Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-674/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması və pensiya təyinatına dair qərarın ləğvi barədə qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması və pensiya təyinatına dair qərarın ləğvi barədə qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5460/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1985-ci il təvəllüdlüdür. İddiaçının əmək kitabçasından görünür ki, o, 10 yanvar 2009-cu il tarixdən etibarən "xxxx" avia şirkəti MMC-də bort operatoru vəzifəsində işləyir. İddiaçıya DSMF Xəzər rayon şöbəsi tərəfindən bort operatoru vəzifəsində işlədiyi 1 oktyabr 2009-cu il tarixdən 1 dekabr 2021-ci il tarixədək olan dövr nəzərə alınmaqla 1 dekabr 2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli aktdan görünür ki, **********0 nömrəli xidməti məruzəyə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs 16 dekabr 2022-ci tarixli **********6 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2022-ci il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə vaxtilə pensiya hüququnun olmadığı halda ona pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırıİmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibatı qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunur. Cavabdehin 29 dekabr 2022-ci il tarixli qərarları ilə iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmış və ləğv edilmişdir. Dayandırılmanın səbəbi kimi, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati araşdırma nəticəsində iddiaçının uçuş mütəxəssisi hesab edilməməsi qənaətinə gəlinmişdir. İddiaçı qeyd edilən halın aydınlaşdırılması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Daha sonra İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia irəli sürərək, ona «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə cavabdehin qərarının ləğv edilməsi xahiş edilmişdir. İddiaçı sonradan məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, «cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********5 nömrəli qərarının və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********2 nömrəli qərarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, mülki aviasiya sahəsində, o cümlədən 10 yanvar 2009-cu il tarixdən etibarən “X8” Şirkətində “bort operator” vəzifəsində işləyir. Ona cavabdeh inzibati orqan tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, həmin pensiya ödənişi 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin əmək pensiyası ödənişi dayandırılarkən «İnzibati icraat haqqında» Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişinin dayandırılmamışdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçının və onun nümayəndəsinin inzibati icraatda mövqeləri dinlənilmiş, lakin irəli sürülən əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, “bortoperator”lar və “böyük bortoperator”lar Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli 26 oktyabr 2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın müövqeyi əsassızdır. Belə ki, Nazirlər Kabinetinin 231 nömrəli 26 oktyabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Mülki aviasiya uçuş və X6 işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın 2.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq mülki aviasiyanın uçuş və X6 işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, “bortoperator”lar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC-də “bortoperator” vəzifəsi mövcud deyildir. İkincisi, barəsində inzibati icraata aparılan şəxslərin heç biri AZAL QSC-nin işçisi deyil və onlar X8 Şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə təyin olunmuş pensiyanın dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədəuyğun olardı. Çünki, bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli qurumdur. Həmin Agentliyə kollektiv şəkildə, o cümlədən hazırkı iddia tərəfindən müraciət ünvanlanmış və həmin müraciətə əsasən “bortoperator” vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda, Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA-nın, eləcə də Agentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, “bortoperator”lar uçuş heyətinin sırasına daxildir. Qeyd edilənlərdən görünür ki, iddiaçıya ilkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair DSMF orqanı tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır. Göstərilənlərə əsaslanaraq, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə cavadehin qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş «Mülki Aviasiya Uçuş və X6 işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman) bort mühəndisi, bort mexanik, bort radist və digər uçuş mütəxəssisləri), uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator, (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bort radist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə, sözügedən Qaydalarda nəzərdə tutulmamışdır. Həmin vəzifələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Nəqliyyat” bölməsi mülki aviasiya bəndində hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı bort bələdçisi vəzifələrini nəzərdə tutur. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə əmək pensiyası həmin Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən təyin edilməlidir. Lakin iddiaçıya DSMF Xəzər rayon şöbəsi tərəfindən bort operator vəzifəsində işlədiyi 1 oktyabr 2009-cu il tarixdən 1 dekabr 2021-ci il tarixədək olan dövr nəzərə alınmaqla 1 dekabr 2021-ci il tarixdən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redkasiyasına əsasən və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalar əsas götürməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədi ilə DSMF tərəfindən aidiyyəti üzrə "xxxx" QSC-yə sorğular ünvanlanmışdır. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olması səbəbindən, eləcə də bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmamasına görə onlar uçuş heyəti üzvləri hesab olunmurlar. Qeyd olunanlara əsasən iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında «İnzibati icraat haqqında» Qanunun 28.1.2-ci maddəsinin tələbinə uyğun olaraq 16 dekabr 2022-ci il tarixli xidməti məruzə əsasında inzibati icraat başlanılmışdır. Daha sonra iddiaçıya qanunverciliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanmışdır. Bundan başqa, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qəbul edilmiş qərar DSMF tərəfindən ləğv edilmiş və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilmişdir. Nəticədə iddiaçıya 1 dekabr 2021-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək olan dövrdə ümumilikdə 3.130 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edimiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5460/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********2 nömrəli qərarının və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********5 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, navigator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş- təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bort operatoru vəzifəsində işlədiyi xx.xx.2009-xx.xx.2021-cu il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2021-ci il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022- ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 29 iyun 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması üçün 16 dekabr 2022-ci il tarixində sürətli poçt vasitəsi ilə göndərilməklə 26 dekabr 2022-ci il tarixinədək Mərkəzi Filiala dəvət edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında 16 dekabr 2022-ci il tarixli **********6 nömrəli xidməti məruzə əsasında inzibati icraata başlanılıb. Daha sonra iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanıb. Bununla əlaqədar olaraq, inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılan şəxs vəkili ilə birlikdə 27 dekabr 2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda olublar. Qəbul zamanı, maraqlı şəxsə vaxtilə pensiya hüququnun olmadığı halda onlara pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq onlara əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verilib. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilib. Maraqlı şəxsin mülahizəsinin dinlənilməsi "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun qaydada həyata keçirilib. Bu barədə 2 nüsxədə akt tərtib edilib. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılıb, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunub. Bundan başqa, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qərar ləğv olunub və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3130,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76" tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat”a istinad etmişdir. Belə ki, həmin Təlimat ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunduğu göstərilmişdir. Qeyd olunan Təlimat normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə normativ hüquqi aktdır və texniki normativ hüquqi aktdan daha üstündür. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5460/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarların ləğvi ilə bağlı məhkəməyə vaxtında xx.xx.2023-cü il tarixdə (qərarın alınma tarixi barədə dəqiq məlumat olmadığından) müraciət edildiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********5 nömrəli qərarının və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********2 nömrəli qərarının ləğv edilməsi” barədə olmuşdur. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 7 may 1985-ci il tarixdə doğulmuşdur, 10 yanvar 2009-cu il tarixdən etibarən "xxxx" avia şirkəti MMC-də bort operator vəzifəsində işləyir, ona cavabdeh inzibati orqan tərəfindən 14 dekabr 2021-ci il tarixli qərarla «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sonradan aparılmış inzibati araşdırma nəticəsində 29 dekabr 2022-ci il tarixli qərarlarla ona təyin edilmiş əmək pensiyası dayandırılmış və ləğv edilmişdir. Dayandırılmanın səbəbi kimi, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati araşdırma nəticəsində iddiaçının uçuş mütəxəssisi hesab edilməməsi göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 14 dekabr 2021-ci il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və iddiaçının ziyanına olan iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********5 nömrəli və pensiyanın təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********2 nömrəli qərarlar qəbul edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmi Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanununun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuş həmin Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. -22.3-cü maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -37.8-ci maddəsinə bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarının: -1-ci bəndinə əsasən bu Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2-ci bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları. -3-cü bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: -3.1-ci bəndinə əsasən təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya 14 dekabr 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “pensiyanın dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********5 nömrəli və pensiyanın təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********2 nömrəli qərarlar qəbul edərək, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında, eyni zamanda apellyasiya şikayətinin dəlillərində iddiaçının işlədiyi bortoperator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları”nda nəzərdə tutulmamasına istinad etmiş, eyni əsasla da iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərar ləğv edilmiş və əmək pensiyası dayandırılmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdə mübahisə iddiaçının tutduğu bortoperator vəzifəsinin “mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrə” və ya "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 21.3-cü bəndinin 9-cu hissəsinə əsasən hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperatora aid olması ilə bağlıdır. Belə ki, həmin Qərarın qeyd edilən bəndinin 7-ci hissəsində hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin hava gəmilərinə xidmət üzrə iş stajlarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində göstərilən işlər də aid edilməsinə dair qeyd vardır. SSR Mülki Aviasiya Nazirliyinin Uçuş Xidməti İdarəsinin rəisi tərəfindən 28 mart 1984-cü ildə təsdiq edimiş və 1 yanvar 1985-ci il tarixdən qüvvəyə minmiş İL 76 tipli hava gəmisinin uçuş istismar təlimatından görünür ki, İL 76 T tipli təyyarə böyük qabaritli texnika və yüklərin magistiral hava yollarında daşınması üçün nəzərdə tutulmuşdur. Həmin hava gəmisinin heyəti 7 nəfərdən ibarətdir: hava gəmisinin komandiri, ikinci pilot, şturman, bort mühəndis, bort radist, böyük bort operator və bort operator. İddiaçının vəkili tərəfindən "xxxx" avia şirkəti MMC-yə vəkil sorğusu ilə müraciət olunmuş və həmin sorğuya 11 aprel 2023-cü il tarixdə 272-ÇS/SWA/CD nömrəli məktubla cavab verilmişdir. Həmin məktubdan görünür ki, “İL 76” tipli hava gəmilərinin uçuş istismarı üzrə təlimatı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" avia şirkəti MMC tərəfindən istismar olunan İl 76 tiplihava gəmilərinin uçuş heyətində (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatının tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaların yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edilir ki, bort operatorlar tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə edilməsində iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. Eyni zamanda iddiaçının vəkili tərəfindən "xxxx" avia şirkəti MMC-dən əldə edilmiş uçuş istismarı təlimatına nəzərə yetirdikdə aşağıdakılar müəyyən edilir: Təlimatın 4.1.2-ci bəndinə əsasən avia şirkət İl 76 TD və İl 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. Təlimatın 4.1.3-cü bəndinə əsasən uçuş heyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: pilotlar, şturman, bort mühəndis, bort radist və bort operatorlar. Adıçəkilən Təlimatın 5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və "xxxx" avia şirkətinə məxsus İl 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Həmin təlimata əsasən avia şirkətin hava gəmisinin heyətinə daxil olan bort operatorlar Azərbaycan Respublikasının «Aviasiya haqqında» Qanununun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhülkəsizlik istehsalat sanitariyyası vəyanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. Adıçəkilən təlimatın 5.4.2-ci bəndinə əsasən "xxxx" avia şirkətində kabin heyəti nəzərdə tutulmamışdır. Həmçinin təlimatın bort operatorlara məxsus vəzifə təlimatlarının icrası hallarına nəzər yetirdikdə müəyyən olunur ki, həmin şəxslər uçuş heyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırırlar. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin qəbul etdiyi 29 dekabr 2022-ci il tarixli qərarlar – əlverişsiz inzibati aktlar qanunauyğun olmamışdır. Qeyd olunması zəruridir ki, hazırkı mübahisə üzrə iddiaçının təlimatçı bort operator vəzifəsində işləməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh inzibati orqan hesab edir ki, təlimatçı bort operator vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında qeyd olunmuş, eləcə də həmin vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarında əks olunmadığından iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsi ilə deyil, 9.1-ci maddəsinin şərtləri yerinə yetirildiyi təqdirdə güzəştli şərtlərlə pensiya hüququ yarana bilər. İddiaçı isə hesab edir ki, o, İL 76 tipi yük hava gəmisinin təlimatçı bort operatoru vəzifəsində işləyir, həmin vəzifə hava gəmisini istehsal edən müəssisə, eləcə də iddiaçının işəgötürəni tərəfindən təsdiq edilmiş normativ sənədlərə əsasən İl 76 tipli yük hava gəmisində bort operator, böyük bort operator və təlimatçı bort operator vəzifələri uçuş heyəti üzvləri hesab edilir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi bort operator vəzifəsinin xüsusiyyətləri, onun gördüyü işin xarakteristikası və yerinə yetirdiyi funksiyalar həmin vəzifənin uçuş heyəti üzvlərinə aid olmasını birmənalı şəkildə təsdiqləyir. Hətta İL 76 tipli yük hava gəmisinin uçuş istismar təlimatı, eləcə də işəgötürən "xxxx" Avia Şirlkəti MMC tərəfinən təsdiq edilmiş uçuş istismarı təlimatına əsasən həmin vəzifə konkret olaraq uçuş heyəti üzvlərindən biri kimi qeyd olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bort operator vəzifəsi konkret olaraq qeyd edilməsə də, həmin bənddə digər uçuş mütəxəssisləri əks olunmuşdur. Bununla da norma yaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir. O da qeyd olunmalıdır ki, mülki aviasiya sahəsi özünəməxsus spesifikliyi ilə seçildiyindən həmin sahədə mövcud olan vəzifələrin səciyyəvi əlamətlərini, onların uçuş heyət üzvlərinə aid olub-olmaması məsələləri üzrə daha dəqiq və dolgun məlumatlar işəgötürən müəssisələrdən əldə oluna bilər. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bort operator vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında əks olunması mövqeyi ilə bağlı diqqətə çəkir ki, həmin vəzifə adıçəkilən Qərarda öz əksini tapsa da, şəxsə həmin Qərara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi o halda mümkün olardı ki, şəxs ümumiyyətlə uçuş heyəti üzvü kimi fəaliyyət göstərməsin və uçuş üzvü heyətində aid olmayan vəzifələrdə işləmiş olsun və onu qanunvericliklə müəyyən edilmiş 12 il 06 ay zərərli iş stajını tamamlamaq üçün bu vəzifə götürülə bilər. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, hava gəmilərinin bort operatorunun yerinə yetirdiyi funksiyalar yük və sərnişin gəmilərində fərqlidir. “ИЛ-76Т” hava gəmisinin uçuş istismarı ilə bağlı rəhbər təlimata əsasən hava gəmisi iriqabaritli texnikanın və yüklərin magistral hava xətlərində daşınması üçün nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən təsdiq olunmuş əmrə əsasən xx.xx.1985-ci ildən qüvvəyə minmiş “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: -hava gəmisimim komandiri; -hava gəmisinin pilotu; -naviqatoru; -bortmühəndisi; -bortradisti; -böyük bortoperatoru; -bortoperatoru. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2-ci bəndinin təhlili onu deməyə əsas verir ki, uçuş heyət üzvlərinin dairəsi qeyd edilən siyahı ilə məhdudlaşmamaqla hava gəmisinin sahibi və istismarçısı tərəfindən də əlavə olaraq müəyyən edilə bilər. “İL-76” tipli hava gəmisinin “Uçuş istismarı üzrə Təlimatı” ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmisnin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma enmə zamanı uçuş heyyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaların yerinə yetirir. Odur ki, iddiaçının işlədiyi “İL-76 T (TD)” yük hava gəmisində bort operator vəzifəsi (sərnişin gəmilərindən fərqli olaraq) heyət üzvü deyil, uçuş heyətinin üzvüdür və bu səbəbdən məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əsaslı olmuşdur. Cavabdeh inzibati orqan isə "xxxx" QSC-dən aldığı sorğuya cavabla kifayətlənmiş, həmin qurumun yuxarıda qeyd edilənlərə əsasən “İL-76 T (TD)” hava (yük) gəmisinin istismarçısı olmamasını araşdırmadan, eləcə də sorğusuna cavab olaraq həmin hava gəmisinin istismarçısı "xxxx" MMC təqdim edilmiş aydınlaşdırıcı arayışı nəzərə almadan qanunsuz əlverişsiz inzibati akt(lar) qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********2 qərarı qanuna, pensiya qanunvericiliyi üzrə müvafiq maddi hüquq normalarına zidd olmaqla qəbul edilmiş sayılır və həmin qərar həm də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olur, cavabdehin iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********5 nömrəli qərarına gəldikdə isə, «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin tələbləri baxımından cavabdehin həmin qərarı inzibati orqanın mövqeyi əsassız olduğundan adekvat qəbul olunmuş kimi qiymətləndirilmir və qanuna zidddir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5460/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5460/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-674/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-674/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver