Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-673/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyadan tutulmuş ödənişlərin qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8858/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair tarixsiz və nömrəsiz qərarın etibarsız hesab edilməsi və 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Müdafiə Nazirliyinin “polkovnik-leytenant" rütbəli ehtiyatda olan zabiti, Silahlı Qüvvələrin veteranıdır. 1987-2013-cü illər ərzində SSRİ və Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, 2013-cü ildə Müdafiə nazirinin müvafiq əminə əsasən ehtiyata buraxılmış, həmin ildən etibarən də iddiaçıya xidmət illərinə görə güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. Xidmət keçdiyi orqan olan Müdafiə Nazirliyi tərəfindən cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim olunmuş məlumat vərəqəsinə əsasən xidmət illəri 34 (otuz dörd) il, 5 (beş) ay, 12 (on iki) gün təşkil edir. Lakin cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunarkən 34 (otuz dörd) il xidmət stajı nəzərə alınsa da, 5 (beş) ay, 12 (on iki) gün xidmət müddəti nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə rəsmi ərizə ilə müraciət edərək pensiya təyinatı zamanı nəzərə alınmamış 5 (beş) ay, 12 (on iki) gün xidmət müddəti nəzərə alınmaqla pensiyanın düzgün hesablanıb ödənilməsinə göstəriş verilməsini xahiş etmiş, rəsmi cavab verilməmiş, əvəzində cavabdehdən iki müxtəlif tarixdə fərqli məzmunlu smslər almışdır. xx.xx.2024 tarixində ********** nömrəsinə göndərilən sms-də bildirilmişdir ki, “İddiaçı, əmək pensiyanız müraciətinizə əsasən yenidən hesablanaraq 2059.21 manat məbləğində müəyyən edilib”. xx.xx.2024-cü il tarixində ********** nömrəsinə göndərilən sms-də isə bildirilmişdir ki, “İddiaçı, əmək pensiyanız müraciətinizə əsasən yenidən hesablanaraq 2038.57 manat məbləğində müəyyən edilib”. Aprel ayında aldığı pensiyanın üzərinə 6 manat 97 qəpik əlavə edilərək kart hesabına köçürülmüşdür. Cavabdehin bu mövqeyi onu qane etmədiyindən ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş emişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçının əmək pensiyası düzgün hesablanmışdır. Belə ki, 01034 nömrəli məlumat vərəqində qeyd olunan 34 il 5 ay 12 gün (təqvimi xidmət illəri 26 il 15 gün, güzəştli xidməti illəri 8 il 4 ay 27 gün) xidmət müddəti üçün Mərkəzi Filial tərəfindən ona 1 sentyabr 2013cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, müvafiq təminat xərcliyinin 92 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Onun müraciəti ilə əlaqədar Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı əmək pensiyası müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki natamam ildəki iş stajı aylarının nəzərə alınmadığı müəyyən edilib. Bu səbəbdən də, adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanaraq 1453,00 manat müəyyən edilib və keçmiş üç il müddət üçün hesablanıb...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8858/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “...İddiaçı münasibətdə pensiya məbləğinin 2038 manat müəyyən olunmasına dair Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı etibarsız hesab edilsin. İddiaçı natamam ildəki iş stajının (5 il 12 ay) nəzərə alınmaması nəticəsində 2014-2024cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun...” Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı qanuna zidd və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; -hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Bundan başqa “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.2- ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. İddiaçı müraciəti ilə əlaqədar Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı əmək pensiyası müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki natamam ildəki iş stajı aylarının nəzərə alınmadığı müəyyən edilib. Bu səbəbdən də, adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanaraq 1453,00 manat müəyyən edilib və keçmiş üç il müddət üçün hesablanıb. İş üzrə icraat materiallarından da aydın olur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti xx.xx.2024-cü il tarixdə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin əmək pensiyası üzrə keçmiş müddət üçün (son 3 il üçün) hesablanmış ümumilikdə 89,20 manat fərq məbləği cari ilin may ayında əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildiririk ki, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixdən də indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası 2038,57 manat məbləğində müəyyən edilib. Bununla bağlı “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3- 17- 1/3-7-4277/2024 nömrəli qərar qəbul edilmişdir. Lakin birinci instansiya məhkəməsi qərarın tarixi və nömrəsinin dəqiqləşdirilməsi barədə cavabdehə araşdırma üçün vaxt verməmiş, hazırlıq iclasından dərhal sonra baxış iclası təyin edərək iddianı təmin etmişdir. (Qərarın surəti apellyasiya şikayətinə əlavə olunur). Həmçinin məhkəmə iddiaçının tələbinin “natamam ildəki iş stajının (5 il 12 ay) nəzərə alınmaması nəticəsində 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində də səhv qənaətə gəlmişdir. Belə ki, ilk olaraq qeyd edilir ki, iddiaçının natamam iş stajı 5 il 12 ay yox, 5 ay 12 gündür. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinə əsasən, 01,07.2017-ci il tarixinədək hərbi qulluqçulara Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komisiyyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında xidmət illərinə görə pensiya təyin edilirdi. Yəni, “Əmək pensiyaları haqqında” Qanununa Azərbaycan Respublikasının 28 noyabr 2006-cı il tarixli 184- İİİQD nömrəli Qanunu ilə (xx.xx.2007-ci il tarixindən qüvvəyə minib) əlavə edilmiş 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, bütün müvafiq orqanlarda (qurumlarda) 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında qulluq stajına görə əlavə müəyyən edilməklə əmək pensiyası hesablanırdı. Göründüyü kimi, xx.xx.2017-ci il tarixinədək hərbi qulluqçulara pensiya təyin edilərkən həmin tarixədək qüvvədə olmuş qanunvericilik aktlarında onların xidmət illəri tam olmadıqda natamam ildəki iş stajı aylarının sayının nəzərə alınması barədə müddəa yox idi. Eyni mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (102)-316/2023 nömrəli qərarında da öz əksini tapmışdır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. İş üzrə icraat materiallarından da aydın olur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciəti xx.xx.2024-cü il tarixdə olmuşdur. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsin əmək pensiyası üzrə keçmiş müddət üçün (son 3 il üçün) hesablanmış ümumilikdə 89,20 manat fərq məbləği cari ilin may ayında əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Beləliklə aydın olur ki, İddiaçı əmək pensiyası inzibati orqan tərəfindən düzgün hesablanmışdır…” İddiaçı cavabdehin apellyasiya şikayətinə etirazında hesab etmişdir ki, şikayət qanunz, əsassız və ədalətsiz olduğndan rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının işə əlavə olunmuş pensiya işinə dair sənədlərin surətlərinə (çıxarışlar) əsasən müəyyən olunur ki, ona, cavabdehin hüquq sələfi DSMF-nin Hərbi qulluqçalar və xüsusi rütbəli şəxslə İş Departamentinın (“HQXRŞİD”) xx.xx.2013-cü il tarixli 13/2446 saylı qərarı ilə Müdafiə Nazirliyinin məlumat vərəqi əsasında 34 il 5 ay 12 gün xidmət müddəti üçün ona hərbi qulluqçu kimi,01.09. 2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, müvafiq təminat xərcliyinin 92 faizi miqdarında (817,78 manat) məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonralar iddiaçının əmək penssiyasında artımlar baş vermiş və son zamanda isə cavabdeh Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/2-7-2864/2024 nömrəli Qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablama nəticəsində 2059,21 manat məbləğində müəyyən olunmuş və xx.xx.2024 tarixində bununla bağlı ona sms-lə məlumat göndərilmişdir (Sözügedən hesablama tarixinə qədər pensiya məbləği 2031,60 manat təşkil etmişdir). Daha sonra, Filial tərəfindən bir daha onun pensiyası tarixsiz və nömrəsiz qərarla hesablama tarixinə qədər pensiya məbləği 2031,60 manat qeyd olunmaqla, yenidən hesablanaraq 2038,57 manat məbləğində müəyyən olunmuşdur. Konkret halda, işin mübahisələndirilən hallarına görə iddiaçının əmək pensiyasının 2038,57 manat məbləğində müəyyən olunması ilə bağlı cavabdeh Filialın qərarının tarixi və nömrəsi faktiki olaraq qeyd edilməsə belə, onun pensiyasının xx.xx.2024-cü il tarixində yenidən hesablanaraq 2038,27 manat müəyyən olunması barədə “sms”, əslində, onun əmək pensiyasının 2059,21 manat müəyyən olunması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edildikdən sonra ona göndərilmişdir. Başqa sözlə, mübahisələndirilən tarixsiz və nömrəsiz qərar qəbul edilərkən, cavabdehin iddiaçının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı qüvvədə olmuşdur ki, işə əlavə olunmuş həmin qərardan da görünür ki, iddiaçıya təyin edilmiş pensiyanın məbləği 2059,21 manat müəyyən edilmişdir. İddiaçı ona təyin olunan həmin pensiya məbləğinin 2038,27 manata endirilməsi ilə bağlı tarixsiz və nömrəsiz qərarı barədə məlumatı, qyed edildiyi kimi, yalnız xx.xx.2024-cü il tarixli “sms” vasitəsilə əldə etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 59.1.3-cü və 59.1.5-ci maddələrinin tələblərinə görə yazılı inzibati aktda -inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat - əks olunmalıdır. Konkret halda isə cavabdeh orqan tərəfindən Qanunun qeyd olunan inzibati aktın forma və məzmunu ilə bağlı tələbəlrinə riayət etməmişdir. Belə olan halda isə həmin Qanunun 65.1.3-cü madəsi isə nəzərdə tutur ki, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. Qeyd olunanlar baxımından cavabdehin iddiaçının əmək pensiyasının 2038 manat müəyyən olunmasına dair qərarı etibarsızdır Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının 2059,21 manat müəyyən olunmasına dair xx.xx.2024-cü il tarixli qərar onun marağını təmin etməklə düzgün hesablama aparılmışdır. Belə ki, Əmək pensiyaları haqqında qanunun 20.14-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən: 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Qeyd olunmalıdır ki, 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddədə hər üç halda “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi,” sözləri çıxarılmışdır. Yuxarıda göstərilənlər nəzərə alınmaqla, iddiaçının 34 il 5 ay 12 gün xidmət illərinə görə təminat xərcliyi (25 ilə görə 65%+ 25 ildən yuxarı hərbi xidmətin (9 il) hər ilinə görə 27% + 5 aya görə 1,25%) ən azı 93,25% nəzərə alınmalı idi (12 günə görə əlavə 0,1%). Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixdə tərtib olunmuş məlumat vərəqinə əsasən onun təminat xərcliyinin 1573,9 manat olduğu nəzərə alındıqda isə həmin məbləğin 93,35% hissəsi 1469,23manat + maddi yardım 10% olmaqla 146,92manat + 2023-cü il üçün indeksləşdirilmiş məbləğ (14,7%) olmaqla 237,57 manat + 2024- cü il üçün indeksləşdirilmiş məbləğ (11,2%) 207,61 manat, cəmi, 2061,35 manat təşkil edir. İddiaçının 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsi tələbi ilə bağlı hissəsinə gəldikdə, burada mübahisənin yaranma səbəbi iddiaçının pensiya təyinatı zamanı natamam ildəki iş stajının (05 ay 12 gün) ümumi staja daxil edilib-edilməməsi məsələsi təşkil edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçıya sələfi DSMF-nin Hərbi qulluqçalar və xüsusi rütbəli şəxslə İş Departamentinın (“HQXRŞİD”) xx.xx.2013-cü il tarixli 13/2446 saylı qərarı ilə xx.xx.2013-cü il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. Lakin işdən görünür ki, xx.xx.2013-cü il tarixdə əmək pensiyası təyin edilərkən natamam ildəki iş stajına görə əlavələr nəzərə alınmamış və iddiaçının bununla bağlı müraciəti əsasında cavabdeh Filial onun pensiyası yenidən hesablanaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinadə müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməli olan məbləğ (89,20 manat) iddiaçının pensiyasına əlavə edilərək ona ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan redaksiyası nəzərədə tutur ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə hesablanır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə əmək pensiyası təyin edilmişdir. Qanunun sözügedən 20.14.1-ci maddəsinin ona pensiya təyin edilərkən qüvvədə olan redaksiyası ilə təsbit olunan hüququnun məhdudlaşdırılması cavabdeh orqanın məsuliyyətini ehtiva edir. Qeyd olunanlar baxımından, iddiaçı, Müdafiə Nazirliyi tərəfindən 2014-cü ildə cavabdeh quruma təqdim edilmiş 34 il 5 ay 12 gün xidmətinə dair dəqiqləşdirilmiş məlumat vərəqinə əsasən əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki natamam ildəki iş stajının nəzərə alınmaması nəticəsində, onun 2014-2024-cü illər üzrə yaranmış pensiya fərqinin ödənilməsini (son üç il üzrə müəyyən edilmiş və cavabdeh tərəfindən ödənilmiş məbləğ nəzərə alınmaqla) tələb etməkdə haqlıdır. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini işin hallarına və qanunvericiliyə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, pensiyanın düzgün hesablandığını və məhkəmə tərəfindən qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8858/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8858/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-673/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-673/2025
16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver