Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-680/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8195/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə mərkəzi filialına qarşı iddia qaldıraraq, “ona 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən yaşa görə sosial müavinət almağı barədə cavabdeh orqana müraciət edilmiş, lakin həmin qurum tərəfindən ona imtina məktubu ünvanlanmışdır. Qeyd olunan imtina məktubunda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsinin qüvvədə olması, qadınların yaşa görə müavinət hüququnun xx.xx.2023-cü il tarixindən 63 yaş 6 ay müəyyən edilməsi və 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiye etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət növü üzrə təyinatın qanunvericilikdə nəzərda tutulmaması səbəbindən ona yaşa görə sosial müavinətin təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh orqan tərəfindən onun xx.xx.2020-ci il tarixdər xx.xx.2021ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeyde alınmaması, eləcə də, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində təndirxanada çörək bişirən vəzifəsində işləməyi ilə bağlı aktiv əmək müqaviləsi olsa da, ona heç bir əmək haqqı ödənilmədiyi və məcburi dövlət sosial sığortaya cəlb olunmadığı nəzərə alınmamışdır. Hesab edir ki, imtina əsasları formal olmaqla yaşa görə sosial müavinət alma hüququnun pozuntusuna səbəb olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixdən 01,07.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Bildirilmişdir ki: - xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının əmək müqaviləsi qüvvədə olduğundan; - qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 63 yaş 6 ay müəyyən edildiyindən; - 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət növü üzrə təyinat qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bununla bağlı iddiaçıya bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmasa da, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində sözügedən dövrdə əmək müqaviləsi aşkar edilmişdir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçıya Nazirliyin yanında X5 müraciət etməyi tövsiyə edilmişdir. Qanunun 9.1,1-ci və 11.1,2-ci maddələrinə əsasən, müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən etibarən ömürlük və ya şəxsin yenidən əmək fəaliyyətinə başladığı günədək təyin olunur. Şəxsin müavinəti almaq hüququ yarandıqdan sonra o, əmək fəaliyyətinə başlamışsa, lakin əmək fəaliyyəti bu və ya digər səbəbdən Qanunda müvafiq dəyişikliyin edildiyi 2020-ci il 1 yanvar tarixdən sonra dayanmışsa, bu zaman onun yenidfp müavinəti almaq hüququ yaranmamış hesab edilir. Əlavə olaraq bildiririk ki, sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət hüququna baxıla biləcəyi bildirilmişdir. Beləliklə, iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8195/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək iddiaçının əmək müqaviləsi qüvvədə olduğundan, qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 63 yaş 6 ay müəyyən edildiyindən, 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət növü üzrə təyinat qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu tərəflərindən sübuta yetirilmiş hesab edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan hallarının tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının 57 yaşı olan vaxt qüvvədə olan redaksiyada) : 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra – müavinətlər) – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər – əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. ... 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: ... 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; ... 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; ... 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ... 11.1.2. yaşa görə müavinət – şəxs əmək fəaliyyətinə başladıqda; “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədə olan redaksiya): 1.0.Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.2. yaşa görə müavinət 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə 7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət – beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda; Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. 1 saylı Xüsusi Təyinatlı MKTB 83 saylı MKİS-nin 065 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 3 uşaq doğmuş, 8 yaşa qədər böyütmüş və tərbiyə vermişdir. Oğlu – X8, qızı – X2 və qızı – X9. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 57 yaşdan, yəni hüququnun yarandığı tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinətin təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçının xx.xx.1961-ci il tarixdə doğulduğu və «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci ilədək olan redaksiyası) tələblərinə əsasən 3 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu vaxtdan – xx.xx.2018-ci il tarixdən, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, yaşa görə müavinət almaq hüququ vardır. Digər şərtlər: əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə. Qüvvədə olan qanunvericiliyə, yəni «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək qabiliyyəti olmayan şəxslər aşağıdakılardır: əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. İddiaçının 57 yaşı tamam olan zaman, yəni 2018-ci ildə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa (dəyişiklikdən əvvəl) əsasən əmək qabiliyyəti olmayan şəxslər aşağıdakılardır: əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Göründüyü kimi iddiaçının 57 yaşı olduğu zaman, yəni 2018-ci ildə iddiaçının sözügedən sosial müavinəti almaq hüququ var idi. Belə ki, həmin dövrdə qanunvericiliyə əsasən, iddiaçı əmək qabiliyyəti olmayan şəxslər sırasında daxildir, çünki o, 3 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş şəxsdir. Bundan başqa, iddiaçının sosial müavinət almaq hüququ yarandığı tarixdən sonra qanunvericiliyin dəyişməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması (vəziyyətin pisləşdirilməsi) üçün əsas deyildir. Cavabdeh etirazında və apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi üzrə işləməsini qeyd etsə də, qeyd olunan halı təsdiq edən sübutlar- əmək haqqı alması, məcburi dövlət sosial sığorta haqqının, verginin ödənilməsi və s. məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan azad sahibkar, təndirxana müdiri Ənvər Nuriyev tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində təndirxanada çörək bişirən vəzifəsində işləməsi ilə bağlı aktiv əmək müqaviləsi olsa da, ona heç bir əmək haqqı hesablanmamış və o, məcburi sosial sığortaya cəlb olunmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə müavinət təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8195/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-680/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-680/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver