Məhkəmə qərarları › İş №2-1(103)-687/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-687/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-687/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(112)-7287/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 30 iyun 2016-cı il tarixli B 16 seriyalı 161917 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2011-2016-cı il tarixlərdə Ukrayna Respublikasının Simon Kuznets adına Xarkov Milli İqtisad Universitetinin “maliyyə və kredit” fakültəsinə daxil olmuş, xx.xx.2016-cı il tarixdə həmin universiteti bitirmişdir (dipolumun verilmə tarixi 30 iyun 2016-ci il). Həmin tarixli B 16 seriyalı 161917 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı sözügedən universitetdə 2011-2016-cı illər olmaqla, qiyabi əsasla təhsil almışdır. İddiaçı ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Təhsil Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada müraciət etmişdir. Daha sonra ekspertlərin yoxlanışından sonra TKTA iddiaçıya ali təhsil pilləsinin dövlət standartı ilə müəyyən edilmiş tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması səbəbindən imtina məktubu verilmişdir. İddiaçı təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil aldığı müddətdə universitetin tələbə ixtisasına müəyyən qədər yiyələnmişdir. Diplomun tanınmasında heç bir qadağa olmadığı halda iddiaçının diplom üzrə aldığı ixtisasın tanınmaması Beynəlxalq Konvensiyaya ziddir. Həmçinin, ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd etdiyi halları araşdırmadan teztələsik qərar vermiş və haqsız olaraq iddiaçının ali təhsil almağı haqqında diplomu tanımamışdır. Bu isə iddiaçının gələcəkdə iş fəaliyyətinə və öz təhsil aldığı sahədə mütəxəssis kimi formalaşaraq, xalqına töhvələr verməyinə ciddi maneə törədir. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(112)-7287/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2016-cı il tarixli B16 seriyalı 161917 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın (“Maliyyə və kredit”) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 2-1(103)-687/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı sənədləri ərizəsinə əlavə edilməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə məktub ünvanlayaraq qeyd etmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)- 687/2024 saylı qərardadının icrası məqsədilə İddiaçı Ukrayna S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, B16 № 161917 nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur.” Məktuba şəhadətnamənin təsdiq edilmiş surəti əlavə edilmişdir. Təfərləe məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, təqdim olunan məktubu və şahədətnamənin təsdiq edilmiş surətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “30 iyun 2016-cı il tarixli B 16 seiyalı 161917 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar