Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-672/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin Sosial və hüquqi müdafiə şöbəsinin şəxsi heyətin hüquqi müdafiəsi qrupunun baş inspektoru, polis polkovnik-leytenantı) iştirakı ilə, İddiaçı (xx.xx.1965-ci il tarixində Ağdam rayonunun ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin yenisi ilə əvəz edilərək verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4696/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 31.05.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi olmaqla) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 23 aprel 2020-ci il tarixli məktubunun əsassız hesab edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ona verilmiş 14 fevral 2000-ci il tarixli, 022692 nömrəli “müharibə veteranı” vəsiqəsinin yenisi ilə əvəz edilərək, ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1965-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olmuşdur. Hazırda qeydiyyatda olduğu ünvanda da ailəsilə birlikdə yaşayır. O, 1992-ci ilin oktyabr ayından Bakı şəhəri Xətai rayonu Mühafizə Polisindən əmr alaraq xidmətə başlamışdır. 1993-cü ilin fevral ayında iş yerindən əmr alaraq döyüş bölgəsi olan Ağdam rayonunun polis şöbəsinə göndərilmişdir. Həmin şöbədən Ağdam rayonu ərazisi olan Yetimcinni kəndində olan Fərrux dağının ətəyində döyüş əməliyyatlarına göndərilmişdir. Daha sonra 1993-cü ilin mart ayından 2005-ci ilin sonunadək isə iş yeri dəyişdirilərək Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Dövlət obyektlərinin Mühafizəsi idarəsində növbətçi köməkçisi vəzifəsində xidmət etmişdir. 2006cı ildən 2015-ci ilə kimi Baş Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsində növbətçi köməkçisi vəzifəsində çalışmışdır. 2015-ci ildən təqaüddədir və hazırda isə Bakı şəhəri Təcili yardım Avtobazasında işləyir. Qeyd edir ki, hazırda işlədiyi Bakı şəhəri Təcili yardım Avtobazasında ondan “Müharibə veteranı" vəsiqəsinin kiril əlifbası ilə yazılması və pozulma hissəsi olduğu üçün dəyişdirilərək yenisini təqdim elməyini istəmişlər. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyyətlə İş İdarəsinə ərizə ilə müraciət etmiş və ona bildirdilər ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış arxiv məlumatlarına əsasən onun ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilməmişdir. Bu səbəbdən də “Müharibə veteranı" vəsiqəsinin bərpa edilərək yenisi ilə əvəz edilməsi mümkün olmamışdır. Hesab edir ki, cavabdehin bu imtinası əsassız və qanunsuzdur. Cavabdeh özü imtina məktubundan bir ay əvvəl iş yerinin məktubuna cavab olaraq iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməyi və buna görə də həqiqətən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı" adı və 14.02.2000-ci il tarixli, 022692 nömrəli vəsiqə verilmişdir. Hətta o, hazırkı günədək “Müharibə veteranı" təqaüdü alır və vəsiqəsi də özündədir. İddiaçı hesab edir ki, cavabdehin ona verdiyi 23 aprel 2020-ci il tarixli məktubu əsassızdır və cavabdeh “Müharibə veteranı" vəsiqəni bərpa edərək yenisi ilə əvəz etməlidir. 19.10.2020-ci il tarixində iddiaçı ərizə verərək əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmə iclas protokoluna əsasən əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4696/2020 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı 14.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 2 saylı Vəkil Bürosu) apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4696/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı tələbi ona “müharibə veteranı” adının verilməsi deyil, ona verilmiş “müharibə veteranı” vəsiqəsinin yenisi ilə əvəz edilərək verilməsi olmuşdur. Lakin iş materiallarına əsasən ona verilmiş 14 fevral 2000-ci il tarixli, 022692 nömrəli “müharibə veteranı” vəsiqəsinin qanuni əsaslarla verilməsi öz təsdiqini tapmamışdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 İdarəsi tərəfindən iddiaçıya verilmiş 23 aprel 2020-ci il tarixli, 02419971R-3220 saylı imtina məktubundan görünür ki, İddiaçı yararsız hala düşmüş «Müharibə veteranı» vəsiqəsinin yenisi ilə əvəz olunmasına köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış arxiv məlumatlarına əsasən ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilməmiş, eyni zamanda, vaxtilə Daxili İşlər Nazirliyi tərəfindən ona "Müharibə veteranı" adının verilməsi “Vətən müharibəsi veteranları” adı ilə fəaliyyət göstərən ictimai birliyin vəsiqəsinə əsasən həyata keçirildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarına əsasən yararsız hala düşmüş «Müharibə veteranı» vəsiqəsinin yenisi ilə əvəz olunması mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 İdarəsi tərəfindən verilmiş 25 iyun 2020-ci il tarixli, 024-2925-1220 saylı məktubla İddiaçı arxiv şəxsi işindən çıxarılmış xidmətkeçmə siyahısının təsdiq edilmiş surəti məhkəməyə ünvanlanmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Daxili İşlər Nazirliyinin X4 İdarəsinin rəisinə ünvanladığı **********20 saylı, 24 iyun 2020-ci il tarixli məktubun mətnində qeyd edilmişdir ki, İddiaçı arxiv şəxsi işində döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar olunmadığından arxivdə saxlanılan Xətai RMİ-nin və RPİ-nin 1992-1993-cü illəri əhatə edən və BMİ-nin Bakı şəhəri Dövlət idarələri və müəssisələri mühafizə edən polis alayının 1993-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 İdarəsi tərəfindən sorğu əsasında məhkəməyə ünvanlanan arxiv şəxsi işindən çıxarılmış xidmətkeçmə siyahısından müəyyən edilir ki, İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 idarəsinə sorğular ünvanlanaraq, iddiaçıya DİN-də fəaliyyət göstərən müvafiq Komissiyanın 16.02.2000-ci il tarixli, 37 nömrəli protokolu üzrə “Azərbaycan Vətən Müharibəsi Veteranları” birliyinin vəsiqəsi əsasında “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Xətai Rayon Polis İdarəsinə sorğu ünvanlanaraq, iddiaçının Qarabağ Müharibəsində iştirakını təsdiq edən əmrlərin surətlərini, əmrlərin verilməsinə əsas olan sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 19.01.2021-ci il tarixli, 024-157-1221 №-li məktubunda bildirilmişdir ki, vət. İddiaçı DİN-də fəaliyyət göstərən müvafiq komissiyanın 16.02.2000-ci il tarixli, 37 nömrəli protokolu üzrə “ Azərbaycan Vətən Müharibəsi Veteranları” birliyinin vəsiqəsi əsasında “Müharibə veteranı” adı və vəqisəsi verildiyi müəyyən edilsə də, müraciəti ilə bağlı müvafiq sorğu əsasında Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunan sənədlərdə onun ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktının təsdiqinə dair heç bir məlumat aşkar olunmamışdır. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Göstərilənləri nəzərə alaraq cavabdeh hesab edir ki, sabiq polis əməkdaşı İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 26.04.2021-ci il tarixli, 024-1213-1221 nömrəli məktubda bildirilmişdir ki, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış arxiv məlumatlarına əsasən vət. İddiaçı ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilməmişdir. Vət. İddiaçı DİN tərəfindən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi həmin dövrdə “Vətən müharibəsi veteranları” adı ilə fəaliyyət göstərən ictimai birliyin vəsiqəsi əsasında həyata keçirildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarına əsasən onun yararsız hala düşmüş “Müharibə veteranı” vəsiqəsinin yenisi ilə əvəz olunması mümkün hesab edilməmişdir. (imzalayan rəis Elçin Məmmədli) Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adının arxiv şəxsi işindən çıxarılmış xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aparılmadığı, o cümlədən arxivdə saxlanılan Xətai RMİ-nin və RPİ-nin 1992-1993-cü illəri əhatə edən və BMİ-nin Bakı şəhəri Dövlət idarələri və müəssisələrini mühafizə edən polis alayının 1993-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış və onun döyüş bölgəsinə ezam olunması barədə əmrlərin olmadığı müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsindən MPM-in 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı vəsiqəsinin yenisi ilə əvəz edilərək verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4696/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4696/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-672/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-672/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver