Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-672/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1978-ci il tarixində İmişli rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3771/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 21.01.2021-ci il tarixində cavabdeh Bakı şəhəri Sabunçu RİH-ə qarşı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sabunçu RİH tərəfindən 2019-cu ilin oktyabrından hal-hazıradək müvəqqəti kirayə xərci üçün ödənilməli olan 5.625 manat məbləğində pulun və mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərinin ona (iddiaçıya) ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə bildirilir ki, iddiaçı cavabdeh Sabunçu RİH-ə ödədiyi müvəqqəti mənzil kirayəsi xərclərinin qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada ona geri ödənilməsi barədə müraciət etmişdir. Sabunçu RİH ancaq mənzil növbəsinə qəbul edildikdən sonra mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayə xərcləri ilə təmin olunacağını qeyd etmiş və hərəkətsizlik edərək, onun ödədiyi müvəqqəti kirayə xərclərinin qaytarılması ilə bağlı heç bir tədbir görməmişdir. O, 2019-cu ilin oktyabrından Sabunçu rayonunda qeydiyyatdadır və faktiki olaraq yaşayır. Hal-hazırkı vəziyyətdə həm səhhəti ilə əlaqədar, həm də maddi cəhətdən çətinlik yaranmışdır. Həmçinin, 2017-ci il 03 may tarixdən 2019-cu il oktyabr ayınadək yaşadığı və qeydiyyatda olduğu Nəsimi rayonunda Bakı şəhəri Nəsimi RİH-ə eyni məzmunda müraciət etsə də, Nəsimi RİH də müvəqqəti kirayə xərclərini ödəməkdən imtina etmiş və 2017-ci il 03 may tarixdən 2019-cu ilin oktyabrınadək olan dövr üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ona ödənilməli olan 5.226,50 manat məbləğində pulu ödəməmişdir. İddiaçı 21 il 4 ay döyüş bölgəsində hərbi xidmətdə olmuşdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq, hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmışdır. Qulluq etdiyi dövr ərzində vəzifəsini layiqincə yerinə yetirmiş və bu sahədə fərqlənmişdir. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın, buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Həmin Qanunun 12-ci maddəsində hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququna dair müddəalar nəzərdə tutulmuşdur. Qanunun 12-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmçinin sözügedən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq xidmət hərbi qulluqçular göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar. Həmin Qanunun 12-ci maddəsində müəyyən edilən qaydaya əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 26cı maddəsinə müvafiq olaraq, dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Həmçinin, həmin Qanunun 22-ci maddəsində hərbi qulluqçuların habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Həmin maddəyə müvafiq olaraq, Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. AR Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarında ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləği və ödənilməsi qaydası müəyyən edilmişdir. Həmin qərara 2019-cu il 22 aprel tarixdə edilmiş dəyişikliyə əsasən yaşayış yeri Bakı şəhərində verləşən şəxslərə hər ay üçün müvəqqəti kirayə xərci 150 manat məbləğində müəyyən edilmiş və həmin dəyişikliyə dair qərarın 2019-cu ilin martın 1-dən tətbiq edilməsilə bağlı müddəa qərarın yekununda təsbit olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3771/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xərcin (kompensasiyanın) ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3771/2021 nömrəli qərarının ləğv edilməsi, iddiaçının tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.Əlavə olaraq, hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciətinin olmadığını bildirdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “iddiaçının hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra seçdiyi yaşayış yeri onun 8 oktyabr 2019-cu il tarixdən qeydiyyatda olduğu ünvan 3 ünvanı sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya mənzil kirayəsi üzrə kompensasiya ödənişi hazırkı cavabdeh Sabunçu RİH tərəfindən təmin edilməməlidir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır: Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin “ərizə” kimi qeyd edilməsi və “1 saylı Bakı İnzibati Məhkəməsinə” göstərilməsi texniki xəta kimi qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbinin predmetini “Sabunçu RİH tərəfindən 2019-cu ilin oktyabrından hal-hazıradək müvəqqəti kirayə xərci üçün ödənilməli olan 5.625 manat məbləğində pulun və mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərinin ona (iddiaçıya) ödənilməsi” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçı ərizəsində göstərilmiş konkret kompensasiya məbləği ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısının İ müavini tərəfindən Uğurmedia Yayım və Xəbər Agentliyinə ünvanlanmış 1/1641 №-li, 21 oktyabr 2020-ci il tarixli və vətəndaş İddiaçı ünvanlanmış K- 97-068 saylı, 18.12.2019-cu il tarixli cavab məktublarından da iddiaçının hazırkı tələblə cavabdehə müraciət etməsi müəyyən edilmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021ci il tarixli, 2-1(112)-3771/2021 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3771/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu RİH-ə qarşı “Sabunçu RİH tərəfindən 2019-cu ilin oktyabrından hal-hazıradək müvəqqəti kirayə xərci üçün ödənilməli olan 5.625 manat məbləğində pulun və mənzillə təmin olunanadək müvəqqəti kirayə xərclərinin ona (iddiaçıya) ödənilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-672/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-672/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver