Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-682/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Qədim Xalid oğlu Babayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı Qafarova Aypara Yaqub qızının, nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qafarova Aypara Yaqub qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2671/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Qafarova Aypara Yaqub qızı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-cu il təvəllüdlüdür, ailəlidir, üç övladı var, hazırda Xızı rayonunun Giləzi qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, uşaqlarının hər üçü məktəblidir, ailəsinin maddi vəziyyəti çox pisdir, belə ki, məktəb yaşında olan uşaqlarını onlara paltar, ayaqqabı ala bilmədiyi üçün məktəbə də göndərə bilmir. Göstərilənlərə əsasən “VEMTAS” vasitəsilə cavabdehə müraciət edərək ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir, lakin 2017-ci ildən göndərdiyi bütün müraciətləri nəticəsiz qalmışdır. Hər dəfə cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya və ailəsinə ÜSY ayrılmasına mane olmuşdur. Cavabdehə qarşı bir dəfə ünvanlı sosial yardımın təyin edilməsi məsələsini məhkəmədə qaldırmış, 2013-cü ildə məhkəmə iddiaçıya və ailəsinə sosial yardımın ödənilməli olması qərarına gəlmişdir. Həmin vaxtdan iddiaçının ailəsinin maddi vəziyyətinə heç bir dəyişiklik olmamasına baxmayaraq cavabdeh yenə də növbəti dəfə iddiaçıya imtina cavabı vermişdir.Səbəb kimi iddiaçının pay torpağa malik olmasını göstərmişdir.Həqiqətən də iddiaçının həyat yoldaşının adına 0,50 ha pay torpağı vardır, həmin pay torpağına görə iddiaçının həyat yoldaşı 24.09.2018ci ildə sosial sığorta haqqı da ödəmişdir. İddiaçı özü də işləyir, lakin əldə etdikləri qazanc ailənin maddi ehtiyaclarını ödəmir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ünvanlı sosial yardım almaq üçün 26.09.2017, 24.10.2017, 21.09.2018, 19.11.2018-ci illərdə cavabdehə müraciət etmiş, lakin iddiaçının ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanması zamanı məlumatlarda uyğunsuzluq olduğuna görə onun ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İddiaçının qeyd edilmiş 4 müraciətinin bəzilərində iddiaçı tərəfindən bir-birindən fərqli məlumatlar göstərilmişdir.Belə ki, iddiaçının 24.10.2017-ci il tarixli müraciətində iddiaçının ailəsinin torpaq mülkiyyəti barədə düzgün məlumat verilmədiyindən VEMTAS həmin məlumatların gizlədilməsini əsas gətirərək imtina haqqında qərar vermişdir.19.11.2018-ci ildə iddiaçı əksinə özünün və həyat yoldaşının mülkiyyətində pay torpağının olması barədə məlumatı qeyd etmiş, lakin VEMTAS tərəfindən məlumat araşdırılarkən onların torpaq mülkiyyətçiləri olması barədə məlumat təsdiqlənməmişdir, iddiaçının özünün mülkiyyətində olmasını iddia etdiyi torpaq sahəsinin onun atası Zeynalov Yaqub Həbib oğlunun mülkiyyətində olması aşkar edilmiş, bu səbəbdən də imtina barədə qərar qəbul edilmişdir.VEMTAS iddiaçının təqdim etdiyi məlumatları və müxtəlif dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarında və sistemlərindəki məlumatları qarşılaşdıraraq elektron qaydada (insan müdaxiləsi olmadan) qərar qəbul edir. Odur ki, iddiaçının Nazirliyin üzərinə ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin qoyulması tələbi mümkünsüzdür və məhkəmə tərəfindən iddiaçının tələbi təmin edilsə belə cavabdeh tərəfindən VEMTASa hər hansı məlumatın əlavə edilməsi mümkün olmadığından qərarın icrası mümkün olmayacaqdır. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2671/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26.09.2017, 24.10.2017, 21.09.2018, 19.11.2018-ci il tarixli müraciətlərinə imtinalarının qanunsuz hesab edilərək İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı və rəsmi nikahda olduğu şəxs X6, onların üç azyaşlı uşaqları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, iddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi 2017-ci ilin sentyabr, oktyabr və 2018-ci ilin sentyabr, noyabr aylarında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması, iddiaçının adına əmək müqaviləsi üzrə əmək haqqı məbləğində uyğunsuzluq, əmək bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən adı çəkilən şəxsin əmək haqqının 2456,03 manat olmalı olduğu halda 203,0 manat göstərilməsi, müraciətdə qeyd olunan **********1 sığortaedənin uçot nömrəsinin ailə üzvünə aid olmaması, müraciətdə göstərilən torpağın Zeynalov Yaqub Həbib oğlunun adına rəsmiləşdirilməsi, müraciətin iddiaçının adına rəsmiləşdirilmiş telefon nömrəsindən bəyan edilməməsi, iddiaçının ailə üzvü Qafarov Elqar Qurban oğlunun torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması, ailə üzvü Qafarova Aypara Yaqub qızının torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması, elektrik enerjisi üzrə xərclərin duzgün bəyan edilməməsi, ərizə bəyannamədə 250,0 manat göstərilməsi, "xxxx" ASC-nin məlumatına əsasən 711,41 manat göstərilməsi, ailə üzvü olan Qafarova Aypara Yaqub qızının adına rəsmiləşdirilmiş telefon nömrəsinin gizlədilməsi, ailənin adına olan torpaq sahəsinin mülkiyyətdə olması barədə məlumatın gizlədilməsi əsasları ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilmişdir. İddiaçı qeyd edilən əsaslarla imtinaların qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-315 №li dövlət aktına əsasən Qafarov Elqar Qurban oğlu Xızı rayonunun ərazisində yerləşən 3,5 hektar torpağın aktda göstərilən şəxslərlə birlikdə paylı mülkiyyətçisidir. “Torpağa mülkiyyət hüququna dair” JN-109 №li dövlət aktına əsasən iddiaçı Xızı rayonunun ərazisində yerləşən 4,0 hektar torpağın aktda göstərilən şəxslərlə birlikdə paylı mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş ELEKTRON İnformasiya Sisteminin iş yerinə dair 18.02.2019-cu il tarixli arayışına əsasən iddiaçı "xxxx" MMC-də fəhlə işləyir, ayda 230,0 manat əmək haqqı alır. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun 6.1-ci maddəsinə sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanının 2-ci bəndinə görə «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya “DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması. Həmin Qaydaların 2.1-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə görə şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 3.4.2-ci bəndinə görə məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: - (3.7.1) “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; - (3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; - (3.7.3) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; - (3.7.4) ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); - (3.7.5) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır); - (3.7.6) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; - (3.7.7) ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Mövcud qanunvericiliyin sadalanan normalarına görə ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər;5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 230 manat əmək haqqı alması, özünün və ərinin paylı mülkiyyət hüququ ilə torpaq sahəsinə malik olmaları ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün əsas deyildir, belə ki, şəxsin torpaq sahəsinə malik olması hələ onun torpaq sahəsindən ailənin maddi rifahının lazımi səviyyədə təmin edilməsi qədər gəlir əldə etməsi anlamına gəlmir. Cavabdeh iddiaçının ailəsinin həmin torpaq sahələri ilə bağlı nə qədər gəlir əldə etməsini məhkəmədə sübuta yetirməmişdir.Bundan başqa yuxarıda qeyd edilən qaydalarda iddiaçının məhz onun adına alınmış telefon vasitəsilə müraciət etməli olması göstərilməmişdir, eyni zamanda iddiaçının müraciətdə ailə gəlirlərinin məlumatın düzgün göstərilməməsini səbəb kimi göstərsə də məhz hansı uyğunsuzluqların aşkar edilməsini qeyd etməmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın 3.7.7-ci maddəsində ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda torpaq sahələri paylı mülkiyyətdə olmaqla Xızı rayonunda yerləşir. Cavabdeh imtina bildirişində göstərdiyi iddiaçının əmək haqqının 2456,03 manat olması əsası da iş materialları ilə təkzib edilmişdir, belə ki, cavabdehin özünün iş yerinə dair 18.02.2019-cu il tarixli arayışına əsasən iddiaçı "xxxx" MMC-də fəhlə işləyir, ayda 230,0 manat əmək haqqı alır. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının ailəsinin yuxarıda qeyd edilənlərdən başqa gəlirlərinin olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 2013-cü ildə də eynilə iddiaçının ünvanlı sosial yardımın təyin edilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilmədiyi üçün məhkəmə qərarı ilə cavabdehin imtina qərarı qanunsuz hesab edilərək ləğv edilmiş, iddiaçının ailəsinə ünvanlı sosial yardımın yenidən hesablanması cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh öz imtinasında imtinanın əsası kimi iddiaçının və ərinin torpaq sahəsinə malik olmasını, lakin bunu gizlətdiyini, digərində isə imtinanın əsası kimi torpaq sahəsinin göstərilməsini, lakin bu barədə məlumatların təsdiq edilməməsini göstərməklə bir-birinə ziddiyyətli imtinalarla iddiaçının hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2671/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Qədim Babayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-682/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-682/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver