Məhkəmə qərarları › İş №2-1(103)-689/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-689/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-689/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı və onun vəkili və nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Suraxanı rayon şöbəsinin (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının) vəkili və nümayəndəsi X3 iştirakı ilə güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(82)-2197/2016 nömrəli iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2327/2016 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarına əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2016-cı il tarixli qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə yeni açılmış hallara dair ərizə ilə müraciət edərək, məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Ərizənin əsaslarına görə, Şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli 992 nömrəli qərarı ilə iddiaçıya 57 yaşdan “Əmək pensiyaları haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən 2006-cı ilədək 28 il 2 ay ümumi iş stajı, 15 il 3 ay xüsusi iş stajı nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə aylıq məbləği 289,02 manat təşkil edən əmək pensiyası təyin edilmişdir. İddiaçıya şöbəyə daxil olmuş məhkəmə qərarı əsasında 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2009-cu il tarixdən 50 yaşından həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə müvafiq olaraq təyin edilmiş, həmin tarixdən hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2018-ci il tarixdən pensiyanın aylıq məbləği 1.038,50 manata çatdırılmış, Qanunun 37.3.1-ci maddəsinə əsasən aylıq pensiyasının məbləği 6 illik pensiya kapitalına əsasən xx.xx.2018-ci il tarixdən yenidən hesablanaraq 1.345,23 manata çatdırılmış, xx.xx.2020-ci il tarixə aylıq məbləğ 1.434,53 manat təşkil etmişdir. Şöbə tərəfindən iddiaçıya ilkin olaraq 57 yaşdan Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad etməklə qanunvericiliyə uyğun əmək pensiyası təyin edilmiş, lakin məhkəmə qərar qəbul edərkən əsassız olaraq Qanunun 9.8-ci maddəsinin şərtlərinə, habelə vaxtilə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısına istinad etməklə 50 yaşdan əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Araşdırma zamanı iddiaçının pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş peşə və vəzifələrin 1 №-li Siyahıya uyğun olmadığı, Nazirlər Kabinetinin müvafiq qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunan fakt, yəni iddiaçının 2 №-li Siyahı ilə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malik olması SOCAR Dövlət Neft Şirkətinin Neftqaztikinti tresti tərəfindən verilmiş xx xxx 2016-cı il tarixli SOCAR**********60250047X00001 nömrəli arayış ilə rəsmi olaraq təsdiq edilmişdir. İddiaçının sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında həmin İdarənin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılmış, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Qərardadın əsaslarına görə, “... iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrün stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, xx xxxx 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, iddiaçıya məxsus pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin təsdiq etdiyi 2004-2005-ci illər üzrə xx.xx.2014-cü il tarixli əmək haqqı arayışından görünür ki, həmin arayış əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmışdır. Lakin arayışın mötəbərliyinə əsaslı şübhələr olduğundan, Dövlət Sosial Müdafiə Fondu tərəfindən cinayət faktlarına dair araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmiş, daxil olmuş materiallar əsasında xx xxxxxxxx 2020-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. ... Məhkəmə hesab edir ki, ərizəçi yuxarıda göstərilən hallar ona məlum olduğu vaxtdan cinayət faktlarına dair araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və xx xxxxxxxx 2020-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıldıqdan sonra xx xxxxxxxx 2020-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da qanunla müəyyən edilmiş 3 ay müddətini ötürməmişdir.” Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 2020-ci ilin fevral ayından təyin edilmiş pensiya məbləğinin ödənişi naməlum səbəbdən dayandırılmışdır. Pensiya ödənişinin dayandırılmasının səbəbi barədə rəsmi məlumat verilməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. 2020-ci ilin oktyabr ayında DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi ilə cavabdeh əsl ərizəçi ilə əvəz edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, ömrü boyu dənizdə işləmişdir. Neftin çıxarılmasında ilkin mərhələdə işləri onlar görürdü. Əmək kitabçasında işlədiyi peşə polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı kimi göstərilmişdir. Lakin həmin peşə neft sənayesində qüllə quraşdırıcısı adlanır. Bütün siyahılara baxılsa, orada neft sənayesinə aid bölmələrdə qüllə quraşdırıcısı peşəsi vardır. Məhkəmələr qərar qəbul edərkən düzgün olaraq işlədiyi peşəni qüllə quraşdırıcısı kimi qəbul etmişlər. Nəzərə çatdırır ki, qərardan kassasiya şikayəti verilməmişdir. Yəni, onun işi üzrə sonuncu məhkəmə qərarı xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarından təqribən 4 il sonra cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş edir. Ərizəçi tərəfindən göstərilən hallar iş üzrə yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Yəni, ərizəçinin göstərdiyi hallar məhkəmə araşdırmaları zamanı inzibati orqan tərəfindən etirazlarının əsası kimi qeyd edilmişdir. Buna da məhkəmələr tərəfindən qiymət verilmişdir. Eyni əsasları dörd il keçəndən sonra yenidən yeni açılmış hal kimi məhkəməyə təqdim etmək və bu əsaslarla da məhkəmənin qərardad qəbul etməsi qanunsuzluqdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ilə onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında əlavə olaraq göstərmişdir ki, işin obyektiv həlli üçün mübahisəli məhkəmə qərarının icrasının dayandırılmasına etiraz etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərardadın ləğvi hissədə əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, İPM-in 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar MPM ilə daha geniş tənzimlənmişdir. Həmin Məcəllənin: 432.2-ci maddəsinə görə, yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır: 432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə; 432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; 432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; 432.2.4. həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Sadalanan normaların mənasına görə, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Lakin birinci instansiya məhkəməsinin qərardadında ərizəçinin yeni açılmış hallarla bağlı ərizəsini əsaslandırdığı faktiki halların işə əvvəllər məhkəmədə baxıldığı zaman mövcud olub-olmaması, həmin vaxt sözügedən halların mövcudluğu haqqında ərizəçidə məlumat olub-olmaması, bu halların məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edib-etmədiyi müzakirə edilməmiş və hüquqi qiymət verilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “Hüquqi müəyyənlik res cudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasını yoluna qoymaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır”. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə aktının əsası kimi çıxış edən məsələ müzakirə edilməyən və müvafiq hüquqi qiymət verilməyən qərardad əsaslandırılmış sayıla bilməz. Belə ki, İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə qərardadın ləğvi hissədə qismən razılaşır. Hazırkı inzibati mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş qərardadı, iddiaçının mübahisələndirmədiyi hissə istisna olmaqla, ləğv edilməli (İPM-in 87.6-cı maddəsi), iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87, 94 və 103-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2197/2016 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2197/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi hissədə ləğv edilsin, iş eyni hissədə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad məhkəmə qərarının icrasının dayandırılması hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar