Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-675/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 və 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Qusar rayon X3 Hüquqi şəxsi) “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5750/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2-ci (ikinci) qrup əlillik dərəcəsinin təyin olunması və əlillik vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18 yaşına qədər sağlamlıq imkanları məhdud uşaq olmuşdur. Həkim arayışına əsasən diaqnoz: anadangəlmə hər iki pəncənin deformasiyası (valqus deformasiyası), hər iki pəncələrin 4-cü daraq sümüklərinin anadangəlmə qüsurlu inkişafdan qalması pəncə və baldır əzələlərinin atrafiyası, hərəkət məhdudluğu; funksiya pozğunluğu, yerişin pozulması ağrı sindromu ilə müəyyən olunmuşdur. Hal-hazırda səhhətində kifayət qədər narahatçılıqlar var və get-gedə səhhətində olan narahatçılıqlar olduqca ağırlaşır. Xəstəliyi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Bakı Travmatologiya və Ortopediya institunda ambulator müayinə olunmuş və 280/209 saylı arayışla xəstəliyi təsdiq olunmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində olan Mərkəzi Ekspertiza Komissiyasının eksperti tərəfindən müayinə olunmuş və arayışda göstərilən diaqnozu təsdiq edilmişdir. Qeyd etdiklərinə əsasən ona əlillik dərəcəsinin təyin edilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına “Online” formada müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Halbuki, həkim komissiyası onun özünə əlillik dərəcəsinin düşdüyünü bildirmişdir. Lakin, elektron formada yalnız sənədlər araşdırıldığına görə imtina cavabı gəlir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-5750/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Qusar rayon X3 Hüquqi şəxsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Qusar rayon Mərkəzi Xəstəxanasının xxxxxxx0002 saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə alt sistemə vurulmuş və “Göndərişin natamam doldurulması-Səbəb: Xəstəliyin başlanma tarixi 2003cü ildən göstərildiyi halda xəstənin ambulator və stasionar müraciətləri barədə heç bir qeydiyyat aparılmamışdır” əsası ilə imtina verilmişdir. Daha sonra həmin tibb müəssisəsindən xx.xx.2020-ci il tarixdə xxxxxxx0005 saylı göndəriş əsasında xx.xx.2020ci il tarixdə allt sistemə vurulmuş və “Diaqnoz əlllik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir” əsası ilə imtina verilmişdir. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Burada hər əlillik dərəcəsinə uyğun xəstəlik dərəcəsinə uyğun xəstəlik halları öz əksini tapmışdır. Səhiyyə müəssisəsinin göndərişində sözügedən xəstəliyin ağırlıq dərəcəsi yuxarıda qeyd edilən əsasnamədə göstərilən meyarlara uyğun gəlmədiyindən əlillik təyinatının aparılması mümkün olmamış və əlavə müayinə və müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5750/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə təqdim edərək iddia tələbini geri götürdüyünü, geri götürmənin nəticələrinin ona aydın olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın geri götürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın geri götürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddianın geri götürülməsinə dair ərizə təmin edilməli, iddia geri götürülmüş hesab edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İPM-in 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın geri götürülməsinə dair ərizə təmin edilməli, iddia ərizəsi geri götürülmüş hesab edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Qusar rayon X3 Hüquqi şəxsi) “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair ərizəsi geri götürülmüş hesab edilsin və bu əsasla iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qərardaddan, inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-675/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-675/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver