Məhkəmə qərarları › İş №2-1(103)-684/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-684/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-684/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Zalışov Pərviz oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4062/2017 saylı saylı iş üzrə icraatın yeni açılmış hallar üzrə təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4062/2017 saylı 01 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 14.10.1992-ci il tarixdən hal-hazıradək 28 May NQÇİ-də dənizdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 25.05.2007-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4062/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qərarına əsasən iddia təmin edilərək, X2 28 May NQÇİ-də dənizdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən apelyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4062/2017 saylı 05 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2491/2017 saylı 19 oktyabr 2017-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4062/2017 saylı 05 sentyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-428/2018 saylı 28 fevral 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2491/2017 saylı 19 oktyabr 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 18.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarlarından göründüyü kimi, 14.10.1992-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi 26.08.2017-ci il tarixədək 28 May NQÇİ-də kompressor qurğusunun, turbin və kompressor avadanlıqların maşinisti, qazın yığılması, hazırlanması, nəqli və kompressor stansiyalarında növbə rəisi vəzifələrində işlədiyi müddət nəzərə alınmaqla Firuz İlyayiyə güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin hər üç instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması barədə arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun dəniz şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Beləliklə, fondun Nizami rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında Firuz İlyayiyə pensiyanın təyin edilməsi, yenidən hesablanması və 01.01.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına dövlət büdcəsi hesabına külli miqdarda əsassız vəsait ödənilmişdir. X2 müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş məlumat əsasında cinayət işi açılaraq istintaqı aparılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4062/2017 saylı 01 iyul 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Firuz İlyayi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4062/2017 saylı 01 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərardad əsassız olduğundan ləğv edilməlidir. Qərardadda yeni açılmış halların və ya faktların nədə ifadə olunduğu, nədən ibarət olması əsaslandırılmamışdır. Cavabdehin qeyd etdiyi hallar ən geci 01.01.2020-ci il tarixdə ona bəlli olmuşdur. Belə ki, DSMF orqanı 01.01.2020-ci il tarixdən pensiya ödənişini dayandırmışdır. Şikayət mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 12.01.2022-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Zalışov Pərviz oğlu apellyasiya şikayətini müdafiə etiraz edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ilkin məhkəmə icraatında baxılan zaman güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nun rayon şöbələrinin səlahiyyətlərinə aid olduğundan, iş üzrə cavabdeh qismində məhz ƏƏSMN-nın DSMF-nun Suraxanı rayon şöbəsi çıxış etmişdir. Hazırda qanunvericiliyin tələbi üzrə Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid edildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4062/2017 saylı 05 sentyabr 2017-ci il tarixli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğundan, hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə vermək səlahiyyətinə malikdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, ərizəyə baxılması ilə bağlı aparılmış araşdırma nəticəsində cavabdehin yeni açılmış hallar ilə bağlı ərizədə göstərilmiş əsasların mövcud olduğu öz təsdiqini tapmışdır. İddiaçının 12.12.1977-ci il tarixdən 24.08.1992-ci il tarixədək, 14.10.1992-ci il tarixdən qərar çıxarılan tarixədək 28 May NQÇİdə dənizdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısının əhatə dairəsinə düşüb-düşmədiyinin yenidən müəyyən edilməsi, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun hansı tarixdən yaranması ilə bağlı, həmçinin güzəştli pensiya məbləğinin 2004-2005-ci illərin orta aylıq əmək haqqında əsasında götürülməklə yenidən hesablanması barədə gəldiyi nəticəyə də birbaşa təsir edən haldır. Beləliklə, birinci instansiya məhkəməsi sözügedən ərizənin təmin edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi aşağıdakılara əsasən ərizə üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103, 104,106). Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Hazırki işdə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizənin məzmunundan görünür ki, həmin ərizədə “yeni açılmış hallar”ın əsası kimi göstərilən hallar işin mahiyyəti ilə, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verə biləcək hallarla bağlıdır, hansı ki, bu hallar əvvəlcədən də cavabdehə məlum olmuş, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yaranmamış və onların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı müəyyən olunmur, cavabdeh bu halı təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Odur ki, ərizəçinin göstərdiyi hallar, o cümlədən güzəştli arayışın işdə olmaması halı işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hal kimi qəbul edilə bilməz. Bununla yanaşı, Kollegiya nəzərə alır ki, hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunarkən bunun üçün qanunla müəyyən edilmiş şərtlərin ödənilibödənilməməsi məsələsi məhkəmələr tərəfindən yoxlanılmış və iddiaçının işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına istinad edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi əsası kimi istinad etdiyi haldan (güzəştli arayışın olmamasından) ən geci 01.01.2020-ci il tarixdə məlumatı olmuş, belə ki, cavabdeh 10.02.2021-ci il tarixli ərizəsində (i.v. 80-81) də qeyd etmişdi ki, iddiaçıya 01.01.2020-ci il tarixədək pensiyanın ödənilməsi nəticəsində plastik kart hesabına dövlət büdcəsi hesabına külli miqdarda əsassız vəsait ödənildiyi məlum olmuşdur. Bundan sonra tərəflərin də apellyasiya baxışı zamanı etiraf etdiyi kimi, iddiaçıya pensiya ödənişi 01.01.2020-ci il tarixdən dayandırılmışdır. Beləliklə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi əsası kimi istinad etdiyi halın ona 01.01.2020-ci il tarixdə, yəni hazırki ərizəni 10.02.2021-ci il tarixdə verdiyi gündən bir ildən də çox müddət əvvəlcədən məlum olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın yeni açılmış hallar üzrə icraatın təzələnməsi əsası kimi istinad etdiyi hal barədə məlumatı olduğu 01.01.2020-ci il tarixdən 3 aydan çox müddət keçdikdən sonra, yəni 10.02.2021-ci il tarixdə (ərizə məhkəməyə 18.02.2021-ci il tarixdə daxil olmuşdur) verilmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsini qeyri-mümkün edir. O ki qaldı cavabdehin ərizəsində qeyd etdiyi “X2 müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materialların Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi və daxil olmuş materiallar əsasında istintaq idarəsində cinayət işi açılaraq istintaqın aparılması” barədə dəlilinə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlil qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Buna baxmayaraq iş üzrə birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almadan “yeni açılmış hallar” barədə ərizəni təmin edib, qanuni qüvvəsini almış məhkəmə qərarını ləğv etməklə icraatın təzələnməsi barədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 01.07.2021-ci il tarixli qərardadı ləğv edilməli və ərizə qeyri-mümkün sayılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4062/2017 saylı 01 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallar üzrə icraatın təzələnməsi” barədə ərizə qeyri-mümkün sayılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar