Məhkəmə qərarları › İş №2-1(103)-683/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-683/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-683/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X1 oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2338/2022 saylı, 24 avqust 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, pensiyasının qanunamüvafıq qaydada hesablanması öhdəliyinin Dövləı Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbini irəli sürmüşdür. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin fevral ayından Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı (Böyük dövlət vergi müfəttişi) kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından pensiya alır. Ötən müddət ərzində pensiyası qanunamüvafıq şəkildə verilməmiş, müxtəlif vaxtlarda buna etirazını bildirmişdir. İddiaçı 1973-cü ildən 2021-ci ilədək dövlət sturukturlarında çalışmış, işlədiyi müddətdə dövlətə, cəmiyyətə şərəflə xidmət etmiş, daima müxtəlif mükafatlarla mükafatlandırılmış, təltif edilmişdir. Vergiləri və məcburi sosial sığorta haqlarını da vaxllıvaxtında ödəmişdir, lakin təqaüdə çıxdıqdan sonra pensiyanın qanunamüvafıq şəkildə hesablanmadığını müəyyən etmişdir. Bu isə konstitusion hüquqlarının pozulmasıdır. Ondan səlahiyyət və rütbə baxımından aşağı vəzifədə işləyənlər və ya ondan az işləmiş, sosial sığorta stajı az olmuş şəxslərə 1200-1400 manat civarında pensiya təyin edildiyi halda ona 592 manat aylıq pul ödənişinin (pensiyanın) verilməsi qəbuledilməzdir. Cavabdehin müraciətlərinə verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubunda iddiaçının şikayətinin təmin edilməsindən imtina edilmişdir. İmtina Əmək pensiyaları haqqında qanunun 20.30-cu maddəsi ilə əsaslandırılır. İddiaçı hesab edir ki, cavabdeh DSMF-nin XŞTİ tərəfindən müraciəti mövcud qanunvericiliyə uyğun müayinə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsində göstərilmişdir ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Eyni qanunun 1,0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 20.11.2-ci maddəsində göstərilmişdir ki, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin oıta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsində göstərilmişdir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə almır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı pensiyasının büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyanın hesablanması kimi dəyişdirilməsi qəbul edilmişdir İddiaçının ərizəsi əsasında iddia tələbi İddiaçı büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2338/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləriə uyğun izahat verərərk, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciətətlər etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı müraciətlərin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 5 fevral 2021-ci il Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 498,75 manat, qulluq stajına görə əlavəsi 99,94 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 132,25 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 769,94 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.2-ci maddəsinə əsasən 24 il 1 gün qulluq stajınına uyğun olaraq orta aylıq əmək haqqı (769,94 manat) 77 faizi592,85 manat məbləğində müəyyən edilərək kart hesabına köçürülür. Məlumat üçün bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsinə uyğun olaraq dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. “Sosial sığorta haqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanır. 21 oktyabr 2005-ci il tarixli 1029- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Həmin maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla (yəni həmin maddədə sadalanan) əmək ödənişinin və gəlirlərin bütün digər növləri üzrə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən bir sıra qərarlarda ifadə edilən hüquqi mövqe ondan ibarət olmuşdur ki: ...Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi)... (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarı) ...Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir... (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı) Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilən hüquqi mövqeyə uyğun olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə aldıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməli əmək haqqının, təminat xərcliyi, dövlət məvacibi və ya onlara edilən əlavələr əsas götürülməlidir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasına yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Qanunvericiliyə həmin dəyişiklik edilənə qədər və ondan sonra iddiaçıya büdcədənkənar mükafat və büdcədənkənar fond vəzifə maaşına əlavə ödənilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5 və 20.30-cu maddələrində “büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər” ifadəsi göstərilsə də, həmin ödənişlərin mahiyyəti, tərkibi, formalaşma mənbələri açıqlanmamışdır. Müvafiq uyğunlaşdırma həyata keçirələnədək büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər (“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmədiyindən) məcburi dövlət sosial sığortasına cəlb edildiyi təqdirdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyası hesablanarkən nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 29 dekabr 2020-ci il tarixli F-180 nömrəli Əmrə əsasən İqtisadiyyat Nazirliyinin Aparatının və regional bölmələrinin işçilərinə müvafiq iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilmişdir. İşdən azad edilmə haqqında 28 yanvar 2021-ci il tarixli **********062800 nömrəli əmrə əsasən İddiaçı (kiçik vergi xidməti müşaviri) 04 fevral 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.1996-cı il tarixdən dövlət vergi orqanlarında xidmət etməklə, xx.xx.2021-ci il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad edilmişdir. İddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1973- 2021-ci illərə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Arayışın surətindən görünür ki, 01 fevral 2016-cı ilin yanvarından 31 yanvar 2021-ci ilin dekabrına kimi İddiaçı ümumi əmək haqqının miqdarı 27354,97 manat, büdcə mükafatı 5528,88 manat, fond məzuniyyət 503,47 manat, son haqq-hesab büdcə 9292,20 manat, son haqq hesab fond 1196,80 manat, büdcədənkənar mükafat 16667,74 manat, büdcədənkənar fond vəzifə maaşına əlavə 25928,26 manat olmaqla cəmi məbləğ 86472,32 manat olmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 01 fevral 2016 - 31 yanvar 2021-ci il tarixdə aldığı əmək haqqı barədə arayış təqdim edilmişdir. Həmin arayışa əsasən müəyyən olunur ki, idarənin sabiq böyük dövlət vergi müfəttişi İddiaçı ödənilən əmək haqqının tərkibi əmək haqqı, büdcə mükafatı, fond məzuniyyət, büdcədənkənar mükafat, büdcədənkənar fond üzrə vəzifə maaşına əlavədən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə xx.xx.2022- ci il tarixdə daxil olmuş məktubunda bildirilmişdir ki, idarənin sabiq böyük dövlət vergi müfəttişi İddiaçı büdcədənkənar fond hesabına ödənilən vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqının hesablanaraq tutulması təmin edilmişdir. Kollegiya qanunvericilik aktlarının tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2338/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2338/2022 saylı, 24 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar