Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-679/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2804/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (Baş İdarəsinə) qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan vaxtdan iddiaçı nizamnaməsinə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuş, vaxtı-vaxtında öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən vergiləri vergi orqanında bəyan etmişdir. Bununla da, öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. Cavabdehin vergilərin hesablanması barədə 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində 17.390.95 manat vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə iddiaçı tərəfindən hesablanmış vergi məbləği isə, 53.225.59 manat azalma təşkil etmişdir. Hesab edilir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı iddiaçının 26 aprel 2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin “Kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti” dən ibarət olduğu müəyyən edilmişdir. Məlum olmuşdur ki, “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli qərar əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən mağazada keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 14 avqust 2018-ci il tarixdə tərtib olunmuş yekun akta əsasən iddiaçının orta günlük dövriyyəsi ümumilikdə 44.183,50 manat olmuşdur. Lakin 2019-cu ilin oktyabr ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 1.078.947,09 manat məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 114.007,32 manat az olduğu aşkar edilmişdir. Bu hal verginin azaldılması kimi qiymətləndirilmiş və vergi ödəyicisinə 25 noyabr 2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2019-cu ilin oktyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.390,95 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin hesablanması barədə” **********472800 nömrəli 7 yanvar 2020-ci il tarixli qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına (23.1.1, 37.1, 37.3- cü maddələrinə) müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 oktyabr 20202-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2804/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanındakı təsərrüfat subyektində vergi orqanının 10 avqust 2018-ci il tarixli **********6980 nömrəli qərarı ilə xronometraj metodu ilə müşahidə keçirilmiş və 3 gün ərzində (istirahət günü nəzərə alınmaqla) həmin tədbirin nəticəsi üzrə tərtib olunmuş 14 avqust 2018-ci il tarixli yekun akta əsasən qurumun orta günlük dövriyyəsi 44.183,50 manat müəyyən edilmişdir. İddiaçının vergi ödəyicisi kimi 2019-cu ilin oktyabr ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində əks olunan dövriyyə məbləği həmin xronometraj metodu ilə müşahidənin nəticələri üzrə dövriyyə məbləğindən az olduğundan, cavabdeh inzibati orqan kameral vergi yoxlaması keçirərək, iddiaçıya 2019-cu ilin oktyabr ayına ƏDV üzrə 17.390,95 manat əlavə vergi məbləğinin hesablanması barədə 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi qanunvericiliyinin müddəaları vergi orqanına müvafiq hallarda və qaydada kameral vergi yoxlaması keçirmək, xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olanadək xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri əsasında vergiləri hesablamaq hüquqlarını, vergi ödəyicisinə isə xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra müvafiq müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar həmin tədbirin yenidən aparılmasını tələb etmək hüququnu verir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Kollegiya qeyd edir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. İşdə olan müvafiq aktlara əsasən xronometraj metodu ilə sonuncu müşahidə 3 gün davam etmiş və həmin nəticə yalnız 1 gün üzrə əldə olunan göstərici ilə eynilik təşkil edir, digər 2 gün üzrə anbarda satış dövriyyəsi ümumiyyətlə olmamışdır. Bu isə o deməkdir ki, 1 günlük xronometraj metodu ilə müşahidənin nəticələri, xüsusilə də “anbarda satış” sahəsində real dövriyyənin müəyyən edilməsi üçün yeganə əsas kimi çıxış edə bilməz. Vergi qanunvericiliyi hətta vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə göstərdiyi dövriyyənin aşağı olması ilə bağlı vergilərin düzgün hesablamadığının aşkar edildiyi hallarda, digər üsullardan istifadə etməklə (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun) vergilərin hesablanmasını mümkün sayır. Lakin cavabdeh həmin üsullardan heç birini seçmədən sonuncu xronometraj metodu ilə müşahidənin nəticələrini nəzərə alınmaqla vergilər hesablamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının təsərrüfat subyekti olan “anbar”da vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə keçirildikdən sonrakı dövrdə iddiaçı xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə vergi orqanına müraciət etməsə də, cavabdeh inzibati orqan ümumilikdə 3 gün davam etmiş həmin tədbirin nəticələri nəzərə alınmaqla kameral vergi yoxlaması ilə onun dövriyyəsini müəyyən etməkdə və əlavə vergi məbləği hesablamada haqlı olmamışdır. Əlavə vergi məbləğinin bu meyarla hesablanması Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə formal riayət edilməsi və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 15.1, 17, 24-cü maddələrinin tələblərinin pozulması ilə nəticələnir. Bu hesablama barədə vergi orqanı tərəfindən qəbul edilmiş 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərar yuxarıda qeyd olunan Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati aktdır. Odur ki, cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarı qanuna zidd qiymətləndirilməlidir Həmçinin, cavabdehin 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2804/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-679/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-679/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver