Məhkəmə qərarları › İş №2-1(103)-688/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-688/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-688/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin edilməsi və ödənilməyən məbləğin birdəfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 2130/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayandırılmış pensiyanın bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin birdəfəyə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ona 01.08.2015-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun ümumi əmək stajı 25 ildən çox, güzəştli iş stajı 12 il 6 aydan çox olmuşdur. 2019-cu ilin iyul ayından ona məlum olmayan səbəbdən pensiyası dayandırılmışdır. Ona cavab vermişlər ki, güzəştli stajı düzgün təyin olunmayıb. O, 23.01.1978-ci ildə H.Z.Tağıyev adına BTTB ASC-nin toxucu fabrikində yapışqanlı toxunmayan material istehsal edən şilixtləyici peşəsində 13.12.1991-ci ilə kimi işləmiş, 18.03.1994-cü ildən 01.07.1998-ci ilə kimi həmin peşədə işləmişdir. İşlədiyi peşəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən Nazirlər Kabinetinin “Yüngül sənaye və toxuculuq sənayesi sahələri üçün kimya məhsulları və ondan məmulatlar istehsalı-yapışqanlı toxunmayan material istehsal edən fəhlə (şilixtləyici). Bu barədə işlədiyi müəssisədə kadrlar şöbəsindən və arxiv arayışı təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2130/2020 saylı, 25.02.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi əsl cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2130/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 1319 nömrəli, 04.01.2018-ci il tarixli qərarı ilə 01.08.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının adına 09.01.2018-ci il tarixdə şəxsi hesab açılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən iddiaçıya **********7 nömrəli, 07.08.2019-cu il tarixli məktub ünvanlanmışdır. Məktubda qeyd edilmişdir ki, iddiaçıya 01.08.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin araşdırma zamanı onun pensiyasının təyinatında səhvliyə yol verilmişdir. Bu səbəbdən pensiyasının ödənişi dayandırılmışdır və nəticədə 8073.30 manat artıq ödəmə yaranmışdır. Xahiş edilmişdir ki, həmin vəsait könüllü surətdə şöbənin hesabına geri qaytarılsın, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vəsaitin geri qaytarılması üçün hüquq mühafizə və məhkəmə orqanlarına müraciət olunacaqdır. İşə birinci instansiya məhkəməsində baxılarkən DSMF-nin Xətai rayon şöbəsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. İş üzrə məhkəmə aktı qəbul edilənə qədər iddiaçının pensiyası artıq bərpa edilmişdi. Lakin işə baxan birinci instansiya məhkəməsi bu halı diqqətə almamışdır. Nəticə etibarı ilə, artıq mövcud olmayan mübahisə üzrə qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, son məlumat odur ki, pensiya bərpa olunmayıb. 2019-cu ilin iyun ayından dayandırılıb. Hansı səbəbdən dayandırıldığını müəyyən edə bilmir. Pensiya işində səbəb göstərilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 20 il zərərli maddələrin içərisində işləmişdir. Sapları kleydən keçirirdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki, İddiaçı XX.XX,1957-ci il tarixdə anadan olmuş, 08.11.1975-ci ildən 05.11.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, 23.01.1978-ci ildən 13.12.1991-ci il tarixədək H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq İstehsalatının şilixtləyici peşəsində işləmiş, 13.12.1991-ci il tarixdən Sp “ATTEKS”-də köçürmə yolu ilə hazırlıq sexinə 4-cü dərəcəli ştixləyici maşinaoperator peşəsinə işə qəbul edilmiş, 18.03.1994-cü il tarixdə işdən azad edilmiş, H.Z.Tağıyev adına BTTB-nin sərəncamına göndərilmiş, 18.03.1994-cü il tarixdən H.Z.Tağıyev adına BTTB-də toxuculuq istehsalının hazırlıq şöbəsinə şilixtləyici keçirilmiş, 01.07.1998-ci il tarixdə işdən azad edilmiş, 01.04.2006-cı il tarixdə “xxxx” ASC-yə gözətçi işinə qəbul edilmiş, 31.05.2007-ci il tarixdə işdən azad edilmiş, 01.08.2012-ci il tarixdə “Foto Studiya”-ya usta vəzifəsinə işə qəbul edilmişdir. Hal-hazırda işləyir. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 1319 nömrəli, 04.01.2018-ci il tarixli qərarı ilə 01.08.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun adına 09.01.2018-ci il tarixdə şəxsi hesab açılmışdır. “xxxx” ASC tərəfindən verilmiş 126 nömrəli, 04.03.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı) Toxuculuq İstehsalatının şilixtləyici (yapışqanlayıcı) sexində 23.01.1978-ci ildən 13.12.1991-ci il tarixədək, 18.03.1994-cü ildən 01.07.1998-ci il tarixədək toxunmayan material (iplik) istehsal edən yapışqanlayıcı (şilixtləyici) peşəsində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda § 26, səhifə 181, § 26.9, səhifə 187, 188-də öz əksini tapmışdır. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********7 nömrəli, 07.08.2019-cu il tarixli məktubdan görünür ki, ididaçıya bildirilmişdir ki, ona 01.08.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin,araşdırma zamanı onun pensiyasının təyinatında səhvliyə yol verilmişdir. Bu səbəbdən pensiyasının ödənişi dayandırılmışdır və nəticədə 8073.30 manat artıq ödəmə yaranmışdır. Xahiş edilmişdir ki, həmin vəsait könüllü surətdə şöbənin hesabına geri qaytarılsın, əks halda Qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vəsaitin geri qaytarılması üçün hüquq mühafizə və məhkəmə orqanlarına müraciət olunacaqdır Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01 iyul 2017-ci il tarixdək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Birinci instansiya məhkəmməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilən peşələrin və vəzifələrin göstəricilərinin siyahısında öz əksini tapdığından, o, 25 il ümumi sosial sığorta stajına və 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğundan, eləcə də, qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatdığından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Buna görə də, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətləri qanunsuz və əsassızdır. Odur ki, iddiaçının mövcud iddiasının hüquqi əsasları işin halları ilə təsdiq olunduğundan, iddia təmin edilməlidir. İddiaçıya 01.08.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. 07.08.2019-cu il tarixdə isə ona məktub ünvanlanaraq pensiya təyinatında səhvə yol verildiyi bildirilərək, ona təyin olunmuş pensiya ödənişi dayandırılsa da, cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində iddiaçıya təyin olunmuş pensiyanın dayandırılmasına səbəb olmuş hallar aşkar edilməmiş, bundan əlavə iddiaçının ona pensiya təyin olunduğu tarixə həqiqətən 25 il ümumi iş stajının və 12 il 6 aydan artıq güzəştli əmək stajının olması iş materialları ilə öz əksini tapmışdır. Cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı aparılmış inzibati icraat zamanı, eləcə də, məhkəmə icraatı zamanı pensiyanın dayandırılmasına əsas olmuş hallar barədə kifayət qədər mötəbər əsaslar aşkar edilməmiş, pensiyanın dayandırılmasının əsaslı olmasına dair sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, eləcə də, iş materialları ilə iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən tam və xüsusi əmək stajının olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki iddiaçının pensiyası artıq bərpa edildiyi qeyd edilsə də, məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin nümayəndəsi pensiyanın bərpa olunmadığını bildirmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2130/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2130/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar