Məhkəmə qərarları › İş №2-1(103)-680/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-680/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-680/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə hüquqlarının qeydiyyata alınması»na tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2320/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 sentyabr - 06 oktyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə hüquqlarının ilkin qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 7 iyun 1996-cı il tarixli 343 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqdədilə iddiaçıya (İddiaçı) ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən həmin torpaq sahəsində eskiz layihəsinə əsasən fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh 8 aprel 2020-ci il tarixli məktubla məsələnin həllindən (sənədlərin qəbulundan) imtina etmişdir. İmtinaya əsas kimi torpağın yeri barədə Qaradağ RİH tərəfindən tərtib olunmuş cizgi sənədinin təqdim olunmadığı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Atxivinin Bakı Filialının 18 dekabr 2019-cu il tarixli 768 nömrəli məktubu ilə arxivə saxlanması üçün verilmiş sərəncama cizgi sənədinin əlavə olunmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfındən ərizənin qəbul edilməsindən imtina olunması qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasimn Prezidentinin 5 fevral 2015-ci il tarixli Fərmanına əsasən AR Dövlət Torpaq və Xəriətəçəkmə Komitəsi ləğv edilmiş, onun bu səlahiyyətləri AR Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikasimn Prezidentinin 29 sentyabr 2015-ci il tarixli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasimn 28 fevral 2007-ci il tarixli 553 nömrəli Fərmanı ləğv edilmiş və Azərbaycan Respublikasimn Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə “Torpaq sahəsinin planı və ölçüsü” nün təsviri təsdiq edilmiş, Fərmanda plan və ölçü sənədinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə qarşı еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş tərəfindən İdarəyə təqdim edilmiş sənədlər kserosurətdir və torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bu səbəbdən torpaq sahəsini təyin etmək mümkün olmamışdır. Həmçinin, təqdim edilmiş sərəncam üzrə torpaq sahəsi 600 kv,m olsa da, vətəndaş tərəfindən göstərilən sahənin ölçüsü 717 kv.m-dir. Ərizəyə fərdi yaşayış evinə dair sənədlər əlavə edilməmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.1, 8.0.9, 8.0.10, 10, 11-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2320/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin Başçısının 07 iyun 1996-cı il tarixli 343 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə ona Qaradağ rayonu, Ələt Qəsəbəsi, Kötəl kəndi ərazisində yerləşən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində 1998-ci ildə fərdi yaşayış evi inşa etdirərək ailəsi ilə birlikdə evə köçüb indiyə kimi orada yaşayırlar. Fərdi yaşayış evinə ünvan 3 ünvanda pasport qeydiyyatındadırlar. İnşa edilmiş fərdi yaşayış evinin eskiz layihəsi də tərtib olunmuşdur. Torpaq sahəsinə və inşa edilmiş fərdi yaşayış evinə hüquqlarının ilkin qeydiyyata alınması üçün zəruri sənədlərin əslini təqdim etməklə ərizə ilə müraciət etsə də DƏDRX-in əməkdaşları tərəfindən ərizə və sənədlərin qəbulundan heç bir əsas olmadan imtina edilmişdir. Qaradağ rayon İH-nin 12 fevral 2020ciil tarixli H-1-091 saylı məktubu ilə torpaq sahəsinin plan-ölçüsünün verilməsi imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 dekabr 2019-cu il tarixli 768 nömrəli məktubu ilə arxivə saxlanması üçün verilmiş sərəncama cizgi sənədinin əlavə olunmadığı bildirilmişdir. Bundan sonra poçt vasitəsi ilə rəsmi müraciət etmiş və ərizəsinin qəbul olunacağı halda bütün zəruri sənədlərin əsillərini təqdim edəcəyini bildirmişdir. Torpaq sahəsinə və inşa edilmiş evə dair hüquqlarının ilkin qeydiyyata alınması barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08 aprel 2020-ci il tarixli məktubu ilə torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilməməsi, torpaq sahəsinin faktiki ölçüsünün sənədlə nəzərdə tutulduğundan artıq, yəni 717 kv.metr olması və fərdi yaşayış evinə dair sənədlərin ərizəsinə əlavə olunmaması səbəbindən hüquqlarının ilkin qeydiyyata alınmasından imtina edilmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ərizəsinin qəbul edilməsindən imtina etməsi qanunsuzdur. Birinci instansiya məhkəməsi inzibati orqanın təqdim olunmuş sənədlərin kserosurət olması, torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilmədiyindən torpaq sahəsinin yerini təyin etməyin mümkün olmaması, torpaq sahəsinin sərəncam üzrə 600 kv.metr olsa da faktiki ölçüsünün 717 kv.metr olması və ərizəyə fərdi yaşayış evinə aid sənədlərin əlavə edilməməsi kimi əsaslarını qəbul edərək iddiasını qanunsuz olaraq rədd etmişdir. Belə ki, inzibati orqan ilkin olaraq ərizəsini qəbul etməkdən ümumiyyətlə imtina etmişdir, poçt vasitəsi ilə sənədlərin kserosurəti təqdim olunmuş və ərizəsi qəbul ediləcəyi halda sənədlərin əsilləri təqdim olunacağı tərəfindən bildirilmiş, torpaq sahəsinə plan ölçünün verilməsi isə DƏDRX-in səlahiyyətinə aid olması qeyd edilmişdir. Həmçinin DƏDRX tərəfindən ərizəsi qəbul edilməmiş və torpaq sahəsi ölçülməmişdir. Ölçü aparılmadan torpaq sahəsinin ölçüsünü necə müəyyən etmək olar? Məhkəmə tərəfindən irəli sürülən xüsusatlara hüquqi qiymət verilməmiş, ərizəsi əsasında aparılmış icraya dair sənədlər DƏDRX-dən tələb olunmamışdır. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə hüquqlarının ilkin qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya Bakı şəhəri Qaradağ RİH başçısının 7 iyun 1996-cı il tarixli 343 nömrəli sərəncamı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin torpaq sahəsinin cizgisinin təqdim edilməsi zəruridir. Bu qənaət ondan irəli gəlir ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur. Həmçinin həmin Qanunun 8-ci maddəsi torpaq sahəsi üzərində 2013-cü ilin yanvar ayının 1-dək və həmin tarixdən sonrakı dövrdə inşa edilmiş müvafiq fərdi yaşayış evlərinə münasibətdə torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin təqdim olunmasını mütləq şəkildə müəyyən edir. Odur ki, torpaq sahəsinin cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə və üzərindəki tikililərə hüquq qeydiyyata alına bilməz. Bundan başqa, torpaq sahəsi üzərindəki tikililərə hüququn qeydiyyatı həm həmin torpağın hüquq müəyyən edici sənədlərinin, həm də 2013-cü ilin 1 yanvar tarixindən sonrakı dövrdə tikiliyə aid məlumatlandırma icraatı üzrə sənədlərin təqdim edilməsi ilə şərtləndirilir. Həmin sənədlər, eləcə də torpaq sahəsinə mülkiyyət sənədi təqdim edilmədiyindən torpaq sahəsində tikilən fərdi yaşayış evinin qeydiyyatı aparıla bilməz. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasındakı “sənədlər kserosurətdir” və “torpaq sahəsinin sənəd üzrə və faktiki ölçülərinin fərqli olması” dəlilləri isə, imtina üçün əsas sayıla bilməz, formal xarakterli qiymətləndirilir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsindəki müvafiq torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə hüquqlarının qeydiyyata alınmasından cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunması qanuna zidd sayılmamalı və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr; 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı oğluna Bakı şəhəri Qaradağ RİH başçısının 7 iyun 1996-cı il tarixli 343 nömrəli sərəncamı ilə ünvan 4 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. O, həmin torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə hquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İdarəyə təqdim edilmiş sənədlər kserosurətdir və torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən, torpaq sahəsinin yerini təyin etmək mümkün olmamışdır, təqdim edilmiş sərəncam üzrə torpaq sahəsi 600 kv,m olsa da, vətəndaş tərəfindən göstərilən sahənin ölçüsü 717 kv.m-dir, ərizəyə fərdi yaşayış evinə dair sənədlər əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslar sadalanmışdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil». Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Birinci instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Qanunun 8-ci maddəsi iddiaçı torpaq sahəsi üzərində 2013-cü ilin yanvar ayının 1-dək və həmin tarixdən sonrakı dövrdə inşa edilmiş müvafiq fərdi yaşayış evlərinə münasibətdə torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin təqdim olunmasını mütləq şəkildə müəyyən edilməsi qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin cizgisinin təqdim edilmədiyi təqdirdə, həmin torpaq sahəsinə və üzərindəki tikililərə hüquq qeydiyyata alına bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən normalardan da görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda iddiaçının iddia etdiyi torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilən əsasların mövcud olmadığı müəyyən olunur ki, bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Göründüyü kimi, işə birinci instansiyası məhkəməsində baxılarkən iddiaçının iddia etdiyi torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edilmədiyindən, eyni zamanda hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya qanuni əsaslar olduğundan iddia tələbi əsassızdır və birinci instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2320/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar