Məhkəmə qərarları › İş №2-1(103)-675/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-675/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-675/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-1(112)-400/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ə2825ş/h nömrəli, 16.09.2019-cu il tarixli əmrinin ləğv edilməsi və onun xidməti vəzifəsinə bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin ə2825ş/h nömrəli, 16.09.2019-cu il tarixli əmrinə əsasən iddiaçı daxili işlər orqanlarından xaric edilmişdir. Sözügedən əmrin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı DİO əməkdaşlarının etik davranış kodeksinin 7-ci maddəsini, İntizam nizamnaməsinin 3.2-ci bəndini və DİN-nin Tibb İdarəsinin 05.04.2016-cı il tarixli, Q15-001-16 nömrəli qərarı ilə təsdiqlənmiş Əsasnamənin tələblərini pozaraq vətəndaş Sevinc Qəribovanın əməliyyatını tələb olunan qaydada aparmamışdır. Bu hal cərrahi əməliyyatdan sonra onun ölümü ilə nəticələnmişdir. Bu hərəkəti ilə iddiaçının polisin nüfuzuna və DİO əməkdaşlarına xələl gətirdiyi göstərilərək Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən iddiaçı xidmətdən xaric edilmişdir. Əmrdə heç bir izah və əsaslandırma olmadan yalnız daxili işlər orqanlarında xidmət keçmə haqqında Əssanamənin 135-ci maddəsinin 9-cu bəndinə istinad olunmuşdur. Halbuki Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndində qeyd edilmişdir ki, daxili işlər orqanının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Lakin belə bir hal mövcud deyildir və baş verməmişdir. Əsasnamənin tələblərinə zidd olaraq onunla bağlı mübahisəli əmrdə iddiaçının xidmətdən xaric edilməyinin zəruriliyi əsaslandırılmamış, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətin nədən ibarət olması və onun kimlərin adına ləkə gətirməsinin hər hansı formasını sübuta yetirən hallar göstərilməmişdir. Eyni zamanda DİO əməkdaşlarının etik davranış kodeksinin 7-ci maddəsini, “İntizam nizamnaməsinin” 3.2-ci bəndini və DİN-nin Tibb İdarəsinin 05.04.2016-cı il tarixli, Q15-001-16 nömrəli qərarı ilə təsdiqlənmiş Əsasanamənin tələblərini pozaraq iddiaçının vətəndaş Sevinc Qəribovanın cərrahi əməliyyatını tələb olunan qaydada aparmamağı ümumiyyətlə həqiqətə uyğun deyildir və heç bir sübutla təsdiqlənmir. İddiaçının icra etdiyi cərrahi əməliyyatla Sevinc Qəribovanın əməliyyatdan təxminən 10 saat sonra baş verən ölümü arasında heç bir səbəbli əlaqə yoxdur. Bunu təsdiq edən heç bir sübut (tibbi sənədlər, həkim-ekspert rəyi və s.) mövcud deyildir. Belə ki, Sevinc Qəribova burun çəpərinin əyriliyi və xarici burun deformasiyası diaqnozu ilə LOR şöbəsinə daxil olmuşdur. Sağlamlığının təsdiq edilməsi üçün və cərrahiyə üçün zəruri bütün analiz və müayinələrdən keçdikdən sonra, əməliyyat etmək üçün əks göstəriş aşkar edilməmişdir. Xəstənin ölümünün səbəblərini özündə əks etdirən tibbi sənədlərdən və həkim qənaətlərindən görünür ki, ölümün baş vermə səbəbi ağciyər arteriyasının tromboemboliyası-qəfləti ürək dayanması faktıdır ki, bunun da iddiaçı tərəfindən icra edilmiş cərrahi əməliyyatla heç bir əlaqəsi yoxdur. Bunu təsdiq edən bütün sənədlər DİN-nin hospitalında saxlanılır. Habelə, mövcud tibbi sənədlərdən görünür ki, Sevinc Qəribovanın ölümü əməliyyatdan dərhal sonra deyil, düz 10 saat sonra palataya köçürüldükdən sonra baş vermişdir. Halbuki, otorinolorinqologiyada burun əməliyyatlarından sonra ölüm hadisələri adətən, əməliyyat vaxtı və əməliyatdan dərhal sonra baş verir ki, buna da səbəb profuz qanaxma, posttravmatik onurğa-beyin mayesinin axması, ödəm, yuxarı tənəffüs yollarının abstruksiyası və asfiksiya ola bilər. Digər sonrakı ağırlaşmalar nəticəsində baş vermiş ölüm hadisəsi bunların sırasına daxil deyildir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı işindən ayrılmış, həqiqətə uyğun olmayan məlumatlara söykənən qanunsuz əmr cəmiyyət, kollektiv və iddiaçını tanıyan digər şəxslər arasında onun barəsində mənfi rəy yaratmış, iddiaçının şərəf və ləyaqətini ləkələmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, burun nahiyyəsindəki deformasiyanın aradan qaldırılması ilə bağlı müraciət etmiş DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Terapiya şöbəsinin sabiq tibb bacısı Sevinc Qəribovanın müayinəsini tələb olunan qaydada aparmayaraq ölüm faktını istisna edə biləcək bütün halları müəyyən etmədiyinə, xəstənin əvvəllər trombozdan əziyyət çəkməsini aşkarlanmaması ilə cərrahiyə əməliyyatından sonra ölümü ilə nəticələnməsinə səbəb olduğuna, bu hərəkətləri ilə polisin nüfuzuna və daxili işlər orqanlarının əməkdaşı adına xələl gətirdiyinə görə iddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) əsasən xidmətdən xaric edilmişdir. Odur ki, DİN-in 11.09.2019-cu il tarixli, Ə727- 001-19 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair daxili işlər orqanlarının sabiq əməkdaşı İddiaçı iddiası əsassızdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2-1(112)-400/2020 saylı qərarı ilə iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ə2825ş/h nömrəli, 16.09.2019cu il tarixli əmrinin ləğv edilməsi və onun xidməti vəzifəsinə bərpa edilməsi vəzifəsinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək DİN (polis əməkdaşına) aid Azərbaycan Respublikasında mövcud olan bütün normativ-hüquqi sənədlərə ayidiyyəti oldu olmadı istinad edir və öz Qərarında sadalayır. Qərarın 99 %-i polis haqqında qanunvericilikdir. Daha sonra 1 abzasdan ibarət işin mahiyyəti üzrə şərh verməyə çalışır ki, o da mübahisələndirilən Qərardan olduğu kimi götürülmüş fikirdir. Beləliklə, birinci instansiya məhkəməsi öz qərarında heç bir əsaslandırma, işin faktiki halları ilə ayidiyyəti normativ aktlarla müqayisəli şəkildə hər hansı bir şərh etmədən şablon qərar qəbul etməklə kifayətlənir. Halbuki, icra etdiyi cərrahi əməliyyatla Sevinc Qəribovanın əməliyyatdan təxminən 10 saat sonra ölümü arasında heç bir səbəbli əlaqə yoxdur. Bunu təsdiq edən heç bir sübut (tibbi sənədlər, həkim-ekspert rəyi və s.) yoxdur. Belə ki, Sevinc Qəribova burun çəpərinin əyriliyi və xarici burun deformasiyası diaqnozu ilə Lor şöbəsinə daxil olmuşdur. Sağlamlığının təsdiq edilməsi üçün və cərrahiyyə üçün zəruri bütün analiz və müayinələrdən keçdikdən sonra, əməliyyat etmək üçün əks göstəriş aşkar edilməmişdir. Xəstənin ölümünün səbəblərini özündə əks etdirən tibbi sənədlərdən və həkim qənaətlərindən görünür ki, ölümün baş vermə səbəbi ağ ciyər arteriyasının tromboemboliyası-qəfləti ürək dayanması faktıdır ki, bunun da icra edilmiş cərrahi əməliyyatla heç bir əlaqəsi yoxdur. Bunu təsdiq edən bütün sənədlər DİN-in Hospitalında saxlanılır. Habelə, mövcud tibbi sənədlərdən görünür ki, Sevinc Qəribovanın ölümü əməliyyat zamanı, yaxud da əməliyyatdan dərhal sonra deyil, düz 10 saat sonra palataya köçürüldükdən sonra baş vermişdir. Halbuki, otorinolarinqologiyada burun əməliyatlarından sonra ölüm hadisələri adətən, əməliyyat vaxtı və əməliyyatdan dərhal sonra baş verir ki, buna da səbəb profuz qanaxma, posttravmatik onurğa-beyin mayesinin axması, ödəm, yuxarı tənəffüs yollarının abstruksiyası və asfiksiya ola bilər. Digər sonrakı ağırlaşmalar nəticəsində baş vermiş ölüm hadisəsi bunların sırasına daxil deyildir. Bu hal bir daha sübuta yetirir ki, yuxarıda qeyd edilən əmrdə xidmətdən xaric olunmağına dair əsaslar ümumiyyətlə mövcud deyil, sadəcə əsası olmayan formal mülahizələrdir. Cavabdehin özünün də istinad etdiyi və guya təqsiri müəyyən edildiyi sənəd DİN-in 03 və 05.09.2019-cu il tarixli göstərişləri əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair Rəy adlı sənəddir. Həmin Rəyin 8-ci vərəqinin sonuncu abzasında qeyd edilir ki, “Səhiyyə Nazirliyinin 2019-cu il 10 sentyabr 02/19-7648 nömrəli məktubuna əsasən Sevinc Qəribovanın ağciyar arteriyasının tromboemboliyası və qəfləti ürəkdayanması diaqnozu ilə nəticələnən ölümü İddiaçı tərəfindən icra olunan rinoseptoplastika cərrahi əməliyyatı ilə əlaqədar deyildir və otorinolarinqoloji ağırlaşma hesab edilmir”. Bu hal onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ümumiyyətlə heç bir araşdırma aparmayıb, qərarında hər hansı bir şərh, normanın təfsirini görmək mümkün deyil. Yalnız polis haqqında mövcud olan normaları birəbir “copy past” edərək öz Qərarına əlavə edibdir. Daxili İşlər Nazirliyinin ə2825ş/h saylı, 16.09.2019-cu il tarixli Əmri qeyri-qanuni və əsassızdır, qanunvericiliyə zidd olduğuna görə onun konstitusiya və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən həmin Əmr ləğv edilməli və onun xidməti vəzifəsinə bərpa edilməyi bir vəzifə kimi həmin dövlət orqanının üzərinə qoyulmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlk növbədə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində qeyridəqiqliyə yol vermişdir. Belə ki, iddiaçının ləğv edilməsini xahiş etdiyi əmr 11.09.2019-cu il tarixli olmasına baxmayaraq iddia tələbində 16.11.2019-cu il tarixli əmrin ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə qərarın əsaslandırma hissəsində 11.09.2019-cu il tarixli əmrə istinad etsə də qərarın nəticə hissəsində 16.11.2019-cu il tarixli əmrin ləğv edilməsinin rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində qeyd edilən 16.09.2019-cu il tarixli əmri, 11.09.2019-cu il tarixli əmr kimi qəbul edib oxunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar dəyişdirilməli, iddia rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı 24.06.2006-cı il tarixdə Azərbaycan Tibb Universitetini həmin müalicə işi ixtisası üzrə bitirmişdir. Moskva elmi-X1 dissertasiya şurasının qərarı ilə 15.09.2011-ci ildə iddiaçıya tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25.11.2014-cü il tarixli qərarı ilə iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 0601 nömrəli, 12.09.2012-ci il tarixli “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”yə əsasən iddiaçıya “Otorinolorinqologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul olmasına icazə verilmişdir. İddiaçının əmək kitabçasına əsasən 01.09.2006-cı ildən 31.08.2008-ci ilə qədər M.F.Vladimirski adına Moskva vilayət elmi-tədqiqat kliniki institutunda “Otolorinqologiya” ixtisası üzrə klinik ordinaturada, 01.09.2008-ci ildən 18.06.2010-cu ilə qədər həmin institutda aspiranturada olmuşdur. 03.12.2012-ci ildən 19.10.2015-ci ilə qədər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında cərahiyyə bölməsində otorinolorinqoloq işləmiş, 30.11.2015-ci ildən 16.09.2019-cu ilə qədər Daxili İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11 sentyabr 2019-cu il tarixli, Ə727- 001-19 nömrəli əmrindən çıxarışa əsasən hospitalın terapiya şöbəsinin tibb bacısı Sevinc Qəribova otolorinqologiya şöbəsinin baş ordinator-otolorinqoloqu İddiaçı müraciət edərək burun nahiyəsindəki deformasiyanın aradan qaldırılması ilə bağlı əməliyyat olmaq istədiyini bildirmiş, sonuncu 02.09.2019-cu il tarixdə S.Qəribovanın üzərində rinoseptoplastika əməliyyatı keçirməyə razılıq vermiş, lakin əməliyyatdan əvvəl keçirilmiş tibbi müayinələr zamanı onun tromboz xəstəliyindən əziyyət çəkdiyi aşkarlanmamışdır. 03.09.2019-cu ildə saat 14:00 radələrində tibb xidməti baş leytenantı İddiaçı tərəfindən əməliyyat olunmuş Sevinc Qəribova narkozdan ayıldıqdan sonra palataya köçürülmüş, saat 22.30 radələrində vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilmişdir. Lakin görülmüş reanimativ tədbirlərə baxmayaraq saat 23.30-da ağciyərin arterial tromboemboliyası səbəbindən ölümü qeydə alınmışdır. “DİO əməkdaşlarının etik davranış kodeksi”nin 7-ci maddəsinin, “İntizam Nizamnaməsi”nin 3.2-ci bəndinin və DİN-in 05.04.2016-cı il tarixli Q15-001-16 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərini pozaraq burun nahiyəsindəki deformasiyanın aradan qaldırılması ilə bağlı müraciət etmiş Hospitalın əməkdaşının müayinəsini tələb olunan qaydada aparmayaraq ölüm faktını istisna edə biləcək bütün halları müəyyən etmədiyinə, xəstənin əvvəllər trombozdan əziyyət çəkməsini aşkarlamaması cərrahiyyə əməliyyatından sonra ölümü ilə nəticələndiyinə, bu hərəkətləri ilə polisin nüfuzuna və daxili işlər orqanlarının əməkdaşı adına xələl gətirdiyinə görə DİNin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Otolorinqologiya şöbəsinin baş ordinator-otolorinqoloqu tibb xidməti baş leytenantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) əsasən xidmətdən xaric edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdehin təqdim etdiyi İddiaçı arxiv şəxsi işindən xidmətkeçmə siyahısının surətinə əsasən iddiaçı tibb xidməti baş leytenantıdır, xx.xx.1983-cü ildə doğulmuşdur, azərbaycanlıdır, Azərbaycan Tibb Universitetində, Moskva vilayəti X6 İnstitutunda təhsil almışdır, tibb elmləri fəlsəfə doktorudur, hərbi xidmətdə olmamışdır, 30.11.2015-ci ildən 16.09.2019-cu ilə qədər Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalında otolorinqologiya şöbəsində baş ordinator-otolorinqoloq işləmişdir, işlədiyi dövrdə mükafatları olmamış, 1 intizam tənbehinin olması göstərilmişdir, intizam tənbehi burun nahiyəsindəki deformasiyanın aradan qaldırılması ilə bağlı müraciət etmiş DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Terapiya şöbəsinin sabiq tibb bacısı Sevinc Qəribovanın müayinəsini tələb olunan qaydada aparmayaraq ölüm faktını istisna edə biləcək bütün halları müəyyən etmədiyinə, xəstənin əvvəllər trombozdan əziyyət çəkməsini aşkarlanmaması cərrahiyə əməliyyatından sonra xəstənin ölümü ilə nəticələndiyinə, bu hərəkətləri ilə polisin nüfuzuna və daxili işlər orqanlarının əməkdaşı adına xələl gətirdiyinə görə iddiaçının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə (DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) əsasən iddiaçının xidmətdən xaric edilməsindən ibarət olmuşdur. “Polis haqqında” Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Həmin maddənin İİ hissəsinə əsasən polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. Həmin Qanunun 34-cü maddəsinə görə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; and içməkdən imtina etdikdə; cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; xidmətdə olmanın son yaş həddinə çatdıqda; səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; ştatlar ixtisar edildikdə; fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir (maddənin İ, İİ, İİİ hissələri). “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 114-cü bəndinə uyğun olaraq xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşları adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin 08 aprel 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi”nə görə hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Həmin Kodeksin ümumi müddəalarında qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Həmin Kodeksin 2-ci maddəsində isə göstərilir ki, hər bir əməkdaş xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 8-ci maddəsinə əsasən xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir. Həmin Kodeksin 9-cu maddəsinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Qeyd olunan normalardan göründüyü kimi polis orqanının əməkdaşı vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməli, xidməti borcun yerinə yetirilməsi zamanı başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalı, xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri möhkəm qorumalı, intizamlığı xidmətin əsas meyarlarından biri kimi qəbul etməli, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Həmin Kodeksin 22-ci maddəsinə əsasən, davranış Kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Qeyd olunan normanın mahiyyətindən aydın görünür ki, davranış kodeksində təsbit olunmuş yuxarıda qeyd olunan prinsip və qaydaların polis əməkdaşı tərəfindən yerinə yetirilməməsi - xidməti və icra intizamının pozulması və daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir. İddiaçı da daxili işlər orqanının əməkdaşı olmaqla polis baş tibb leytenantı olmuşdur və yuxarıda qeyd edilən normaların tələbləri də ona aiddir. Belə olan halda iddiaçı əməliyyat etdiyi xəstənin əməliyyatdan əvvəlki yoxlamalarını tam aparmamış, yəni trombozdan əziyyət çəkməsini aşkarlamamışdır, bu da cərrahiyə əməliyyatından sonra xəstənin ölümü ilə nəticələnmişdir ki, cavabdeh bunu daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlər kimi qiymətləndirmişdir və bu səbəbdən iddiaçıya məhz “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmə tənbehinin tətbiq edilməsini məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində mövcud olmayan 16.11.2019-cu il tarixli əmrə istinad etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyindən və həmin ərizə icraata qəbul edildiyindən kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar dəyişdirilməli, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə727-001-19 nömrəli, 11.09.2019-cu il tarixli əmrinin ləğv edilməsi və onun xidməti vəzifəsinə bərpa edilməsi vəzifəsinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2-1(112)-400/2020 saylı qərarı dəyişdirilsin. İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Ə727-001-19 nömrəli, 11.09.2019-cu il tarixli əmrinin ləğv edilməsi və onun xidməti vəzifəsinə bərpa edilməsi vəzifəsinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar