Məhkəmə qərarları › İş №2-1(103)-683/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-683/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-683/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Hüseynin sədrliyi və məruzəsi ilə, X9 və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (3-cü şəxslər - X12 və X14) qarşı “iddiaçının hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3804/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı İddiaçı ASC-nin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səhmdarların 19.06.2018-ci il tarixli ümumi yığıncağında Cəmiyyətin ləğv edilməsi haqqında qərar qəbul edilmişdir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-1.4-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitəsi ilə məlumat verilmiş və səhmdarlara bu barədə yazılı bildiriş göndərilmişdir). Həmçinin, ümumi yığıncağının qərarı ilə ləğvetmə komissiyası da yaradılmışdır. İddiaçı ASC-nin ləğvetmə komissiyası təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Vergilər Departamentinin müvafiq idarəsinə) təqdim etmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil etmişdir. Daha sonra mülki qanunvericiliyin tələblərinə görə Ləğvetmə komissiyası “Vergilər” qəzetində hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirmişdir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilmişdir. Daha sonra kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası aralıq ləğvetmə balansını tərtib edərək təsdiq etmişdir. Kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra Cəmiyyətin ləğvetmə komissiyası ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib etmişdir. Bundan sonra Cəmiyyətin səhmdarlarının 26.10.2018-ci il tarixdə növbəti ümumi yığıncağı keçirilmiş (yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilmiş və səhmdarlara bu barədə yazılı bildiriş göndərilmişdir) və ümumi yığıncağın qərarına əsasən Cəmiyyətin ləğv edilməsinin başa çatdırılması üçün səhmdarlara məxsus əmlak payının bölüşdürülməsi haqda qərar qəbul edilmişdir. Həmçinin, Ləğvetmə komissiyasına Cəmiyyətdə son haqq-hesabın aparılması üçün Vergilər Nazirliyinə müraciət etmək və qanunvericiliyə uyğun olaraq digər zəruri hərəkətləri etməyə dair səlahiyyətlər verilmişdir. İddiaçı ASC-nin səhmdarlarına düşən əmlak payı müəyyənləşdirilərək səhmdarlara təqdim edilmişdir. Belə ki, səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyənləşdirilmişdir ki, Cəmiyyətin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 116 saylı binanın 1-ci mərtəbəsində 1638,7 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi vardır. Cəmiyyətin qeyri-yaşayış sahəsinə dair 29 noyabr 2017ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportu vardır. Səhmdarlara məxsus əmlak payının bölüşdürülməsi hər kəsin səhminə mütənasib şəkildə həyata keçirilməlidir. Lakin Cəmiyyətin səhmlərinin 10 faizindən azına sahib 5 səhmdarı vardır. Həmin səhmdarların səhmlərinin ümumi sayı səhmlərin 0,678%-ni təşkil edir. Bu halda 5 nəfər səhmdara daşınmaz əmlakdan 11,1 kv. metr sahə düşür. Daşınmaz əmlakın ümumi sahəsindən 11 kv metr sahənin 5 nəfər arasında bölüşdürülməsi mümkün deyildir. Çünki bölgünü texnoloji bağlılıq baxımından aparmaq mümkün deyildir. Buna görə də Cəmiyyətin daşınmaz əmlakının real bazar dəyəri müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirmə aktına əsasən Cəmiyyətin daşınmaz əmlakının bazar dəyəri 26.09.2018-ci il tarixə 1.409.400 (bir milyon dörd yüz doqquz min dörd yüz) manat müəyyən edilmişdir. Ləğvetmə Komissiyasında bu məsələ müzakirə edilmiş və belə qərara gəlmişdir ki, səhmlərinin sayı 1%-dən az olan səhmdarlara düşən əmlakın dəyəri onlara pul şəklində ödənilsin. Əgər pul şəklində ödəniş həyata keçirilsə səhmdarlara ödənilməli vəsaitin məbləği 9.544,3 manatdan az olmamalıdır. Bu halda 1 səhm üçün düşən pul vəsaiti 16,57 manat təşkil edir. Bundan sonra Cəmiyyətin səhmlərinin ümumi sayı səhmlərin 0,678%-ni təşkil edən 5 nəfər səhmdara pul vəsaiti poçt vasitəsi ilə göndərilmiş və səhmlərinə düşən vəsait haqda səhmdarlara məlumat verilmişdir. Cəmiyyətə məxsus qalıq əmlak isə 5 nəfər səhmdara təqdim edilmişdir. 08.01.2019-cu tarixli akta əsasən Milli Depozit Mərkəzi tərəfindən İddiaçı ASC-nin qiymətli kağızları ləğv edilmişdir. Bundan sonra İddiaçı ASC tərəfindən Cəmiyyətin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasına dair məktubla Milli Gəlirlər Departamentinə müraciət edilmişdir. Lakin Vergi orqanı tərəfindən uzun müddət yoxlama keçirildiyindən və məhkəmə mübahisəsi olduğundan ləğvetmə prosesi bir ildən artıq davam etdiyi üçün sənədlər geri qaytarılmışdır. Daha sonra İddiaçı ASC tərəfindən Vergilər Nazirliyinə müraciət edilmiş, bir ildən artıq müddətin üzürlü səbəbdən (yoxlamanın və məhkəmə mübahisələri səbəbindən) buraxıldığı əsaslandırılmışdır. Müddətin buraxılmasına dair səbəblər obyektiv səbəb olduğu üçün Vergilər İdarəsi tərəfindən ləğvetmə müddəti bərpa edilmişdir. 2020-ci ilin dekabr ayında İddiaçı ASC tərəfindən bir daha Cəmiyyətin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasına dair məktubla müraciət edilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsinin **********134500 nömrəli, 24.12.2020-ci il tarixli qərarı ilə kommersiya qurumunun reyestrdən çıxarılmasından imtina edilmişdir. Məhkəmənin 11.03.2021-ci tarixli qərardadı ilə X12 və X14 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən Cəmiyyətin reyestrdən çıxarılması ilə əlaqədar hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilmişdir. Həmin müraciətə Cəmiyyətin ümumi yığıncağının 26.10.2018-ci il tarixli növbədənkənar iclasının protokolu, Cəmiyyətin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabat, təhvil-təslim aktı, razılıq ərizələri və digər sənədlər əlavə edilmişdir. Ləğv edilən hüquqi şəxsin qalıq əmlakının səhmdarlar arasında bölüşdürülməsi və səhmdarlara təhvil verilməsi ilə bağlı 05 noyabr 2018-ci il tarixli təhvil-təslim aktında Cəmiyyətin yalnız 5 (beş) səhmdarı tərəfindən imzalanaraq təhvil alınması qeyd edilmiş, digər səhmdarlara onlara çatası əmlakın müqabilində isə pul vəsitinin ödənildiyi qeyd olunmuşdur. Qanunvericiliyə əsasən Cəmiyyətin ləğv etmə zamanı qalan əmlakı səhmdarların paylı mülkiyyəti hesab olunur və Məcəllənin 61.10-cu maddəsinə əsasən ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Lakin səhmdarlar X4 və X8 onlara çatası əmlakın müqabilində pul kompensasiyasının ödənilməsinə dair razılıqlarını əks etdirən sənəd təqdim edilməmişdir. İddiaçı iddiasını əsaslandırarkən verilmiş imtina qərarının mahiyyətini qəbul etməyərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına uyğun olaraq bildirir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılmasının ikinci forması ona uyğun gəldiyindən pul kompensasiyasının (dəyərinin) ödənilməsi variantını istifadə etmişdir. Buradan belə nəticə çıxarmaq mümkündür ki, iddiaçı elə göstərməyə çalışmışdır ki, guya cavabdeh imtinanı pul kompensasiyasının ödənilməsinin qanunvericiliyə uyğun olmadığına görə vermişdir. Halbuki, cavabdeh Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC-nin ləğv komissiyasının təqdim etdiyi sənədlər araşdırarkən müəyyən edilmişdir ki, pul kompensasiyası verilmiş 5 səhmdarın razılığı olduğu üçün ona mənfi münasibət bildirilməmiş, lakin 2 səhmdar barəsində razılıq mövcud olmadığı üçün imtina bununla əsaslandırılmışdır. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir Qeyd edilən razılığın olmaması mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Göründüyü kimi, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və yalnız mülkiyyətçinin razılığı ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 220.4cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır. 3-cü şəxs X12 iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçı öz iddia ərizəsində iddia tələbini əsaslandırmaq üçün Mülki Məcəllənin 220.1 - 220.4-cü və 221-ci maddələrinə istinad edib. Hesab edir ki, iddiaçı maddi hüququ normalarını səhv tətbiq edib, çünki həmin maddələr yalnız ümumi paylı mülkiyyətə dair tətbiq edilə bilər. Hazırkı halda isə mülkiyyət, hüquqi şəxs olan səhmdar cəmiyyətinə məxsusdur. Ləğvetmə prossesinin sonunda həmin mülkiyyət mülkiyyətçi tərəfindən səhmdarlara təhvil verilməli və səhmdarlar ümumi paylı mülkiyyətçi statusunu əldə etməli və yalnız ondan sonra onlara dair həmin maddələrin normaları tətbiq edilə bilər. Hal-hazırda ümumi paylı mülkiyyət hələ əmələ gəlməyib. Əmlak səhmdarlara təhvil verilmədiyindən qeydiyyat orqanı hüquqi şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edib. Mülki Məcəllənin 61.10-cu maddəsinə əsasən ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komisssiyası qalan əmlakın hüquqi şəxslərin iştirakçılarına təqdim edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Cəmiyyət Rəcəbov Vəzirə və Rəcəbov Rəcəbə əmlakı təqdim etməmişdir, eyni zamanda əmlakın əvəzində pul vəsaitinin ödənilməsinə dair da razılığa gələ bilməmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 16.5-ci maddəsinə əsasən ləğvetmə barədə zəruri sənədlər (qalıq əmlakın səhmdarların hamısına təhvil-təslim aktları da) təqdim ediləndən sonra hüquqi şəxsin reyestrdən çıxarılması mümkün sayılır. Hesab edir ki, cavabdeh tam qanuni olaraq əmlakın ona təhvil-təslim edildiyinə dair aktın mövcud olmamasına görə cəmiyyəti qeydiyyatdan çıxarmaqdan imtina edib. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3804/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər 3-cü şəxslər X12 və X14 İddiaçı ASC-nin səhmdarlarının 26.10.2018-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş qərarla onlara düşən kompensasiydan narazı olduğu halda, onda nə üçün X12 0,2445% payına düşən 4 kv. metr daşınmaz əmlakın və X14 0,2257% payına düşən 3 kv. metr daşınmaz əmlakın naturada ayrılmasına dair Cəmiyyətə müraciət etməmişlər? Əgər 3-cü şəxslər X12 və X14 İddiaçı ASC-nin səhmdarlarının 26.10.2018-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş qərarla onlara düşən kompensasiydan narazı olduğu halda, nə üçün X12 0,2445% payına düşən 4 kv. metr daşınmaz əmlakın və X14 0,2257% payına düşən 3 kv. metr daşınmaz əmlakın naturada ayrılmasına dair məhkəməyə müraciət etməmişlər? İddiaçı ASC-nin Ləğvetmə Komissiyası ümumi yığıncaqda qəbul edilmiş qərarlar haqda səhmdarlara məlumat vermiş, həmçinin pul vəsaiti həmin səhmdarlara poçt vasitəsi ilə göndərilmişdir. Həmçinin, Cəmiyyət tərəfindən “Vergilər” qəzetində 5 dəfə elan verilmiş və debitor-kreditorların iddiaları haqda Ləğvetmə komissiyasına müraciət etmələrini xahiş etmişdir. Paylı mülkiyyətdə olan Bakı şəhəri, Q.Qarayev prospekti, 116 ünvanda yerləşən əmlak İddiaçı ASC-nin səhmdarlarının 26.10.2018-ci il tarixli ümumi yığıncağının qərarı ilə bölünmüşdür. X12 və X14 öz payının ayrılmasına dair Cəmiyyətə müraciət etməmişlər. Cəmiyyətə müraciət etməmələri ayırılmış kompensasiyanın qəbul edilməsi deməkdir. X12 və X14 öz payının ayrılmasına dair məhkəməyə müraciət etməmişlər. Əgər kompensasiyanın məbləğindən narazılıq olsaydı, məhkəməyə müraciət edilərdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İşdən görünür ki, İddiaçı ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən Cəmiyyətin reyestrdən çıxarılması ilə əlaqədar hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 24.12.2020-ci il tarixli qərarı ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, Cəmiyyətin ləğvetmə zamanı qalan əmlakı səhmdarların paylı mülkiyyəti hesab olunur və Mülki Məcəllənin 61.10-cu maddəsinə əsasən ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Lakin səhmdarlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair yalnız X5, X2 və X6 razılığı əlavə olunmuşdur. Səhmdar X4 və X8 onlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair razılıqlarını əks etdirən sənəd təqdim edilməmişdir. Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Qeyd edilən razılığın olmaması mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hüquqi şəxsin ləğvi qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən tənzimlənir. Mülki Məcəllənin 108.1-ci maddəsinə əsasən səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Səhmdar cəmiyyətinin yenidən təşkilinin və ləğvinin başqa əsasları və qaydası, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 61.8-ci maddəsinə əsasən bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyrikommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. Həmin məcəllənin 61.10-cu maddəsinə əsasən ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Həmin məcəllənin 61.11-ci maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - qanun) 16.5-ci maddəsinə əsasən ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. Həmin Qanunun 11.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər qanunvericilik aktlarına zidd olduqda imtina edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC-nin səhmdarların 19.06.2018-ci il tarixli ümumi yığıncağında Cəmiyyətin ləğv edilməsi haqqında qərar qəbul edilmişdir. Ümumi yığıncağın qərarı ilə ləğvetmə komissiyası yaradılmışdır. İddiaçı ASC-nin ləğvetmə komissiyası ləğvetmə barədə qərarı, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına (Vergilər Departamentinin müvafiq idarəsinə) təqdim etmiş və hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı İddiaçı ASC-nin ləğvetmə prosesində olduğuna dair məlumatı hüquqi şəxslərin dövlət reyestrinə daxil etmişdir. Kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra Cəmiyyətin ləğvetmə komissiyası ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib etmişdir. İddiaçı ASC-nin ləğv prosesinin düzgün aparılması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən İddiaçı ASC-nin reyestrdən çıxarılmasından imtina edilməsinin yeganə əsası kimi hazırda 3-cü şəxslər olan X7 və X8 onlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair razılıqlarını əks etdirən sənədin təqdim edilməməsi göstərilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da göstərildiyi kimi mülki qanunvericilikdə əmlakın müqabilində pul vəsaitinin verilməsinə dair razılığın alınması nəzərdə tutulmamış, qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsi nəzərdə tutulmuşdur ki, bu da iddiaçı tərəfindən həyata keçirilmiş və 3-cü şəxslərə ödənilməli məbləğlər ödənilmişdir. Belə ki, səhmdarlarının 26.10.2018-ci il tarixdə növbəti ümumi yığıncağı keçirilmiş və ümumi yığıncağın qərarına əsasən Cəmiyyətin ləğv edilməsinin başa çatdırılması üçün səhmdarlara məxsus əmlak payının bölüşdürülməsi haqda qərar qəbul edilmişdir. Cəmiyyətin daşınmaz əmlakının real bazar dəyəri müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirmə aktına əsasən Cəmiyyətin daşınmaz əmlakının bazar dəyəri 26.09.2018-ci il tarixə 1.409.400 (bir milyon dörd yüz doqquz min dörd yüz) manat müəyyən edilmişdir. Ləğvetmə Komissiyasında səhmlərinin sayı 1%-dən az olan səhmdarlara düşən əmlakın dəyəri onlara pul şəklində ödənilməsi qərara alınmış, Cəmiyyətin səhmlərinin ümumi sayı səhmlərin 0,678%-ni təşkil edən 5 nəfər səhmdara pul vəsaiti poçt vasitəsi ilə göndərilmiş və səhmlərinə düşən vəsait haqda səhmdarlara məlumat verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Q Qarayev prospekti, 116 ünvanda yerləşən əmlak İddiaçı ASC-nin səhmdarlarının 26.10.2018-ci il tarixli ümumi yığıncağının qərarı ilə bölünmüşdür. X12 0,2445% payına düşən 4 kv. metr daşınmaz əmlakın və X14 0,2257% payına düşən 3 kv. metr daşınmaz əmlakın naturada ayrılması və ya ödənilmiş məbləğin düzgün hesablanmaması barədə Cəmiyyətə hər hansı müraciətlərinin olması iş materialları ilə müəyyən olunmur. X1 və X14 onlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə razı olmadıqları halda, daşınmaz əmlakın naturada ayrılması ilə əlaqədar müraciət etməmişlər. Pul vəsaiti poçt vasitəsi ilə səhmdarlara göndərilmiş, həmin məbləğ səhmdarlar tərəfindən qəbul edilmişdir. Hazırkı vaxta qədər səhmdarların 26.10.2018-ci il tarixli ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş kompensasiyanın məbləği 3-cü şəxslər tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, payın naturada ayırılması əvəzinə kompensasiya ödənilməsinə dair bu günə kimi X4 və X8 hər hansı etirazlarının və ya müraciətlərinin olmaması onların kompensasiya ödənilməsinə dair razılıqlarının olması kimi qiymətləndirilməlidir. Bundan başqa, Cəmiyyətin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 116 saylı binanın 1-ci mərtəbəsində 1638,7 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi vardır. İşdə olan sənədlərdən görünür ki, Cəmiyyətin səhmlərinin 10 faizindən azına sahib 5 səhmdarı vardır. Həmin səhmdarların səhmlərinin ümumi sayı səhmlərin 0,678%-ni təşkil edir. Səhmdarlara məxsus əmlak payının bölüşdürülməsi hər kəsin səhminə mütənasib şəkildə həyata keçirilməlidir. Bu halda 5 nəfər səhmdara daşınmaz əmlakdan 11,1 kv. metr sahə düşür. Daşınmaz əmlakın ümumi sahəsindən 11 kv metr sahənin 5 nəfər arasında bölüşdürülməsi mümkün deyildir. Odur ki, X12 və X8 payı cüzi olduğundan, real surətdə ayrıla bilməsi mümkün olmadığından, səhmdarların 26.10.2018-ci il tarixli ümumi yığıncağının qərarı ilə səhmdarlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsi qərara alınmışdır. Pul vəsaiti səhmdarlara, o cümlədən X12 və X11 göndərilmiş, X12 və X14 tərəfindən pul kompensasiyasının ödənilməsinə əvəzinə daşınmaz əmlakın naturada ayrılmasına dair hər hansı müraciətləri olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X1nun və X8 onlara çatası əmlakın müqabilində pul vəsaitinin ödənilməsinə dair razılıqları olmadığından, cavabdeh inzibati orqan tərəfindən İddiaçı ASC-nin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasına dair verdiyi imtina əsassız olmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3804/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı ASC-nin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3804/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ASC-nin ləğv prosesi başa çatdığı üçün Cəmiyyətin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar