Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-673/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının qismən ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6390/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6593 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, yəni İddiaçı 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddianın əsaslarına görə: “Cavabdehin əməkdaşları xx.xx.2021-ci ildə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Füzuli və R.Rza küçələrinin kəsişməsi, 307 saylı məhəllədə yerləşən, yeni fəaliyyətə başlamış, “X15 Nesil Restoranı”na daxil olaraq yoxlama aparmağa başlamış və nəzarət kassa aparatının olmaması və guya 5 nəfər işçinin əmək müqaviləsi olmadan, hökumət portalına daxil edilmədən çalışdırılması, sadələşdirilmiş vergi hesabatının təqdim edilməməsi kimi iradlar bildirilərək, xx.xx.2021-ci il tarixli akt tərtib etmişlər. Lakin həmin aktda adları qeyd edilən şəxslərdən 3 nəfər X1, X4 və X5 iddiaçının obyekti ilə heç bir əlaqəsi olmamış, restoranında çalışmamışlar. Ümumiyyətlə iddiaçı həmin şəxsləri tanımır. Cavabdeh orqan tərəfindən iddiaçının elektron kabinetinə göndərilmiş sənədlərdə xx.xx.2021-ci il tarixdə öz məlumat bazalarından çıxarıb göndərdikləri “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” məlumat cədvəlində də qeyd olunanlar öz əksini tapmışdır. xx.xx.2021-ci ildə elektron portalda iddiaçının obyektinə məxsus 14 işçinin hər birinin adı və rekvizitləri vardır. Buradan da belə çıxır ki, əgər yoxlama aktında qeyd edildiyi kimi 14 işçidən 5 nəfərin əmək müqaviləsi yox idisə və yoxlamadan bir saat sonra iddiaçı tərəfindən 2 işçinin əmək müqaviləsi portala daxil edildiyi təqdirdə xx.xx.2021-ci ildə uçot məlumat bazasında 14 deyil 12 işçi barədə məlumat olmalı idi. Bundan başqa, 3 nəfər tanımadığı şəxsin adlarının həmin siyahıda öz əksini tapmaması cavabdehin əməkdaşlarının qanunsuz hərəkətlərinin nəticəsidir. Həmçinin sadələşdirilmiş vergi hesabatının təqdim olunmaması ilə əlaqədar qeyd olunmalıdır ki, vergi qanunvericiliyinə uyğun olaraq müvafiq hesabatlar rüb bitdikdən sonrakı ayın 20-sindən gec olmayaraq təqdim olunmalıdır. Cavabdehin əməkdaşlarının xx.xx.2021-ci il tarixli aktda istinad etdikləri pozuntu barədə halların foto və video çəkiliş vasitəsilə qeydə alınmaması, eləcə də aktda və əlavələrində aşkar edilmiş pozuntuların hal şahidlərinin iştirakı ilə rəsmiləşdirilməməsi vergi ödəyicisinin konstitusion hüquqlarının pozulmasını bir daha sübut edir. Bununla yanaşı, həmin aktda göstərilən, əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilmiş şəxslərin şəxsiyyətini müəyyən etmədən və izahatları alınmadan, sonradan xx.xx.2021-ci il tarixli akt tərtib edilərək guya iddiaçı və qeyd olunan işçilərin izahat verməkdən imtina etmələri qeyd edilmişdir. Həmin akt yoxlama aparılan zaman tərtib edilməmiş və bu aktla iddiaçı elektron kabinetinə göndərilmiş sənədlər siyahısından tanış olmuşdur...” Cavabdeh iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Baş İdarənin xx.xx.2021-ci il tarixli **********2908 qərarına əsasən iddiaçının “X15 Nesil Restoran” adlı obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 002564 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin obyektdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər müvafiq izahat verməkdən imtina etmiş, bu hal sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6390/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6593 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə qərarının əsası kimi qeyd edir ki, cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilərkən həmin 3 nəfər şəxsin şəxsiyyəti müəyyən edilməmiş, onların izahatı alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 10.4-cü bəndinə əsasən vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir, iddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. İddiaçının obyektində əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər müvafiq izahat verməkdən imtina etmiş, bu hal sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilərək qanunvericiliyin tələblərinə riayət edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Belə ki, məhkəmə qərarının əsası kimi işçilərin izahatının olmamasına istinad edir. Bir daha nəzərinizə çatdırırıq ki, işçilərin özləri izahat verməkdən imtina etmiş, vergi orqanının isə hər hansı məcburiyyət tədbirləri görmək səlahiyyətli yoxdur. Belə olan halda, məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsindən irəli gələn vəzifələrini yerinə yetirmək üçün izahatları alınmamış 3 nəfər şəxsi (X2, X6, X9) məhkəmə iclasına şahid qismində çağıra bilərdi. Məhkəmə tərəfindən isə qeyd edilən vəzifə icra edilməmiş, işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu nöqteyi nəzərdən barəsində şikayət olunan Bakı inzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Camalov apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********2908 qərarına əsasən iddiaçının “X15 Nesil Restoran” adlı obyektində keçirilmiş operativ vergi nəzarəti zamanı 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 002564 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Konkret halda, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə həmin qərarın 3 nəfərə (X2, X6, X9) münasibətdə ona 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsini tələb etmiş və birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, həmin işçilərin özləri izahat verməkdən imtina etmiş, vergi orqanının isə hər hansı məcburiyyət tədbirləri görmək səlahiyyətli olmamışdır. Məhkəmə İPM-in 12.1-ci maddəsindən irəli gələn vəzifələrini yerinə yetirmək üçün izahatları alınmamış 3 nəfər şəxsi məhkəmə iclasına şahid qismində çağıra bilərdi. Məhkəmə tərəfindən isə qeyd edilən vəzifə icra edilməmiş, işin halları tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsi isə nəzərdə tutur ki, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qanunvericiliyin qeyd olunan tələbləri birmənalı olaraq onu deməyə əsas verir ki, cavabdeh orqan iddiaçını qeyd olunan 3 nəfərə münasibətdə vergi məsuliyyətinə cəlb etməkdə haqlı olduğunu sübuta yetirmək məhkəmənin vəzifəsi yox, məhz, cavabdeh vergi orqanının qanunla üzərinə düşən öhdəliyidir (Bununla bağlı artıq artıq formalaşmış məhkəmə təcrübəsi də mövcuddur) İddiaçı tərəfindən iddia olunur ki, o, sözügedən 3 nəfər şəxs - X3, X6 və X10 ilə heç bir əlaqəsi yoxur, onun restoranında çalışmırlar, ümumiyyətlə onları tanımır. Ona görə də həmin şəxslərə münasibətdə onun vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən operativ vergi nəzarətinin nəticələri barədə akt tərtib edilərkən, sözügedən 3 nəfər şəxsin şəxsiyyəti müəyyən edilməmiş, onlardan izahat alınmamış və onlarla bağlı iddiaçı ilə əmək münasibətlərində olduqlarını təsdiq edə bilən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin şəxslərin izahat verməkdən imtina etmələrinə gəldikdə, hər bir halda, onların əmək müqaviləsi bağlamadan iddiaçı ilə əmək münasibətlərndə olmalarını sübuta yetirmək məhz, nə iddiaçının, nə də ki məhkəmənin vəzifəsidir. Burada sübutetmə yükü konkret olaraq cavabdeh vergi orqanının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinin 2-4-cü hissələrinin imperativ tələblərinə görə: “Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.” Beləliklə də, cavabdehin xx.xx.2021-ci il tarixli, **********6593 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçının, qeyd olunan üç nəfər şəxsə münasibətdə iddiaçının Vergi Məcəlləsinin 58.10cu maddəsi ilə, hər birinə görə 2000 manatdan olmaqla, cəmi 6000 manat məbləğində maliyyə sanksiyası təbtiq edilməklə vergi məsuliyyətinə gəlb edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmiş hesab oluna bilməz. İPM-in 70.1-ci maddəsi də məhz, nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırılaraq düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarına uyğun olaraq da mübahisələndirələn qərar üç nəfərə münasibətdə 6000 manat məbləğində iddiaçının vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi barədə, qanuni və əsaslı nəticəyə gəlinmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri icra etmədiyini, işi hərtərəfli araşdırmadığını və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6390/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6390/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-673/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-673/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver