Məhkəmə qərarları › İş №2-1(103)-688/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-688/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-688/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdehin vəsaiti hesabına söküb əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 29 mart - 01 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı ‘İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində cavabdehin icazəsi və göstərişi ilə çəkilmiş asfalt yolun və cavabdehin icazəsi ilə üçüncü şəxs tərəfindən torpaq sahəsindən çəkilmiş kanalizasiya xətlərinin cavabdehin və üçüncü şəxsin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə edilməsi və cavabdehin iddiaçı tərəfindən istifadəsində olan qeyd edilən torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 12.12.1995-ci ildə təsis edilmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün vergi orqanı tərəfindən müəssisəyə ********** saylı VÖEN verilmişdir. "Pirqulu” ÇKM 1987-1989-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ona ayrılmış torpaq sahəsini təyinatı üzrə istifadə etmək əvəzinə, 2000-ci ildən başlayaraq bu günə kimi vaxtını dövlət tərəfindən ona verilmiş istifadə hüququnun dövlət qeydiyyatına alınması və torpaq sahəsini zəbt etmiş kənar şəxslərdən boşaldılmasına, hətta vaxtını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikası ƏMDK DƏDRX 1 Saylı Bakı Ərazi İdarəsi ilə və hazırda İcra Hakimiyyəti ilə boş yazışmalara və məhkəmə mübahisələrinə sərf etmək məcburiyyətində qalmışdır. Uzun məhkəmə çəkişmələrindən sonra qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2017-ci il tarixli 2-1(82)-95/2017 saylı qərarı ilə "Pirqulu” ÇKM-nin Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1,0 ha. torpaq sahəsi üzərində daimi istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 11.12.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 882 nömrəli reyestr kitabının 83612 saylı vərəqində qeydiyyata alınaraq, bu barədə iddiaçıya dövlət reyestrindən elektron çıxarış verilmiş, eyni zamanda 11.12.2019-cu ildə həmin torpaq sahəsinə dair A seriyalı 456494 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının daimi istifadə hüququ dövlət səviyyəsində tanınmış və sonra bu barədə müvafiq çıxarış verilmişdir. Müəssisəyə məxsus torpaq sahəsini kənar şəxslər tərəfindən təkrar zəbt edilməsinin qarşısını almaq və sahibkarlıq fəaliyyətini nəhayət bərpa edərək kənd təsərrüfatı məhsulların istehsalı ilə sərbəst məşğul olmaq məqsədlə, iddiaçı 13 dekabr 2019-cu və 27.01.2020-ci il tarixlərində Suraxanı rayon İcra Hakimiyyətinə və 6/T- 57-076 nömrəli, 27.01.2020 tarixli ərizə ilə cənab Z.Nəğdəliyeva müraciət etmişdir. Cənab Z.Nəğdəliyevin qəbulunda olduqda deyilmişdir ki, kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvəqqəti tikililər, o cümlədən də hasar, torpağın kateqoriyasını nəzərə alaraq quraşdırmağa icazə verilir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən isə torpaq sahəsinin təyinatı “kənd təsərrüfatlı təyinatlı torpaqlardan" kateqoriyasına aid olmasına istinad edərək hasar tikməyə icazə verilməmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçı ÇKM-yə dəymiş 400.000 min (dörd yüz min) manat zərər və əldən çıxmış gəlir, 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər cəmi 550.000 (beş yüz əlli min) manat İddiaçı ÇKM-yə ödənilməsini cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı ‘İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində çəkilmiş asfalt yolun və kanalizasiya xətlərinin cavabdehin və üçüncü şəxsin vəsaiti hesabına sökülüb əvvəlki olan vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə olunmasını, İddiaçı ÇKM-nin istifadəsində olan torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsini, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçı ÇKM-yə dəymiş 100 000 manat zərər və əldən çıxmış gəlir, 50 000 manat kompensasiya və 100 000 manat mənəvi zərər, cəmi 250 000 manat İddiaçı ÇKM-yə ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərardadı ilə iddia “iddiaçı ‘İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində cavabdehin icazəsi və göstərişi ilə çəkilmiş asfalt yolun və cavabdehin icazəsi ilə üçüncü şəxs tərəfindən torpaq sahəsindən çəkilmiş kanalizasiya xəttlərinin üçüncü şəxsin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin üçüncü şəxsə həvalə edilməsi” hissəsində və “cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyətlər nəticəsində İddiaçı ÇKM-yə dəymiş 100.000 min (yüz min) manat zərər və əldən çıxmış gəlir, 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər cəmi 250.000 (iki yüz əlli min) manat İddiaçı ÇKM-yə ödənilməsini cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2020-ci il 4 noyabr tarixli, 2-1(112)- 4108/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı istifadəsində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin səmərəli təşkil edilməsi üçün yüngül konstruksiya ilə çəpərlənməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, iddia qalan hissədə - iddiaçının daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində çəkilmiş asfalt yolun və kanalizasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməmişdir. (hakim E.Əliyev) İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə isə iş üzrə qərar qəbul edərkən tələbin təmin olunmayan hissəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsində kanalizasiya xəttlərinin və asfaltın məhz cavabdeh tərəfindən çəkilməsi iş materialları ilə sübut olunmamışdır. Halbuki bir il ərzində aparılmış araşdırmalarda cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin ardıcıl olaraq bir birini inkar edən ifadələri gah Prezidentin tapşırığına əsasən ərazidə “abadlaşdırma” işlərin aparılmasına, gah "Azərsu” ASC tərəfindən özbaşına kanalizasiya xəttin çəkilməsinə, gah da həmin işlərin 2019-cu ilin oktyabr ayında görülməsinə və ərazinin kooperativə məxsus olmasından xəbərləri olmamasına istinad etməsi real vəziyyəti əks etdirmir. Məhkəmənin axırıncı məhkəmə iclasında cavabdehin nümayəndəsi işlərin gedişatının tarixini göstərən fotoşəkillərə zidd olaraq kanalizasiya xəttlərinin və asfalt yolun çəkilməsinə dair tikinti işlərini guya 2019-cu ilin oktyabr ayında, yəni müəssisənin torpaq sahəsinə Çıxarışın alma tarixindən əvvəl görülmüşdür. Reallığı əks etdirməyən tamamilə absurd bir hal. Məhkəmənin anlayışı ilə belə çıxır ki, dövlət qurumları tərəfindən iş adamlarına sahibkarlıq fəaliyyəti göstərməsində maneəçilik törətmək mümkündür, eyni zamanda dövlət qurumlarının qanunsuz hərəkətlərin nəticəsində pozulmuş hüquqların bərpasının onlardan tələb etmək mümkünsüzdür. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-662/2021 nömrəli, 2021-ci il 13 aprel tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 4 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12.10.2021-ci il tarixli, 2-1(102)-1548/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-662/2021 nömrəli, 2021-ci il 13 aprel tarixli qərarı iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və işin həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin olunmayan hissədə mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ali Məhkəmənin iddianın təmin edilməyən hissədə işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, ”Azərsu” ASCnin iddiaçıya ünvanladığı 2020-ci il 23 sentyabr tarixli, 07/07-1/3/13463 nömrəli cavab məktubunda göstərilmişdir ki, inşa işləri yerli icra orqanlarının razılığı və bilavasitə onların iştirakı ilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlili ilə razılaşaraq qeyd etmişdir ki, apelyasiya instansiya məhkəməsi prosessual qanunvericilikdə təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələblərini öz xidməti vəzifəsinə görə yerinə yetirməli olduğu halda, bunu etməmiş, ”Azərsu” ASC-nin 2020-ci il 23 sentyabr tarixli, 07/07-1/3/13463 nömrəli məktubundakı məlumatları tədqiq etməmiş, onları qiymətləndirməmişdir. Təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən ünvan 1 ünvanında yerləşən 1,0 ha torpaq sahəsində aparılmış işlərin layihəsinin təsdiq olunmuş surətini təqdim olunması, habelə həmin işlərin hansı tarixdə başlanıb hansı tarixdə qurtarmasını müəyyən etmək üçün ”Azərsu” ASC-nə sorğu verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş ”Azərsu” ASC-nin 07/07-1/3/1636 nömrəli 08.02.2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Məlumat üçün bildiririk ki, göstərilən torpaq sahəsində yerləşən xəttlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “Yeni Suraxanı qəsəbəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində, ərazidəki yaşayış məntəqələrində formalaşan tullantı sularının bir hissəsinin kənarlaşdınlması, eyni zamanda abonentlərin fasiləsiz, dayanıqlı su ilə təchiz olunması, suya olan tələbatının tam ödənilməsi məqsədilə inşa edilmişdir. Nəzərinizə çatdırırıq ki, 2011-2012-ci illərdə işlənmiş layihəyə Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Təsisatdankənar Dövlət ekspertizası tərəfindən 19.07.2012-ci il tarixli, 4452 nömrəli rəy verilmişdir. Su və kanalizasiya xəttinin inşası yerli icra orqanlarının razılığı və bilavasitə iştirakı ilə həyata keçirilmişdir. Belə ki, inşaat işləri zamanı kanalizasiya və su xəttinin əhəmiyyətliyini nəzərə alaraq layihəyə uyğun olaraq, qəsəbə daxili yollardan keçilərkən yerli icra nümayəndələrinin (Suraxanı Rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəsi və qəsəbə bələdiyyəsinin) rəyləri əsas götürülmüşdür. Müraciətinizdə qeyd olunan ərazi ümumi istifadədə olan yol kimi göstərilmiş, su və kanalizasiya xətti həmin küçə boyu inşa olunmuşdur. Bildiririk ki, qeyd etdiyiniz ərazidə bir neçə fərdi yaşayış evləri yerləşir və həmin evlərin sakinləri tərəfindən su və kanalizasiya problemləri ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Suraxanı Rayon İcra hakimiyyətinə və digər yüksək instansiyalara dəfələrlə müraciətlər ünvanlanmışdır. Qeyd edilən ərazidə kanalizasiya xətlərinin inşası 2019-cu ilin dekabr ayında başa çatdırılmışdır. Məlumat üçün bildiririk ki “Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya xəttinin layihələndirilməsi mərhələsində həmin ərazidə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd (çıxarış və torpağın plan ölçüsü) aşkarlanmamışdır. Yeni ünvan 3 ünvanında yerləşən torpaq sahəsini İddiaçı mülkiyyətində olması ilə əlaqədar hüquqi sənədlər yalnız su və kanalizasiya xətləri çəkilib başa çatdıqdan sonra 11.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda, su və kanalizasiya xəttinin inşası zamanı hər hansı bir şəxsin istifadəsinin təsdiqi kimi həmin ərazinin daş divarı və ya ayırıcı dəmir tellərlə ayrılması müşahidə olunmamışdır. Ərazinin çox hissəsi açıq sahədir, qalan sahə isə faktiki olaraq fərdi yaşayış binaları və onların ümumi istifadəsində olan yolla əhatələnibdir. Bildirmək istəyirik ki, su və kanalizasiya xətləri çəkildikdən sonra qazılmış xəndəklərin üstü örtülərək kipləşdrilmiş və ərazi hamarlanaraq əvvəlki vəziyyətinə qaytarılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar vətəndaş Vəkilnin Azərbaycan Respublikası müxtəlif Dövlət orqanlarına ünvanladığı əvvəlki müraciəti araşdırılaraq müvafiq qaydada cavablandırılmış və aidiyyəti üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi və döngələrində aparılacaq təmir işlərinə dair tərtib edilmiş qüsur aktından görünür ki, AAY X2 Yollarının istismarı və Təmiri Baş İdarəsinin Şəhər yollarının istismarı və təmiri şöbəsinin mütəxəssisi A.Abdullayev, "xxxx" İnstitutu MMC-nin mühəndisi F.Mütəllimov, "Bakı 1 №-X7" MMC-nin baş mühəndisi N.Məmmədov, "xxxx" MMC-nin mühəndisi M.Muradov və "xxxx" MMC-nin iş icraçısı İ.Məmmədov Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində küçələrə baxış keçirərək və həmin küçələrin təmir olunması üçün qüsurlar müəyyən etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməyən hissədə ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərarı iddianın təmin edilməyən hissədə ləğv edilsin. İddia tələbi iddiaçının daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində çəkilmiş asfalt yolun və kanalizasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar