Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-673/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3976/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 Mukhtar xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-284/2 saylı, xx.xx.2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə onun və ailə üzvlərinin xx xxxxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək ona və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əfqanıstan vətəndaşı və Qəzni vilayəti sakinidir. Etnik mənsubiyyətinə görə həzaradır. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. O, 29 yaşlı kişi cinsinə aid Əfqanıstan vətəndaşıdır, etnik mənsubiyyətinə görə Hazara, dini mənsubiyyətinə görə Şiədir. O, orta təhsilini Jaghoridə başa vurub X1 Hüquq fakultəsinə qəbul olub və 3 il orada təhsil alıb. Hər iki valideyni hazırda Əfqanıstanda yaşayır. Onun dörd qardaşı və üç bacısı var və onlar Əfqanıstanda yaşayırlar. O, 2018-ci ildə Sultani Zakia ilə evlənib. 2012-ci ilin dekabr ayında Əfqanıstanda Milli Təhlükəsizlik Agentliyində işləməyə başlayıb və 2019-cu ilin avqust ayına qədər orada işləyib. O, bir il Qarabağ vilayəti, bir il Ghazni vilayəti, altı ay Loghar vilayəti və üç il yarım Jagori vilayətində işləyib. Qalan vaxtlarda isə Ghazni vilayətində müxtəlif departamentlərdə işləyib. Sözlərinə görə onun əsas işi Talibana cəsusluq edən şəxsləri müəyyən və həbs etməkdən ibarət olub. O, Taliban tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Onun sözlərinə görə, o, 2019-cu ilin avqust ayında icazə olmadan Əfqanıstan Milli Təhlükəsizlik Agentliyindəki işinə yenidən təyin olunub və həmin vaxtdan Taliban tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxub. O, bildirib ki, 2018-ci ilin noyabr-dekabr aylarında Talibanın Jaghoru vilayətinə hücumundan sonra onlar əhali arasında məktublar paylayaraq hökumətə işləyən şəxslərin hamısını öldürəcəklərini bildiriblər. O, məktubu gördüyünü iddia etmişdir. Həmçinin 2018ci ildə tanımadığı şəxslər tərəfindən axtarıldığını qeyd edib. Onlar onun valideynləri və arvadının yaşadığı Ghazni vilayətindəki evlərinə gedərək onun harada olmasını soruşublar. O, həmin şəxslərin olduğunu bilməyib, eləcə də valideynləri və arvadı onları tanımayıb. Əlavə olaraq, 2015-ci ildə onun silahının bir Pashtun tərəfindən oğurlandığını və bu səbəbdən 25000 manat məbləğində cərimə ödədiyini bildirib. O, xx xxxxxxxx 2019cu ildə Azərbaycana gəlib. xx xxxxxxxx 2019-cu ildə o, sığınacaq vəsatəti ilə müraciət edib. Cavabdeh onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, onun dini inancı olmadığına görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. xx xxxxxx 2019- cu ildə DMX İQ-284/2 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. O, cavabdehin qərarından inzibati şikayət verib. 63 saylı, xx.xx.2020-ci il tarixli qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırıb. Eləcə də cavabdeh iddiaçınının müsahibəsinin alınmasına qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3976/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3976/2020 nömrəli qərarının ləğv edilməsini, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin xx.xx.2020-ci il tarixli İQ-284/2 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın ləğv edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qərarın tarixinin xx.xx.2019-cu il əvəzinə xx.xx.2020-ci il göstərilməsini texniki səhv kimi qəbul edir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MS-308-2019 №-li müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən xx.xx.1990-cı ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı X2 və onun ailə üzvləri (arvadı, xx.xx.1999-cu il təvəllüdlü Sultani Zakia və qızı xx.xx.2019-cu il təvəllüdlü Fitrat Honeya) qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, onun adına ***-**** saylı şəxsi işi açılmışdır. Bu sənəd xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. -Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, DMX İQ- 284/2 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 63 №-li inzibati şikayətin təmin edilməməsi haqqında qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, DMX İQ-284/2 saylı nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında vəsatətə (ərizə-anket) əsasən qeyd olunmuşdur ki, adı Mohammad Mukhtar; atasının adı Cavad Əli (pasportda qeyd edilməyib); soyadı Fitrat; soyadı və ya adı dəyişilibsə-nə vaxt və nə üçün? Xeyr, dəyişməmişdir; təvəllüd 29 yaşı var (pasportda xx xxxx 1990); doğulduğu yer ƏİR, Qəzni vil., Cağuri ulus., Bedasay-Razi Xudeydad kəndi; vətəndaşlığı Əfqanıstan İslam Respublikası; milliyəti həzarə; dini etiqadı/təriqəti islam (şiə); ana dili fars (dəri) dili; digər dillər (hansı səviyyədə) puştu dilini əla, ingilis dilini orta səviyyədə bilir; təhsili peşə yönümlü- məktəbə 7 yaşında gedib, Cağuridə “əl Biruni” liseyində 12-ci sinifi bitirib, 1376- 1387-ci illərdə (1997-2008) oxuyub. 1395-1398-ci (2016-2019) illərdə Cağuridə “Xatəmi Nəbi” universitetində hüquq fakultəsini 3 il oxuyub. Onun üçün təhlükə olduğundan Azərbaycana gəlib, onun üçün təhsili yarımçıq qalıb; bacısı Fatimə-Cağuridə anadan olmuşdur, 28 yaşı var, 3 ildir İngiltərədə Londonda yaşayır, evdar qadındır. İş materiallarında olan (səh. 40) iddiaçının arvadı X4 (xx.xx.1999-cu il, Qəzni vilayəti Cağuri ulusvaliliyi Qələndəri kəndində anadan olmuşdur) aparılan müsahibədə qeyd edilmişdir ki, evdar qadındır, 2 bacısı, 3 qardaşı var, böyük qardaşı Nəsimdir, 25 yaşı var, Qələndəri kəndində anadan olub, ailəlidir, 1 qızı var, hazırda Avstralianın Melburn şəhərində 4 ildir yaşayır, tikintidə fəhlə işləyir, qardaşı Əzimin 22 yaşı var, Qələndəri kəndində anadan olub, subaydır, 6 ildən çoxdur ki, Yunanıstanda yaşayır, hansı şəhərdə olduğunu bilmir, qida məhsulları mağazasında satıcı işləyir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarından görünür ki,qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə anketinin) qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. İddiaçı izahatında dövlət işində işlədiyinə görə taliblər tərəfindən təhdid olunduğunu, 2018ci ilin noyabr ayında atasından və arvadından onun harada olması barədə soruşulduğunu, taliblərin məktub yazaraq Cağoridə dövlət işində işləyənlərin öldürüləcəyi barədə məlumatlar yaydıqlarını, həmin məktubu gördüyünü bildirsə də, o bu məktubun nə əslini, nə də surətini işə əlavə etmək üçün təqdim edə bilməmiş, dediyinə görə həmin məktubda şəxsən ərizəçinin təhdidi ilə bağlı heç bir məlumat olmamış və 2018-ci ilin noyabr ayından keçən müddət ərzində heç bir təhdidə məruz qalmamışdır. Bütün bu qeyd edilənlər ərizəçinin həyatı üçün ciddi təhlükənin olmadığını deməyə əsas vermiş və mənşə ölkəsində təqibə məruz qalması ilə bağlı iddiasını şübhə altına almağa imkan vermişdir. X3 Mukhtar müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi cavabdehin iddiaçınının müsahibəsinin alınmasına qərəzsiz tərcüməçinin iştirakını təmin etməməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Vəsatətə (ərizə-anket) əsasən iddiaçının ana dili fars dilidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli, ***-**** saylı vəsatətin 1 №-li əlavəsinə əsasən Tərcüməçi – Ramil Rüstəmov, dil – fars dili qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ana dili – fars dili üzrə tərcüməçinin iştirakı təmin edilmiş, iddiaçı tərəfindən tərcüməçinin qərəzli olması barədə hər hansı sənəd-sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3976/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3976/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-673/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-673/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver