Məhkəmə qərarları › İş №2-1(103)-672/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-672/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-672/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması və pensiya təyinatına dair qərarın ləğvi barədə qərarların ləğv edilməsi» barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5564/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması və pensiya təyinatına dair qərarın ləğvi barədə qərarların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir mülki aviasiya sahəsində, o cümlədən 10 iyun 2004-cü il tarixdən etibarən “X7” Şirkətində bortoperator vəzifəsində işləyir. Ona DSMF orqanı tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. İddiaçının pensiyası dayandırılarkən «İnzibati icraat haqqında» Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişinin dayandırılmasından əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçının (nümayəndəsi ilə birlikdə) mövqeyi dinlənilmiş, lakin irəli sürülən əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi isə onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli 26 oktyabr 2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab olunur ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli 26 oktyabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Mülki aviasiya uçuş və X5 işləyənlərin sığorta satjlarının hesablanması Qaydaları»nın 2.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və X5 işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi, araşdırma aparılan şəxslərin heç biri AZAL QSC-nin işçisi deyillər və onlar X7 şirkətinin əməkdaşlarıdırlar. Buna görə də AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə onlara təyin olunmuş pensiyanın dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədəuyğun olardı. Çünki bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli qurumdur. Həmin Agentliyə kollektiv şəkildə müraciət ünvanlanmışdır (iddiaçı da müraciət edənlərin sırasında olmaqla) və həmin müraciətə əsasən bort operator vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA nın eləcə də Agentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. Qeyd edilənlərdən görünür ki, iddiaçıya ilkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair DSMF orqanı tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır. Göstərilənlərə əsaslanaraq, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən yəyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə cavadehin qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş «Mülki Aviasiya Uçuş və X5 işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman) bort mühəndisi, bort mexanik, bort radist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator, (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bort radist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmamışdır. Həmin vəzifələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Nəqliyyat” bölməsinin mülki aviasiya bəndində hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı bort bələdçisi vəzifələri nəzərdə tutur. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən təyin edilməlidir. Lakin iddiaçıya DSMF Xəzər rayon şöbəsi tərəfindən bort operator vəzifəsində işlədiyi 6 oktyabr 2004-cü il tarixdən 15 yanvar 2012-ci il tarixədək olan dövr nəzərə alınmaqla 15 yanvar 2012-ci il tarixdən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redkasiyasına əsasən və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədi ilə aidiyyəti üzrə "xxxx" QSC-yə sorğular ünvanlanmışdır. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olması səbəbindən, eləcə də bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmamasına görə onlar uçuş heyəti üzvləri hesab olunmurlar. Qeyd olunanlara əsasən iddiaçıya vaxtı ilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında «İnzibati icraat haqqında» Qanunun 28.1.2-ci maddəsinin tələbinə uyğun olaraq 16 dekabr 2022-ci il tarixli xidməti məruzə əsasında inzibati icraat başlanılmışdır. Daha sonra iddiaçıya qanunverciliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanmışdır. Bundan başqa, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qəbul edilmiş qərar ləğv edilmiş və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilmişdir. Nəticədə iddiaçıya 15 yanvar 2012-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək ümumilikdə 49.984,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edimiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılmışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İddiaçı sonradan məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********0 nömrəli qərarının və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********3 nömrəli qərarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5564/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.3cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin iddiaçıya Fondun Xəzər rayon şöbəsi tərəfindən bort operatoru vəzifəsində işlədiyi xx.xx.2004- xx.xx.2012-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəflərindən aidiyyəti üzrə “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında 16 dekabr 2022-ci il tarixli **********1 nömrəli xidməti məruzə əsasında inzibati icraata başlanılıb. Daha sonra iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanıb. Bununla əlaqədar olaraq, inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılan şəxs vəkili ilə birlikdə 27 dekabr 2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda olublar. Qəbul zamanı, maraqlı şəxsə vaxtilə pensiya hüququnun olmadığı halda onlara pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq onlara əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilib. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilib. Maraqlı şəxsin mülahizəsinin dinlənilməsi "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun qaydada həyata keçirilib. Bu barədə 2 nüsxədə akt tərtib edilib. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılıb, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunub. Bundan başqa, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında tərəflərindən qərar ləğv olunub və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 49984,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya artıq ödənilmiş məbləğ yenidən hesablanaraq 20450,76 manata azaldılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76" tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat”a istinad etmişdir. Belə ki, həmin Təlimat ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunduğu göstərilmişdir. Bununla bağlı bildirirlər ki, qeyd olunan Təlimat normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə normativ hüquqi aktdır və texniki normativ hüquqi aktdan daha üstündür. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1- ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Həmin Qanunun 2.8-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Həmin Qanunun 2.9-cu maddəsinə əsasən nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qanunvericiliyin normalarının məzmunundan da göründüyü kimi normativ hüquqi aktlar arasında ziddiyyət təşkil etdikdə, həmin ziddiyyətlərin aradan qaldırılması bu məsələdə normayaratma orqanı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Lakin, Bakı İnzibati Məhkəməsi qanunvericiliyin tələblərini pozaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76" tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat”ı əsas göstərərək Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qərara şərh verib. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından, inzibati orqanın mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Məhkəmənin iddianı təmin etməsi qeyd “qanunçuluq” prinsipinə zidd olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Qeyd olunanlara əsasən hesab edirlər ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasında qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi qərarlar 29 dekabr 2022-ci il tarixlidir, iddiaşı tərəfindən iddia xx.xx.2023-cü ildə qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmi Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanununun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuş həmin Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. -22.3-cü maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -37.8-ci maddəsinə bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarının: -1-ci bəndinə əsasən, bu Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2-ci bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. -3-cü bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: -3.1-ci bəndinə əsasən təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin araşdırılması zamanı müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçıya təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. İddiaçı hazırda cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********0 nömrəli qərarını və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********3 nömrəli qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında, eyni zamanda apellyasiya şikayətinin dəlillərində iddiaçının işlədiyi bortoperator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları”nda nəzərdə tutulmamasına istinad etmiş, eyni əsasla da iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərar ləğv edilmiş və əmək pensiyası dayandırılmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdə mübahisə iddiaçının tutduğu bortoperator vəzifəsinin “mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrə” və ya "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 21.3-cü bəndinin 9-cu hissəsinə əsasən hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperatora aid olması ilə bağlıdır. Belə ki, həmin Qərarın qeyd edilən bəndinin 7-ci hissəsində hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin hava gəmilərinə xidmət üzrə iş stajlarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində göstərilən işlər də aid edilməsinə dair qeyd vardır. İddiaçının müraciəti üzrə aparılmış inzibati icraat materiallarında olan iddiaçının vəkili tərəfindən "xxxx" Avia Şirkəti MMC-yə vəkil sorğusu ilə müraciət olunmuş və həmin sorğuya 11 aprel 2023-cü il tarixdə 272-ÇS/SWA/CD nömrəli məktubla cavab verilmişdir. Həmin məktubdan görünür ki, “İL 76” tipli hava gəmilərinin uçuş istismarı üzrə təlimatı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" Avia Şirkəti MMC tərəfindən istismar olunan İL 76 tipli hava gəmilərinin uçuş heyətində (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatının tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaların yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edilir ki, bort operatorlar tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə edilməsində iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. İş materiallarında olan "xxxx" Avia Şirkəti MMC-dən əldə edilmiş uçuş istismarı təlimatına nəzərə yetirdikdə aşağıdakılar müəyyən edilir: Təlimatın 4.1.2-ci bəndinə əsasən avia şirkət İL 76 TD və İl 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. Təlimatın 4.1.3-cü bəndinə əsasən uçuş heyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: pilotlar, şturman, bort mühəndis, bort radist və bort operatorlar. Adıçəkilən Təlimatın 5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və "xxxx" avia şirkətinə məxsus İl 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Həmin təlimata əsasən avia şirkətin hava gəmisinin heyətinə daxil olan bort operatorlar «Aviasiya haqqında» Qanunun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhülkəsizlik istehsalat sanitariyyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. Adıçəkilən təlimatın 5.4.2-ci bəndinə əsasən "xxxx" avia şirkətində kabin heyəti nəzərdə tutulmamışdır. Həmçinin təlimatın bort operatorlara məxsus vəzifə təlimatlarının icrası hallarına nəzər yetirdikdə müəyyən olunur ki, həmin şəxslər uçuş heyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırırlar. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin qəbul etdiyi 29 dekabr 2022-ci il tarixli qərarlar – əlverişsiz inzibati aktlar qanunauyğun olmamışdır. Belə ki, hazırkı mübahisə üzrə iddiaçının təlimatçı bort operator vəzifəsində işləməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh inzibati orqan hesab edir ki, təlimatçı bort operator vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında qeyd olunmuş, eləcə də həmin vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarında əks olunmadığından iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsi ilə deyil, 9.1-ci maddəsinin şərtləri yerinə yetirildiyi təqdirdə güzəştli şərtlərlə pensiya hüququ yarana bilər. İddiaçı isə hesab edir ki, o, İL 76 tipi yük hava gəmisinin təlimatçı bort operatoru vəzifəsində işləyir, həmin vəzifə hava gəmisini istehsal edən müəssisə, eləcə də iddiaçının işəgötürəni tərəfindən təsdiq edilmiş normativ sənədlərə əsasən İl 76 tipli yük hava gəmisində bort operator, böyük bort operator və təlimatçı bort operator vəzifələri uçuş heyəti üzvləri hesab edilir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi bort operator vəzifəsinin xüsusiyyətləri, onun gördüyü işin xarakteristikası və yerinə yetirdiyi funksiyalar həmin vəzifənin uçuş heyəti üzvlərinə aid olmasını birmənalı şəkildə təsdiqləyir. Hətta İL 76 tipli yük hava gəmisinin uçuş istismar təlimatı, eləcə də işəgötürən "xxxx" Avia Şirlkəti MMC tərəfinən təsdiq edilmiş uçuş istismarı təlimatına əsasən həmin vəzifə konkret olaraq uçuş heyəti üzvlərindən biri kimi qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bort operator vəzifəsi konkret olaraq qeyd edilməsə də, həmin bənddə digər uçuş mütəxəssisləri əks olunmuşdur. Bununla da norma yaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir. O da qeyd olunmalıdır ki, mülki aviasiya sahəsi özünəməxsus spesifikliyi ilə seçildiyindən həmin sahədə mövcud olan vəzifələrin səciyyəvi əlamətlərini, onların uçuş heyət üzvlərinə aid olub-olmaması məsələləri üzrə daha dəqiq və dolgun məlumatlar işəgötürən müəssisələrdən əldə oluna bilər. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bort operator vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında əks olunması mövqeyi ilə bağlı diqqətə çəkir ki, həmin vəzifə adıçəkilən Qərarda öz əksini tapsa da, şəxsə həmin Qərara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi o halda mümkün olardı ki, şəxs ümumiyyətlə uçuş heyəti üzvü kimi fəaliyyət göstərməsin və uçuş üzvü heyətində aid olmayan vəzifələrdə işləmiş olsun və onu qanunvericliklə müəyyən edilmiş 12 il 06 ay zərərli iş stajını tamamlamaq üçün bu vəzifə götürülə bilər. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, hava gəmilərinin bort operatorunun yerinə yetirdiyi funksiyalar yük və sərnişin gəmilərində fərqlidir. “ИЛ-76Т” hava gəmisinin uçuş istismarı ilə bağlı rəhbər təlimata əsasən hava gəmisi iriqabaritli texnikanın və yüklərin magistral hava xətlərində daşınması üçün nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən təsdiq olunmuş əmrə əsasən xx.xx.1985-ci ildən qüvvəyə minmiş “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: -hava gəmisimim komandiri; -hava gəmisinin pilotu; -naviqatoru; -bortmühəndisi; -bortradisti; -böyük bortoperatoru; -bortoperatoru. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2-ci bəndinin təhlili onu deməyə əsas verir ki, uçuş heyət üzvlərinin dairəsi qeyd edilən siyahı ilə məhdudlaşmamaqla hava gəmisinin sahibi və istismarçısı tərəfindən də əlavə olaraq müəyyən edilə bilər. “İL-76” tipli hava gəmisinin “Uçuş istismarı üzrə Təlimatı” ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmisnin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma enmə zamanı uçuş heyyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaların yerinə yetirir. Odur ki, iddiaçının işlədiyi “İL-76 T (TD)” yük hava gəmisində bort operator vəzifəsi (sərnişin gəmilərindən fərqli olaraq) heyət üzvü deyil, uçuş heyətinin üzvüdür və bu səbəbdən məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əsaslı olmuşdur. Cavabdeh inzibati orqan isə "xxxx" QSC-dən aldığı sorğuya cavabla kifayətlənmiş, həmin qurumun yuxarıda qeyd edilənlərə əsasən “İL-76 T (TD)” hava (yük) gəmisinin istismarçısı olmamasını araşdırmadan, eləcə də sorğusuna cavab olaraq həmin hava gəmisinin istismarçısı "xxxx" MMC təqdim edilmiş aydınlaşdırıcı arayışı nəzərə almadan qanunsuz əlverişsiz inzibati akt(lar) qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********3 nömrəli qərarı qanuna, pensiya qanunvericiliyi üzrə müvafiq maddi hüquq normalarına zidd olmaqla qəbul edilmiş sayılır və həmin qərar həm də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olur, cavabdehin iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********0 nömrəli qərarına gəldikdə isə, «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin tələbləri baxımından cavabdehin həmin qərarı inzibati orqanın mövqeyi əsassız olduğundan adekvat qəbul olunmuş kimi qiymətləndirilmir və qanuna zidddir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5564/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar