Məhkəmə qərarları › İş №2-1(103)-677/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-677/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-677/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat idarəsinin nümayəndəsi X1 iştirakı ilə pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-28/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona pensiya təyin edərkən xidmət illərinə görə vəzifə maaşına 30% həcmində əlavə əmək haqqı, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, daha 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 3 qat misli qədər maddi yardım (mükafat) nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80% miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının mübahisələndirdiyi 5 halın heç birini məhkəmə aydınlaşdırmamış, onlara hüquqi qiymət verməmiş, inzibati işlə əlaqəsi olmayan normaları qərarda göstərmiş və nəticədə əsassız qərar qəbul etmişdir. İddia ərizəsində ədliyyə orqanlarında qulluq stajının 18 il 3 ay 1 gün olduğunu göstərsə də və bunu müvafiq sübutlarla təsdiq etsə də, məhkəmə həmin fakt ətrafında araşdırma aparmamış, təqdim etdiyi əmək kitabçasına baxıb, qərarda buna qiymət verməmiş, «Dövlət qulluqçularının pensiya təyinatı haqqında» AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dən dövlət, sovet, partiya orqanlarında çalışan dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstəriiən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmani ilə təsdiq edilmiş siyahının 1.14 maddəsinə görə hüquqi əsasın olmasını nəzərdən qaçırmışdır. Beləliklə, xx.xx.1980-ci ildən Bakı şəhəri Nərimanov rayon məhkəməsində məhkəmə iclas katibi, sonra məhkəmə icraçısı, baş məhkəmə icraçısı və baş inspektor vəziəfələrini xx.xx.1995-ci ilədək dövlət qulluğu vəzifəsi sayılaraq 15 ildən çox müddəti əhatə etdiyi üçün qulluq stajına görə 30% əlavə haqq almaq hüququ vardır. Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi Qaydalarının (Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 665 saylı Fərmanı ilə təsdiq edilmişdir) 4-cü bəndinə əsasən, dövlət qulluqçusuna xidmətin ikinçi ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq 5 ildən 10 ilədək müddət üçün aylıq vəzifə maaşına əlavə 10%, 10 ildən 15 ilədək 20%, 15 ildən yuxarı 30% ödənilir. Onun 15 ildən çox dövlət qulluğunda stajı olduğu üçün bu hüququ əldə etmişdir. Məhkəmə qərarın 5-ci səhifəsində göstərir ki, dövlət məvacibinə əlavələr barədə «hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir». Buna görə də iddianın təmin edilməsinə əsas olmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş xx.xx.2018-ci ii tarixli 8/5-1021 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən verilmiş arayışda göstərilir ki, «dövlət büdcəsində il ərzində işçilərin vəzifə maaşlarının üç misli həcmində mükafat nəzərdə tutulur. Bundan əlavə Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət və hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı həcmində müavinət ödənilir». Belə olan halda məhkəmə daha hansı əlavə təsdiqedici sənədi ondan tələb edə bilərdi? İşə belə yanaşma nəticəsində məhkəmə yalnış qərar qəbul etmişdir. Məhkəmədən xahiş etmişdi ki, pensiya məbləği hesablanarkən orta əmək haqqının 80% miqdarında pensiya təyin edilsin. Cavabdeh səhvən bunu 75% civarında müəyyən etmişdir. Bu məsələ də qərarda öz həllini tapmamış, mövcud olan Qanunun tələbi pensiya işinə tətbiq edilməmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 20.11-ci maddəsində deyilir ki, dövlət qulluqçusuna əlavələr dövlət qulluqunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq əmək məbləğinin 55% miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5% miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80% miqdarında çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Onun 15 ildən çox dövlət qulluğunda olduğu rəhbər götürülərək məhkəmə ona 80% miqdarında pensiya təyin edilməsini cavabdehin üzərinə həvalə edilməli idi. İşə baxan məhkəmə bütün bu normalara saymazyana yanaşmış və kobud səhvə yol vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət qismən əsaslıdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, iddiaçıya təyin olunmuş dövlət qulluqçusunun əmək pensiyasının yenidən hesablanması üçün qanunun səlahiyyət verdiyi cavadbeh inzibati orqanın bu məsələ ilə bağlı qərar qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada inzibati akt qəbul edildikdən sonra əmək pensiyası hüququnun yeni məbləğdə realizəsi mümkün olur. İşdə olan, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli imtina məktubu və iddiaya qarşı xx.xx.2017-ci il tarixli xx/xx-3370 nömrəli etirazından görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən yaşa görə dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi, dövlət qulluğunda stajının 14 il 18 gün, qulluq stajına əlavənin 20%, cəmi 362,70 x 75% = 272,02 manat pensiya alması işin mübahisəsiz hallarıdır. Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda göstərmişdir ki, iddiaçının xx.xx.1976-xx.xx.1981-ci il tarixlərdə Nərimanov Rayon Məhkəməsində işlədiyi məhkəmə iclasının katibi və iş icraçısı vəzifələri ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələr sırasına aid edilmədiyi üçün həmin müddətin onun qulluq stajına daxil edilməsi qanunvericiliyə ziddir. Məhkəmə kollegiyası cavabdehin imtinasının qeyd olunan dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.14-cü bəndinə əsasən, əvvəllər rayon (şəhər) məhkəmələri, hərbi tribunalları (məhkəmələri) aparatında məhkəmə iclasının katibi vəzifəsi hazırda rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələri aparatında məhkəmə iclasının katibi vəzifəsinə uyğundur. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1977-xx.xx.1979 və xx.xx.1980xx.xx.1981-ci il tarixlərdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsində işləmişdir. Bununla da, iddiaçının dövlət qulluğunda iş stajı cavabdehin bildirdiyi kimi 14 il 18 gün yox, 15 ildən çoxdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə görə, dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: qulluq stajı (il) 15 ildən yuxarı aylıq vəzifə maaşına əlavə haqq (faizlə) 30. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia xidmət illərinə görə vəzifə maaşına 30% həcmində əlavə əmək haqqının pensiyaya hesablanması tələbinə dair hissədə əsaslıdır. İddia hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin pensiyaya hesablanması tələblərinə dair hissələrdə əsaslıdır. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 23.2-ci maddəsinə görə, ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Eyni Qanunun 23.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. «Dövlət qulluğu haqqında» Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın 2 və 3-cü bəndlərinə görə, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır (2). Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur (3). Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalı olduğu üçün, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanan bəzi əlavələri də nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki, qanunverici bu məsələdə əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyi əsas məqsəd kimi qarşıya qoymuşdur. Buna görə də, həmin əlavələr iddiaçı tərəfindən dövlət qulluqçusunun məvacibinin tərkibinə daxil olmaqla onun tərəfindən alınmadığı və bu barədə müvafiq arayışlar təqdim edilmədiyi üçün iddiaçının pensiyasının qeyd olunan əlavələr nəzərə alınmaqla yenidən hesablanmasının mümkün olmadığına dair mülahizələr əsassızdır. «Dövlət qulluğu haqqında» Qanunun 23.4-cü maddəsi də məhz ona yönəlmişdir ki, dövlət qulluqçusu özünün işlədiyi vaxt almadığı əlavələri sonradan həmin əlavələr dövlət məvacibinin tərkibinə daxil edildiyi üçün onları nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilsin. Bununla yanaşı, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyil. Qanunvericiliyin təhlili göstərir ki, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, digər bir qrup əlavələr belə bir mülahizədən asılı olmayaraq, qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar işlədiyi dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq, birbaşa qanundan irəli gəlməklə, imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilsin. Dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olan əlavələrə münasibətdə isə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüldüyü (görülməli olduğu) qənaətinə gəlmək inzibati orqanının diskresion səlahiyyətinə müdaxilə olardı. Başqa sözlə, «iddiaçı əgər həmin dövrdə işləsəydi iş yerinin rəhbərinin mülahizəsindən asılı olan həmin əlavələri də alacaqdı» mülahizəsi hüquqilikdən uzaqdır. Bu baxımdan, iddia pensiyanın əmək haqqının 3 qat misli qədər maddi yardım (mükafat) nəzərə alınmaqla hesablanması tələbinə dair hissədə əsassızdır. Belə ki, «Dövlət qulluğu haqqında» AR Qanununun 24.1-ci maddəsinə görə, dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə»nin: 2-ci bəndinə əsasən, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir; 8-ci bəndinə görə, dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Qeyd olunan normaların tələbindən göründüyü kimi, qanunverici dövlət qulluqçusunun hər bir halda, birmənalı olaraq pul mükafatı ilə təltif ediləcəyini təsbit etməmişdir. Bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin öz səlahiyyətlərindən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Həmçinin, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 12-ci bəndinə görə, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayışəsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün, işlədiyi dövrdə hər il 3 aylıq vəzifə maaşı məbləğdə mükafat aldığını təsdiq edən arayışı təqdim etməyən iddiaçı həmin əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmamışdır. İddia pensiyanın müəyyən edilmiş orta əmək haqqının 80% miqdarında hesablanması tələbinə dair hissədə də əsaslı deyil. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 20.19-cu maddəsinə görə, bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.3. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. İddiaçının xx.xx.1977-xx.xx.1979 və xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə işlədiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixli 6/19-454 nömrəli məktubla xüsusi rütbə nəzərdə tutulan vəzifə kimi qəbul edilmədiyindən, həmin müddət xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajına aid edilmir. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, cavabdehin imtina və etirazının təkrarından ibarət olan və heç bir hesablama və əsaslandırma aparılmayan xx.xx.2019-cu il tarixli 23513 nömrəli ekspert rəyini, digər sübutlarla yanaşı qiymətləndirdikdən sonra, mötəbər sübut kimi qəbul etmir (İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 101-ci maddəsi), cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və eyni əsaslarla birinci instansiya məhkəməsinin gəldiyi nəticəni maddi hüquq normalarının pozuntusu kimi qiymətləndirir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia müzakirə edilən qaydada qismən təmin olunmalı (İPM- 87.6), ekspertiza tədqiqatının dəyəri 145 manat cavabdehdən tutulmalıdır (İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-28/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı pensiyasının xidmət illərinə görə vəzifə maaşına 30% həcmində əlavə əmək haqqı, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və 2 aylıq əmək haqqı məbləğində müalicə xərci nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. 145 (yüz qırx beş) manat məbləğdə ekspertiza tədqiqatının dəyəri cavabdeh AR ƏƏSMN DSMF Xüsusi şərtlərlə təyinat idarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, Dövlət Xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar