Məhkəmə qərarları › İş №2-1(103)-673/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-673/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-673/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiаçı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil Rüfət oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5765/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, “İddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 (iyirmi) ildən çox (2 il hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) olmasına baxmayaraq onun, xx.xx.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işlədiyi stajı 12 il 06 aydan az təşkil edir. Belə ki, iddiaçının işlədiyi fəhlə peşələri: nəqliyyatda trasportyorçu, buruq quyuları qazmaçısı, seçib qablaşdırıcı 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır.yol monyoru peşəsində isə xx.xx.1976-ci ildən xx.xx.1980-ci ilə qədər işlədiyi müddət qanunla tələb olunan 12 il 6 aydan az (03 il 08 ay 04 gün) təşkil edir. Buna görə də iddiaçının yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iş stajı Azərbaycan Dəmir Yolunun Ordubad yol stansiyasında xx.xx.1976-cı il tarixdən xx.xx.1980-cı il tarixədək yol montyoru vəzifəsində 3 il 8 ay 4 gün, “X3” trestinin 86 saylı idarəsində xx.xx.1980-cı il tarixdən xx.xx.1989-cu ilə qədər qazmaçı quyu peşəsində 9 il 5 ay 20 gün, “Azərbaycan Dəmir X9 Zavodu”nda xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı ilə qədər transportyorçu vəzifəsində 9 ay 9 gün olmuşdur. xx.xx.1990-cı ildən hazıradək daşı seçib qablaşdırıcı (fəhlə) vəzifəsində çalışır. Toplam iş stajı 14 il 11 ay 21 günü xüsusi şərtlərlə pensiya hüququ verən iş stajını təşkil edir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda işlədiyi peşələrdə qazmaçı, transportyorçu və daşı seçib qabladırıcı (fəhlə) peşələri nəzərdə tutulmuşdur. Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departementi 2 nömrəli X8 arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2 nömrəli siyahısına uyğun olaraq xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilə qədər yol montyoru vəsifəsində işlədiyi vəzifənin qərarın 2 nömrəli əlavəsində göstərilən XXVİİİ fəsildə kod- 2300100 bəndində, xx.xx.1980-cı ildən xx.xx.1989-cu ilə qədər “X3 trestində işlədiyi qazmaçı quyu peşəsinin qərarın 2 siyahısına uyğun kod 2010100a-11964 bəndinə uyğunluğunu, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək işlədiyi transportyorçu vəzifəsində 2 nömrəli siyahıya uyğun kod 2010100a-13777 bəndinə uyğunluğunu və xx.xx.2019-cu il tarixdən hal-hazıradək daşın seçib qablaşdırıcısı vəsifəsini 2 saylı cədvəldə göstərilən 2010100а - fəhlələr vəzifəsinə uyğun olmasını göstərmişdir. Onunla birgə eyni işlərdə işləyən şəxslərin çoxu bu hüquqla hazırda pensiya alırlar. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun: 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra - 1 nömrəli Siyahı) üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdən müəyyən olunur ki, cavabdeh qeyd olunan 4 şərtdən yalnız birincisini mübahisə edir. Həmin digər üç şərtin mövcudluğu işdə olan iddiaçıya məxsus əmək kitabçası və iş yerindən arayışlarla da təsdiq olunur. xx.xx.1959-cu ildə doğulan iddiaçının qanunla tələb olunan xüsusi staj şərtini ödəyib-ödəməməsi, yəni 12 il 6 ay zərərli işlərdə işləyib-işləməməsinə gəldikdə isə, "xxxx" QSC İnfrastruktur Departamentinin 2 nömrəli X4 xx.xx.2021-ci il tarixli 03 nömrəli arayışına əsasən, həmin müəssisədə hazırda daşın seçib qablaşdırıcısı vəzifəsində işləyən iddiaçı İT-İ ******* nömrəli əmək kitabçasına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı Azərbaycan Dəmir Yolu Ordubad yol distansiyasında xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə qədər yol montyoru vəzifəsində 3 il 8 ay 4 gün, “X3” trestinin 86 saylı idarəsində xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilə qədər qazmaçı quyu peşəsində 9 il 5 ay gün 20 gün, Azərbaycan Dəmir Yolları X6 xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər transportyorçu vəzifəsində 9 ay 9 gün, "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X5 xx.xx.2019-cu ildən hal-hazırkı vaxta qədər daşın seçib qablaşdırıcısı vəzifəsində 1 il müddətində çalışmışdır. Toplamda həmin qanunun 2 nömrəli əlavənin tələblərinə uyğun xüsusi şərtlərlə pensiya hüququ verən iş stajı cəmi 14 il 11 ay 21 gün təşkil edir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1976-cı ildə süni tikililər üzrə 1-ci dərəcəli yol montyoru vəzifəsində işə qəbul olunmuş, xx.xx.1977-ci ildə 2-ci dərəcəyə qəbul edilmiş, xx.xx.1977-ci ildə sovet ordusu sıralarında xidmətə çağırıldığı üçün tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.1980-ci ildə Mincevan usta məntəqəsində 3-cü dərəcəli buruq quyuları qazmaçısının köməkçisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1981-ci ildə usta məntəqəsində Mincevan 2 nömrəli iş icrası məntəqəsi adı verilmiş, xx.xx.1982-ci ildə “Buruq quyuları qazmaçısı” ixtisası verilmiş, xx.xx.1987-ci ildə tarifikasiya üzrə 4-cü tarifikasiya dərəcəsi verilmiş, xx.xx.1989cu ildə Ermənistan SSR Əmək Məcəlləsinin 34-cü maddəsinə əsasən işdən azad edilmiş, xx.xx.1989-cu ildə 3-cü dərəcəli transportyorçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı ildə YTİ-nə üçüncü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1991-ci ildə dördüncü dərəcə ilə yükləmə xəttinə operator keçirilmiş, xx.xx.1993-cü beşinci dərəcə ilə yükləmə xəttinə operator vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə Azərbaycan DDY 34 saylı xx.xx.2008-ci il tarixli əmrinə əsasən X11nun adı dəyişdirilərək 2 nömrəli DYM adlandırılmış, xx.xx.2019-cu ildə ADY QSC insan resursları idarəsinin ştat cədvəlində etdiyi dəyişikliyə əsasən yardımçı fəhlə vəzifəsinin adı daşın-seçib qablaşdırıcı adı ilə əvəz olunmuşdur. "xxxx" QSC-nin Məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 168190 nömrəli məktubunda göstərilmişdir ki, “Bildiririk ki, sorğu edilən İddiaçı "xxxx" QSC-də çalışdığı peşələrdən yalnız yol montyoru və transportyorçu peşələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnda 21.4-cü bəndin 22-ci və 1.1.2-ci yarımbəndinin 30-cu abzaslarında və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 29-cu bölmənin 20-ci abzasında (kod: 23001000-19825) və 1-ci bölmənin 2-ci hissəsinin “a” bəndinin 29-cu abzasında (kod: 1010300а-19213) nəzərdə tutulmuşdur. Yol montyoru və transportyorçu peşələri üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli və 2006-cı il 09 avqust tarixli 10-2 nömrəli qərarları ilə təsdiq edilmiş müvafiq olaraq “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X1” və “Fəhlə peşələri və işlərin Vahid X1”nda təsbit edilmişdir.” Göründüyü kimi, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti iş üzrə yerinə yetirilir. Belə ki, onun Azərbaycan Dəmir Yolu Ordubad yol distansiyasında xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə qədər 3 il 8 ay 4 gün işlədiyi yol montyoru vəzifəsi (23000000 - XXVİİİ. Nəqliyyat - 23001000 - 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər - 23001000-19825 - magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları) və “X3” trestinin 86 saylı idarəsində xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilə qədər 9 il 5 ay gün 20 gün işlədiyi qazmaçı quyu peşəsi (İ. Dağmədən işləri - 20101000 - 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər - 2010100a - a) fəhlələr - 2010100a - Quyu partlatma işləri - 2010100a-11964 - qazmaçılar) güzəştli şərtlə pensiya hüququ verən peşələr kimi 2 nömrəli Siyahıda təsbit olunmuşdur. İddiaçının Azərbaycan Dəmir Yolları X6 xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 9 ay 9 gün işlədiyi transportyorçu vəzifəsi (10100000 - İ. Dağ-mədən işləri - 10103000 - 2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər - 1010300a - a) fəhlələr - 1010300a-19213 - transportyorçular) isə 2 nömrəli Siyahı ilə müqayisədə daha ağır iş yerləri üçün nəzərdə tutulan 1 nömrəli Siyahı ilə zərərli peşə olaraq qəbul edilmişdir ki, bu üç iş yerində iddiaçının cəmi xüsusi stajı (3 il 8 ay 4 gün + 9 il 5 ay gün 20 gün + 9 ay 9 gün) 12 il 6 aydan çoxdur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı sayır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin xx.xx.2021-ci il tarixli **********0 nömrəli imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5765/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiаçı İddiaçı 57 yaşının tamam olduğu 05 oktyabr 2016-cı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddiaçının apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar