş 735 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən may 1975-ci il tarixdən 20 may 1977-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-1104/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993- cü il tarixədək Füzuli rayonu, Qorqan kəndində fəaliyyət göstərən “Qələbə” adına kolxozda icarədar işləməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının BA-02526-2022 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, BBTİ 2 saylı Avtobazanın 1998-1999-cu illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin **********39 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 392 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Tikinti və Şəhər İnkişafı Departamentinin X3 2 nömrəli avtobazasının əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır və qeyd olunan avtobazanın hüquqi varisi hesab edilir. Həmin səhmdar cəmiyyətin səhmlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi 27 noyabr 2001-ci il tarixdə başa çatmış və tam özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərmişdir. Kadr və digər kargüzarlıq sənədlərin müəssisənin arxivində saxlanıldığını və qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı əmək kitabçası üzrə göstərilən tarix ərzində fəaliyyəti haqda arayışların təqdim edilməsi ilə bağlı həmin səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarına müraciət etmək məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin **********53 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 379 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X4 Bakı icarə təmir-tikinti idarəsinin bazasında “Sabunçu Tikinti" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xx.xx.2007ci il tarixdə səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Kadr və digər kargüzarlıq sənədlərin müəssisənin arxivində saxlanıldığını və qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmək məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********30020123X00037 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində “Maşınqayırma” İstehsalat Birliyinin Bakı İcarə Təmir-Tikinti İdarəsinin sənədləri saxlanılmadığından vətəndaş İddiaçı iş stajı barədə arxiv arayışının verilməsi imkan xaricindədir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmək məqsədəmüvafiq hesab edilir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********042300 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində Dövlət Neft Şirkətinin X4 Bakı İcarə Təmir Tikinti İdarəsinin və Bakı şəhəri İcra Hakimiyyətinin Bakı Tikinti və Şəhər İnkişafı Departamentinin X3 2 saylı Avtobazası adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) vermək xahiş edilmişdir. Reyestrdə “AZ RES Azər Kimya DŞ Bakı Yod Zavodu” adlı qurumun xx.xx.1996-cı il tarixdə KOL-76 nömrə ilə dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilmişdir. Bundan başqa, hüquqi şəxsin fəaliyyətinə dair məlumatlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyil. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş 014 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən Füzuli rayonundan məcburi köçkündür. ünvan 1 ünvanında məskunlaşmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********887700 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınmışdır. Cəmiyyətin fəaliyyət növü- "sair yardımçı nəqliyyat fəaliyyəti". Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-cı il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********033100 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2005-ci il tarixli təsis müqaviləsi ilə Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən X2 müəssisəsinin bazasında təsis edilmiş, xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2006-cı il tarixdə vergi uçotuna alınmışdır. Məlumat bazasına əsasən cəmiyyətin hazırda fəaliyyət növü “sair yardımçı nəqliyyat fəaliyyəti”dir. Cəmiyyətin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. “Füzuli” İMM adlı qurumun vergi uçotuna və dövlət qeydiyyatına alınması barədə hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Füzuli Rayon Vergilər Şöbəsinin **********921100 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin (**********) xx.xx.2005- ci il tarixli 01 saylı təsis yığıncağının qərarına əsasən X2 Müəssiəsinin bazasında "xxxx" adlandırılmaqla MMC formasında müəssisə təsis edilmiş və müəssisənin nizamnaməsi qəbul edilmişdir. Müəssisənin 33 (otuz üç) təsisçidən ibarət təsisçisi vardır və hüququ ünvanı Füzuli rayon Horadiz şəhəri müəyyən olunmuşdur. 12 yanvar 2006-cı il tarixdən 0606-F7-325 saylı qeydiyyat nömrəsi ilə "xxxx" MMC yaradılmışdır. Həmin tarixdən X2 Müəssiəsinin fəaliyyətinə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********526500 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, dövlət reyestrində X2 Müəssisəsinin xx.xx.1997-ci il tarixdə D-2043 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Halhazıradək X2 Müəssisəsinin VÖEN almaq üçün vergi orqanına müraciəti mövcud deyil. İnzibati işin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az olduğu əsas gətirilmişdir. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsindən ibarətdir. Yəni işin yeganə mübahisəli məqamı iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Əmək kitabçasında qeyd olunan xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrü sığorta stajına hesablanmamışdır. Cavabdeh iddiaçının 24 il 10 ay 23 gün ümumi sığorta stajının olduğu qənaətinə gəlmiş, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçı mübahisə açmasa belə, məhkəmə araşdırması ilə iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının da toplanmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin iddiaçının işlədiyi xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərin sığorta stajına aid edilməməli olması ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. İddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu onun üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında haqlı olaraq qeyd etmişdir ki, məhkəmə cavabdeh qurumun iddiaçı tərəfindən X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmadığından xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan 8 ay 13 günün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmaması barədə dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, X2 Müəssisəsinin iddiaçı ilə əmək münasibətlərinə daxil olmamışdan əvvəl (xx.xx.1997-ci il tarixdən) hüquqi şəxs kimi qeydə alındığı müəyyən edilmiş, X2 Müəssisəsinin bazasında "xxxx" MMC yaradılmış, iddiaçının əmək kitabçasında xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işləməsinə dair qeydlər mövcuddur. Odur ki, xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalının qeydə alınmaması xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə də iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunun 11.2-ci maddəsi). Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işləməməsi və ya həmin dövrlərin sığorta stajına aid edilməməli olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından və qanunvericiliyin tələblərindən də görünür ki, İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3078/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3078/2023 saylı, 25 avqust 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar