Məhkəmə qərarları › İş №2-1(103)-688/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-688/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-688/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7692/2022 saylı 21 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 82 saylı xx.xx.2016-cı il tarxli sərəncamının surətindən görünür ki, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan vətəndaş İddiaçı ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, Təbriz küçəsində yerləşən, uzun müddət istifadəsində olan qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (30 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli, 30/681 № arayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsindən uzun müddətdir ki, vətəndaş İddiaçı istifadə edir. Göstərilənlərə istinad edərək qərara alınmışdır ki, Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilsin. Nərimanov rayon İcra Hakimiyyəti başçısı və Nərimanov rayon İcra Hakimiyyətinin memarı tərəfindən təsdiq edilmiş 24 saylı xx.xx.2016-cı il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədinin surətindən görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti təqdim olunmuş sənədlərə əsasən Təbriz küçəsində yerləşən qeyri-yaşayış obyektinin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2016-cı il tarixdən Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən təsdiq edilmiş Ö 004980 nömrəli istismara hazırlıq sənədinin surətindən görünür ki, Bakı şəhəri, Təbriz küçəsi (Nərimanov parkının ərazisi), 1 mərtəbəli, 1 girişli, binanın tikinti sahəsi, S = 5,29 m2 , ümumi sahəsi S = 4,41 kv.m., binanın ümumi həcmi V = 15,86 m3 olan qeyri-yaşayış sahəsinin istismara hazırlıq aktı təsdiq edilmişdir. İşdə olan eskiz layihədən görünür ki, ünvan 3ndə yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin memarlıq planlaşdırma eskiz həlli Nərimanov rayon İcra Hakimiyyətinin memarı tərəfindən təsdiq edilmişdir. “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 642 saylı 23 iyul 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, icarəyə verən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 3 ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 5.3 kv.m torpaq sahəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı icarəsinə verilmişdir. İddiaçı ünvan 3ndə yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inizbati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********03 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, sözügedən qeyri-yaşayış binasına və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş layihə və İstismara İcazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ünvan 3ndə yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "İcarəçi" İddiaçı arasında 118 saylı xx.xx.2021-ci il tarixdə sərəncam əsasında “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 3 ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 5.3 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin Müqavilənin 1.2ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 82 nömrəli sərəncamına əsasən ünvan 3ndə yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazənin verilməsi qərara alınmışdır. Sərəncamdan görünür ki, 30 saylı MKİS-in xx.xx.2016-cı il tarixli, 30/681 nömrəli arayışı və tərtib etdiyi plan-sxemlə müəyyən edilmişdir ki, ünvan 3ndə yerləşən qeyri-yaşayış sahəsindən uzun müddətdir ki, vətəndaş İddiaçı istifadə edir. Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli 24 nömrəli tikinti obyektinin istismarına icazədən görünür ki, icazə verilən-ünvan 3ndə yerləşən qeyriyaşayış sahəsinin ümumi sahəsi 4.41 kv.metr, ümumi torpaq sahəsi 5.29 kv.metr, 1 mərtəbə, ümumi tikinti həcmi 15.86 kv.metr sahədən ibarətdir. Həmçinin, bildirir ki, F.X.Xoyski prospekti 134 və 136 saylı binaların həyətində yerləşən X4 məxsus qeyriyaşayış sahəsinin memarlıq plamlaşdırılmasının eskiz layihəsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası FHN TTNDA Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən 30 sentyabr 2021-ci il tarixli, Ö/004980 nömrəli istismara hazırlıq aktından görünür ki, ünvan 3 (Nərimanov parkının ərazisi) 1 mərtəbəli qeyri-yaşayış binası istismara hazırdır. "xxxx" MMC tərəfindən ünvan 3ndə yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin memarlıq planlaşdırmanın eskiz layihəsi tərtib edilmiş və layihə Nərimanov rayon İcra Hakimiyyətinin memarı İ.A.İsrafilov tərəfindən təsdiq edilmişdir. Qeyri-yaşayış sahəsinə aid sənədlərini toplayıb qeyri-yaşayış obyektinə çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsasları ilə bağlı qeyd edilir ki, qeyriyaşayış binasına dair Tikinti obyektinin istismarına icazənin icra hakimiyyəti tərəfindən təsdiq edilməli olmasına dair hər hansı qanun norması yoxdur. Qanunvericiliyin təsbit etdiyi bütün lazımi icazələr isə alınmış və obyekt istismara tam hazırdır. Məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müvafiq bəndlərinə istinad etsələr də, onun müraciəti və təqdim etdiyi sənədlər üzrə həmin qanunvericilik normaları yanlış tətbiq edilmişdir, müraciətindən imtina edilməsinə heç bir aidiyyəti yoxdur. Bundan başqa, cavabdeh tərəfindən müraciətinə cavab olaraq göndərilən məktubun sonunda “bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır” ifadəsi qeyd edilmişdir. Hesab edir ki, inzibati orqan səlahiyyətlərindən sui-istifadə etməklə yekunlaşmır, qanun normalarını öz xeyrinə şərh etməklə müraciət edənin vəziyyətinin pisləşməsinə, müraciətin məhkəmə qaydasında mübahisələndirilməsinə də beləcə mane olmaq istəyir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış binasına və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən qeyri-yaşayış binasına yerli baxışın keçirilməsinə şərait yaradılmamışdır. Həmçinin təqdim edilmiş layihə və istismara icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təstiq edilməmişdir. Bu barədə vətəndaşa **********03 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7692/2022 saylı 21 iyul 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, ünvan 3ndə yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən hansı tarixdə alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “ünvan 3ndə yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, idarənin mütəxəssiləri tərəfindən qeyri-yaşayış binasına yerli baxışın keçirilməsinə şərait yaradılmaması, həmçinin təqdim edilmiş layihə və istismara icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.9-cu maddəsinin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. ... qeyri-yaşayış binalarına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 saylı Fərmanının 4.2.8-ci bəndinə görə Qanunun 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. İşdə olan və iddiaçının iddiasının əsası olaraq istinad etdiyi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 82 saylı xx.xx.2016-cı il tarixli sərəncamının məzmunundan görünür ki, adı çəkilən orqan iddiaçının uzun müddət istifadəsində olan qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsinə icazə vermiş, bundan sonra Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 24 saylı xx.xx.2016-cı il tarixli “tikinti obyektinin istismarına icazə” sənədi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək, həmçinin Əsasnamənin 4.11.14-cü bəndinə görə müvafiq ərazidə sosial-məişət, mənzil, suvarma, meliorasiya və s. obyektlərin, həmçinin quraşdırılmış səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin istismara qəbul edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqında aktları qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatına görə, İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular, istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular İİ məsuliyyət səviyyəli bina qurğulara aid edildiyindən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyindən, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 82 saylı 18 mart 2016-cı tarixli sərəncamı və 24 saylı xx.xx.2016-cı il tarixli “tikinti obyektinin istismarına icazə” səlahiyyətli orqan tərəfindən verilmiş inzibati akt qüvvəsinə malik deyil. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 458/2022 saylı inzibati məhkəmə işi). Göründüyü kimi, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 82 saylı 18 mart 2016-cı tarixli Sərəncamı ilə müvafiq qeyri-yaşayış sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi və 24 saylı xx.xx.2016-cı il tarixli “tikinti obyektinin istismarına icazə” verməkdə həmin orqanın nə 29 iyun 2004-cü ildə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə, nə də “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq səlahiyyəti olmamışdır. Beləliklə, iddiaçı ona qeyri-yaşayış sahəsinin səlahiyyətli orqan tərəfindən qanuni əsaslarla verildiyini əsaslandıra bilməmiş, bu halları təsdiq edə biləcək hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, sadalanan maddi hüquq normaları baxımından iddiaçının irəli sürdüyü iddia tələbi üzrə hüquqi dəyərləndirmə birinci instansiya məhkəməsi tərəfindən inzibati prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə cavabdehin imtinası qanuni olub, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7692/2022 saylı 21 iyul 2022ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7692/2022 saylı 21 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar