Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-687/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 Kəmaləddin oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə1 iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10492/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardımın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 2023-cü ilin oktyabr ayından, müraciət etdiyi tarixdən 01 iyul 2024-cü il tarixə qədər ünvanlı dövlət sosial yardımın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olumasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
3. İddiaçı bildirir ki, cavabdehə müraciət etmiş və aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardımın verilməsini xahiş etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə «Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilmədiyi» əsas tutulmuş və xahişinə əməl edilməmişdir. Hazırda nikahı pozulmuşdur, iki azyaşlı - 3 və 5 yaşlı övladı onun himayəsindədir. Aliment ödənişindən əlavə ailəsinin gəliri yoxdur. İşləmir, ancaq övladlarının tərbiyəsi ilə məşğuldur. Qeyd olunan məlumatları cavabdehin tabeçiliyində olan qurumların alt sisteminə yerləşdirmiş və imtinanın səbəbi olaraq gəlirləri barədə hansı məlumat düzgün qeyd edilmədiyini cavabdeh və onun tabeliyində olan qurumlar nə şifahi, nə də yazılı açıqlamır.
4. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, mövcud vəziyyətdə ailənin gəlirlərinin tam olaraq müəyyən edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Eyni zamanda, sosial yardımın təyin edilməsi zamanı hüquqi və faktiki məlumatlarla bərabər birbaşa təmsilçinin şifahi olaraq bildirdiyi məlumatlara da istinad olunur və müvafiq qərarın çıxarılmasında həmin məlumatlardan istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1-ci bəndinə əsasən "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Eyni zamanda sözügedən məsələ ilə bağlı analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10492/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsiin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən məsələlər araşdırılmamış və lazımi sübutlar əldə edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qərarı iddiaçıya vaxtında təqdim etməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı sosial yardım təyin olunması ilə bağlı xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ərizə ilə müraciət etmişdir. İddiaçının sonuncu müraciəti əsasında xx.xx.2024-cü il tarixdən ailəyə 330.48 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin, iddiaçı qeyd edilən təyinatla razılaşmayaraq, əvvəlki imtinaları mübahisələndirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müraciətinə təmsilçi tərəfindən ailə tərkibinin düzgün göstərilməməsi əsası ilə imtina verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən təmsilçinin ailə üzvü X2 ailə tərkibində qeyd edilməməsi halı aşkarlanmışdır. Halbuki, İddiaçı ilə X7 arasında nikah Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2476/2023 sayı qətnaməsi ilə xitam verilmişdir. Göründüyü kimi iddiaçının birinci müraciət etdiyi dövrdə X7 təmsilçinin ailə üzvü hesab olunurdu. xx.xx.2024-cü il tarixli müraciətinə təmsilçi tərəfindən qaz abonent kodunun qeyd olunmaması və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsasları ilə imtina verilmişdir. Belə ki, ərizəbəyənnamədə göstərilməsə də, maddi-məişət şəraitinin müayinəsində müvafiq ünvanda qaz sayğacı və evə qaz xətti gəlməsi aşkarlanmışdır. Həmin sayğacın məlumatları ərizə-bəyənnamə doldurularkən VEMTAS-a daxil edilməli idi. Bundan başqa müraciətdən əvvəlki son 12 ay ərzində iddiaçının keçmiş əri onun ailə üzvü hesab olunduğundan onun gəlirləri ərizə-bəyənnamədə ailənin gəlirlərində öz əksini tapmamış, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı keçmiş ərinin tikintidə çalışması və aylıq gəlirinin 700-800 manat olmasını bildirmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsasları ilə imtina verilmişdir. Maddi-məişət şəraitinin müayinəsi zamanı 2023-cü ilin avqust ayından iki uşağa görə 440 manat və əlavə 100 manat olmaqla, 540 manat aliment təyin edilmiş və 2520manat ödənildiyini bildirmişdir. Həmçinin, iddiaçı ərizə-bəyənnamədə digər ailələrdən alınmış gəlirlər bölməsində 1500 manat bəyan etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı onun atası tərəfindən 2023-cü ilin sentyabr ayınadək 300 manat maddi yardımın olduğunu bildirmiş və nəticədə məbləğlər arasında uyğunsuzluq yaranmışdır. İddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsasları ilə imtina verilmişdir. Maddi-məişət şəraitinin müayinəsi zamanı xx.xx.2023-cü il tarixdə nikahı pozulmuşdur. Həmin ilin avqust ayında 540 manat aliment təyin edilmiş və oktyabr ayından ödənilir. Lakin, ərizə-bəyənnamənin aliment hissəsində 3200 manat bəyan edilmişdir. Həmçinin, iddiaçı ərizə-bəyənnamədə digər ailələrdən alınmış gəlirlər bölməsində 1800 manat bəyan etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı onun atası tərəfindən 2023-cü ilin oktyabr ayınadək 300 manat maddi yardımın olduğunu bildirmişdir. Beləliklə, mövcud vəziyyətdə ailənin gəlirlərinin tam olaraq müəyyən edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qanunvericiliklə mümkün deyildir.
c) Proses iştirakçılarının izahatları
9. Məhkəmədə iddiaçıının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətininin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
11. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) əsasən: maddə 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən: bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
18. İşin hallarından göründüyü kimi, iddiaçı hazırda cavabdehə etdiyi ilk müraciət tarixindən, yəni 2023-cü ilin oktyabr ayından müraciətinin təmin olduğu 01 iyul 2024cü il tarixə kimi olan dövrə görə ona ünvanlı sosial yardımın verilməsini, daha doğrusu, ona ünvanlı dövlət sosial yardımının xx.xx.2023-cü il tarixdən təyin edilməsini xahiş edir.
19. Birinci instansiya məhkəməsi qərarında belə hesab etmişdir ki, iddiaçı sonuncu dəfə cavabdehə iyun 2024-cü il tarixdə müraciət etsə də, ona ünvanlı dövlət sosial yardımı xx.xx.2024-cü il tarixdən təyin edilmişdir. Halbuki Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Buna görə də iddiaçıya ünvanlı dövlət sosial yardımı xx.xx.2024-cü il tarixdən təyin edilməlidir.
20. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 15 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X5 və X6 arasında xx.xx.2016-cı il tarixdə 1261 nömrə ilə qeydə alınmış nikah Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 64 saylı nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuş və vətəndaş X1 xx.xx.2024-cü il tarixli AZ-İ seriyalı 464804 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və müraciətlərin hər birinə imtina cavabları verilmişdir. Qeyd olunan imtinalar araşdırılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanl yardım” (VEMTAS) altsistemində qeydə alınmış xx.xx.2023-cü il tarixli müraciətinə VEMTAS tərəfindən verilmiş imtina ilə məhkəmə kollegiyası razılaşsa da xx.xx.2024-cü il tarixdə verilmiş imtina ilə razılaşmamışdır.
23. Belə ki, işdə olan cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, **********36101 nömrəli imtinaya əsasən ərizə-bəyənnamədə təmsilçi tərəfindən qaz abonent kodu qeyd olunmamış və ailənin gəlirləri barədə məlumat düzgün göstərilməmişdir. Həmin müraciətin araşdırılması zamanı keçirilmiş maddi-məişət şəraitinin müayinəsində təmsilçinin ərizə-bəyannaməni doldurarkən daxil etdiyi məlumatlarda uyğunsuzluq aşkar edilmiş, maddi-məişət şəraitinin müayinəsində müvafiq ünvanda qaz sayğacı və evə qaz xəttinin gəlməsi aşkarlanmışdır.
24. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, qaz sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmış və həmin dövrdə qaz sayğacı MTK-nın təsisçisinin adına olmuşdur. İddiaçının özünün adına qaz sayğaşı olmadığı tədqirdə abonent kodunun qeyd olunmasına hər hansı bir göstəriş mövcud deyil. Məhkəmə tərəfindən videoçəkilişə baxış keçirilərkən iddiaçının keçmiş ərinin aylıq qazançı barədə dəqiqləşdirilməmiş məlumat verməsi müəyyən edilir. Belə ki, iddiaçı ilkin olaraq keçmiş ərinin qazancının 300 manat, sonradan 700-800 manat olması kimi məlumatın verilməsi ona əsas verir ki, iddiaçı keçmiş ərinin qazancı barədə məlumatsızdır. Belə olduğu tədqirdə cavabdeh təşkilatın dəqiqləşdirilməmiş məlumatı gerçək məlumat kimi qəbul edərək sonradan iddiaçının keçmiş ərinin həqiqi qazancına uyğun olmaması barədə gətirdiyi arqumenti də məhkəmə əsassız hesab edir. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın fevral ayı üçün verdiyi imtinasının hüquqi əsası olmadığına görə iddiaçıya ödənilməli olan ünvanlı sosial yardım xx.xx.2024-cü ildən verilməlidir.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10492/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli və İddiaçı xx.xx.2024cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10492/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin.. İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.