Məhkəmə qərarları › İş №2-1(103)-680/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-680/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-680/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022ci il tarixli, 2-1(112)-6198/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X11 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 ildən artıq müddətdə hərbi qulluqçu kimi xidmət etməsi nəzərə alınaraq ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməsinin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 4 nəfər ailə üzvü (arvadı X12, uşaqları X13, X10 və X14) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddanın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi xidmətə daxil olmuş və xx.xx.2021-ci il tarixədək müxtəlif vəzifələrdə xidmət etmişdir. 15 iyul 2021ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusuna görə) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə (hərbi geyim formasını daşıma hüququ verilməklə) müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Səfərbərlik hazırlığı, səfərbərlik və ehtiyatda olan şəxsi heyətin qeydiyyatı şöbəsinin baş zabiti rütbəsindən ehtiyata buraxılmışdır və hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsində hərbi qeydiyyatdadır. İddiaçı ümumilikdə 20 ilə yaxın hərbi qulluqçu kimi xidmət etmiş, xidmət etdiyi dövrdə ev (yaşayış sahəsi) ilə təmin edilməmişdir. Hazırda Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, ev 15, mənzil 25-də kirayə yaşayır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi qanunvericilikdə 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan ehtiyata buraxılmış hərbi qulluqçuların 6 ay müddətində yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi almaq hüququ vardır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən təqdim olunmuş 133 saylı xx.xx.2021-ci il tarixli arayışdan məlum olmuşdur ki, kapitan X11 xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2004-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 011 nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, X11 “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7ci hissəsində göstərilən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu kimi qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ona şamil edilmir. Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2-1(112)-6198/2022 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2-1(112)-6198/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 133 nömrəli arayışdan görünür ki, iddiaçı 09 08 1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 011 nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilən 187 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X11 həqiqətən həqiqi hərbi xidmətdə olduğu dövrdə dövlət tərəfindən xidməti və daimi mənzillə təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, X3 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Nəsimi Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, mövcud baza-uçot məlumatlarında X7 Nəsimi rayon ərazisində bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması və ya icarəyə verilməsi barədə məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, X3 adına ölkə ərazisi üzrə mülkiyyət və ya digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan 355877 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X12 və X11 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır. 620203 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur, atası X11, anası isə X8r. 537252 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2016-cı ildə anadan olmuşdur, atası X11, anası isə X8r. AA0501906 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X13 xx.xx.2002ci ildə anadan olmuşdur, atası X9r. Birinci instansiya məhkəməsi iddiaçının ailə üzvləri olan X4, X5, X2 və X6 adlarına Azərbaycan Respublikası ərazisində hər hansı daşınmaz əmlakın olub-olmaması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu ünvanlamış, həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli **********30 saylı məktubda sorğuda qeyd olunan şəxslərin adlarına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, iddiaçının ehtiyata buraxıldığı tarixə 15 ildən artıq hərbi xidmət müddəti olmuşdur. İşin sadalanan halları ilə iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olması müəyyən olunmamışdır. Deməli, iddiaçı yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsə aiddir. Belə olan halda aydın olur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 011 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinin tələbi isə nəzərdə tutur ki, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Konstitusiya Qanunun qeyd olunan tələbi baxımından, hazırkı mübahisənin qanuni əsasını «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2- ci hissəsinin1-ci abzası deyil, 12-ci maddənin 2-ci hissəsinin 3-cü abzasında və 7-ci hissəsində təsbit olunan xüsusi normaları təşkil edir. Belə olan halda, öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxılmış iddiaçının iddia tələbində istinad etdiyi sosial güzəştdən yararlanmaq hüququna malik deyildir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 9-cü abzası da nəzərdə tutur ki, “Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1 -ci hissəsi ilə “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini qaydası müəyyən edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən 18 iyul 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeni nəzərə almaqla qeyd edir ki, iddiaçı X11 öz arzusu ilə ehtiyata buraxıldığından ehtiyata və buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi barədə iddiası təmin edilə bilməz. Öz arzusuna əsasən ehtiyata buraxılmış hərbi qulluqçular barəsində yaşayış sahəsi ilə təmin olunma, yaşayış sahəsi alana kimi isə kirayə haqqının ödənilməsinin nəzərdə tutulmaması onu deməyə əsas verir ki, qanunverici bu şəxslərlə bağlı məsələyə münasibət bildirməməklə həmin şəxsləri göstərilən siyahıya daxil etməmiş və qanunvericiliklə onlar barəsində yaşayış sahəsi ilə təmin olunma və mənzil kirayəsi xərclərinin ödənilməsi məsələsi tənzimlənməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2-1(112)-6198/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2-1(112)-6198/2022 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar