Məhkəmə qərarları › İş №2-1(103)-677/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-677/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-677/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı “adın və soyadın dəyişdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9610/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh 3 saylı Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə öhdəliyin icrası haqqında iddia ərizəsi ilə müraciət edərək, iddiaçının soyadının “Salayev”dən “Mustafayev”ə, adının “Renat”dan “Tamerlan”a dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…İlkin olaraq xx.xx.1989-ci il təvəllüdlü iddiaçıya doğum haqqında şəhadətnaməsinə əsasən X1, adı və ata adı verilmişdir. Sonradan isə o, həmin soyadını və adını «İddiaçı» soyadına və adına dəyişdirmişdir. Hazırda həmin soyadını və adını dyişdirilərək əvvəlki soyadına və adına qaytarmaq üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Salayev soyadı babasının soyadı olmuş, hazırda anası Mustafayeva soyadını daşıyır. Onun tələbi təkrar soyadının dəyişdirilməsinə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarının 6.3-cü bəndinə əsasən valideynlərinin birinin soyadı dəyişdirildiyi halda soyadı dəyişmək hüququna əsaslanır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9610/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, Salayev atasının soyadıdır və Renat adını da atasının təkidi ilə qoyub. Hazırda anası Mustafayeva Soyadına keçmişdir və hazirki tələbi əsaslıdır. Lakin işə baxan məhkəmə əhəmiyyətli prosessual addımı atmamış, standart və formal məhkəmə iclasları keçirməklə öz vəzifəsini bitmiş hesab etmişdir…» Məhkəmə kollegiyasının iclaslaında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin (xx.xx.2024) iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaçının 2019-cu ildə ad və soyadını dəyişdirdiyindən Nazirlər Kabinetinin Qərarına əsasən ikinci dəfə ad və soyadın dəyişdirilməsindən imtina olunduğunu vurğulayaraq imtinanın əsaslı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasınının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə soyadını “Salayev”dən “Mustafayev”ə, adının “Renat”dan “Tamerlan”a dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü iddiaçının ilkin doğum haqqında şəhadətnasi üzrə soyadı, adı və ata adı X4 olmuş, atası X3, anası X2 yazılmışdır. Lakin işə əlavə olunmuş “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” AZ-İ № 025581 nömrəli xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, iddiaçı artıq bir dəfə Mustafayev soyadını “Salayev”ə, Tamerlan adını “Renat”a dəyişdirmişdir. Konkret halda işin mübahisələndirlən hallarından isə göründüyü kimi, iddiaçı dəyişdirilmiş soyadını və adını yenidən əvvəlki Mustafayev soyadına və Renat adına dəyişdirilməsini cavabdehdən tələb etmiş, sonuncu 3 saylı Bakı «Asan Xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2019--cu il tarixli 36 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən onun soyadı və adınını dəyişdirldiyindən Nazirlər Kabinetinin 02 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3 və 6.24- 6.28-ci bəndlərinə əsasən növbəti dəfə soyadın və adın dəyişdirilməsindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinin, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ının 6-cı hissəsinin 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşların ın öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən: 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. İddiaçının isə hazırkı iddia tələbi mahiyyət etibarı ilə öz soyadının və adının növbəti dəfə dəyişdirilməsi, daha konkret, əvvəlki soyadına və adına qayıtmaq tələbi təşkil edir. Lakin, həm Ailə Məcəlləsində, həm də «Qaydalar»la (6.24-6-28-ci bəndləri) 18 yaşına çatmış şəxs öz adını başqa ada dəyişdirdikdən sonra, növbəti dəfə adını dəyişdirmək, o cümlədən əvvəlki adına qayıtmaq kimi hüququ nəzərdə tutulmamışdır. “Qaydalar”ın 6.3-cü bəndinin tələbinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göründüyü kiimi, qanunvericiliklə Azərbaycan Respublikası vətəndaşlarına yalnız bir dəfə öz adını dəyişdirmək imkanı verilmişdir. Beləliklə də, iddiaçının soyadı və adının növbəti dəfə dəyişdirilməsindən imtina etməklə, cavabdeh qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Qanunauyğun imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda, məhz, qeyd edildiyi kimi, qeydiyyat orqanını üzərinə düşən öhdəliyi, iddiaçının doğum haqında akt qeydində mübahisələndirilən düzəlişin edilməsindən imtina etməkdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi də nəticə etibarı işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz, əsassız və ədalətsiz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9610/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9610/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar