Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-686/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı cərimənin silinmədiyinə görə hərəkətlətin qeyri-qanuni hesab edilməsi və maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8790/2021 saylı, 14 oktyabr 2021- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Baş X3 İdarəsinin EQ-nin ləğv edilməsi barədə qərarlarının icra edilmədiyinə, qanunsuz hərəkətsizlik edildiyinə və Azərbaycan Respublikası BDYP-si cərimələri silmədiyinə görə hərəkətlərinin qeyri-qanuni hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 09.02.2021ci il tarixli, 3(012)-4/2021 saylı qərarı ilə Azərbaycan Respublikası DİN-yi BDYPİ-si tərəfindən qəbul edilmiş 25.03.2019-cu il tarixli, EQ908752 saylı EQ-rı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən təkrar olaraq Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 25.03.2019-cu il tarixli inzibati qərarı 07.05.2021-ci il tarixdə ləğv edilmiş, inizbati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən BDYPİ-nin 18.02.2019-cu il tarixli qərarı 26.02.2021-ci il tarixdə ləğv edilərək, inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Binəqədi DYPŞ-nin əməkdaşları 30.12.2019-cu il tarixdə saat 10:10 radələrində istifadəsində olan AZ-**-FG-*** dövlət nömrə nişanlı 09 markalı avtomobillə hərəkət edərkən onu saxlatmış və avotomobili cərimə meydançasına yerləşdirmişlər. Sonradan ona təqdim edilmiş imzasız və möhürsüz protokolda göstərilmişdir ki, sürücülük vəsiqəsində müvafiq “B” kateqoriyası olmadığına görə Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsini pozmuşdur. Binəqədi DYPŞ-nə və Baş X3 İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-si protokollar yazıb və qərarlar qəbul etmiş, heç vaxt yaşamadığı - qeydiyyatda olmadığıünvan 1 ünvanına göndərmişlər. O, Xocavənd rayonundan məcburi köçkündür. 15.10.2017-ci ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsi Qarant şəhərciyi bina 4, mənzil 88 -də məskunlaşdırılmışdır. Dəfələrlə DİN-nin Baş X3 İdarəsinə rəsmi şikayətlər verərək EQ-ın qanunsuz və əsasız olduğunu bildirilmiş, qərarlardan məlumatın olmadığını bildirmiş ləğv edilərək, icaata xitam verilməsini və avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürlməsini xahiş etmişdir. Lakin heç bir tədbir görülməmiş, istifadədə olan avtomobil ona qaytarılmamışdır. Qanunsuz hərəkətsizlik nəticəsində iddiaçının istifadəsində olan avtomobili texniki baxışdan keçirə bilməmişdir. Çünki əsassız və qanunsuz yazılmış cərimə silinməmişdir. Cərimə silinməsə texniki baxışdan keçmək münkün deyildir. BDYP-nə 21.05.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin DYPİ-in EQ-rın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarlarını rəsmi qaydada təqdim etmişdir. Lakin BDYPİ-si qanunsuz hərəkətsizlik edərək, məhkəmə qərarlarını icra etməmiş və hüquqları pozmaqda davam etmişdir. Cərimələri yazmada və artırmaqda davam etmişdir. 27.08.2021-ci il tarixdə iddiaçı tərəfindən İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, dəfələrlə BDYPİ-nin rəhbər vəzifəli şəxslərinin qəbulunda şəxsən olub, məhkəmə qərarlarının icra edilməsini və avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürlməsini xahiş etmişdir. Lakin, məhkəmə qərarları icra etməkdən imtina etmişdir. Cavabdeh cərimə məbləğini artırmaqda davam etmişdir. Belə ki, 6482660, 198533, 6717049, 6738180, 7431810, ******* saylı protokollar üzrə icra qərarının qüvvəyə minməsi barədə iddiaçıya “asanpay.az”la məlumatlar göndərilmişdir. Cərimə texniki baxışdan keçmədiyinə görə hesablanmış, cavabdeh digər tərəfdən avtonəqliyyat vəsitəsinin üzərindən məhdudiyyəti götürməmişdir. Göründüyü kimi cavabdeh hərəkətsizlik edərək, məhkəmə qərarlarını icra etməmiş və hüquqlarını pozmaqda davam etmişdir. 2019-cu ilin dekabr ayının 30-dan başlayaraq iddiaçıya vurulmuş maddi zərər 17.300 manat təşkil etmişdir. Bundan başqa,qanunsuz hərəkət və hərəkətsizlik nəticəsində ona mənəvi zərər vurulmuşdur. Qanunsuz hərəkətlər nəticəsində dəfələrlə iztirablar keçirmiş, sağlamlığı çiddi şəkildə pozulmuş və əzab çəkmişdir. Mənəvi zərərə görə cavabdeh ona beş yüz min (500.000) manat ödəməlidir. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəmələrinin Azərbaycan Respublikası BDYPİ-nin EQ-ın ləğv edilməsi barədə qərarları icra etməkdən imtina etdiyinə görə qanunsuz hərəkət (hərəkətsizlik) etdiyinə, cərimələri silmədiyinə və avtomobilin üzərinə qoyduğu məhdudiyyəti götürmədiyinə görə hərəkətlərinin qeyri-qanuni (qanunsuz) hesab edilməsi, vurulmuş maddi zərərə görə 17.300 manat, vurulmuş mənəvi zərərə görə 500.000 (beş yüz min) manat, ümumilikdə 517.160 (beş yüz on yeddi min yüz altmış) manat pulun cavabdeh Azərbaycan Respublikası DİN-yi BDYPİ-dən iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8790/2021 saylı, 14 oktyabr 2021- ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı cərimənin silinmədiyinə görə hərəkətlətin qeyri-qanuni hesab edilməsi və maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8790/2021 saylı, 14 oktyabr 2021- ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq tərtib edilmiş, əlavə olaraq Bakı İnzibati Məhkəməsinin heç bir qanuni əsas olmadan iddianı mümkünsüz hesab etməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qəraradının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: -Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-503/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)-662/2020 saylı, 21 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək, EQ 909074 saylı 25.03.2019-cu il tarixli protokol əsasında qəbul edilmiş 25.03.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə materialın yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 3(012)-4/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tənbeh edilərək 10 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən qəbul edilmiş 25.03.2019-cu il tarixli EQ 908752 saylı qərarının ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-110/2021 saylı 26 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş 18.02.2019-cu il tarixli EQ 710419 saylı qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, İnzibati materialın yenidən araşdırılması üçün Abşeron rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 3(012)-336/2021 saylı 07 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 25.03.2019-cu il tarixdə qəbul edilmiş EQ 909074 saylı qərardan İddiaçı şikayəti əsaslı olduğundan təmin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən İddiaçı barəsində 25.03.2019-cu il tarixdə qəbul edilmiş EQ 909074 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 3(012)-713/2021 saylı 08 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EQ 710419 saylı qərardan İddiaçı şikayəti əsaslı olduğundan təmin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən İddiaçı barəsində 18.02.2019-cu il tarixdə qəbul edilmiş EQ 710419 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. -İddiaçının müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 29.12.2020-ci il tarixli 016-120165-1220 №li məktubla bildirilmişdir ki, “VAZ 2109” markalı ** FG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməsi zamanı barəsində çıxarılmış elektron qərarlardan bir qismi üzrə aidiyyati məhkəməyə müxtəlif tarixlərdə verilmiş şikayətlər məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mümkünsüz sayılması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi hazırkı iş üzrə iddia tələbinin predmetini “onun barəsində inzibati xətalara dair işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası öhdəliyinin cavabdehin üzərinə qoyulması” təşkil edir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 141.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən məhkəmələr tərəfindən baxılan inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar, bu Məcəllənin 142, 143, 144.1, 145, 146.3, 147, 150.2, 150.8, 150.9 və 150.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi məhkəmələrin qəbul etdiyi qərarların icrasına nəzarət onları çıxarmış məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Bu zaman, məhkəmə qərarının icrası üçün yeni məhkəmə qərarının çıxarlması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası iddiaçının ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən tutulması barədə tələbinə münasibətdə aşağıdakıları qeyd edir: AR İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının hazırki iddia ərizəsində qeyd olunan maddi və mənəvi ziyanın tutulması tələblə bağlı cavabdeh inzibati orqana hər hansı müraciətinin olması müəyyən edilmir. AR İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan birinci instansiya məhkəməsinin heç bir qanuni əsas olmadan iddianı mümkünsüz hesab etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Apellyasiya şikayəti qərardadın ləğvinə əsas vermədiyindən təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8790/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-686/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-686/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver