Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-685/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3649/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1982-ci ildən 2011-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində hərbi xidmətdə olmuş, 1990-cı ildən 1995-ci ilə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi rəisinin müavini, səfərbərlik şöbəsinin rəisi vəzifəsində mayor rütbəsində xidmət etmişdir. Həmin dövrdə Şirvan şəhər şöbəsinin rəisi hərbi komissar polkovnik X4, kapitan X5, operator X3 olmuşdur. Müharibə gedən zaman 1992-1994-cü ilin may ayınadək müdafiə nazirinin telefonoqramına əsasən hərbi komissarın əmri ilə o, cəbhə bölgələrinə ezam olunaraq, şəxsi heyət, texnikalar hərbi hissələrə təhvil vermişdir. Müdafiə nazirinin əmrinə əsasən hərbi komissarın müavini kimi Ağdam rayonu Uzundərə kəndində yerləşən hərbi anbarlardan hərbi sursatları Biləcəri qəsəbəsində yerləşən hərbi sursat bazasına yük maşınları ilə daşımışlar. Onun qeyd etdiyi cəbhə bölgələrinə Füzuli, Tərtər, Ağdam, Goranboy rayonlarında yerləşən hərbi hissələrə ezam olunaraq döyüşlərdə iştirak etməyini yuxarıda adlarını qeyd etdiyi şəxslər təsdiq edə bilərlər. Qeyd etdiklərindən başqa o, Şirvan şəhər hərbi komissarının müavini, səfərbərlik şöbəsinin rəisi vəzifəsində işlədiyi zaman Azərbaycan Reapublikasının Ali Baş Komandanı Respublika Hərbi Komissarlığında xidmətdə olan peşəkar zabitləri döyüş bölgələrində yerləşən hərbi hissələrə xidmətə göndərilməsi haqqında sərəncam vermişdir. Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən o, N saylı hərbi hissəyə tabor komandirinin müavini, qərargah rəisi vəzifəsinə ləyin olunmuşdur. xx.xx.1994-cü il tarixdə Müdafiə nazirinin göndəriş vərəqəsi ilə həmin dövrdə N saylı hərbi hissənin komandiri polkovnik leytenant Murad Əliyevin qəbuluna girib, həmin hərbi hissəyə xidmətə təyin olunduğunu bildirərək, göndəriş vərəqini ona təqdim etmişdir. Komandir M.Əliyev göndəriş vərəqini ondan alandan sonra hərbi hissənin qərargah rəisinin köməkçisinə onun 2-ci tabora komandirin müavini, qərargah rəisi vəzifəsinə təyin olunduğu barədə sənədləşmə aparmağı tapşırmışdır. O, Tovuz rayonunun Əlibəyli kəndində yerləşən 2-ci tabora getmiş, Taborun qərargah rəisi kimi xidmətini başlamışdır. Həmin dövrdə döyüş əməliyyatları getmiş, o da həmin döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü ilədək həmin taborda mayor rütbəsində xidmət etmiş, həmin tarixdə Baş Qərargah rəisinin əmrinə əsasən o, Şirvan şəhər hərbi komissarının müavini, səfərbərlik şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Elə həmin gün vəzifəsini təhvil vermiş yeni xidmət yerinə getmiş və xidmətini davam etdirmişdir. Döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar müharibə veteranı adının və vəsiqəsinin alınması üçün zəruri sənədlərini toplayıb müharibə veteranı adının verilməsi üzrə Cavabdehndə yerləşən komissiyaya təqdim etmiş, lakin Cavabdeh Arxivindən daxil olunmuş sənəddə onun N saylı hərbi hissədə xidmət etdiyi qeyd olunmadığından cavabdeh imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının müharibə veteranı adı və vəsiqəsi verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, iddiaçının cavabdehə müraciəti ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam aparılmamış, iddiaçının şəxsi işində olan əmrlər, tutduğu vəzifələr və digər halların mövcudluğu araşdırılmamış, iddiaçının izahatı, şahid ifadələri alınmamış, onunla birlikdə döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müəyyən edilərək onlara “müharibə veteranı adı və vəsiqəsi” verilib-verilməməsi, verilmişsə eyni vəziyyətlə bağlı olubolmaması əsasları araşdırılmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının xidməti arxiv arayışı ilə təsdiq olunmadığından ona müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Hərbi qulluqçunun vəzifəyə təyin edilməsi iddiaçıya müharibə veteranı adının verilməsinə əsas ola bilməz, çünki həmin hərbi hissədə xidmət keçməyi nizami hissə üzrə əmrlərlə (şəxsin həqiqətən də hərbi hissəyə daxil olması və s.) təsdiq olunmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarına dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarına əsasən: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Yəni, müharibə veteranı sayılması üçün hansı sənədlərin olması göstərilmişdir. Belə ki, Mərkəzi Arxivin 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini İPM-in 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, Azərbaycan Respublikası Cavabdeh Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli 1/D-722 nömrəli məktuba görə, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Cavabdeh aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-19138 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə hərbi xidməti təsdiqlənmədiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Azərbaycan Respublikası Cavabdeh İşlər İdarəsi Mərkəzi Arxivinin iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli 9/219138 nömrəli məktubuna əsasən, N nömrəli hərbi hissə komandirinin yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 553 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli 19 nömrəli arayışına görə, 1963-cü il təvəllüdlü istefada olan kapitan İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1986-ci il tarixədək Bakı Ali Biriəşmiş Komandanlıq Məktəbində kursant, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 14-cü motoatıcı alayında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-ci il tarixədək Mir-Bəşir rayon Hərbi Komissarlığında, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Ağsu rayon Hərbi Komissarlığında, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Əli Bayramlı şəhər Hərbi Komissarlığında, xx.xx.1994-cü il tarixdən xx.xx.1994cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Əli Bayramlı şəhər Hərbi Komissarlığında, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2000-cı il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2000-cı il tarixdən xx.xx.2001-ci il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2001-ci il tarixli 0575 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a”’ bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli 11/3484 nömrəli məktubu və ona əlavə olunmuş İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2- 7261 nömrəli məktubuna görə, Cavabdeh xx.xx.1994-cü il tarixli 051 nömrəli, xx.xx.1994cü il tarixi 067 nömrəli əmrləri və onların verilməsinə əsas olan sənədlər MN Mərkəzi Arxivinə daxil olmamışdır. “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Cavabdeh tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İstinad olunan normativ-hüquqi aktların müddəalarının təhlilindən və Konstitusiya Məhkəməsinin məsələyə dair şərhindən çıxan nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut edən digər sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan qayadada Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut edən sənədlərə malik deyil. İddiaçının bu barədə sübut kimi istinad etdiyi Cavabdeh xx.xx.1994-cü il tarixli 051 nömrəli və xx.xx.1994-cü il tarixi 067 nömrəli əmrləri, həmin əmrlərin verilməsinə əsas olan sənədlər MN Mərkəzi Arxivində mövcud deyil. Cavabdehin Mərkəzi Arxivinin arayışında da onun N nömrəli hərbi hissə komandirinin yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumatın aşkar olunmadığı göstərilmişir. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bütün qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qərarda iş üzrə müəyyən edilən faktlar qanunla müəyyən olunmuş sübutetmə vasitələri ilə təsdiqini tapmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi qərarında iddianın qismən təmin olunmasını cavabdeh tərəfindən qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmaması, İPM-in 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulması ilə əsaslandırsa da, adıçəkilən normanın tələbi kimi “iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmamasının” səbəblərini açıqlamamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-in 14.3-cü maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli (İPM-in 87.6-cı maddəsi), şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3649/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağılyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-685/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-685/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver