Məhkəmə qərarları › İş №2-1(103)-675/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-675/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-675/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması və pensiya təyinatına dair qərarın ləğvi barədə qərarların ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5458/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdtirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək «cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022-ci il tarixli **********9 nömrəli qərarının və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Uzun müddətdir mülki aviasiya sahəsində, o cümlədən, 16 avqust 2004-cü il tarixdən etibarən “X6” Şirkətində təlimatçı bortoperator vəzifəsində işləyir. Ona DSMF orqanı tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Cavabdeh bu mövqeyini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 231 nömrəli 26 oktyabr 2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab olunur ki, cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli 26 oktyabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Mülki aviasiya uçuş və X4 işləyənlərin sığorta satjlarının hesablanması Qaydaları»nın 2.1-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq mülki aviasiyanın uçuş və X4 işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə, hazırda AZAL QSC-də bort operator vəzifəsi mövcud deyildir. İkincisi barəsində araşdırma aparılan şəxslərin heç biri AZAL QSC-nin işçisi deyil və onlar “X6” Şirkətinin əməkdaşlarıdırlar. Buna görə də AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə təyin olunmuş pensiyanın dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədəuyğun olardı. Çünki, bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli qurumdur. Həmin Agentliyə o özü də daxil olmaqla kollektiv şəkildə müraciət ünvanlanmış və həmin müraciətə əsasən bort operator vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda, Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA-nın, eləcə də Agnentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir. İlkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair DSMF orqanı tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır ...” Cavabdeh iddiaya ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «...Bort operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş «Mülki Aviasiya Uçuş və X4 işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nda uçuş heyəti kimi nəzərdə tutulmamışdır. Həmin vəzifələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Nəqliyyat” bölməsinin mülki aviasiya bəndində hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı bort bələdçisi vəzifələri nəzərdə tutur. "xxxx" QSC ona ünvanlanmış sorğulara cavab olaraq bildirilmişdir ki, uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olması səbəbindən, eləcə də bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmamasına görə onlar uçuş heyəti üzvləri hesab olunmurlar. Qeyd olunanlara əsasən iddiaçıya vaxtı ilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında «İnzibati icraat haqqında» Qanunun 28.1.2-ci maddəsinin tələbinə uyğun olaraq 16 dekabr 2022-ci il tarixli xidməti məruzə əsasında inzibati icraat başlanılmış, daha sonra, iddiaçıya qanunverciliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlanmışdır. Bundan başqa, ona vaxtilə pensiya təyin olunması haqqında qəbul edilmiş qərar ləğv edilmiş və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilmişdir. Nəticədə iddiaçıya 1 fevral 2011-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək ümumilikdə 57.531,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edimiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5458/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh DSMF Xüsusi Şərtlərlı Təyinat üzrə Mərkəzi Filialının İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********1 nömrəli qərarı və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında 29 dekabr 2022ci il tarixli **********9 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2011-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə iddiaçıya 57531,02 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən xx.xx.2019-xx.xx.2022-ci illər arasındakı dövr ərzində iddiaçıya artıq ödənilmiş məbləğ yenidən hesablanaraq 21664,49 manata azaldılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76" tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat”a istinad etmişdir. Belə ki, həmin Təlimatda istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunduğu göstərilmişdir. Bununla bağlı bildiririlir ki, qeyd olunan Təlimat normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə normativ hüquqi aktdır və texniki normativ hüquqi aktdan daha üstündür. Bakı İnzibati Məhkəməsi qanunvericiliyin tələblərini pozaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş “İİ-76" tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat”ı əsas göstərərək Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qərara şərh verib. Hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının pensiya təyinatı düzgün aparılmadığından, inzibati orqanın mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Məhkəmənin iddianı təmin etməsi qeyd “qanunçuluq” prinsipinə zidd olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasında qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının hüquqlarına müdaxilə edilməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarına əsasən müəyyən edilir ki, 16 avqust 2004-cü il tarixdən etibarən "xxxx" avia şirkəti MMC-də ş “İL 76” tipli yük hava gəmisində bort operator vəzifəsində işləmiş və ona 1 fevral 2011-ci il tarixli qərarla DSMF tərəfindən ona «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin cavabdehin sonradan aparılmış inzibati araşdırması nəticəsində ona təyin edilmiş əmək pensiyası ilk öncə, iddiaçının uçuş mütəxəssisi hesab edilməməsi əsas gətiriliməklə, 29 dekabr 2022-ci il tarixli qərarı ilə dayandırılmış, eyni tarixli ikinci bir **********1 nömrəli qərarı ilə ona əmək pensiyası təyin olunması barədə qərar ləğv edilmişdir. Lakin iddiaçının pensiya işinə əsasən cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı qəbul edilmiş mübahisələndirilən qərarların pensiya qanunvericiliyinə və inzibati icraat haqqında hüquq normalarına uyğun oluduğu müəyyən edilmir. Belə ki, birincisi, cavabdehin etirazı və apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi iddiaçının “İL 76” tipli yük hava gəmisində tutduğu bort operator vəzifəsinin üçuş heyətinə aid olmadığına əsaslanır. Halbuki, "xxxx" Avia Şirkəti MMC-nin vəkil sorğusuna verdiyi 11 aprel 2023-cü il tarixdə 272-ÇS/SWA/CD nömrəli cavab məktubunda da bildirilir ki, “İL 76” tipli hava gəmilərinin “uçuş istismarı üzrə təlimat”la istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" Avia Şirkəti MMC tərəfindən istismar olunan İL 76 tipli hava gəmilərinin uçuş heyətində (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirir. Bort operatorlar tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə edilməsində iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. "xxxx" Avia Şirkəti MMC-dən əldə edilmiş uçuş istismarı Təlimatının 4.1.2-ci bəndi məhz, onu nəzərdə tutur ki, avia şirkət İL 76 TD və İL 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. Təlimatın 4.1.3-cü bəndinə əsasən uçuş heyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər: pilotlar, şturman, bort mühəndis, bort radist və bort operatorlar. Həmin Təlimatın 5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə aviaşirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və "xxxx" Avia Şirkətinə məxsus İL 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır. Həmin təlimata əsasən avia şirkətin hava gəmisinin heyətinə daxil olan bort operatorlar «Aviasiya haqqında» Qanunun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhülkəsizlik istehsalat sanitariyyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. Göründüyü kimi, iddiaçının işlədiyi bort operator vəzifəsinin xüsusiyyətləri, onun gördüyü işin xarakteristikası və yerinə yetirdiyi funksiyalar həmin vəzifənin uçuş heyəti üzvlərinə aid olmasını birmənalı şəkildə təsdiqləyir. Hətta “İL76” tipli yük hava gəmisinin uçuş istismar təlimatı, eləcə də işəgötürən "xxxx" avia şirlkəti MMC tərəfinən təsdiq edilmiş uçuş istismarı təlimatına əsasən həmin vəzifə konkret olaraq uçuş heyəti üzvlərindən biri kimi qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bort operator vəzifəsi konkret olaraq qeyd edilməsə də, həmin bənddə digər uçuş mütəxəssisləri əks olunmuşdur. Bununla da norma yaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir. Həmçinin qeyd olunmalıdır ki, mülki aviasiya sahəsi özünəməxsus spesifikliyi ilə seçildiyindən həmin sahədə mövcud olan vəzifələrin səciyyəvi əlamətlərini, onların uçuş heyət üzvlərinə aid olub-olmaması məsələləri üzrə daha dəqiq və dolgun məlumatlar işəgötürən müəssisələrdən əldə oluna bilər. Birinci instansiya məhkəməsi tərəfindən də məhz, haqlı olaraq qeyd olunanlar nəzərə alınmış və məhkəmə hesab etmişdir ki: “ ...Cavabdeh inzibati orqanın bort operator vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında əks olunması mövqeyi ilə razılaşmayraq haqlı olaraq qeyd etmişdir ki, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə «Əmək pensiyaları haqqında» Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən təyin edilməlidir. Odur ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatında onu рэьшт Qanunun 9.3-cü maddəsi deyil, 9.1-ci maddəsi üzrə nəzərdə tutulan şəxslərə aid etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlı Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********1 nömrəli qərarı qanuna, pensiya qanunvericiliyi üzrə müvafiq maddi hüquq normalarına zidd olmaqla qəbul edilmiş sayılır və həmin qərar həm də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olur. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlı Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair qərarın ləğvi haqqında 29 dekabr 2022-ci il tarixli **********1 nömrəli qərarı qanuna, pensiya qanunvericiliyi üzrə müvafiq maddi hüquq normalarına zidd olmaqla qəbul edilmiş sayılır və həmin qərar həm də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olur. «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin tələbləri baxımından cavabdehin iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında qərarı inzibati orqanın mövqeyi əsassız olduğundan adekvat qəbul olunmuş kimi qiymətləndirilmir və qanuna zidddir...” Beləliklə də iddiaçının əmək pensiyasının dayandırılmasına dair qərarın qanunsuz olduğu sübuta yetirilir. «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsi isə nəzərədə tutur ki, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İddiaçıya əmək pensiyası təyin edilməsi barədə etimad göstərdiyi 1 fevral 2011-ci il tarixli qərarın ləğv edilməsinə gəldikdə isə burada cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının tələbləri əsaslı surətdə pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinin tələbğinə gərə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri onu demyə əsas verir ki, konkret halda da, məhz, cavabdeh iddiaçının etimad göstərdiyi DSMF-nin Hacıqabul rayon şöbəsinin qərarı əsasında illər ərzində hər ay ona pensiya ödənildiyi, hazırda isə aşkar ahıl dövründə pensiya ödənişin dyandırılması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmişdir. Ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş digər sənədlərə əsasən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə pensiyaçı tərəfindən yol verilməsi ilə bağlı heç bir əsaslandırma da mövcud deyil və bununla əlaqədar dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Göründüyü kimi, cavabdeh orqan tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı barədə qərarın ləğv olunması haqqında qərarın qəbul edilməsi də əsassız olmuş iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq mübahisələndirilən qərarların ləğv edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar çıxarılıdığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5458/2023 nömrəli xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5458/2023 nömrəli xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar