Məhkəmə qərarları › İş №2-1(103)-677/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-677/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-677/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 3987/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardımın səviyyəsinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 05.01.1994-cü il tarixli, 1 saylı əmrinə görə Azərbaycan Tibb Universitetinin Rektorunun 11/E saylı əmrinə əsasən Tərtər rayonunda yerləşən Müdafiə Nazirliyinin 2 saylı hərbi-səhra hospitalında (243 saylı hərbi hissədə) 1994-cü ilin N yanvarından 01 fevrala kimi həkim-cərrah kimi ezamiyyətdə olmuşdur. O, vaxt o ATUnun İ Cərrahi xəstəliklər kafedrasında klinik ordinator işləyirdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə dair 04.04.2013-cü ildə etdiyi müraciətə əsasən 20.06.13-cü il, l/Z 3022 N-li məktubla aşağıdakı məzmunda imtina cavab gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1997-ci il tarixli, 216 N-li Qərarında 1991-ci ildən 1994-cü ilədək mülki şəxslərin döyüş bölgələrinə ezamiyyətə getmələrinə görə onlara “Müharibə Veteranı “adının və vəsiqəsinin verilməsi barədə hər hansı bir müddəa yoxdur. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabineti 03 noyabr 2016-cı ildə “Müharibə Veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə müvafiq vəsiqələrinin nümunəsi, eskizinin və təsvirinin təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına dəyişiklik edilməsi barədə Qərar vermişdir. Bu Qərarın 1.1.1-ci bəndinin səkkizinci yarımbəndinin yeni redaksiyasında döyüş bölgəsinə “ezam” olunmuş şəxslərə şamil olunması göstərilmişdir. Bu Qərarın icrasının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsini nəzərə alaraq bütün sənədlərini 2019-cu ildə Dövlət Xidmətinə göndərmiş, lakin Dövlət Xidməti onun barəsində müsbət qərar qəbul etməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaya əsasən İddiaçı döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədi ilə ezamiyyətə göndərilməsini bildirmiş və məhkəmə işinə bu barədə arayışlar əlavə etmişdir. Lakin həmin arayışlarda İddiaçı həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, həmçinin onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat qeyd olunmamışdır. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını, həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3987/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddiaya etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış Z/3487 №-li, 04.10.2019-cu il tarixli məktubdan görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim etdiyi sənədlərə Xidmətinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 17.09.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Belə ki, toplanmış sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. ZE ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı hərbi bilet 01.06.1999-cu il tarixdə Nizami rayon Hərbi Komissarlığı tərəfindən verilmişdir. İddiaçıya məxsus əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1993-01.09.1995-ci il tarixədək Azərbaycan Tibb Universiteti “cərrahi” ixtisası üzrə iki illik təhsil müddətinə klinik ordinaturaya qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin “Döyüş bölqələrində göstərilən ixtisaslaşdırılmış tibbi yardımın yaxşılaşdırılması barədə” 01 №-li, 05.01.1994-cü il tarixli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin rektoruna və Bakı şəhəri X3 yardım xəstəxanasının baş həkiminə Ağdam, Beyləqan, Bərdə, Goranboy və Tərtər rayonlarına universitetin müvafiq kafedralarının işçilərindən və xəstəxananın həkimlərindən ibarət, tərkibində 2 cərrah, 1 travmotoloq və 1 anestezoloq-ranimotoloq olan mütəxəssis briqadaları 15 gün müddətinə ezam edilməsi əmr edilmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin rektorunun İİ/E №-li, 14.02.1994-cü il tarixli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İ cərrahi xəstəliklər üzrə klinik ordinatoru İddiaçı döyüş bölgələrində yaralılara göstərilən ixtisaslaşdırılmış yardım səviyyəsinin artırılması məqsədi ilə 19.01.1994-dən 02.02.1994cü il kimi Tərtər rayonuna ezam edilmişdir. Azərbaycan Tibb Universiteti Kadrlar şöbəsi tərəfindən verilmiş 19.01.1994-cü il tarixli ezamiyyət vərəqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 19.01.1994-cü ildən 02.02.1994-cü ilədək Tərtər rayon hərbi hospitalına ezam olunmuşdur. Azərbaycan Tibb Universitetinin 01-06-05-20/1139 №-li, 27.07.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12.04.2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlama müddətləri göstərilmək nümunəvi Siyahı”nın 1-ci hissəsinin m.20 .v” müvafiq olaraq İddiaçı ezamiyyət vəsiqəsi saxlama müddəti (5 il) keçdiyinə görə universitetin arxivində saxlanılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 1/Z-3022 №-li, 20.06.2013-cu il tarixli məktubdan görünür ki, «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar olaraq göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 14.06.2013-cü il tarixli iclasında baxılmış, təqdim olunan sənədlər hüquqi əsas vermədiyinə görə geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarında 1991-ci ildən 1994-cü ilədək mülki şəxslərin döyüş bölgələrinə ezamiyyətə getmələrinə görə onlara «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi barədə hər hansı bir müddəa yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11/3429 №-li, 08.07.2020-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan sənədlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olmadığından İddiaçı həkim kimi ezam olunması barədə məlumatın alınması üçün Azərbaycan Tibb Universitetinə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçıya verilmiş Ezamiyyə vərəqəsinə əsasən iddiaçı Tərtər rayonuna tibbi yardım məqsədi ilə ezam olunmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı döyüş zonasında həkim kimi tapşırığın yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə iştirakı müvafiq sənədlərlə təsdiqləndiyindən və belə status alınmasına yol verilməyən (“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının döyüş zonalarına qeyd edilən ezamiyyətləri döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Cavabdehin apellyasiya şikayətinin bu dəlilinin əsassız olması iş materiallarında olan sənədlərlə təsdiq olunur. Belə ki, iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin rektorunun İİ/E №-li, 14.02.1994-cü il tarixli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İ cərrahi xəstəliklər üzrə klinik ordinatoru İddiaçı döyüş bölgələrində yaralılara göstərilən ixtisaslaşdırılmış yardım səviyyəsinin artırılması məqsədi ilə 19.01.1994-dən 02.02.1994cü il kimi Tərtər rayonuna ezam edilmişdir. İddiaçıya verilmiş Ezamiyyə vərəqəsinə əsasən iddiaçı Tərtər rayonuna tibbi yardım məqsədi ilə ezam olunmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3987/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cahangir Yusifov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar