Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-686/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1493/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 20 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun 02 yanvar 1995ci ildən xx.xx.1999-cu ilə qədər Ağstafa rayon X10 və X1 Baş Mühəndis kimi işlədiyi iş illərinin sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1955-ci ildə Qazax rayonunun Kolayır kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı X2 daxil olmuşdur. 1977-ci ildə həmin İnstitutu Mühəndis-Mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə də xx.xx.1978-ci ildə “Moskva” sovxozuna böyük mexanik təyin edilməklə başlamışdır. xx.xx.1981-ci ildə həqiqi hərbi xidmətə getdiyinə görə vəzifəsindən azad edilmişdir. xx.xx.1981-ci ildən 26 sentyabr 1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 15 oktyabr 1984-cü ildə “Moskva” sovxozunun traktor parkına baş mexanik təyin edilmişdir. xx.xx.1994-cü il tarixdə baş mexanik vəzifəsindən azad edilmişdir. xx.xx.1995-ci il tarixdən Ağstafa rayon X10 və X1 təmir emalatxanasında mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1999-cu ildə Ağstafa rayon X10 və X3 ləğv edilməsi və X9 Tipli Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar ştat ləğv edildiyindən hər bir işçi kimi iddiaçı da işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası “HVTİC”-i Ağstafa rayon X12 klubunun nəzəri və praktiki tədris üzrə baş müəllim vəzifəsinə təyin edilmişdir. xx.xx.2003-cü ildə həmin vəzifədən öz ərizəsiylə işdən azad edilmişdir. 25 dekabr 2020-ci il tarixdə 65 yaşı tamam olmuşdur və qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Müraciətinə aidiyyəti qurumdan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında cavab verilmişdir. Aidiyyəti qurumdan imtinanın əsl səbəbini soruşduqda ona 02 yanvar 1995-ci ildən xx.xx.1999-cu ilə qədər Ağstafa rayon X10 və X1 baş mexanik kimi işlədiyi iş illərinin sığorta stajına daxil edilməməsi olmuşdur. Aidiyyəti quruma əmək kitabçasını təqdim etsə də onlar bu barədə arxiv arayışının olmadığını bildirmişlər. Bu səbəbdən də orada işlədiyi iş illərinin sığorta stajına daxil etməmişlər. Həmin illər də sığorta stajına daxil edilmədiyindən onun yaşa görə əmək pensiyasına çıxmaq üçün lazım olan 25 il iş stajı tamamlanmır və yaşa görə əmək pensiya hüququ mümkün olmur. Buna görə də 02 yanvar 1995-ci ildən 01 may 1999-cu ilə qədər Ağstafa rayon X10 və X1 baş mexanik kimi işlədiyi iş illərinin sığorta stajına daxil edilməsinə ehtiyac vardır. Qanunvericiliyə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş yeri barədə qeydlər düzgün olmadıqda, əmək stajını təsdiq edən sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün hesablar, əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, əmək xidməti siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Hal-hazırda iddiaçının əmək kitabçasında işlədiyi bütün illər qeyd edilmişdir. Bu illər də kifayət edir ki, o, yaşa görə əmək pensiyasından yararlansın. Mübahisə edilən xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilə qədər Ağstafa rayon X10 və X1 təmir emalatxanasında mühəndis vəzifəsində işlədiyi illər qeyd edilmişdir və xx.xx.1999-cu ildə Ağstafa rayon X10 və X3 ləğv edilməsi və onun X9 Tipli Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar ştat ləğv edildiyindən hər bir işçi kimi iddiaçı da işdən azad edilmişdir. Eyni zamanda iddiaçının həmin işdə işlədiyini onunla birgə işləyən iş yoldaşları da təsdiq edə bilərlər. İş yerində işlədiyi müddətdə ölkə ərazisində keçirilən seçkilər zamanı təhsilli, fəal olduğuna görə Ağstafa rayon Dairə Seçki Komissiyasına iş yerindən göndərilərək üzv təyin edilmişdir. Bundan başqa işlədiyi vaxtlar bütün idarələr və təşkilatlardan hər gün növbə ilə Ağstafa Rayon İcra Hakimiyyətinə növbətçi göndərirdi və iddiaçı da uzun illər ərzində Ağstafa Rayon İcra Hakimiyyətinə iş yerindən növbətçi göndərilmişdir. Bütün bunlar da onun həmin təşkilatda işlədiyini təsdiq edir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin 20 saylı regional ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi və xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Ağstafa rayon X10 və X1 baş mühəndis kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırkı işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək 64 il altı ay, yəni xx.xx.2020-ci il tarixdən nəzərə almaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, hazırkı iş üzrə İddiaçı əmək kitabçasına əsasən 25 ildən çox sığorta stajının olduğunu, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Ağstafa rayon X10 və X1 işlədiyini iddia edərək həmin illərin sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən xx.xx.1978-ci il tarixli ИT-İ № ******* saylı əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə kimi mövcud sığorta stajı qanunla tələb olunan müddətdən azdır (25 ildən). Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Göstərilən səbəblərə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşin faktiki hallarına əsasən, İddiaçı xx.xx.1972-xx.xx.1977-ci illər Azərbaycan Kənd Təsərrüfatı X4 üzrə əyani təhsil almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1978- xx.xx.1981; xx.xx.1984-xx.xx.1994; xx.xx.1995xx.xx.1999; xx.xx.2002-xx.xx.2003-cü illərdə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı qeyd!ər aparılmışdır. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 16 il 9 ay 15 gün sığorta stajı mövcuddur. Belə ki, iddiaçının təhsil illəri - xx.xx.1972-xx.xx.1977 (4 il 9 ay 29 gün), hərbi xidmətdə olduğu dövr - xx.xx.1981-xx.xx.1983 (2 il 16 gün), xx.xx.1978- xx.xx.1981-ci illər arası Moskva sovxozunda böyük mexanik vəzifəsində işlədiyi dövr (3 il (əməkhaqqı aldığı aylar nəzərə alınmaqla)), xx.xx.1984-xx.xx.1994-cü illər arası Moskva sovxozunda traktor parkında baş mexanik vəzifəsində işlədiyi dövr (5 il 10 ay (əməkhaqqı aldığı aylar nəzərə alınmaqla)), xx.xx.2002-xx.xx.2003-cü illər arası AR “HVTİC”-i Ağstafa rayon X12 Klubunun nəzəri və praktiki tədrisi üzrə baş müəllim işlədiyi dövr (10 ay (əməkhaqqı aldığı aylar nəzərə alınmaqla)) və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında 3 ay müddətə (xx.xx.2018-ci il tarixdən sonra) qeydə alınmış pensiya kapitalı onun mübahisələndirilməyən sosial sığorta stajına daxil edilən dövrlərdir. İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ağstafa rayon X10 və X1 təmir emalatxanasında mühəndis vəzifəsində işləməsi faktı aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığı üçün sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. Yuxarıda qeyd edilənləri, AR İPM-in 47-ci maddəsiinin tələblərini rəhbər tutaraq İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1493/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mübahisələndiriləməyən iş stajı 21 il 7 ay 11 gündür, 18041,75 manat pensiya kapitalı mövcuddur. İdiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi ( 4 il 3 ay 29 gün) Ağstafa rayon X10 və X1 təmir emalatxanasında mühəndis vəzifəsində işləməsi faktı ilə aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığı üçün sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisələndirilməyən halıdır. Mübahisələndirilən hal ikinci şərtin ödənilməməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə “Moskva” sovxozuna böyük mexanik təyin edilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə “Moskva” sovxozunun traktor parkına baş mexanik təyin edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1995-ci ildə Ağstafa rayon X10 və X1 təmir emalatxanasına mühəndis təyin edilmiş, xx.xx.1999-cu ildə Ağstafa rayon X10 və X3 ləğv edilməsi və X9 Tipli Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar ştat ləğv edilməsinə əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə Azərbaycan Respublikası “HVTİC”-i Ağstafa rayon X12 Klubunun nəzəri və praktiki tədris üzrə baş müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının 21 il 7 ay 11 gün sığorta stajına malik olmasını mübahisələndirmir. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi (4 il 3 ay 29 gün) Ağstafa rayon X10 və X1 təmir emalatxanasında mühəndis vəzifəsində işləməsi faktının aparılan araşdırma nəticəsində öz təsdiqini tapmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə araşdırması ilə müvafiq orqanlardan, arxivdən təqdim edilmiş sorğulara cavab məktubları ilə müəyyən olunmuşdur ki, Azərbaycan SSR X15 Komitəsinin 30 may 1990-cı il tarixli 483 nömrəli əmri ilə Qazax və Ağstafa RASK-larının xx.xx.1990-cı il tarixli 190/14 nömrəli birgə əmrlərinə uyğun olaraq Ağstafa rayonunda Ağstafa rayon X8 yaradılmışdır. Sonradan Ağstafa “Rayaqrotexservis” İstehsalat Birliyi (Ağstafa rayon X8) “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 768 nömrəli sərəncamı özəlləşdirilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Ağstafa Aqrotexservis” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Ağstafa “Rayaqrotexservis” İstehsalat Birliyi olmuş, işçilərin siyahısında İddiaçı mühəndis vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ağstafa rayon X10 və X1 işləməsi faktı əmək kitabçası ilə təsdiq edilir, həmçinin həmin istehsalat birliyinin mövcudluğu da araşdırma ilə təsdiqini tapır. Arxiv araşdırmasında iddiaçının işləməsinə dair əmrlərin aşkar edilməməsi iddiaçının ziyanına tətbiq və təfsir edilə bilməz. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X16) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Bununla da, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, işin müəyyən edilmiş hallarına görə iddiaçıya məxsus hərbi bilet, təhsil barədə sənəd, əmək kitabçası qeydlərinə əsasən xx.xx.1972-xx.xx.1977-ci ilədək təhsil müddəti 04 il 10 ay, xx.xx.1981- xx.xx.1983-cü ilədək hərbi xidmət dövrü 02 il 17 gün, əmək fəaliyyəti dövrü üzrə xx.xx.1978- xx.xx.1981-ci ilədək 03 il 08 ay 02 gün, xx.xx.1984xx.xx.1994-cü ilədək 09 il 11 ay 26 gün, xx.xx.1995-xx.xx.1999-cu ilədək 04 il 04 ay, xx.xx.2002- xx.xx.2003- cü ilədək 01 il 02 ay 09 gün olmaqla ümumilikdə 26 il 24 gün iş stajı toplamışdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1493/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-686/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-686/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver