Məhkəmə qərarları › İş №2-1(103)-675/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-675/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-675/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə X3 qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4440/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 52 yaşı tamam olduğu yəni, xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, təyin ediləcək pensiya məbləğini həcmində əvvəlki dövrlərin ödənilməmiş məbləği ona bərabər şəkildə olmaqla pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1982-cü ildən başlamışdır. Əmək fəaliyyətinin bir hissəsi zərərli işlərdə olmuşdur. Bir sıra sahələrdə işləmişdir. Ondan sonra səhhət ilə əlaqədar olaraq çalışmamışdır. xx.xx.1981-xx.xx.1982-ci illər arasında təhsil almışdır. Onun işlədiyi sahə (12 ilə yaxın) zərərli iş olmuşdur. Ona görədə həmin iş illəri onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına 2006-cı ilədək qüvvədə olmuş Qanuna əsasən pensiyaya çıxmağına imkan verir. Amma iddiaçı bunu yeni bilmiş və cavabdehə ərizə ilə müraciət etmişdir. Sənədlərini toplayıb adiyyatı üzrə cavabdehə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Müraciətinə bu günə qədər cavab verilməmişdir. Hesab edir ki, cavabdeh bununla da hərəkətsizlik edir və pensiya təyinatının aparılmasından süni şəkildə yayınır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4440/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu yəni, xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin ediləcək pensiya məbləği həcmində əvvəlki dövrlərin ödənilməmiş məbləğinin ona bərabər şəkildə olmaqla pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) və digər zəruri sənədlər iş materiallarına əlavə olunmalıdır. Həmin zəruri sənədlər inzibati orqana təqdim olunduqdan sonra sonuncu tərəfindən qəbul edilmiş qərarla razılaşmadığı halda inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ mövcud olacaqdır. Lakin İddiaçı ünvanlanmış “güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında" məktublar məlumat xarakteri daşıyır. Həmin məktublar imtina məzmunlu olmadığından iddiaçının yuxarıda qeyd edilən tələblə bağlı birbaşa məhkəməyə iddia ərizəsi ünvanlaması tələbin mümkünsüz hesab edilməsinə gətirib çıxarır. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ATSC-nin 71 nömrəli məktubunun tarixinin 2005-ci ilə təsadüf etməsi şübhə doğurmuşdur. Belə ki, 16 il sonra inzibati orqana pensiya təyinatı ilə bağlı müraciət edən şəxsin sözügedən tarixdə güzəştli arayış alması, həmin müəssisənin hazırda fəaliyyət göstərməməsi, həmçinin inzibati orqanın qanunvericiliklə tələb etdiyi sənədlərin əslinin qərəzli olaraq təqdim edilməməsi əmək kitabçası və ‘güzəştli” arayışda qeyd olunan məlumatların qeyri- mötəbər olması faktına dəlalət edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından da görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə müraciətinin təmininə yönəlmiş hər hansı tədbir görülməmişdir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı ona 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazım olan əmək stajı xx.xx.2006-cı il tarixə qədər toplanmış olduqda, pensiya təyin edilməsi əvələr qüvvədə olmuş qanunvericiliklə yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun təyin edilməlidir. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (qadınlara): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 52 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 20 illik ümumi və 10 illik xüsusi iş stajının toplanması. İşdən aydındır ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olub və 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 52 yaşı tamam olmuşdur. Həmçinin iş materiallarından müəyyən edilir ki, xx.xx.2006-cı il tarixə iddiaçının 20 ildən çox ümumi stajı və 10 ildən çox güzəştli şərtlərlə iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixə təhsil illəri də daxil edilməklə, iddiaçının ümumilikdə 20 il 08 ay 14 gün ümumi stajı mövcuddur. (1982.xx.xx-1981.09.01 = 10 ay 15 gün) (1989.xx.xx-1985.04.26 = 3 il 11 ay 16 gün) + (1994.xx.xx-1989.11.24 = 4 il 3 ay 28 gün) + (2005.10.03 – 1994.03.28 = 11 il 6 ay 15 gün) = 20 il 8 ay 14 gün. Beləliklə iddiaçının xx.xx.2006-cı ilə qədər toplanmış 20 ildən çox ümumi əmək stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. İş materiallarında olan "xxxx"ATSC-nin 71 nömrəli xx.xx.2005-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü ildə Azərbaycan SSR X6 İnşaat materialları Məişət malları Məişət kimyası Bakı Kombinatı X7na (indiki "xxxx" ATSC) həna boyalarının qablaşdırılması sahəsinə qablaşdırıcı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixli 755 nömrəli Dövlət Əmlak Komitəsinin qərarına əsasən X7 "xxxx" X8 Cəmiyyətinə çevrilmişdir. xx.xx.2005-ci il tarixli 93 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası NK-nin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 2 № siyahısında «Həna» və «Basma» kimi bitki boyaların qablaşdırılması ilə məşğul olan qablaşdırıcılar-bükücülər zərərli peşə kimi nəzərdə tutulmuşdur və peşə 2241100a — 19293 koduna uyğundur. İş materiallarında olan "xxxx"ASC-nin 21 nömrəli xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1985-ci il tarixdən Bakı KimyaƏczaçılıq Zavodunun Apteçka sahəsinə şagird vəzifəsinə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdən bükücü-qablaşdırıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXİİ. Yeyinti sənayesi” bölməsində “«Həna» və «Basma» kimi bitki boyaların qablaşdırılması ilə məşğul olan qablaşdırıcılar-bükücülər” (kod 2241100a—19293) nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının xüsusi iş stajı 10 ildən aydan artıq olmaqla, ümumilikdə 15 il 02 ay 16 gündür. (( 1989.04.12 – 1985.08.01 = 3 il 8 ay 11 gün ) + (2005.10.03 – 1994.03.28 = 11 il 6 ay 5 gün ) = 15 il 2 ay 16 gün ). Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının ümumi stajı 20 ildən, xüsusi stajı isə 10 ildən artıqdır və sonuncunun 52 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibət : Cavabdeh apelyasiya şikayətinə - İddiaçı ünvanlanmış “güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında" məktubların məlumat xarakteri daşıdığını, həmin məktubların imtina məzmunlu olmadığından iddiaçının qeyd edilən tələblə bağlı birbaşa məhkəməyə iddia ərizəsi ünvanlaması tələbin mümkünsüz hesab edilməsinə gətirib çıxardığını bildirmişdir. Kollegiya yuxarda qeyd edilən cavabdehin dəlilinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, prosessual qənaət prinsipi baxımından cavabdeh inzibati orqanın cavab məktublarını imtina kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə və xx.xx.2022-ci il 4440/2022 nömrəli qərardad əsasında müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, ona eyni məzmunlu “tələb olunan sənədlərin tam formada təqim edilməsi ilə bağlı” cavab məktubu ünvanlanmışdır. İddia təmin olunduqdan sonra isə cavabdeh apelyasiya şikayəti vermiş və şikayətdə iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ATSC-nin 71 nömrəli məktubunun tarixinin 2005-ci ilə təsadüf etməsinin şübhə doğurduğunu bildirmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, cavabdehin hərəkətləri müraciətin araşdırılması istiqamətində olmamış, iddiaçının müraciəti ilə bağlı araşdırma aparmağa kifayət qədər vaxtı olmasına baxmayaraq, bu müddət ərzində bununla bağlı hər hansı bir inzibati araşdırma aparmamışdır. Bundan başqa cavabdehin “iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ATSC-nin 71 nömrəli məktubunun tarixinin 2005-ci ilə təsadüf etməsinin şübhə doğurması” ilə bağlı apelyasiya şikayətinə göstərdiyi dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, mötəbərlik prezumpsiyasına əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, cavabdehin apelyasiya şikayəti formal mülahizələrdən ibarət olmuş və məhkəmə qərarının əsassız və ya qanunsuz olması sübuta yetirilə bilməmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4440/2022 saylı iş üzrə qəbul etdiyi 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar