Məhkəmə qərarları › İş №2-1(103)-680/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-680/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-680/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X17 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X9, X23, X24, X10, X19, X14, X4, X11, X5, X12, X15, X20 və X16) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2022ci il tarixli, 2-1(112)-11844/2022 saylı qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X8, X9, X23, X24, X10, X19, X14, X4, X11, X5, X12, X15, X20 və X6 ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən 831 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər onun evində qeydiyyatda olsalar da, onları tanımır, sözügedən evə necə qeydiyyata düşmələri barədə məlumatı yoxdur. Üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Üçüncü şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(112)-11844/2022 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 831 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X8 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1988-ci ildə Ermənsitan Respublikasında Krasnoselo rayonunun Ağbulaq kəndindən etnik təmizləmə nəticəsində didərgin düşmüş, atası X11 və bibisinin əri Əli Məmmədovun 12 nəfər ailə üzvlərilə birlikdə atasına məxsus olan 600 kv. metrli fərdi yaşayış evini Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası 831 nömrəli evin sahibi Qriqoryan S.N. (Bakı şəhər 3 №li notarial kontorunun arayışı əlavə olunur) ilə dəyişib məskunlaşmışlar. 2004-cü ildə onlardan gizli olaraq razılığı olmadan Ə.Məmmədovun ailəsinin (6 nəfər) yaşadığı 3 otağa sənədləri saxtalaşdırma yolu ilə qeydiyyat çıxarışı almış, onun yaşadığı mənzil sahəsini satmışdır. Onlar yəni 13 nəfər ailə üzvünün yaşadığı mənzil isə ünvansız qalmışdır. Hal-hazırda o, 13 nəfər ailə üzvünün yaşadığı ünvandan qeydiyyatdan çıxarılmışdır. xx.xx.1989-cu il tarixli Nərimanov rayonu XDS-nin 2\656 nömrəli qeydiyyat üçün verilmiş qərarına əlavə olunan 4 nömrəli siyahının tam onlara (12 nəfər) aid olan hissəsindən çıxarılaraq Bakı Dövlət Arxivindən verilən qərarın surətini tam başqa bir yönümdə ancaq Əli Məmmədovun adı guya S.Qriqoryan ilə bu evini dəyişmiş kimi göstərmişdir. Həmçinin, qeyd olunan ünvanda iki ayrı ev mövcuddur və hər birinin girişi ayrıdır. Evlərdən biri atası X7, digəri isə İddiaçı məxsusdur. Şikayətə əlavə etdiyi Azərbaycan Respublikası Nərimanov rayon İcra Hakimiyyəti MKTB-nin verdiyi 038003 nömrəli arayışdan da görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 831 ünvanında iki ayr-ayrı ev mövcuddur və hər birinin girişi ayrıdır. Evlərdən biri X7, digəri isə İddiaçı məxsusdur. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs N.Hacıyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqanın nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslərin ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. İddiaçı tələbin əsası kimi həmin fərdi yaşayış evinin ona məxsus olmasını, üçüncü şəxsləri tanımadığını və sözügedən evə necə qeydiyyata düşmələri barədə məlumatı olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyini cavabdehə həvalə etmişdir. İş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “üçüncü şəxslər iddiaçıya məxsus evdə formal qeydiyyatdadırlar, hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan ünvanda formal olaraq qeydiyyatda qalmışlar və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirir: -1. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər yaşayış sahəsinə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmışdırmı?; -2. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər iddiaçıya aid yaşayış sahəsində faktiki yaşayırlarmı?; -3. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid fərdi yaşayış evinə əmlak hüquqları mövcuddurmu?. Birinci halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş Nərimanov rayon XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarından müəyyən edilir ki, Hacıyev Mübariz Ermənistan Respublikasında Krasnoselo rayonunun Ağbulaq kəndindəki miras qalmış qardaşı Hacıyev İbrahim (üçüncü şəxs X2 atası) ünvan 4 ünvanında yerləşən evlə dəyişmişdir. Göründüyü kimi üçüncü şəxs X2 atası Hacıyev İbrahimin göstərilən ünvana qeydiyyata alınmasının hüquqi əsası (inzibati akt) mövcud olmuş, üçüncü şəxslər iddiaçının ərizəsi əsasında qeydiyyata alınmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov rayon XDS İK-nın xx.xx.1989-cu il tarixli qərarının ləğv edilməsi, geri çağrılması və ya hüquqi qüvvəsini itirməsi barədə hər hansı sənəd-sübut iş materiallarında mövcud deyildir. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Nərimanov rayon İcra Hakimiyyəti MKTB-nin verdiyi 038003 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 831 ünvanında iki ayr-ayrı ev mövcuddur və hər birinin girişi ayrıdır. Göstərilən ünvanda iki fərqli fərdi yaşayış evi mövcud olmaqla, evlərdən biri X7, digəri isə İddiaçı məxsusdur. Təqdim edilən arayışdan da göründüyü kimi üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, həmin ünvanda yerləşən digər fərdi yaşayış evində yaşayırlar. Hazırkı iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın ünvan 1 ünvan üzrə qeydiyyata alınması üçüncü şəxslərin 1989-ci il tarixdə verilmiş qərara əsasən yaşadıqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Eyni zamanda bu hal iddiaçının mövcud ünvanının dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik yeni çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki: -1. Üçüncü şəxslər iddiaçının razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmişlər. -2. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, eyni ünvanda yerləşən digər evdə hal-hazırda yaşayırlar. -3. Üçüncü şəxslər iddiaçıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(112)-11844/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(112)-11844/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X8, X9, X23, X24, X10, X19, X14, X4, X11, X3, X12, X15, X20 və X6 ünvan 1 ünvanda yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar