Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-676/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlillik haqqında arayışın təsdiq edilmiş surətinin verilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11773/2021 saylı 16.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 17.07.2021-ci iltarixdə təsdiq edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayışın təsdiq edilmiş surətini (imzalanmış və möhürlənmiş şəkildə) ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11773/2021 saylı 16.11.2021-ci il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1979-cu il tarixində Laçın rayonu Pircahan kəndində anadan olmuş,1996-cı illərdə AR Silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 2004-cü ildə silahlı qüvvələrin 10 illik yubileyi, 2008-ci ildə 90 illik yubileyi, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərinə görə medallarla təltif edilmişdir. Hal-hazırda ehtiyatda olan zabitdir. 2014-cü ildən 2-ci qrupp müharibə əlilidir. 25.06.2021ci ildə ƏƏSMN-nin göstərişi ilə müayinə olunaraq əlilliyinin səbəbi dəyişdirildi. Sonradan 30.06.2021-ci il tarixində Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən forma 88-in elektron sistemə daxil edildikdə ona 09.07.2021-ci il tarixində 5 il müddətinə 2-ci qrup əlillik təyin olunmuşdur. Bu barədə onun şəxsi kabinetində qeydiyat vardır. Və SMS vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. Daha sonra, iddiaçı tərəfindən AR Konstitusiyasının 147, 149-cu maddələrinə, AR Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə və Nazirlər Kabinetinin “Əlillyin qiymətləndirilməsi Qaydası haqqında” 16.01.2020-ci il tarixli 11 saylı Qərarına, habelə İPM-in 4.1-ci və 33-cü maddələrinə istinadən şikayətini təmin olunması məhkəmədən xahiş olunur. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova iddiaçının apellyasiya şikayəti ilə ilə razılaşmadığını bildirərək, işə Şirvan İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarıdadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 2.2.2ci və 2.2.3-cü maddələrinin tələblərindən görünür ki, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), eləcə də inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsi tələbinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) - inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının iddia tələbindən göründüyü kimi, 17.07.2021-ci ildə təsdiq edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında arayışın təsdiq edilmiş surətinin (imzalanmış və möhürlənmiş şəkildə) ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. İPM-in qeyd olunan 2.2.2-ci və 2.2.3-cü maddələrinin tələbləri baxımından iddiaçının iddia ərizəsində irəli sürdüyü tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğun gəlir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi məcburetmə haqqında iddia növü kimi qiymətləndirilmişdir, hər bir halda, mübahisəyə inzibati prosessual qanunvericitliyin tələbləri baxımından,ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, İPM-in 8.1.2-ci maddəsinin 01.10.2021-ci il tarixindən qüvvədə olan redaksiyasına görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqana qarşı maraqlı şəxs tərəfindən qaldırılan mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara qanunla qorunan hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbayjan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı yaşayış yerini müəyyən edən sənədlər sayılır. İş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan müəyyən olunur ki, xx.xx.1979-cu il tarixdə Laçın rayonu, Pircahan kəndində doğulmuş İddiaçı Laçın rayonu, Qayğı qəsəbə Ərazi Dairəsi, Qayğı qəsəbəsində qeydiyyatdadır. Belə olan halda, İPM-in qeyd olunan 8.1.2-ci maddəsinin tələbi baxımından hazırkı mübahisəyə Laçın rayonunun aid olduğu inzibati məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid ərazi vahididir (b.19.5.) Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11773/2021 saylı 16.11.2021-ci il tarixli qərardadı ilə işin ərazi adiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur. İPM-in 8.2-ci maddəsi də məhz, nəzərdə tutur ki, ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının ləğvini tələb edən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11773/2021 saylı 16.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 8, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11773/2021 saylı 16.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-676/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-676/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver