Məhkəmə qərarları › İş №2-1(103)-68/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-68/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-68/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X23 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil3, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Kiçikdadaş qızının cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı (X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən qeydiyyatdan çıxarılma” bаrədə tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)-8055/2022 nömrəli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı Kiçikdadaş qızı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “X2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13, 2 nömrəli mənzili iddiaçı keçmiş Lenin adına toxuculuq kombinatında, indiki Tağıyev adına kombinatda işlədiynə görə mənzil növbəsi əsasında əldə etmişdir. Həmin mənzil ƏMDK yanında DƏDRX-nin seriya nömrəsi 0214927, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında onun adına qeydiyyatdan keçmişdir. İddiaçı ona məxsus olan mənzilində oğlu X12, gəlini X6, nəvəsi X11 qeydiyyatda olmaqla yaşayır. Lakin qızı X5 uzun illərdir, yəni ən azı 25 ildən də çox müddətdir ki, iddiaçıya məxsus olan bu mənzildən ailə həyatı quraraq köçüb getmişdir. Bunu qonşular da təsdiq edə bilər və MKTD-nin 1 saylı Xüsusi təyinatlı MKTB-nin 133 saylı MKİS tərəfindən verilmiş arayış da sübut edir. Yəni uzun illərdir ki, bu mənzildə yaşamır. Buna görə də, hazırda Zenfira Sadullayevanın formal qeydiyyatı ləğv edilməli və iddiaçının mülkiyyət hüquqlarını rahat və sərbəst şəkildə həyata keçirmək imkanı təmin edilməlidir. Bununla əlaqədar Xətai rayon Polis İdarəsinə müraciət edərək X2 Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13, 2 nömrəli mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, həmin orqandan isə imtina cavabı verilmişdir. Bu səbəbdən həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)-8055/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, İddiaçı Kiçikdadaş qızının mülkiyyətində olan ünvan 1 ünvanından X2 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X5 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)-8055/2022 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən özəlləşməyə dair sənədlərdən müəyyən edilir ki, üçüncü şəxsin mübahisəli mənzildən mülki hüquqi mənada istifadə hüququ var və orada qeydiyyatda olub-olmamasından asılı olmayaraq istifadə hüququ vardır. Üçüncü şəxs yalnız mənzilin özəlləşməsindən imtina etmişdir. Öz istifadə hüququndan və payından imtina etməmişdir. Əksinə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehə ailə üzvü kimi 1987-ci ildən ailə tərkibi, yəni üçüncü şəxsin də nəzərə alınmaqla hazırkı mənzil verilmişdir. Belə olan halda üçüncü şəxsin sərəncam hüququ olmasa da, mülkiyyətçi olaraq mübahisəli mənzilə istifadə və sahiblik hüququ tanınır və həmin hüquqa xitam verilməsi əsassızdır. Daha sonra, iddiaçı iddiasına hüquqi əsas verilməsi üçün növbəti düzgün olmayan məlumat təqdim edir ki, guya cavabdeh 25 ildən artıqdır ki, ailə quraraq köçüb getmişdir. Əksinə, cavabdeh 2015ci il tarixədək həmin mənzildə yaşamış, həmin mənzilin kommunal xidmətlərindən istifadə etmiş, həmin mənzilin arxa hissəsində istifadəsində olan mənzilə bitişik əlavə otaq tikdirərək həmin hissədə yaşamışdır. Sonradan kommunal xidmətləri ayıraraq mübahisəli mənzilə bitişik otağı müəyyən fasilələrlə kirayəyə vermişdir. Belə olan təqdirdə cavabdehin guya 25 ildir ki, orada yaşamamasını bildirməkdə məqsəd köhnə qanunvericiliyə istinad etməklə istifadə hüququnun olmamasına dair fikir formalaşdırmaqdır ki, buna da nail olmuşdur. Mənzilin özəlləşdirilməsinə dair sənədlərdən də göründüyü kimi cavabdehin istifadə hüququna hazırkı tələblə xitam verilməsi əsassızdır. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, X2 ünvan 1 ünvanına dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bu haradan aşkar oluna bilər ki, bu günə kimi üçüncü şəxs mənzil veriləndən bu günə kimi istifadə hüququna xitam verilməmiş, nə də ki, yenidən bu hüququ tanınmağa zərurət olmamışdır? Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə sorguya cavab olaraq bildirilmişdir ki, X1 özəlləşməyə etiraz etmədiyinə dair ərizə vermişdir. Hər hansı payından imtina etməmişdir. Harada yaşamağından asılı olmayaraq üçüncü şəxsin payı qeyd edilən mənzildə qalmaqla qanunla qorunan hüququdur və bu hüququ bu günədək üçüncü şəxsdən heç kim almamışdır. Əksinə, iddiaçı üçüncü şəxsin bu hüququnu bildiyi halda məhkəmə bunu müəyyən edə bilməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 101-11754S nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən qanunda göstərilən sənədlərin hər-hansı birinin təqdim olunduğu halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışına əsasən ümumi sahəsi 58.0 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Kiçikdadaş qızının adına qeydiyyatdan keçmişdir. - Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin 173 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən ünvan 1 ünvanında X7 və X10 qonşuların aktına əsasən qeydiyyatdadırlar, lakin 1997-ci ildən bu günə kimi yaşamırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, İddiaçı Kiçikdadaş qızı (xx.xx.1940-cı il təvəllüdlü), X5 (xx.xx.1965-ci il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, X2 ünvan 1 ünvanına dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanına dair müvafiq sənədlərin, haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.1987-ci il tarixli 74 nömrəli protokol, 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışları, X8, İddiaçı Oqtay qızı, X14, X5, X9, X13, X11 və X3 İddiaçı Kiçikdadaş qızına məxsus olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13, 2 saylı mənzilin özəlləşdirilməsinə və buna dair çıxarış verilməsinə etirazlarının olmamasına dair notarial təsdiq olunmuş ərizələrinin surətlərini məhkəməyə təqdim etmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2434/2024 saylı qərarından görünür ki, İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzilə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(011)-364/2023 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(103)- 3768/2023 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və X.A.Mərdanovadan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(011)-364/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(102)-4346/2023 nömrəli qərarı ilə İddiaçı Kiçikdadaş qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2(103)-3768/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-ci il tarixli, 2(103)-1595/2024 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(011)- 364/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2434/2024 saylı qərarı ilə cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(103)-1595/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən “cavabdeh (hazırki iş üzrə üçüncü şəxs X5) uzun müddət (öz etirafı əsasında azı 2015-ci ildən) mübahisəli mənzildən istifadə etmir. Bu mənzilin yanında inşa olunan və cavabdehin istifadəsində olan özbaşına tikili isə müstəqil yaşayış sahəsi olmaqla, iddiaçının mülkiyyətində olan mənzilə bağlılığı yoxdur. Belə olan halda isə, apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh iddiaçının mənzilindən istifadə hüququnu 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən itirmişdir”. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin yuxarıda göstərilən qərarının hazırki iş üzrə preyudisial əhəmiyyəti vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir Hazırkı iş üzrə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Yuxarıda qeyd olunduğu kimi üçüncü şəxs mənzildə faktiki yaşamır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən mənzildə qeydiyyatda olan şəxs həmin mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qanunun mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus ev üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)-8055/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar