Məhkəmə qərarları › İş №2-1(103)-673/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-673/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-673/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı 05 fevral 2008-ci il tarixli (Protokol № 02) qərarının etibarsızlığının tanınmasını, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi arasında bağlanmış 06 fevral 2008-ci il tarixli, 02 nömrəli müqavilə (143 800 kv.m.), 08 fevral 2008-ci il tarixli, 03 nömrəli müqavilə (157 000 kv.m.), 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə (97 000 kv.m.),20 fevral 2008-ci il tarixli, 05 nömrəli müqavilə (50 000 kv.m.), 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə (40 000 kv.m.) və 03 mart 2008-ci il tarixli, 07 nömrəli müqavilə (36 000 kv.m.) alqı-satqı müqavilələrinin etibarsız hesab olunmasını və cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsindən 1 424 736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pulun tutulması və İddiaçınə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi 05 fevral 2008-ci il tarixli (Protokol № 02) qərar vermişdir. Sözügedən Qərar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi arasında Cavabdehin guya mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçının mülkiyyətinə verilməsi haqqında aşağıdakı müqavilələr bağlanmışdır: - 06 fevral 2008-ci il tarixli, 02 nömrəli müqavilə (143 800 kv.m.); - 08 fevral 2008-ci il tarixli, 03 nömrəli müqavilə (157 000 kv.m.); - 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə (97 000 kv.m.); - 20 fevral 2008-ci il tarixli, 05 nömrəli müqavilə (50 000 kv.m.); - 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə (40 000 kv.m.); - 03 mart 2008-ci il tarixli, 07 nömrəli müqavilə (36 000 kv.m.). Həmin müqavilələr əsasında iddiaçı cavabdehdən ümumilikdə 52,38 ha torpaq sahəsi almış və bu torpaq sahəsinə görə aşağıdakı ödənişləri həyata keçirmişdir: -143 800 kv.m torpaq sahəsi - 391 136 manat (08 fevral 2008-ci il tarixli nömrəsiz ödəniş tapşmğı, həmin tarixdə icra edilmişdir); - 157 000 kv.m torpaq sahəsi - 427 040 manat (12 fevral 2008-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığı, 13 fevral 2008-ci il tarixdə icra edilmişdir); - 97 000 kv.m torpaq sahəsi - 263 840 manat (19 fevral 2008-ci il tarixli nömrəsiz ödəniş tapşırığı, həmin tarixdə icra edilmişdir); - 50 000 kv.m torpaq sahəsi - 136 000 manat (22 fevral 2008-ci il tarixli nömrəsiz ödəniş tapşırığı, həmin tarixdə icra edilmişdir); - 40 000 kv.m torpaq sahəsi -108 800 manat (25 fevral 2008-ci il tarixli 086 nömrəli ödəniş tapşırığı, 26 fevral 2008-ci il tarixdə icra edilmişdir); - 36 000 kv.m torpaq sahəsi - 97 920 manat (04 mart 2008-ci il tarixli nömrəsiz ödəniş tapşırığı, həmin tarixdə icra edilmişdir). Bağlanmış 6 (altı) müqavilə üzrə ümumilikdə 52,38 ha torpaq sahəsinin alınması üçün iddiaçı cavabdehə cəmi 1 424 736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pul vəsaiti köçürmüşdür. İddiaçı yuxarıda qeyd olunan 52,38 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə 01 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Xidmət İddiaçının müraciətinə baxaraq, 04 iyul 2017-ci il tarixli məktubu ilə İddiaçının Sahəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı, mülkiyyət hüquqlarının məhkəmə qaydasında qeydiyyata alınması üçün iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Nəticədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 fevral 2020-ci il tarixli 2-l(102)-347/2020 nömrəli qərarı ilə yekun məhkəmə aktı çıxarılmış və İddiaçının iddia tələbləri təmin olunmayaraq, onun mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə aktlarından göründüyü kimi, Sahəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamasının əsası odur ki, həmin Sahə bələdiyyənin deyil, dövlət mülkiyyətindədir. Cavabdehə dəfələrlə pretenziyalar göndərilmiş, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 fevral 2020-ci il tarixli 2-l(102)-347/2020 nömrəli qərarı təqdim edilmişdir. Lakin, Cavabdeh bu pretenziyalara ümumiyyətlə cavab verməmiş, hər hansı əməli tədbir həyata keçirməmişdir. Cavabdehə Mediasiya prosesi üçün təklif göndərilmiş, 2 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən ilkin sessiya təyin edilmiş, lakin Cavabdeh ilkin sessiyada iştirak etməmişdir. Bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. Sonradan İddiaçı ödənilmiş vəsaitin geri qaytarılması məqsədilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Lakin, Bakı Kommersiya Məhkəməsi hesab etmişdir ki, bu mübahisə Bakı İnzibati Məhkəməsinin aidiyyətində olduğundan, iddia ərizəsini geri qaytarmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadından şikayət versə də, yuxarı instansiya məhkəməsi qərardadı qüvvədə saxlayaraq, aidiyyətin Bakı İnzibati Məhkəməsinə aid olduğunu hesab etmişdir. İddiaçı Cavabdehə növbəti dəfə məkətub göndərmiş və Qərarın və müqavilələrin ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçının məktubunu 13 may 2022-ci il tarixdə alsa da, İddiaçıya nə vəsaiti geri ödəmiş, nə də ki əsaslandırmış imtina vermişdir. Bildirilmişdir ki, Cavabdeh barəsindən Qərar verdiyi Sahələr onun mülkiyyətindən deyil, dövlət mülkiyyətində olmuşdur. Sahələrin dövlət mülkiyyətində olması da onu ehtiva edir ki, Cavabdehin həmin Sahələrlə bağlı Qərar vermək səlahiyyəti olmamışdır. Digər tərəfdən, Cavabdeh Sahələr barədə Qərar verərək, İddiaçı ilə müvafiq müqavilələr bağlasa da, bu Sahələr dövlət mülkiyyətində olduğuna görə, onlarla bağlı İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna etmişdir ki, Qərarın icrası qabaqcadan mümkünsüz olmuşdur. İddiaçı hesab edir ki, bu iki hal mövcud olduğuna görə, Qərarın etibarsızlığının tanınması üçün bütün əsaslar vardır. Qərar etibarsız hesab olunarsa, etibarsızlığın nəticəsi olaraq müvafiq olaraq bağlanmış alqı-satqı müqavilələri də etibarsız hesab olunmalı və Cavabdeh Sahənin satışı ilə bağlı əldə etdiyi 1 424 736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pul vəsaitini İddiaçıya geri qaytarmalıdır. İPM-nin 39.1.ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Qeyd edilmişdir ki, 13 may 2022-ci il tarixdə müraciət olunsa da, müraciətə hər hansı münasibət bildirilməmişdir. Daha sonra iddia tələbi “Kürdəxanı Bələdiyyəsinin 05 fevral 2008-ci il tarixli (2 saylı protokol) və 05 mart 2008-ci il tarixli (04 saylı protokol) qərarlarının etibarsız hesab edilməsi, İddiaçı MMC ilə Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış 06 fevral 2008- ci il tarixli 02 nömrəli müqavilənin (143.000 m2), 08 fevral 2008-ci il tarixli 03 nömrəli müqavilənin (157.000 m2), 15 fevral 2008-ci il tarixli 04 nömrəli müqavilənin (97.000 m2), 20 fevral 2008-ci il tarixli 05 nömrəli müqavilənin (50.000 m2), 22 fevral 2008-ci il tarixli 06 nömrəli müqavilənin (40.000 m2), 03 mart 2008-ci il tarixli 07 nömrəli müqavilənin (36.000 m2) etibarsız hesab edilməsi, cavabdeh Kürdəxanı Bələdiyyəsindən 1.424.736 manat məbləğində pulun tutulması və İddiaçı MMC-yə ödənilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmişdir. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin ümumi iclasının 05 fevral 2008-ci il tarixli 02 nömrəli protokoluna əsasən xx.xx.2008-ci il tarixli 02 saylı qərar qəbul edilmiş və Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında aşağıdakı müqavilələr bağlanmışdır: 06 fevral 2008-ci il tarixli, 02 nömrəli müqavilə (143 800 kv.m.); 08 fevral 2008-ci il tarixli, 03 nömrəli müqavilə (157 000 kv.m.); 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə (97 000 kv.m.); 20 fevral 2008-ci il tarixli, 05 nömrəli müqavilə (50 000 kv.m.); 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə (40 000 kv.m.); - Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin ümumi iclasının 05 mart 2008-ci il tarixli 04 nömrəli protokoluna əsasən Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 03 mart 2008-ci il tarixli, 07 nömrəli müqavilə (36 000 kv.m.) bağlanmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 4 fevral 2020-ci il tarixli 2-1(102)-347/2020 nömrəli qərarında bildirilmişdir ki, hazırkı məhkəmə icraatında səlahiyyətli qurum kimi ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyinə əsasən iddiaçının hüquqlarının qeydiyyatını tələb etdiyi 52,38 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan ərazilərə aid olması müəyyən edilir. İddia olunan ərazidə digər fiziki şəxslərə məxsus tikililər və yaşayış evləri mövcuddur, bir çox vətəndaşların mülkiyyətindədir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1471/2022 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 2(103)- 430/2022 nömrəli qərardadına əsasən iddiaçı "Delta Lənd” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1471/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 22 avqust 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir və müqavilələr fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2008-ci il tarixli qərar Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Aparatının 67/48667 nömrəli 16 noyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh AR ƏMDK yanında DƏDRX- nin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər: X5, X4, X1 və Bakı şəhər Kürdəxanı Bələdiyyəsi) torpaq sahəsinə hüquqların qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2046/2019 nömrəli inzibati işi baxıldıqdan sonra 20 may 2020ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Odur ki, Bakı Kommersiya Məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində X2 Azərbaycan Respublikası CM-in 178.3.2, 193-1.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan 98593 nömrəli cinayət işi xx.xx.2010-cu il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 15 fevral 2012-ci il tarixli hökmü ilə Köçəri Həsənov barəsində ittiham hökmü çıxarılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində saxlanılan qeyd edilən cinayət işinin nəzarət icraatı materiallarında müraciətinizdə qeyd olunan sənədlər saxlanılmır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən əmlakla bağlı dəqiqi məlumat (küçə adı, nömrəsi, torpaq sahəsinin koordinatı) verildikdən sonra müraciətə yenidən baxıla bilər. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-18837/2023 nömrəli qərardada əsasən 2008-ci ildə Kürdəxanı Bələdiyyəsinin “”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sabunçu filialındakı hesablaşma hesabına İddiaçı MMC tərəfindən (vaxtı ilə "xxxx" ASC-dəki hesabından) 1.424.736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat pulun köçürülməsi barədə məlumat "xxxx" ASC tərəfindən 10 (on) gün müddətində məhkəməyə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına aparılmış əməliyyatlar əlavə olunmuşdur Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi kommersiya məhkəməsinə müraciətdir.Kommersiya məhkəməsinin qərarının hazırki iş üzrə preyudisiallığına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin iş üzrə mümkün hüquqi müdafiə vasitələrini tükəndirməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikası İPM-nin: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 23-cü bəndində qeyd edilir ki, “mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.” Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad edilən qərarına əsasən orqanının hakimiyyət səlahiyyətlərini icra etməklə bağladığı müqavilələrdən irəli gələn mübahisələrə baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aid edilməmişdir. Belə ki, iddiaçının etibarsız hesab olunmasını alqı-satqı müqavilələrinin 6-cı bəndindən görünür ki, həmin müqavilələr sahənin mülkiyyətə verilməsi haqqında qərarı əsasında bağlanmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.1-ci bəndində qeyd edilir ki, “torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ilə torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlayarkən bələdiyyə orqanı mülki dövriyyənin bərabər hüquqlu subyekti kimi çıxış etməmiş, hakimiyyət səlahiyyətinin icrası ilə bağlı müqavilə bağlanmazdan əvvəl qərar qəbul etmiş, alqı-satqı müqaviləsi iddiaçının qanunsuz olduğunu iddia etdiyi həmin qərar (inzibati akt) əsasında bağlanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda göstərilən hallar yenidən araşdırılmaqla iddia tələbinə mahiyyəti üzrə qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1837/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə qarşı “cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı 05 fevral 2008-ci il tarixli (Protokol № 02) qərarının etibarsızlığının tanınması, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi arasında bağlanmış 06 fevral 2008-ci il tarixli, 02 nömrəli müqavilə (143 800 kv.m.), 08 fevral 2008-ci il tarixli, 03 nömrəli müqavilə (157 000 kv.m.), 15 fevral 2008-ci il tarixli, 04 nömrəli müqavilə (97 000 kv.m.),20 fevral 2008-ci il tarixli, 05 nömrəli müqavilə (50 000 kv.m.), 22 fevral 2008-ci il tarixli, 06 nömrəli müqavilə (40 000 kv.m.) və 03 mart 2008-ci il tarixli, 07 nömrəli müqavilə (36 000 kv.m.) alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsindən 1 424 736 (bir milyon dörd yüz iyirmi dörd min yeddi yüz otuz altı) manat məbləğində pulun tutulması və İddiaçınə ödənilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar