Məhkəmə qərarları › İş №2-1(103)-68/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-68/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-68/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRAR № 2-1(103)-68/2020 xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızının və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə qərarın və şəxsi vərəqəyə edilmiş düzəlişin ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-788/2019 nömrəli iş üzrə 29 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2018-ci il tarixli **********135997 nömrəli aktın, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018ci il tarixli **********167447 nömrəli qərarın və xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə şəxsi vərəqəyə işlənmiş düzəlişin ləğv edilməsi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.3, 63.4.1, 63.4.2-ci maddələrinə əsasən səhv tutulan məbləğlərə görə kompensasiya hesablanması, həmin məbləğlərdən iddiaçıya faizlər hesablanmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, cəmiyyətin fəaliyyəti ölkə ərazisində müxtəlif şəhər və kəndlərdə tikinti və təmir işlərindən ibarət olmuşdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında X3 Baş İdarəsinin ********* nömrəli cinayət işinin istintaqı dövründə məbləğlər dövlət büdcəsinə ödənildiyindən AR Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətdən azad edilməsi üçün əsaslar olduğundan xx.xx.2015-ci il tarixli qərarla həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Dəfələrlə müraciətdən sonra keçirilmiş istintaq və məhkəmə qərarlarının vergi ödəyicisinin şəxsi vərəqəsinə işlənməsinə nail olmuşdur. 2017-ci ildə artıq ödənilmiş vergilərin geri qaytarılması üçün müraciət etmişdir. Bununla əlaqədar müəssisədə səyyar vergi yoxlaması keçirilməsi haqqında qərar çıxarılmışdır. Səyyar vergi yoxlamasının müddəti və nəticələrinin rəsmiləşdirilməsi xx.xx.2019-cu il tarixə qədər müxtəlif səbəblərlə uzadılmışdır. Cavabdehin xx.xx.2017-ci il tarixli **********135909 saylı qərarı əsasında Vergi Məcəlləsinin 38.3.4 maddəsinə əsasən (artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda) səyyar vergi yoxlaması keçirilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələri xx.xx.2018-ci il tarixli **********135997 saylı aktla rəsmiləşdirilmişdir. Aktın nəticələri əsasında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********167447 saylı qərar çıxartmışdır. Qərarla cəmiyyətə ümumilikdə 249.406,8 manat azaldılma, 55.782,40 manat artıq hesablama müəyyən edilmiş, 460,37 manat maliyyə sanksiyası hesablanmışdır. Aktın nəticələri və onun əsasında çıxarılmış vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın nəticələri xx.xx.2018-ci il tarixdə müəssisənin şəxsi vərəqəsinə işləndiyi dövrdə müəssisənin 505.711,67 manat artıq ödəmədən akt üzrə vergi hesablama çıxıldıqdan sonra 311.626,90 manat artıq ödənilmiş vergiləri qalmışdır. Vergilər Nazirliyindən artıq ödənilmiş vergilərin geri qaytarılmasını gözlədikləri vaxt xx.xx.2018-ci il tarixdə xx.xx.2015ci tarixə görə 395.462,01 manat düzəliş aparılmış, nəticədə 87.170,10 manat borc yaranmışdır. Səyyar vergi yoxlaması 2014-cü il üzrə yol vergisinin 224,96 manat, mənfəət vergisinin 248.228,29 manat azaldılmasını, 2014-cü il üzrə əmlak vergisinin 32,81 manat, 2015-ci il üzrə əmlak vergisinin 65,62 manat azaldılmasını, 2016-cı il üzrə əmlak vergisinin 855,12 manat azaldılmasını, 2016-cı il üzrə əlavə dəyər vergisinin 55.782,40 manat artıq hesablanmasını müəyyən etmişdir. Səyyar vergi yoxlama aktı müəssisənin gəlirlərini 5.185.691,10 manat müəyyən etmiş, malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üçün xərclər 3.777.112,32 manat, ümumi gəlirdən çıxılan xərcləri isə 3.944.549,66 manat müəyyən etmişdir. Müəssisənin 6.881.453,81 manat tikinti işləri təhvil verməsini, ƏDV sub-uçot hesabına daxil olan vəsaitin büdcəyə köçürüldüyünü, buna görə də işlər, mallar, xidmətlər alınarkən əvəzləşdirilməmiş ƏDV məbləğinin xərclərə daxil olunmasını nəzərə almamış, fantastik məbləğdə gəlir müəyyən edərək, həmin mənfəətə 20% dərəcə ilə mənfəət hesablamışdır. İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin “Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi” üzrə Azərbaycan Respublikası Hesablama Palatasının Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinin auditi haqqında xx.xx.2014-cü il tarixdə tərtib olunmuş akta əsasən xx.xx.2014-cü il tarixdə 2.041.287 manat məbləğdə hissəsi həmin yolun çatışmazlıqların bərpası üçün geri, Kürdəmir RİH-in bank hesabına nağd qaydada ödənilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia cavabdehin səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2018-ci il tarixli **********135997 nömrəli aktının ləğv edilməsi, Vergi Məcəlləsinin 62.3, 63.4.1, 63.4.2-ci maddələrinə əsasən səhv tutulan məbləğlərə görə kompensasiya hesablanması, həmin məbləğlərdən iddiaçıya faizlər hesablanmasının cavabdehin üzərinə qoyulması tələblərinə dair hissədə mümkün sayılmamış, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.20178-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********167447 nömrəli qərarı ləğv edilmiş, xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə şəxsi vərəqəyə işlənmiş düzəliş ləğv edilmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğdə pul iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************4, SVİFTBİK CTREAZ22) xeyrinə tutulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, yoxlama zamanı əldə edilmiş bank məlumatlarına əsasən müəssisə tərəfindən real gəlirlərin gizlədildiyi müəyyən edilmişdir. Belə ki, hesabat dövründə müəssisənin bank hesabına 6.881.453,81 manat daxil olmuş və qeyd olunan vəsaitdən 1.695.762,71 manat hissəsinin Hesablama Palatasının keçirdiyi auditin nəticələrinin AR Baş Prokuroru yanında KQMİ-də araşdırılması nəticəsində 2013cü ildə görülmüş işlər üzrə aşkar edilmiş nöqsanlara görə yol tikintisinin bərpa edilməsi məqsədilə nağd qaydada büdcə xəzinədarlıq hesabına qaytarıldığı müəyyən edilmişdir. Xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən iş üzrə təyin edilmiş “Azərekspertiza” Birliyinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə Forma 2 aktlara əsasən müəssisənin 2014-cü il üzrə material həcminin dəyəri 3.473.171,25 manat, görülən işlərə sərf edilmiş yanacağın qiyməti 6.520 manat, həmçinin, bəyannamə məlumatlarına əsasən 40.385 manat əmək haqqı, 6.870,6 manat sosial sığorta haqları, 20.492,96 manat bank xərci, 229.672,51 manat sair xərclər müəyyən edilmişdir. Müəssisənin 2014-cü ildə bank hesabına daxil olmuş 6.881.453,81 manat vəsaitdən həmin il geri qaytarılmış 1.695.762,71 manat vəsait çıxıldıqdan sonra (6.881.453,81-1.695.762,71=5.185.691,10) 2014-cü il üzrə mənfəət vergisi öhdəliyi müəyyən edilmişdir. Beləliklə, müəssisəyə yoxlama ilə 248.228,29 manat (6.881.453,81-1.695.762,71- 3.944.549,66)x20% mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, yoxlama zamanı müəssisə tərəfindən 55.782,4 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Belə ki, 2016-ci ilin noyabr ayının ƏDV bəyannaməsində 309.902,22 manat daşınan əmlak satışı yoxlama ilə təsdiqini tapmadığına görə, həmin dövriyyədən 55.782,4 manat ƏDV hesablanması yoxlama ilə ləğv edilmişdir. Yoxlamaya notarial qaydada təsdiq edilmiş satış müqaviləsi təqdim edilməmiş və baza məlumatlarına əsasən müəssisənin balansında olan nəqliyyat vasitələrinin sahibliyinin dəyişilməsi təsdiq edilməmişdir. Əmlak vergisinin isə cəmi 953,55 manat azaldılması (o cümlədən, 2014-cü ildə 32,81 manat, 2015-ci ildə 65,62 manat və 2016-cı ildə 855,12 manat) aşkar olunmuşdur. Qeyd edilən azalma amortizasiya olunan daşınan əmlakın, o cümlədən maşın mexanizmlərin satışı ilə əlaqədar olmuşdur. Belə ki, yoxlama ilə hər hansı əmlakın satılmadığı müəyyən edildiyindən müvafiq nəqliyyat vasitələrinə münasibətdə əmlak vergisi hesablanmışdır. Eyni zamanda, müəssisənin istifadəsində nəqliyyat vasitəsinin qalması ona yol vergisinin hesablanması üçün əsas olmaqla, 2014-cü ildə 224,96 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə tərəfindən iddia tələbi təmin edilərkən yeganə sübut və əsaslandırma kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli 12582 nömrəli ekspert rəyinə istinad edilmişdir. Məhkəmənin sübut qismində istinad etdiyi ekspert rəyində səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin yayındırılmadığı bildirilmişdir. Belə ki, ekspert tərəfindən müəssisənin ümumi gəliri 6.881.453,83 manat müəyyən edilmiş, lakin xərc sənədləri tam təqdim edilmədiyindən şərti rentabellik norması tətbiq edilməklə vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir. Hesablama aşağıdakı qaydada aparılmışdır: 6.881.453,83 gəlir / (100+20) = 1.146.908,97 Beləliklə, ekspert 2014-cü il üzrə 1.146.908,97 manat məbləğdə vergiyə cəlb olunmalı olan mənfəəti müəyyən edərək həmin mənfəətdən keçmiş illərin çıxılası zərəri, yəni xx.xx.2014-cü il tarixdə əvvəlki illərdə görülmüş işlərə görə 1.695.762,71 manat məbləğdə Kürdəmir Rayon İcra Hakimiyyətinin bank hesabına nağd qaydada geri qaytarılaraq ödənilmiş məbləğ çıxıldıqda vergiyə cəlb olunan mənfəətin yaranmadığını qeyd etmişdir. Bununla bağlı bildirir ki, ekspert tərəfindən sözügedən hesablama aparılarkən işin faktiki halları düzgün araşdırılmamış, eyni zamanda vergi qanunvericiliyinin tələbləri gözlənilməmiş, özünəməxsus hesablama mexanizmi kəşf edilərək yuxarıda göstərilən qaydada vergilər hesablanmışdır. Belə ki, yoxlama zamanı müəssisənin gəliri müəyyən edilərkən geri qaytarılmış 1.695.762,71 manat vəsait nəzərə alınmışdır. Yoxlama ilə kassa metodu tətbiq edilməklə müəssisənin bank hesabına daxil olmuş 6.881.453,83 manat məbləğdən geri qaytarılmış 1.695.762,71 manat vəsait çıxıldıqdan sonra müəssisənin ümumi gəlirinin 5.185.691,10 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğdən mütəxəssis rəyi ilə müəyyən edilmiş və sənədlərlə təsdiqini tapmış 3.944.549,66 manat xərclər çıxıldıqdan sonra yerdə qalan 1.241.141,44 manat mənfəətdən 248.228,29 manat (5.185.691,10-3.944.549,66 x 20%) mənfəət vergisi hesablanmışdır. Lakin ekspert tərəfindən kobud səhvə yol verilərək vergi orqanı tərəfindən ümumi gəlirinin müəyyən edilməsi zamanı nəzərə alınmış 1.695.762,71 manat vəsait müəssisənin ümumi gəlirindən çıxılmalı olduğu halda, kobud yanlışlığa yol verilərək vergi tutulan gəlirdən çıxılmışdır. Başqa sözlə, ekspert tərəfindən mənfəət vergisinin şərti rentabellik norması tətbiq edilməklə hesablanması qərara alındığı halda, 6.881.453,83 manat dövriyyədən ilk növbədə geri qaytarılmış 1.695.762,71 manat vəsait çıxılmalı, yerdə qalan ümumi gəlirə münasibətdə rentabellik norması tətbiq edilərək, büdcəyə ödənilməli olan vergilər hesablanmalı idi. Belə ki, geri qaytarılmış məbləğ vergi ödəyicisinin gəliri kimi müəyyən edilmədiyindən ümumi dövriyyədən çıxılmalı olduğu halda ekspert tərəfindən ilk öncə vergiyə cəlb olunan mənfəət müəyyən edilmiş və daha sonra həmin məbləğdən geri qaytarılmış məbləğ çıxılmışdır. Belə sadə üsulun ekspert tərəfindən yanlış tətbiq edilməsi rəyin etibarsızlığından əmin olmağa kifayət edir. Eyni zamanda, ekspert tərəfindən daha bir kobud səhvə yol verilərək, dövlət büdcəsinə geri qaytarılmış 1.695.762,71 manat vəsait “keçmiş illərin çıxılası zərəri” adlandırılmışdır. Halbuki, müəssisənin əvvəlki illərdə təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə nəzər saldıqda görünür ki, həmin illəri müəssisə mənfəətlə başa vurmuşdur. Əvvəlki illəri mənfəətlə başa vurmuş müəssisədə isə “keçmiş illərin çıxılası zərəri”ndən söhbət gedə bilməz. Qeyd olunan hallar nəzərə alınmadan məhkəmə tərəfindən ekspert rəyi sübut qismində tanınmaqla kobud səhvə yol verilmiş və ona uyğun qərar qəbul edimişdir. Bunlardan əlavə, məhkəmə tərəfindən daha bir kobud pozuntuya yol verilərək, iddiaçıya hesablanmış 953,55 manat əmlak vergisi və 224,96 manat yol vergisi ilə bağlı hər hansı bir əsaslandırma olmadan həmin vergilər ləğv edilmişdir. Belə ki, məhkəmə sübut qismində qəbul etdiyi ekspert rəyində də bu vergilərlə bağlı hər hansı bir fikir bildirilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən ekspert rəyinə istinad edərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə (yəni 3 illik müddət ötdükdən sonra) şəxsi vərəqəyə 395.462,01 manat düzəlişin edilməsi Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir. Bununla bağlı bildirir ki, vergi ödəyicisinin şəxsi vərəqəsinə 3 illik müddət keçdikdən sonra edilmiş düzəliş ona hər hansı bir vergi hesablanması ilə əlaqədar deyil, sadəcə yol verilmiş texniki səhvin aradan qaldırılması ilə əlaqədar olmuşdur. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsindən texniki səhv nəticəsində silinmiş 395.462,01 manat vergi borcu yenidən iddiaçının şəxsi vərəqəsinə bərpa edilmişdir. Əgər qeyd olunan məbləğdə vergi borcunun həqiqətən silinməli olması ilə bağlı hər hansı bir sübut dəlil olsaydı, o zaman işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı həmin sübutu təqdim edərdi. Göründüyü kimi, iddiaçı və birinci instansiya məhkəməsi həmin silinmənin həqiqətən əsassız olduğunu anlamış və iddianın bu hissədə təmin edilməsi məsuliyyətini məqsədli şəkildə ekspertin əsassız və məntiqsiz rəyi üzərinə köçürmüşlər. Digər tərəfdən, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılmadığından belə qənaətə gəlinmişdir ki, vergi ödəyicisinə 3 illik müddət ötdükdən sonra vergi hesablanmış və Vergi Məcəlləsinin 37-ci, 83.3-cü və 85.4-cü maddələrinin tələbləri pozulmuşdur. Lakin işin faktiki halları tam və hərtərəfli araşdırılsaydı müəyyən edilərdi ki, sözügedən mübahisəyə qeyd olunan normaların heç bir aidiyyəti yoxdur və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində yol verilmiş hər hansı bir səhvin vergi orqanı tərəfindən düzəldilməsi ilə bağlı Vergi Məcəlləsində hər hansı bir müddət məhdudiyyəti nəzərdə tutulmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli ekspert rəyini tədqiq etmədən və qiymətləndirmədən həmin rəyə əsaslanmaqla qərar qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, cavabdehin xx.xx.2017-ci il tarixli **********135909 nömrəli qərarına əsasən iddiaçıda (VÖEN: **********) sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: xx.xx.2014-xx.xx.2017) və nəticəsi xx.xx.2018-ci il tarixli **********135997 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Akt əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2018-ci il tarixli qərar qəbul olunmuş, həmin qərarla iddiaçıya 248.228,29 manat mənfəət vergisi, 224,96 manat yol vergisi, 920,74 manat əmlak vergisi hesablanmaqla, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 460,37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşin digər mübahisəli halına görə, xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi vərəqəsində xx.xx.2015-ci tarixə 395.462,01 manat məbləğdə düzəliş aparılmış və nəticədə 87.170,10 manat borc yaranmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 12582 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlər nəzərə alınmaqla xx.xx.2018-ci il tarixli **********135997 saylı aktın Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2017-ci il və tərtib olunma tarixi xx.xx.2018-ci il olduğundan, həmçinin səyyar vergi yoxlaması aktının tərtib olunma tarixi xx.xx.2018-ci il olmasına baxmayaraq yoxlama ilə əhatə olunan dövr xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olduğundan, hazırkı rəyin tədqiqi hissəsində göstərilən Vergi Məcəlləsinin maddələrinin tələbləri gözlənilməmişdir. Rəyin tədqiqi hissəsində göstərilənlər nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə (yəni 3 illik müddət ötdükdən sonra) şəxsi vərəqəyə işlənmiş 395.462,01 manat düzəlişin Vergi Məcəlləsinin tələblərinə uyğun olmaması müəyyən olunur. Yəni 3 illik müddət ötdükdən sonra şəxsi hesab vərəqəsində aparılmış düzəlişin düzgün olmaması müəyyən olunur. Səyyar vergi yoxlamasının əhaət etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin az hesablanması müəyyən edilmir. Məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə də iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2540 nömrəli ekspert rəyində göstərilmişdir ki: Birinci, ikinci və üçüncü suallar üzrə; Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi, vergi orqanı tərəfindən 2013-cü il mənfəət vergisi bəyannaməsində Kürdəmir Rayon İcra Hakimiyyətinə yolun çatışmamazlıq və keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə geri qaytarılan 1.729.904.24 manat (ƏDV-siz) məbləğ 2013-cü illərin mənfəət vergisi bəyannaməsinin müvafiq qrafasında düzəliş aparılmamışdır. Həmin düzəlişin aparılması vergi orqanı tərəfindən mənfəət vergisi bəyannaməsində qeyd olunmamışdır. 2013-cü il üzrə aparılan yoxlama və istintaqın nəticələrinə görə 390.955,78 manat mənfəət vergisi ödənilmişdir. Geri qaytarılan pula görə 2013-cü il mənfəət vergisi bəyannaməsində heç bir düzəliş aparılmamış, həmin məbləğ gəlirlərdən, mənfəətdən azaldılmamış və mənfəət vergisi yenidən hesablanmamışdır. Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi, ekspertiza tədqiqatı ilə geri qaytarılan vəsaitin mənfəət vergisinin hesablanması üçün səyyar vergi aparılan dövrə görə bəyannamələrdə, şəxsi vərəqədə düzəliş aparılması müəyyən edilmədi. 2014-cü il müəssisənin gəlirləri 6.881.453,81 manat olmuşdur. Həmin gəlirlər müəssisə tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin və Yevlax Şəhər İcra Hakimiyyətinin sifarişləri əsasında görülmüş işlərə görə ödənilən pul vəsaiti olmuşdur. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinin auditi keçirilən zaman müəssisə tərəfindən yerinə yetirilmiş işlərin “Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi” üzrə xx xxxxxxxx 2014-cü il tarixdə tərtib olunmuş akta əsasən görülmüş işlərin keyfiyyətinə görə geri qaytarılan xx xxxxxx 2014-cü il tarixdə 2.041.287,0 manat (ƏDV ilə birlikdə) məbləğdə hissəsi həmin yolun çatışmazlıqların və yolun bərpası üçün başqa müəssisə tərəfindən yerinə yetirilməsi üçün geri - Kürdəmir Rayon İcra Hakimiyyətinin bank hesabına nağd qaydada ödənilmişdir. Yəni geri qaytarılan vəsait 2014-cü illər görülən işlərə aid deyil, 2013-cü il üçün görülmüş işlərə aiddir. Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci maddəsində göstərilir ki, bu fəslə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 109-cu maddəsində “Gəlirdən çıxılmayan xərclər”, 110-cu maddəsi isə “Gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması” göstərilir. Gəlirin əldə edilməsi bağlı xərclər mənfəət vergisinin həcminə təsir edən mühüm amillərdən biridir. Ekspertiza tədqiqatı ilə müəyyən edilir ki, mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri gözlənilmədən mütəxəssis rəyi ilə hesablanmış material xərclərinə əsasən vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilir ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Ekspert ekspertizaya təqdim olunmuş inzibati iş materiallarında olan sənədləri tədqiq edərək (xərclərə dair sənədləri nəzərə alınmaqla) müəssisə üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisini aşağıdakı kimi müəyyən edir: Ümumi gəlir - 6.881.453,83 manat; Gəlirin əldə edilməsi ilə bağlı cəmi xərclər - 5.734.544,86 manat; Keçmiş illərin çıxılası zərəri - 1.729.904.24 manat; Keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət - 0.00 Balans zərəri - 582.995.27 manat Ekspertiza təqdiqatı ilə göstərilən məlumatlara əsasən müəssisə üzrə 2014-cü ilin yekunlarına görə vergiyə cəlb olunan mənfəət müəyyən edilmir. Ekspertiza tədqiqatı qarşısında qoyulmuş suala cavab olaraq qeyd olunur ki, vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********135997 saylı Səyyar vergi yoxlaması aktında qeyd edilən və Kürdəmir Rayon İcra Hakimiyyətinə qaytarılan məbləğ nəzərə alınmaqla yoxlama dövründə İddiaçı MMC-nin mənfəət vergisi müəyyən edilmir. Belə ki, cəmiyyət tərəfindən geri qaytarılan 1.729.904.24 manat (ƏDV-siz) məbləğ 6.881.453,83 manat gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş cəmi xərclər olan 5.734.544,86 manat məbləğinin üzərinə gəlinməli və yaxud keçmiş illərin zərəri qrafasında yazılmalıdı. Bir sözlə geri qaytarılan 1.729.904,24 manat (ƏDV-siz) məbləğ 2014-cü il əldə edilmiş gəlirlərə aid heç bir əlaqəsi olmadığı üçün gəlirlərdən azaldılması ilə deyil, xərclər qrafasında yazılmalıdır. Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərin bir hissəsi ciddi hesabat blankları, digər hissəsi “Akkord” STK və “Gilan” Holdingin ödənilmişdir möhürü vurulan kassa sənədləri olsa da, mühasibat sənədləri olmuşdur. Ekspertiza tədqiqatında həmin ödəniş sənədləri hesablama zamanı istifadə edilməmiş, AR Nazirlər Kabinetinin 55, 42 saylı qərarlarından istifadə edərək şərti olaraq 20 faiz şərti rentabelliklə hesablama aparılmışdır. İddiaçı MMC-nin səyyar vergi yoxlaması dövründə mənfəət vergisinin hesablanmasının müəyyən edilməsi zamanı tərtib edilmiş “Mütəxəssis rəyi” ilə hesablanmış xərc məbləğləri səyyar vergi yoxlama aktının 7-ci səhifəsində göstərildiyi kimi mənfəət vergisinin hesablanması zamanı mütəxəssis rəyi ilə müəyyən edilmiş material xərcləri nəzərə alınaraq vergi hesablanmışdır. Hesablama zamanı bütün smeta xərcləri, söküntü, daşınma xərcləri və bir çox işlər nəzərə alınmamış, smeta və Forma-2-yə əsasən xərcləri hesablanmamışdır. Vergi Məcəlləsinin 67-ci maddəsində göstərildiyi kimi, əlaqəli məlumatlardan, analoji məlumatlardan istifadə olunmadan mütəxəssis rəyi ilə hesablama aparılmışdır. İddiaçı MMC-nin səyyar vergi yoxlaması dövründə mənfəət vergisinin hesablanmasının müəyyən edilməsi zamanı tərtib edilmiş “Mütəxəssis rəyi” ilə hesablanmış xərc məbləğləri düzgün nəzərə alınmamış, hesablama zamanı bütün smeta xərcləri nəzərə alınmamış, söküntü, daşınma xərcləri və bir çox işlər hesablamaya daxil edilməmiş, smeta və Forma-2-yə əsasən xərcləri hesablanmamışdır. Vergi Məcəlləsinin 108-ci maddəsində deyilir ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsində göstərilir ki, “tikinti layihəsi - şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusu smeta - tikintiyə sərf ediləcək maliyyə xərclərinin əks olunduğu sənədlər”dir. Mütəxəssis tərəfindən ancaq material xərclərinin bir hissəsi hesablanmışdır. Tikinti, təmir zamanı söküntü və daşınma xərcləri nəzərə alınmamışdır. Ekspert qeyd edir ki, müəssisənin 2014-cü il üzrə təhvil verdiyi 6.881.453,81 manat görülmüş işlərə görə əldə etdiyi gəlirlərə çəkilmiş xərclərin bir hissəsi vergi orqanı və mütəxəssis rəyi tərəfindən hesablama aparılmamışdır. Vergi orqanı və mütəxəssis rəyi ilə yerinə yetirilmiş işlərdə (Forma 2) istifadə olunan materialların bir hissəsi qiymətləndirilmişdir. Ekspert qeyd edir ki, 6.881.453,81 manat əldə edilmiş gəlirlin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər müəyyən edilərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin bütün tələbləri gözlənilməmişdir. 2014-cü il müəssisənin gəlirləri 6.881.453,81 manat olmuşdur. Həmin gəlirlər müəssisə tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin və Yevlax Şəhər İcra Hakimiyyətinin sifarişləri əsasında görülmüş işlərə görə ödənilən pul vəsaiti olmuşdur. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinin auditi keçirilən zaman müəssisə tərəfindən yerinə yetirilmiş işlərin “Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi” üzrə xx xxxxxxxx 2014-cü il tarixdə tərtib olunmuş akta əsasən görülmüş işlərin keyfiyyətinə görə geri qaytarılan xx xxxxxx 2014-cü il tarixdə 2.041.287 manat (ƏDV ilə birlikdə) məbləğində hissəsi həmin yolun çatışmazlıqların və yolun bərpası üçün başqa müəssisə tərəfindən yerinə yetirilməsi üçün geri - Kürdəmir Rayon İcra Hakimiyyətinin bank hesabına nagd qaydada ödənilmişdir. Yəni geri qaytarılan vəsait 2014-cü illər görülən işlərə aid olmamış, 2013-cü il üçün görülmüş işlərə aiddir. Səyyar vergi yoxlaması sənədlərdə aydın görünən görülmüş işlərə görə (Forma-2) xərcləri müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci, 83.9-cu (ən yüksək vergi hesablanmasını) maddələrinə əsasən deyil, mütəxəssis cəlb etmiş, həmin mütəxəssis 6.881.453,83 manat görülmüş işlərə 3.944.549,66 manat xərc hesablamışdır. Mütəxəssisin 2014-cü il üzrə təhvil verdiyi 6.881.453,81 manat işə 3.944.549,66 manat xərc hesablamışdır Mütəxəssisin hesablanması ilə müəyyən edilir ki, material həcmi 3.473.171,25 manat, yanacaq xərci 6.520 manat, 40.385 əmək haqqı, 6.870,6 sosial sığorta xərcləri, 20.492,96 manat bank xərcləri, 229.672,51 manat sair xərcləri olmuşdur. İş materialında təqdim olunan mütəxəssis rəyinə görə Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri gözlənilmədən 6.881.453,81 manat gəlirin əldə edilməsi ilə bağlı işə 3.944.549,66 manat material xərci çıxılması yolu ilə mənfəət hesablanmışdır. Geri qaytarılmış 1.729.904,24 manat vəsaitin xərclərdə və yaxud keçən illərin zərərində göstərilməsi sualı mütəxəssis qarşısında qoyulmamışdır. Qeyd olunur ki, Vergi Məcəlləsinin 67-ci maddəsində göstərildiyi kimi, əlaqəli məlumatlardan, analoji məlumatlardan istifadə olunmadan mütəxəssis rəyi ilə hesablama aparılmışdır. Ekspertiza tədqiqatında təqdim olunmuş ödəniş sənədləri hesablama zamanı istifadə edilməmiş, Nazirlər Kabinetinin 55, 42 saylı qərarlarından istifadə edərək şərti olaraq 20 faiz şərti rentabelliklə hesablama aparılmışdır. Dördüncü sual üzrə; Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilməsi nəzərdə tutulmuşdur. Vergi Məcəlləsində göstərildiyi kimi bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Tədqiqatla xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə şəxsi hesab vərəqinə işlənmiş 395.462,01 manat düzəliş Vergi Məcəlləsinin 37 və 83.3, 85.4 maddələrinə uyğun aparılmadığı və müəssisənin şəxsi vərəqində 3 ildən əvvəlki müddətə hər hansı bir düzəlişin və kameralın aparılması nəzərdə tutulmadığı müəyyən olunur. Aparılan tədqiqatla cavabdehin xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə şəxsi vərəqəyə 395.462,01 manat düzəlişin edilməsi yazılı əmr, sərəncam, bildirişin uyğun olmadığı qeyd olunur. Vergi orqanının müəssisəyə Vergi ödəyicisinin şəxsi vərəqəsində düzəlişin edilməsi haqqında hər hansı bir Qərarı ekspertiza tədqiqatına təqdim edilməmişdir. xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə şəxsi vərəqəyə 395.462,01 manat düzəlişin edilməsi Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli **********511400 nömrəli Qərarında “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair qaydalar”a əsasən aparılmamışdır. Vergi orqanı tərəfindən xx.xx.2018-ci il və xx.xx.2015-ci il tarixlərdə 2015-ci il üçün aparılmış “Düzəliş”lərin (məbləğ - 395.462,01 manat) vergi qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün sənədlər təqdim olunmamışdır. Aparılmış “Düzəliş” müəssisənin artıq ödənilmiş vergilərini 395.462,01 manat azaltmış, müəssisə üzrə xx.xx.2018-ci il tarixə 83.835.11 manat borc yaratmışdır. Beşinci, altıncı suallar üzrə; Rəyin tədqiqat hissəsində qeyd olunduğu kimi, İddiaçı MMC-nin 2016-cı ilin noyabr ayı üzrə ƏDV bəyannaməsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 39 nömrəli Qərarına əsasən “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN Dövlət Dövlət X6 qeydiyyat imtahan hissələrində (bundan sonra “qeydiyyat məntəqələri”) müayinə və qeydiyyatı aparıldığı nəzərə alınaraq səyyar vergi yoxlamasının nəticəsi təsdiq edilmir. Səyyar vergi yoxlama aktında 2016-cı ilin noyabr ayının ƏDV bəyannaməsində 309.902,22 manat qalıq dəyəri ilə amortizasiya olunan daşınan əmlakın satışı yoxlama ilə təsdiqini tapmadığına görə əmlak silinməsi ləğv edilmiş, həmin əmlaka 855,12 manat əmlak vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə yol vergisinin 2014-cü ildə 234,96 manat azaldılması aşkar edilmiş, həmin azaldılmanın hansı əsaslarla hesablanması barədə qeyd etməmişdir. Tədqiqatla yol vergisinin 2014-cü ildə 234,96 manat azaldılması müəyyən edilmir. Səyyar vergi yoxlamasının nəticələri nəzərə alınmaqla İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixə 505.678,86 manat artıq ödəməsi, xx.xx.2018-ci il tarixə 311.626,90 manat artıq ödəməsi olmuşdur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin qanuni əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Cavabdehin mübahisəli xx.xx.2018-ci il tarixli **********167447 nömrəli qərarının qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən edilir ki, sözügedən inzibati akt qəbul edilən vaxt qanunvericiliyin icraat və forma ilə bağlı bir sıra müddəaları pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun: 58.1-ci maddəsinə görə, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə əsasən, inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə görə, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir; 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İşdən görünür ki, mübahisəli qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş, vergi borcunun hansı qaydada hesablanması əsaslandırılmamış, formal şəkildə xx.xx.2018-ci il tarixli **********135997 nömrəli Səyyar vergi yoxlaması aktına istinad olunmuşdur. Qərardan aydın olmur ki, həmin vergi borcları hansı əsasla və necə hesablanmışdır. Bu da onu göstərir ki, cavabdehin mübahisəli qərarı iddiaçıya münasibətdə formal-hüquqi qanunilik baxımından icraatla bağlı müddəalara riayət olunmadan qəbul edilmiş qanunsuz əlverişsiz (yükləyici) inzibati akt olmaqla, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun tələblərinin ciddi pozuntuları ilə qəbul edilmişdir. Adıçəkilən Qanunun: 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə formal-hüquqi qanunilik baxımdan vergi qanunvericiliyinin də icraatla bağlı tələbləri pozulmuşdur. Belə ki, VM-in 49.2-ci maddəsinə görə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Cavabdehin xx.xx.2018-ci il tarixli qərarında xx.xx.2018-ci il tarixli akta formal istinad olunmuş, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillərin yoxlanılmasının nəticələri, işin faktiki və hüquqi hallarını təsdiq və ya rədd edən sübutlar qeyd olunmamışdır. VM-in 49.5-ci maddəsinə görə, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsxxxxır. Cavabdehin mübahisəli xx.xx.2018-ci il tarixli **********167447 nömrəli qərarı maddi-hüquqi baxımdan da qanunsuz olmuşdur. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in: 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi, kifayət qədər aydın və tam olduğu üçün məhkəmə kollegiyasının mötəbər sübut olaraq qəbul etdiyi xx.xx.2020-ci il tarixli 2540 nömrəli ekspert rəyi ilə müəyyən edimişdir ki, vergi orqanı tərəfindən 2013-cü il mənfəət vergisi bəyannaməsində Kürdəmir RİH-ə yolun çatışmazlıq və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə geri qaytarılan 1.729.904,24 manat (ƏDV-siz) məbləğlə bağlı 2013-cü illərin mənfəət vergisi bəyannaməsinin müvafiq qrafasında düzəliş aparılmamışdır, 2013-cü il üzrə aparılan yoxlama və istintaqın nəticələrinə görə 390.955,78 manat mənfəət vergisi ödənilmişdir, geri qaytarılan pula görə 2013-cü il mənfəət vergisi bəyannaməsində heç bir düzəliş aparılmamış, həmin məbləğ gəlirlərdən, mənfəətdən azaldılmamış və mənfəət vergisi yenidən hesablanmamışdır, ekspertiza tədqiqatı ilə geri qaytarılan vəsaitin mənfəət vergisinin hesablanması üçün səyyar vergi aparılan dövrə görə bəyannamələrdə, şəxsi vərəqədə düzəliş aparılması müəyyən edilməmişdir, ekspertiza tədqiqatı ilə göstərilən məlumatlara əsasən müəssisə üzrə 2014-cü ilin yekunlarına görə vergiyə cəlb olunan mənfəət müəyyən edilməmişdir, vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********135997 saylı Səyyar vergi yoxlaması aktında qeyd edilən və Kürdəmir RİH-ə qaytarılan məbləğ nəzərə alınmaqla yoxlama dövründə iddiaçının mənfəət vergisi müəyyən edilməmişdir, hesablama zamanı bütün smeta xərcləri, o cümlədən söküntü, daşınma xərcləri və bir çox işlər nəzərə alınmamış, smeta və Forma -2-yə əsasən xərclər hesablanmamışdır, iddiaçının səyyar vergi yoxlaması dövründə mənfəət vergisinin hesablanmasının müəyyən edilməsi zamanı tərtib edilmiş mütəxəssis rəyi ilə hesablanmış xərc məbləğləri düzgün nəzərə alınmamış, hesablama zamanı bütün smeta xərcləri nəzərə alınmamış, söküntü, daşınma xərcləri və bir çox işlər hesablamaya daxil edilməmiş, smeta və Forma-2-yə əsasən xərclər hesablanmamışdır, mütəxəssis tərəfindən ancaq material xərclərinin bir hissəsi hesablanmış, tikinti, təmir zamanı söküntü və daşınma xərcləri nəzərə alınmamışdır, geri qaytarılan vəsait 2014-cü illər görülən işlərə aid olmamışdır, 2013-cü il üçün görülmüş işlərə aiddir, geri qaytarılmış 1.729.904,24 manat vəsaitin xərclərdə və yaxud keçən illərin zərərində göstərilməsi sualı mütəxəssis qarşısında qoyulmamışdır, tədqiqatla xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə şəxsi hesab vərəqinə işlənmiş 395.462,01 manat düzəliş Vergi Məcəlləsinin 37 və 83.3, 85.4-cü maddələrinə uyğun aparılmadığı və müəssisənin şəxsi vərəqində 3 ildən əvvəlki müddətə hər hansı bir düzəlişin və kameralın aparılması nəzərdə tutulmadığı müəyyən olunmuşdur, cavabdehin xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə şəxsi vərəqəyə 395.462,01 manat düzəlişin edilməsi haqqında hər hansı qərarı (yazılı əmr, sərəncam, bildiriş) ekspertiza tədqiqatına təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə iddiaçının şəxsi vərəqəsinə 395.462,01 manat məbləğdə düzəliş etməsi də qanunsuz olmuşdur. Birincisi, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə isə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. İkincisi, şəxsi vərəqədən göründüyü kimi, xx.xx.2018-ci il tarixə 707.088,91 manat məbləğdə artıq ödəməsi olan iddiaçıya Düzəliş (silinmə) adı ilə xx.xx.2015-ci il tarixə 395.462,01 manat məbləğdə əlavə vergi borcu hesablayaraq, bu borcu sonuncunun artıq ödəmə məbləğindən silən cavabdehin sözügedən ağır maliyyə nəticələri yaradan müdaxiləsi ilə bağlı hər hansı inzibati akt qəbul etdiyi iş materialları ilə təsdiqini tapmır, cavabdeh də məsələyə dair qərar, sərəncam yaxud bu qəbildən sair hüquqi akt qəbul etdiyini irəli sürmür, onun nümayəndəsi də belə bir aktın qəbul edilməməsini məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02 nömrəli Qərardadı ilə əsaslandırmışdır ki, adıçəkilən qərardadda, bunun tam əksinə mövqe ortaya qoyulmuşdur. Belə ki, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məsələsinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” xx.xx.2020-ci il tarixli 02 nömrəli Qərardadında göstərilmişdir ki: 43. Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. ...

48. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.

49. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır.

50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativhüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.

51. Kollegiya hesab edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx xxxxxx 2016-cı il tarixli, 474-VQ saylı Azərbaycan Respublikası Qanununun normalarının təhlili belə qənaətə gəlməyə əsas verir ki, həmin Qanunun vergi orqanı üçün vəzifə müəyyən edən norması kifayət qədər aydın olmuş, icrasının həyata keçirilməsi üçün əlavə inzibati aktların qəbul edilməsinə lüzum olmamışdır. Vergi orqanı həmin Qanunla müəyyən edilmiş vəzifəni özünün apardığı vergi-uçot sənədlərindəki məlumatları nəzərə almaqla icra etmək imkanına malik olmuşdur. Beləliklə, vergi orqanları sözügedən Qanunu faktiki xarakterli hərəkətlər etməklə icra etməli olmuşlar.

52. Kollegiya həmçinin hesab edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi üçün aparılan “dürüstləşmə” əməliyyatı “hesablama” əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir. ...

55. “Dürüstləşmə” əməliyyatının aparılmasının hüquqi əsasına gəldikdə, qeyd olunmalıdır ki, belə adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, vergi orqanlarının vergilərin və digər məcburi ödənişlərin ödənilməsini təmin etməyə yönəlmiş hərəkətlərinin bitkin siyahısını qanunvericilikdə təsbit etmək obyektiv səbəblərə görə həmişə mümkün olmaya bilər. Yuxarıda da qeyd edildiyi kimi ictimai münasibətlərin inkişafı və dəyişkənliyi nöqteyi-nəzərindən, şəxs-dövlət münasibətləri müstəvisində baş verəcək bütün halların öncədən görülməsinin və tənzimlənməsinin mümkünsüz olması səbəbindən, yeni ortaya çıxmış bir vəziyyətdə inzibati orqanların hərəkət qaydalarının müəyyən edilməsi həmin inzibati orqanların səlahiyyətindədir ki, bu zaman onların «hərəkət zolağını» hüquqi dövlətin ümumi prinsipləri müəyyən edir. Bu mənada, vergi orqanı tərəfindən həyata keçirilən bu əməliyyata qiymət verilərkən onun qanunvericilikdə birbaşa təsbit edilib-edilməmiş olmasından daha çox, həmin əməliyyatın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Kollegiya bu mövqeyinə uyğun olaraq hesab edir ki, vergi orqanının “dürüstləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. ...

59. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin ləğv edilməsini tələb edir. Bu tələbin əsasları isə, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır.

60. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunması tələb olunmur.

61. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur.” Göründüyü kimi, Ali Məhkəmənin istinad olunan qərardadında hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar olmayaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunmalı olduğu birmənalı şəkildə ifadə edilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixdə xx.xx.2015-ci il dövrünə görə iddiaçının şəxsi vərəqəsinə 395.462,01 manat məbləğdə düzəliş etməsi də konkret normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar olmadığı üçün, yalnız bu barədə inzibati aktın qəbulu yolu ilə həyata keçirilə bilərdi. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə bütövlükdə razılaşmır. Belə ki, şikayətin dəlilləri ekspert rəyinin gəldiyi nəticə, qanunvericilik və Ali Məhkəmənin yaratdığı aşağı instansiya məhkəmələri üçün məcburi sayılan vahid məhkəmə təcrübəsi ilə təkzib olunur. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi səyyar vergi yoxlamasını həyata keçirən və şəxsi vərəqəyə düzəliş edən cavabdehin iddiaçını vergi məsuliyyətinə cəlb edərək, ona əlavə vergi məbləğləri hesablamasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxilələrini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir ((“İnzibati icraat haqqında” Qanunun 1.2-ci, İPM-in 14.1-ci maddələri), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur (Vergi Məcəlləsinin 49-cu maddəsi), cavabdeh iddiaçının hüquqlarını və qanuni mənafelərini gözləməmişdir (Vergi Məcəlləsinin 24.0.2-ci maddəsi), cavabdehin mübahisəli qərarı və şəxsi vərəqəyə düzəlişi qanuna zidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), qərar və düzəliş cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Yekunda, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgün olduğu üçün qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-87.6), apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-788/2019 nömrəli iş üzrə 29 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səforov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar