Məhkəmə qərarları › İş №2-1(103)-687/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-687/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-687/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2nə qarşı “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 saylı 23 sentyabr 1998-ci il tarixli qərarının qismən, yəni X3 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2nə qarşı “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 saylı 23 sentyabr 1998-ci il tarixli qərarının qismən, yəni X3 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1393/2021 saylı 02 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 saylı 23 sentyabr 1998-ci il tarixli qərarının qismən, yəni X3 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1393/2021 saylı 02 avqust 2021-ci il tarixli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iddia tələbi üzrə onun məhkəməyə iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququnun olması qənaətinə gəlməsinə baxmayaraq belə hesab etmişdir ki, o, 2014-cü ildə hazırkı mübahisə üzrə hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxmışdır. 2014-cü ildən hazırkı mübahisə olunan qərardad çıxarılana qədər yəni 2021-ci ilə qədər hazırkı mübahisənin məhkəmə çəkişməsi davam edir. O, qərardadda iddia müddətinin ötürülməsinə münasibətdə qeyd edir ki, göstərilən müddəti buraxmamış, məhkəmə tərəfindən müddətin buraxılması və ya buraxılmaması tam, hərtərfli araşdırılmadığından qeyri-qanuni qərardad çıxarılmışdır. Məhkəmə qərardad çıxararkən bir faktı nəzərə almamışdır ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul olunmuş akt mübahisələndirildiyi halda bununla yanaşı o, mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, onun Cavabdeh2nə, 3-cü şəxs X4 qarşı X2 adına Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı Gədəbəy rayon Aqrar İslahat komissiyasının 10 saylı 23 sentyabr 1988-ci il tarixli qərarının qismən, yəni X5 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində etibarsız sayılması barədə iddia tələbi tam qanuna müvafiq, iddia müddətinə riayət edilməklə verilmişdir. Belə olan halda mübahisəsi olunan qərardad qanunsuz hesab olunmalı və ləğv olunmalıdır. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. 12.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehlərin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdi. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh2 nümayəndəsinin və 3-cü şəxs X2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı Cavabdeh2nə qarşı tələbi “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 saylı 23 sentyabr 1998-ci il tarixli qərarının qismən, yəni X3 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin ötürülməsinə istinad edərək, iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2nə qarşı “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 saylı 23 sentyabr 1998-ci il tarixli qərarının qismən, yəni X3 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində etibarsız sayılması” tələbinə dair iddiası Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21.12.2015-ci il tarixli qərarı ilə təmin edilmiş, həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. 21.11.2017-ci il tarixdə X8 tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2017-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan 3-cü şəxs X1 vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-137/2018 saylı 26 yanvar 2018-ci il tarixli qərardadı ilə qismən təmin olunaraq, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-892/2015 saylı 05.12.2017-ci il tarixli qərardadınnı ləğv edilməsi, iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə 3-cü şəxs X1 ərizəsinə yenidən baxılması üçün işin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sözügedən qərardaddan narazı qalan İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1170/2018 saylı 03.07.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-137/2018 saylı 26 yanvar 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 07.09.2018-ci il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraat təzələnmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(83)-272/2019 saylı 02.04.2019-cu il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-424/2019 saylı 02.07.2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin qeyd olunan qərardadı ləğv olunmuş və iş təkrar baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1710/2019 saylı 24.12.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli 10 nömrəli qərarının qismən, yəni X3 həyətyanı torpaq sahəsinin verilməsi hissəsində etibarsız sayılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-317/2020 saylı 27 iyul 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-33/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-317/2020 saylı 27 iyul 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-418/2021 saylı 03 may 2021-ci il tarixli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)- 1710/2019 saylı 24 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilərək, işin yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdir. Hazırki inzibati iş Gəncə İnzibati Məhkəməsinin icraatında olarkən 13.07.2021-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsində göstərilən «etibarsız» sözünün «ləğv etmə» sözü ilə əvəz olunmaqla qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Eyni zamanda iddiaçı 27.07.2021-ci il tarixdə iddia vermə müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış iddia müddətinin də üzürlü hesab olunaraq onun bərpa edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1393/2021 saylı 02 avqust 2021-ci il tarixli qərardadı ilə müddətin bərpası ilə bağlı iddiaçının verdiyi ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müracət etmə müddətində hazırki tələbi barədə məhkəmədə iddia qaldırmamışdır, ona görə də onun iddiasının mümkün sayılmaması qənaətinə gəlmişdir. İşin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 23 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 1998-ci ildə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, məhkəmə mübahisələri 2014-cü ildən hazıra kimi davam edir, ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddia müddətinin bərpası ilə bağlı məhkəməyə ərizə verməmişdir. Hesab edir ki, eyni aktın məhkəmədə uzun müddət mübahisələndirilməsi iddia ərizəsinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi üçün əsasdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Hazırki işdə iddiaçı mübahisələndirdiyi qərardan 2014-cü ildə məlumatlı olduğunu bildirir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla müddətin bərpası ilə bağlı verilmiş ərizəni təmin etməməklə iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1393/2021 saylı 02 avqust 2021-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İİddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1393/2021 saylı 02 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar