Məhkəmə qərarları › İş №2-1(103)-678/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-678/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-678/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı Əlimuxtar oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Əlimuxtar oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5765/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Kərimov Ağakərim Əlimuxtar oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 2000 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin ödənilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)2410/2011 saylı qətnaməsinə və Ali Məhkəmənin 2(102)-931/07 saylı bildirişinə əsasən məhdudiyyətin mövcud olması göstərilmişdir. O, ünvan 1 ünvanında mərhum X1 yaşadığı hissəsinin uçulub dağılması və mövcud olmaması səbəbindən müvafiq olaraq texniki pasporta dəyişiklik edilməsinin öhdəsinə qoyulmasına dair 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsində iddia qaldırmış, bununla bağlı hakim Ş.Məmmədova tərəfindən 2(81)-2410/2011 saylı, xx.xx.2011-ci il tarixli sərəncam verilərək Ərazi İdarəsinə göndərilmişdir. İşə baxılarkən o iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə vermiş və 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz(81)-323/2012 saylı xx xxxx 2012-ci il tarixli qərardadı ilə iddianın geri qaytarılması barədə ərizə təmin edilmişdir, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri ona geri qaytarılması qərara alınmışdır. Yəni bu işə baxılarkən hər hansı bir qətnamə çıxarılmamışdır, həmçinin işə baxıldığı vaxt fərdi yaşayış evinin üzərinə məhdudiyyət qoyulması barədə qərardad çıxarılmamışdır, yəni fərdi yaşayış evinin üzərində həbs qoyulmamış, hər hansı bir hərəkətin aparılması qadağan edilməmişdir. Bundan başqa Ali Məhkəmənin 2(102)-931/2008 saylı, xx xxxxx 2008-ci il tarixli qərarı ilə qərardaddan verilmiş şikayət təmin edilməmişdir. Həmçinin məlumdur ki, Ali Məhkəmədə işə baxılarkən qanunvericiliklə əmlak üzərinə məhdudiyyətin qoyulması nəzərdə tutulmamışdır və məhdudiyyət barədə bildirişin də mövcud olması mümkünsüzdür. Nəsimi Rayon Məhkəməsində mirasın qəbulu müddətinin uzadılmasına dair iş üzrə çıxarılmış qətnamə də məhdudiyyətin mövcud olması barədə qeyd edilənlər öz əksini tapmışdır. Cavabdeh tərəfə dəfələrlə ərizə ilə müraciət edərək qanunsuz qoyulmuş məhdudiyyətin götürülməsini tələb etmiş, lakin ərizəsi təmin edilməmişdir və o Bakı İnzibati Məhkəməsində iddia qaldırmağa məcbur olmuş və Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmiş və məhdudiyyətin götürülməsi cavabdehin öhdəsinə qoyulmuşdur. Göründüyü kimi o uzun müddət bu qanunsuzluğun aradan qaldırılmasına çalışmış, miras əmlakın sənədləşdirilməsi illərlə uzanmışdır və bu da təbii ki, onun maddi və mənəvi zərərə məruz qalmağı ilə nəticələnmişdir. O cavabdeh tərəfə müraciət edərək ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə tədbir görülməmişdir və xx.xx.2020-ci il tarixli cavabda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun maddələrinə, həmçinin AR Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və AR Mülki Məcəlləsinin 1097-ci maddəsinə istinad edərək əsas olmadığı və bu səbəbdən də imtina edilməsi göstərilmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5765/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5765/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apelyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, cavabdehin xx xxxxxx 2018-ci il tarixli **********47 nömrəli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 110 saylı fərdi yaşayış evinə dair 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2(81)2410/2011 saylı qətnaməsi və Ali Məhkəmənin 2(102)-931/08 saylı bildirişlərinə əsasən məhdudiyyətin mövcud olduğu qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-905/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evi üzərində məhdudiyyətin götürülməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-905/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçının cavabdehə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsinin cavabdehə həvalə edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası ona vurulmuş 2000 manat məbləğində maddi zərərin və 3000 manat məbləğində mənəvi zərərin tutularaq ödənilməsi hissəsində mümkün sayılmamışdır. Cavabdehin iddiaçıya ünvanlanmış 07 iyul 2020-ci il tarixli **********44 saylı imtina məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)2410/2011 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-931/08 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2784/2019 saylı bidirişləri ilə bağlı olan işlər üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları (əsli və ya qanunamüvafiq qaydada təsdiq olunmuş surəti) və bu barədə məlumatlar rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizənin məqsədinə qanunamüvafiq qaydada yenidən baxılacağı barədə ona 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə və Bakı şəhər Nəsimi rayon Məhkəməsinə **********5 saylı, xx.xx.2019-cu il tarixli və **********37 saylı xx.xx.2019-cu il tarixli məktublar ünvanlanmışdır. Bakı inzibati Məhkəməsinin 2-1(112)-905/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından bəlli olur ki, adı çəkilən məhkəmə bildirişlərinə dair yekun məhkəmə aktları və məlumatlar məhkəmənin sorğusu əsasında əldə edilmişdir. Beləliklə, idarə tərəfindən hər hansı qanunsuz həəkət və ya hərəkətsizliyə yol verilməmiş, iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. Maddi zərəri təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.5, 21.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1- ci maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarını, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçı Kərimov Ağakərim Əlimuxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ona maddi zərərin dəydiyini cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 110 saylı fərdi yaşayış evinə məhdudiyyətin qoyulmasını əsas gətirsə də, sübut etmə yükünü daşıyan iddiaçı ona maddi zərərin dəyməsi ilə bağlı öz iddia tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir. Həmçinin, iddiaçı maddi zərərlə bağlı tələblərini sübuta yetirə bilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb də həmin tələblə bağlı olduğundan, həmçinin, vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilmədiyindən, bu hissədə də iddia tələbləri təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Əlimuxtar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5765/2020 saylı saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar