Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-686/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Abbasova Günel Məhərrəm qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı adın, ata adının və soyadın dəyişdirilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(112)-9360/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı adın, ata adının və soyadın dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etməkdə məqsədi ata adının ana adına və soyadının yeni soyada dəyişdirilməsidir. Belə ki, qədim türkcə “soyad” sözü etimoloji cəhətdən “ailə” mənasını verən “soy” və “ad”sözlərindən yaranmışdır. Ailə bürcləri özlüyündə müxtəlif obrazları əks etdirir və əksər hallarda, tam ailələr daxil olmaqla, ailədə bütün ağır işlər yalnız qadınların üzərinə düşür. Vətəndaşın ata adı ilə bərabər ana adını götürə bilməməsi faktı özözlüyündə ziddiyyət təşkil edir və bu hal vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsdiq edilmiş hüquqlarının pozulması deməkdir. İddiaçıya anası baxıb, böyüdüb, tərbiyə verib və buna görə də iddiaçı onun adından başqa həyatında digər bir adı daşımaq istəmir. O, həm də soyadını dəyişdirib vəfat etmiş nənəsinin adından yeni bir soyad daşımaq istəyir. Onun qızlıq soyadı Qurbanovadır, keçmiş həyat yoldaşının soyadı Orucovdur. İddiaçı kişini nikahdan əvvəl və sonrakı bütün dövrdə bir daha qadından üstün tutan seksist ənənəni gələcəyə daşımaq fikrində deyil. O, həm də ailə qurmaqla öz kimliyini itirmiş ərinin ailəsinin kölgəsinə çevrilmək fikrində olmamışdır. Onun ailəsinin tarixi önəmlidir. İddiaçı Qurban adlı insanla özümü bağlı hiss etmir. O, nə Qurban adlı, nə də Oruc adlı şəxslə tanış deyil. Onlar iddiaçını böyütməyib, qayğısına qalmayıb, həyatının uğurlu keçməsi üçün bütün gücünü ona həsr etməyib. Azərbaycanda soyadlar əksərən kişi adından, nadir hallarda isə toponimlərdən/peşələrdən yaranıb. Bu o zamanlar üçün ədalətsiz və qeyri-elmi bir addım idi və bu indi onlara - soyadlara, bu gün üçün də dəyişməz olaraq mövcudluq hüququ vermir. Hətta Oğuz əcdadlarımızda mühüm bir mərhələyə çatdıqda yeni ad vermək ənənəsi olub və bu, ən yaxın kişi qohumu ilə deyil, birbaşa nailiyyətin özü ilə bağlı olub. Bu bir absurd haldır ki, insan dünyaya gələndən sonra istənilən kişi adını onun sənədlərində qeyd etdirmək olar və o naməlum bir kişinin adından yaranan soyadı daşımağa məhkumdur. Lakin bununla yanaşı, bütün Azərbaycan ailələrində olduğu kimi, uşağı böyüdən və tərbiyələndirən ananın adının daşınmasına hələ də icazə verilmir. Buna görə də iddiaçı ata adını və soyadımı dəyişmək istəyir. Bununla iddiaçı öz canlarını onun üçün fəda edən anasının və nənəsinin xatirəsini ehtiramla yad etmək istəyir. Nənəsinin adı Həlimədir, iddiaçı - li qədim türk şəkilçisini əlavə edərək Həliməli soyadını daşımaq istəyir. Adının ilk hərfini də dəyişmək istərdi, çünki o, ilkin olaraq “H” hərfi ilə yazılıb və bu hərf “X”-dən fərqli olaraq daha yumşaq səslənir. O, həm də eyni prinsiplə tam etibarnamə ilə uşağın himayədarı olduğu uşağının pasport məlumatlarını dəyişdirmək fikrindədir, yəni onun sənədlərində ana adı və soyadı kimi nənəsinin adından yaranmış soyadı qeyd etdirmək istəyir. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(112)-9360/2024 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia ərizəsi rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmənin mübahisəyə formal yanaşmasını qəbul etmir də hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır, Azərbaycanın qoşulduğu Avropa İnsan hüquqları Konvensiyasının 8-ci maddəsinin və həminmaddə ilə bağlı qəbul edilmiş Avropa İnsan hüquqları Məhkəməsinin qərarlarına ziddir. İddiaçı, ata adı kimi öz atasının adını daşımağın onun üçün heç bir mənası olmadığını qeyd edir. İddiaçının qeyd edir ki, onun atası həyatında demək olar ki, iştirak etməyib və yalnız rəsmi sənədlərdə adı keçən bir şəxsdir. Atasının onu böyütmək, təhsil və tərbiyəsində hər hansı bir rolu olmayıb. Bunun əksinə olaraq, iddiaçının anası Yeganə bütün həyatı boyu onunla birlikdə olmuş, onu böyütmüş, tərbiyə etmiş və cəmiyyətin layiqli bir üzvü kimi formalaşmasında əsas rol oynayıb. Bu səbəbdən iddiaçı öz həyatında mühüm yer tutmayan bir şəxsin adını daşımaq əvəzinə, ona ən çox dəyər verən anasının adını ata adı kimi daşımaq istəyir. İddiaçı bu ad dəyişikliyi i lə anasına olan minnətdarlığını və bağlılığını simvolik olaraq göstərmək niyyətindədir. İddiaçı hal-hazırda keçmiş həyat yoldaşının soyadı olan “Orucova” soyadını daşıyır. Onun keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsinin qalmadığını və bu soyadı daşımaq istəmədiyini bildirir. Buna görə də, iddiaçı soyadını dəyişmək və nənəsi Həlimənin xatirəsini yaşatmaq üçün "Həliməli" soyadını götürmək istəyir. İddiaçı qeyd edir ki, onun həyatında anası Yeganə ilə yanaşı, nənəsi Həlimə də böyük əhəmiyyət kəsb edib, ona tərbiyə və həyat dəyərləri verib. Bu səbəbdən o, yeni soyadı ilə həm nənəsinin, həm də anasının xatirəsini uca tutmaq niyyətindədir. İddiaçı adının “Xədicə” kimi rəsmi qeyd olunduğunu, lakin adının ilk hərfini dəyişdirmək istədiyini də bildirir. O qeyd edir ki, "H" hərfi daha yumşaq səslənir, buna görə də o, adının "Hədicə" kimi yazılmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə tərəfindən iddiaçının tələbinə tamamilə formal yanaşma sərgilənmişdir. Belə ki, iddiaçı ata adının “Yeganə”, soyadının “Həliməli”, adının isə “Hədicə” ilə dəyişdirilməsini istəyib. Belə yanaşmanın səbəbi isə ondan ibarətdir ki, iddiaçı qeyd edir ki, onun atası həyatında demək olar ki, iştirak etməyib və yalnız rəsmi sənədlərdə adı keçən bir şəxsdir. Atasının onu böyütmək, təhsil və tərbiyəsində hər hansı bir rolu olmayıb. İddiaçının anası Yeganə isə bütün həyatı boyu onunla birlikdə olmuş, onu böyütmüş və ona tərbiyə vermişdir. Bu səbəbdən iddiaçı anasının adını ata adı kimi daşımaq istəyir. İddiaçı hal-hazırda keçmiş həyat yoldaşının soyadı olan “Orucova” soyadını daşıyır. Onun keçmiş həyat yoldaşı ilə də hər hansı bir əlaqəsinin qalmamağı səbəbi ilə həmin soyadın dəyişdirilməsi tələbini irəli sürür. İddiaçı qeyd edilən səbəblə bağlı olaraq soyadını dəyişmək və nənəsi Həlimənin xatirəsini yaşatmaq üçün "Həliməli" soyadını götürmək istəyir. İddiaçı qeyd edir ki, onun həyatında anası Yeganə ilə yanaşı, nənəsi Həlimə də böyük əhəmiyyət kəsb edib, ona tərbiyə verib. Bu səbəbdən o, yeni soyadı ilə həm nənəsinin, həm də anasının xatirəsini uca tutmaq niyyətindədir. Həmçinin iddiaçı adının ilk hərfini dəyişdirmək istədiyini də bildirir. O qeyd edir ki, "H" hərfi daha yumşaq səslənir, buna görə də o, adının "Hədicə" kimi dəyişdirilməsini istəyir. Bütün bunlarla yanaşı iddiaçının iddia tələbinin mədəni və mənəvi əsasları da mövcuddur. Belə ki, iddiaçı hesab edir ki, bu dəyişikliklə o, mənəvi dəyərlərini simvolik şəkildə əks etdirmiş olacaq. Belə ki, iddiaçının fərdi məlumatlarını dəyişdirmə istəyi sadəcə onun şəxsi həyatı ilə əlaqəli bir məsələdir və onun üçün böyük mənəvi əhəmiyyət kəsb edir və bununla bağlı olaraq da iddia tələbinin təmin edilməsi nə digər şəxslərin hüquq və azadlıqlarına, nə cəmiyyətə, nə də dövlətə zərər vura biləcək bir hal yarada bilməz. İddiaçının nümayəndəsi və vəkili eyni zamanda ona verilən suala (*32 yaşına çatmış şəxs üçün məsələnin hal-hazırda aktuallaşmasının səbəbləri barədə) cavab olaraq bildirdi ki, iddiaçının 18 yaşına qədər düşüncə tərzi və dünyagörüşü indiki kimi olmamışdır. Belə ki, İddiaçı hal-hazırda Avropada yaşayır və təhsil alır, bununla bağlı da məsələyə artıq fərqli prizmadan yanaşır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasındə iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında və “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, İddiaçı xx.xx.1992-ci il təvəllüdlüdür, orta təhsillidir, hal-hazırda X2 ilə rəsmi nikahdadır, “Elektron məhkəmə” informasiya sistemindən onun C04001054 nömrəli Azərbaycan Respublikası vətəndaşının Pasportu ilə ölkə sərhədlərindən keçməsi görsənmir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının adına uyğun soyad götürmək istədiyi şəxsə münasibətdə qohumluq əlaqələrini təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, anasının X1 olması “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilir. Birinci instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü tələblər üzrə aşağıdakıları qeyd etmişdir. Ada münasibətdə: - "... İddiaçı “H” hərfinin tələffüzdə “X” hərfindən daha yumşaq tələffüz edilməsini əsas gətirərək “Xədicə” adının “Hədicə”yə dəyişdirilməsini tələb etmişdir. ... onomastikanın əsas və ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında” işlənir. Şəxsə ad qoyulan zaman, onomastik leksika müəyyənləşdirilir, adın etimoloji, semasioloji, morfoloji, leksik, fonetik cəhətləri ilə bərabər, onun sintaktik rolu da nəzərə alınmalıdır. Şəxsin adının dəyişirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bu zaman əhəmiyyət kəsb edən hal odur ki, dəyişdirilməsi tələbi irəli sürülən ad müvafiq olaraq Azərbaycan mənşəli adların kateqoriyalarına aid edilməlidir ki, bu kateqoriyalara uyğunluq məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyi əsasında müəyyən edilir. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “Hədicə” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına şifahi müraciət əsasında “Hədicə” adı müzakirə olunmuş və adın Azərbaycan dilində “Hədicə” deyil, “Xədicə” yazılması məqsədəuyğun hesab edilmişdir və adı çəkilən qurumdan verilən məlumatda həmin adın onomastik adlar sistemində yazılış formasının olmadığı, Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. ... adın qoyulması və ya dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Nəzərə alınmalıdır ki, bir dövlətin səlahiyyətli orqanları fərqli bir yazı forması istifadə edən bir ölkədən bir şəxsin adını köçürmək məcburiyyəti qarşısında olduqda əlifbalar arasındakı fərq transliterasiyanı zəruri edə bilər. Adı daşıyan şəxsin ev sahibliyi etdiyi ölkənin bütün sosial münasibətlərinə inteqrasiyasını davam etdirərkən eyni tərcüməni tətbiq etmək üçün müxtəlif metodlardan istifadə edilə bilər. Bununla birlikdə, ən geniş yayılmış metod fonetik transkripsiyadır. Onun məqsədi adın tələffüzünü mümkün qədər onun orijinal formasına uyğunlaşdırmaqdır. Hazırkı işdə isə iddiaçının tələb etdiyi “Hədicə” adı azərbaycan dilində yer almır. İddiaçının adının “Hədicə” yox, məhz “Xədicə” olması Azərbaycan dilinin milli köklərinin və dilin orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır. Dövlət dilinin qorunması özlüyündə legitim məqsəddir və AİHM-nin və Konvensiyanın yuxarıda əks olunmuş mövqeyindən də göründüyü kimi, müdaxilə legitim məqsədə yönəlmiş olduğu halda hüquq pozuntusu kimi qəbul edilə bilməz. Belə ki, sözügedən legitim məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da Konvensiyanın pozulması kimi qiymətləndiriləcək həddə deyil. Odur ki, orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz". Soyada münasibətdə: - "... Qanunvericiliyə əsasən, uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsini nəzərdə tutmuşdur. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda isə uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. İşin hallarından müəyyən olunur ki, iddiaçıya valideynlərinin soyadı kimi “Qurbanova” soyadı verilmişdir. O, daha sonra nikaha daxil olaraq Orucova soyadını qəbul etmişdir. Hazırda isə dəyişdirilməsini istədiyi “Həliməli” soyadı isə nəsillərində olmamışdır". - İddiaçının ata adının anasının adı ilə dəyişdirilərək “Yeganə” qeyd edilməsi tələbinə münasibətdə isə birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, " ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qanunvericilikdə fiziki şəxsin bu hüququ təsbit edilərkən ata adı yerinə ana adının istifadə olunması hüququ əks olunmamışdır. Yəni şəxsin ad hüququna daxil olan ata adını daşıması hüququ yalnızca ona məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında adı qeyd edilən və kişi cinsinə mənsub şəxsin adının qeyd edilməsindən ibarətdir. Qanunverilikdə ata adı müddəasının qüvvədə olmasını nəzərə alaraq ona aid sənədlərdə ata adı qrafasında “Yeganə” adının, yəni qadın cinsinə mənsub adın qeyd edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 1.4-cü bəndinə əsasən, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilməməsi müddəasına görə mümkün deyildir". Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, şəxsin adının, soyadının və ata adının dəyişdirilməsi ilə bağlı məsələ Azərbaycan Respublikasının qanunvericiliyi ilə yetərli səviyyədə tənzimlənir. Nəzərə almaq lazımdır ki, şəxsin adının, soyadının və ata adının dəyişdirilməsi onun qanunla təminat altına alınan və qorunan hüququdur. Həmin hüququn səmərəli və obyektiv şəkildə həyata keçirilməsi baxımından qanunvericilikdə müəyyən qayda və tələblər nəzərdə tutulmuşdur. Belə ki, soyadın, adın və ata adının dəyişdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən olunur. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi, iddiaçının irəli sürdüyü tələb üç hissədən ibarətdir: adın, soyadın və ata adının dəyişdirilməsi. İlk növbədə adın dəyişdirilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, tələb həmin hissədə tələbə münasibətdə müvafiq şərtlər gözlənildiyi təqdirdə təmin edilə bilərdi. Belə ki, adın birinci hərfinin dəyişdirilməsi, ümumiyyətlə, adın tam dəyişdirilməsi kimi qiymətləndirilir və qanunvericilikdə göstərilən ümumi qaydalar çərçivəsində mümkündür və belə olan halda iddiaçı adın birinci hərfinin dəyişdirilməsi üçün müraciət etdikdə, bunun səbəblərini əsaslandırmalıdır. Səbəblər aşağıdakı kimi ola bilər: adın mənasının dəyişdirilməsi və ya daha uyğun bir formaya çevrilməsi; şəxsin öz adından narazılığı; adın cəmiyyət içində gülünc və ya qeyri-adekvat hesab edilməsi. Hazırkı iş üzrə iddiaçı Xədicə adının birinci hərfinin “H” hərfinə dəyişmək istəyir və arqumenti ondan ibarətdir ki, “H” hərfi daha yumşaq səslənir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən səbəb adın dəyişdirilməsi üçün hüquqi və ya məntiqi əsas vermir və müraciət edən şəxs əsaslarını yenidən nəzərdən keçirərək, daha tutarlı arqumentlər təqdim edərək inzibati orqana müraciət edə bilər. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına müraciət etmiş və beynəlxalq təcrübəyə istinad etmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də şəxslərin ad və soyadlarının dəyişdirilməsi ilə bağlı işlərə baxılarkən, əsaslandırmanın məntiqli olub-olmaması yoxlanılır. Bu cür işlərdə Məhkəmə, ad və soyadın şəxsi identifikasiya və şəxsi həyatın mühüm elementi olduğunu qəbul edir və dövlətlərin bu sahədə müəyyən tənzimləmələr aparmaq səlahiyyətini tanıyır. Avropa İnsan Hüquqları Məhkəməsi ad və soyadın şəxsi həyatın ayrılmaz hissəsi olduğunu və bunun Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə qorunduğunu vurğulayır. Bununla yanaşı məhkəmə dövlətlərin ad və soyadın dəyişdirilməsi ilə bağlı müəyyən tənzimləmələr (*bu tənzimləmələrin şəxslərin hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdırmaması şərtilə) aparmaq hüququnu tanıyır. Ad və soyadın dəyişdirilməsi tələbləri təqdim edilərkən, şəxslər məntiqli və əsaslı səbəblər göstərməlidirlər. Məhkəmə dövlət orqanlarının bu səbəbləri qiymətləndirərkən obyektiv və ədalətli davranmasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin ad və soyadın dəyişdirilməsi ilə bağlı bir sıra qərarları mövcuddur. Məsələn, "Guillot Fransaya qarşı" işində (1996) valideynlərin seçdiyi "Fleur de Marie" adını yerli məhkəmələr "ekssentrik və uşağın maraqlarına zidd" kimi qiymətləndirmiş və yalnız alternativ olaraq "Fleur-Marie" adını qəbul etmişdilər. Valideynlərin əsaslandırmaları isə məhkəmələr tərəfindən yetərli hesab edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi həmin iş üzrə aşağıdakıları bildirmişdir: “ ... Məhkəmə başa düşür ki, cənab və xanım Giyo seçdikləri adın qızlarının qeydiyyatına daxil edilməməsinə görə məyus olublar. ... Bununla belə, Məhkəmə qeyd edir ki, mübahisəsizdir ki, uşaq mübahisəli addan heç bir maneə olmadan müntəzəm olaraq istifadə edir və Fransız məhkəmələri – uşağın maraqlarını nəzərə alaraq – ərizəçilər tərəfindən alternativ olaraq təqdim edilən “Fleur-Marie” adının qeydiyyata alınmasına icazə vermişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilərin şikayət etdiyi narahatlıq onların şəxsi və ailə həyatına hörmət edilməməsi məsələsini qaldırmaq üçün kifayət deyil. Nəticə etibarilə, 8-ci maddənin pozulması baş verməmişdir”. Soyadın dəyişdirilməsinə gəldikdə, iddiaçının dəlilləri ondan ibarətdir ki, xatirəsini ehtiramla yad etmək istədiyi nənəsinin adı Həlimədir və o, ona görə də soyadının Həliməli olmasını istəyir. Belə ki, qızlıq soyadı Qurbanovadır, keçmiş həyat yoldaşının soyadı isə Orucovdur və o, nə Qurban adlı, nə də ki, Oruc adlı şəxslə tanış olmadığı üçün, bu soyadları daşımaq istəmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında aşağıdakılar göstərilmişdir: “ ... Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. ... Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasında göstərilmişdir ki: “ ... Doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: - öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. ... Uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir”. Yetkinlik yaşına çatmış şəxsə münasibətdə hər hansı xüsusi tənzimləmə olmasa da, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsi ilə də müəyyən edilir ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi maddənin tələbinə əsasən, uşağın soyadının valideynlərinin soyadı ilə müəyyən edilməsi ilə bağlı müddəa nəzərdə tutulsa da, bir qayda olaraq formasında ifadənin işlədilməsi onu da deməyə əsas verir ki, uşağa işin hallarından asılı olaraq digər bir soyadın verilməsi mümkün olan haldır. Yəni, uşağa ilkin olaraq soyad veriləcəyi təqdirdə valideynlərin soyadlarından fərqli olan soyadın verilməsi imkanı qanunvericiliklə nəzərdə tutulmuşdur. Lakin verilmiş soyadın sonradan valideynlərdən heç birinə aid olmayan soyadla əvəz edilməsində isə vəziyyət fərqlidir. Belə ki, Ailə Məcəlləsinin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi uşağın adı və soyadının dəyişdirilməsi adlanan 54-cü maddənin (konkret olaraq 54.1-ci maddə) tələbinə əsasən uşağın soyadının dəyişdirilməsi mümkündür. Lakin həmin dəyişiklik müəyyən şərtdən asılı edilmişdir. Həmin şərt isə maddədə “soyadın digər valideynin soyadına dəyişdirilməsi” ifadəsinin işlədilməsi ilə müəyyən edilir ki, soyadın yalnız digər valideynin soyadına dəyişdirilməsi ilə bağlıdır. Başqa sözlə uşağın soyadında dəyişiklik yalnız o halda edilə bilər ki, dəyişlik olunan variantda olacaq olan soyad digər valideynin soyadı olmuş olsun. Bu zaman hər iki valideynin soyadı ilə əlaqəsi olmayan soyaddan istifadə isə istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beynəlxalq təcrübədə də soyadların dəyişdirilməsi ciddi hüquqi qaydalara tabedir və soyadın dəyişdirilməsi zamanı şəxsin sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir. Həmçinin bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir. Soyad dəyişdirilməsi yalnız şəxsin hüquqları ilə yanaşı, ictimai nizam və ailə hüququ prinsipləri çərçivəsində mümkündür. İddia ərizəsinin ata adı olaraq iddiaçının anasının adının yazılması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 3.1-ci bəndinə görə, uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Azərbaycan qanunvericiliyində "ata" anlayışı hüquqi baxımdan ailə hüququ çərçivəsində tənzimlənir. Bu termin əsasən "ailə münasibətləri", "uşaqların valideynləri ilə əlaqələri" və "uşağın bioloji və hüquqi valideyni" konsepsiyaları ilə bağlı istifadə olunur. Qanunvericilikdə "ata" termini yalnız bioloji mənada deyil, həm də hüquqi və mənəvi öhdəlikləri olan şəxs kimi qəbul edilir. Atanın statusu: - Bioloji bağ: uşağın doğulmasına səbəb olan kişi. - Hüquqi bağ: qanuni atalıq təsdiq edilmiş şəxs. - Mənəvi bağ: uşağın fiziki, psixoloji və mənəvi inkişafını təmin edən valideyn. Hazırkı işdəki kimi, üçüncü bağ/meyar olmasa belə, bu digər iki meyarın olmasını və həmin şəxsin “ata” olması faktını aradan qaldırmır və nə qədər ki, qanunvericilik adın addan, ata adından və soyaddan ibarət olmasını müəyyən edir, ananın adının ata qrafasına yazılması qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda məhkəmə onu da xüsusən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həm də eyni prinsiplə uşağının pasport məlumatlarını dəyişdirmək fikrindədir, yəni onun sənədlərində ana adı və soyadı kimi nənəsinin adından yaranmış soyadı qeyd etdirmək istəyir və belə olan halda hazırkı iş üzrə tələb təmin edildiyi təqdirdə bu qanunvericiliyin tələblərinə və cəmiyyətin mənəvi dəyərlərinə zidd təcrübənin formalaşmasına əsas olmuş olardı. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(112)-9360/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(112)-9360/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Günel Abbasova Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-686/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-686/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver